Məhkəmə qərarları › İş №2(009)-633/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-633/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-633/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Z.E.Alıevanın iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, neçə müddətdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bu vaxta qədər kommunal xərclər və onların ödənilməsi və məbləği ilə bağlı tələbkarlarla (“Azərsu”, “Azərişıq”, Cavabdeh) hər hansı problem olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə onların evin qaz sayğacına Səbail rayon Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edərək guya qaz xətti qonşu tərəfdən keçərək abonentin həyətinə daxil olur, abonent sayğacdan kənar xətt çəkərək kombi olan otağın divarını deşmiş və şlanq vasitəsilə daxil olub qaz xəttini birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə edir, sayğacdan kənar xətt ləğv edilməli, dəymiş ziyan hesablanıb ödənilməlidir. Bildirir ki, tərəflərindən sayğaca heç bir müdaxilə olmayıb. Akt tərtib olunarkən onun xəbəri olmamışdır. Cavabdeh İB əməkdaşları onun yaşadığı ünvanda olarkən, o, evdə olmamış, bundan onun xəbəri olmamış və o, akt tərtib olunarkən dəvət olunmamışdır, qanunsuz olaraq yazmışlar ki, guya o, akta da imza etməkdən imtina etmişdir, bu ağ yalandır. O, bu barədə cavabdeh tərəfə bildirəndə ona məhkəməyə müraciət etməsi bildirmişlər. Hesab edir ki, ona yazılmış 4.147,20 manat cərimə qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə tərəfindən silinməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvana olan 4.147,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, may ayından cavabdehlə müqavilə bağlanılmış, həmin vaxtdan evdə yaşayış olmuş, “Kombi” sistemindən istifadə olunmamış, yalnız evin daxilindəki qaz plitəsindən istifadə olunmuş, həmçinin evə sayğacdan kənar qaz xətti gəlməmişdir. Videogörüntüdə əks olunan sayğacdan kənar qaz xətti onun tərəfindən çəkilməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsindəki qaz xəttinə baxış keçirərkən həmin xəttdən iddiaçının mülkiyyətində olan evə sayğacdan kənar qanunsuz qaz xəttinin çəkilməsini müəyyən etmişlər. Həmin hal aşkara çıxarıldıqdan sonra əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilmiş, həmin faktın təsdiqi üçün videoçəkiliş həyata keçirilmiş, bunu əks etdirən sübut da məhkəməyə təqdim edilmişdir. Görüntüdə sayğacdan kənar qaz xəttinin iddiaçıya məxsus evə daxil olması, evin həyətində aparılan çəkiliş zamanı isə oyuğun mövcudluğu təsdiq olunmuşdur. Fakt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndi qüvvəyə minməmişdən əvvəl aşkar edilmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş CD diskə baxış keçirib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, qaz xətti qonşu həyətdən keçərək abonentin həyətinə daxil olur, abonent sayğacdan kənar xətt çəkərək kombi olan otağın divarını deşmiş və şlanq vasitəsilə daxili qaz xəttinə birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı aktın imzalamaqdan imtina etmişdir. İş üzrə Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı fərdi evdə (müəssisədə, istixanada) “X2”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 34560 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş AN-İ No1104083 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsində yerləşən 4 saylı evi X1 almışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsində yerləşən 4 saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə abonent İddiaçı (kod **********00000) abonent saldosundan görünür ki, ona 2023-cü ilin iyun ayında 4147,20 manat əlavə borc hesablanmışdır. İş üzrə “Paylayıcı” qismində Cavabdeh İB ilə İddiaçı arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AKX- 05454xx/xx-2023 nömrəli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X2»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin mövcud olması faktı aşkar edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “X2”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt və Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli qərarı əsasında (dəymiş ziyanın bərpasına dair Tələbnamə) iddiaçıya 34560 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 4147,20 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 4147,20 manat borc xx.xx.2023-cü il tarixli qərar əsasında yazılmış, həmin qərar isə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən yaşadığı evə daxil olan qaz xəttinə hər hansı qanunsuz müdaxilə halı olunmamışdır, cavabdeh təşkilat əsassız olaraq qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmuş xəttin onun evinə getməsini bildirərək ona əsassız abunə hesabına borc yazmışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı 4147,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə akt əsasında iddiaçının abunə hesabına yazılmış borcla bağlı qeyd edir ki, həmin borcun silinməsi barədə tələb əsaslı hesab edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normasında qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsinin hüquqi əsasları müəyyən edilmişdir. Belə ki, həmin qanunvericiliyin tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib edib, həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulması barədə tərtib etdiyi aktın müvafiq icra qurumuna göndərilməsi, həmin qurum tərəfindən bununla əlaqədar hər hansı bir araşdırma aparılması və qərar qəbul edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Yəni səlahiyyətli orqan və ya məhkəmə tərəfindən istehlakçının qanunsuz qoşulma ilə bağlı təqsirini təsdiq edən hər hansı mötəbər sübutun mövcudluğu ilə bağlı cavabdeh tərəfindən məhkəməyə məlumat verilə bilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin akt tərtib edilən zaman “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvəyə minməməsi barədə dəlilləri üzrə qeyd edir ki, 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 292) ilə 13-cü maddəyə yeni məzmunda 8-1-ci hissə əlavə edilmiş və həmin Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Yəni mübahisələndirilən akt və protokol qeyd edilən dəyişkənlik qüvvəyə mindiyi tarixdən sonra tərtib edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin istehlakçının qaz xəttinə qanunsuz qoşulması barədə tərtib etdiyi aktın müvafiq icra qurumuna göndərilməli olmaması barədə dəlillərini əsassız hesab edir. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsində yerləşən 4 saylı evi xx.xx.2022-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin əmlak iddiaçının adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınmış, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, CD diskə baxış zamanı həqiqətən sayğacdan kənar xəttin mövcud olması aşkar olunsa da, həmin xəttin iddiaçının evinədək getməsi, orada hər hansı bir qurğuya qoşulması faktı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsiri sübut olunmadığından, qanunsuz qoşulma ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2). Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 4.147,20 manat borcun iddiaçının abunə hesabından silinməsi barədə tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsində yerləşən 4 saylı evə dair Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00000) yazılmış 4.147,20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc silinsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar