Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-597/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Cavabdeh3 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və Cavabdeh1 tərəfindən verilmiş sifariş məktubunun etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Cavabdeh3 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və Cavabdeh1 tərəfindən verilmiş sifariş məktubunun etibarsız hesab edilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçı qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutaraq müxtəlif hüquqi şəxs və fiziki şəxsə qarşı tələbi üzrə seçim hüququndan istifadə etməklə iddia ərizəsi ilə hüquqi şəxslərdən birinin "xxxx" MMC-nin hüquqi ünvanı üzrə yerləşən məhkəməyə- Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 göstərmişdir. Lakin hakim qeyd edir ki, cavabdehin hüquqi ünvanının aid olduğu yer Səbail rayonu deyil, Yasamal rayonuna aiddir. Belə ki, AR Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan ”İnternet Vergi İdarəsi” portalından əldə olunan məlumatdan görünür ki, "xxxx" MMC (VÖEN **********) Şirkətinin hüquqi ünvanı ünvan 6. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun faktiki fəaliyyət göstərdiyi ünvan üzrə deyil, hüquqi ünvanı üzrə məhkəməyə verilir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçının birinci tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi, ikinci tələbi - Cavabdeh1 tərəfindən verilmiş sifariş məktubunun etibarsız hesab edilməsi ilə bağlıdır. Hakim qeyd edir ki, icra məmurunun sifariş məktubunun etibarsız hesab edilməsi ilə əlaqədar olan tələbi qətnamənin icrası qaydasında, hərracın qanunsuz hesab edilməsi ilə bağlı tələb isə iddia icraatı qaydasında məhkəməyə verilməlidir. Yəni irəli sürülmüş tələblər ayrı-ayrı icraat növlərinə aid olduğu üçün, həmin tələblərin eyni zamanda birlikdə baxılması yolverilməzdir. Bu səbəbdən hakim hesab edir ki, tələblər bir-biri ilə əlaqədar olmayan tələb kimi də qəbul edilməlidir. AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılır. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Hakim Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyi və qanunvericilik aktlarının tələblərini əsas tutaraq qeyd edir ki, məhkəmə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən orqandır və bu səbəbdən icra məmurunun qəbul etdiyi qərarların “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olub-olmamasını yoxlamaq məhz məhkəmənin səlahiyyətindədir. Lakin hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması ilə bağlı məsələyə, eyni zamanda icra prosesi zamanı icra məmurunun hərəkət və hərəkətsizlikliyi ilə bağlı şikayətə qətnamənin icrası qaydasında baxılır (bu kateqoriyada olan işlər məhkəmədə 8 kodu ilə açılır). Yəni həmin məsələyə AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır. Hazırki iddiada iddiaçı həm icra məmurunun sifariş məktubunun etibarsız hesab edilməsi, həm də hərracın keçirilməsinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Hakim izah edir ki, ikinci tələbə iddia icraatı qaydasında (həmin kateqoriyadan olan işlərə “2” kodu verilir) baxılmasına yol verilmir. Hakim yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra məmurunun sifariş məktubunun etibarsız hesab edilməsinə dair tələbə iddia icraatı qaydasında baxılmasına yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Həmçinin verilən tələblər məhkəmə tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər kimi qəbul edildiyindən, hər iki tələbi bir icraatda baxılması yolverilməz hesab edilməlidir . Hakim izah edir ki, iddiaçıya icra məmurunun sifariş məktubunun etibarsız hesab edilməsi ilə bağlı qətnamənin icrası qaydasında şikayətlə ümumi məhkəməyə müraciət etmək hüququ da izah edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və AR MPM-nin 35, 36, 152-153-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Cavabdeh3 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və Cavabdeh1 tərəfindən verilmiş sifariş məktubunun etibarsız hesab edilməsi tələbləri barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya Cavabdeh1 tərəfindən verilmiş sifariş məktubunun etibarsız hesab edilməsi ilə bağlı qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması, hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı tələblə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi məhkəməyə aidiyyət qaydalarına riayət edilməklə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-597/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-597/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver