Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-641/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nin nümayəndələri X2, X1, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nin ilkin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tutulması tələbinə dair iddia ərizəsi üzrə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK qarşı qərarın təhvil-təslim aktının və təmirə başlanması barədə bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MTK cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 305C mənzili üzrə Cavabdeh1 25429.4 manat borc və 405C mənzili üzrə Cavabdeh2 25528.95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəh., Neftçilər pr. 151 ünvanda yerləşən binanın 305C və 405C saylı mənzillərlə bağlı xx xxxxxxx 2010-cu il tarixdə, PBR041 və PBR042 saylı müqavilələr imzalamışdır. Həmin müqavilələrin 1-ci maddəsinə əsasən iddiaçı mənzilləri tikməyə və yaşayış məqsədləri üçün cavabdehlərə təqdim etməyə razılaşır və cavabdehlər həmin mənzili yaşayış məqsədləri üçün qəbul etməyə razılıq verir. Həmin müqavilələrin 1-ci maddəsinin 1.5-ci bəndinə əsasən cavabdehlər binanin idarə olunmasının idarəetmə şirkəti vasitəsilə həyata keçirilməsini seçir və iddiaçıya Binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti verir. Həmin müqavilələrin 5-ci maddəsinin 5.2-ci bəndinin “g” bəndinə əsasən cavabdehlər əmlak ilə əlaqədar su, elektrik enerjisi, kanalizasiya sistemi, telefon və digər kommunal xidmət birləşmələrinin istifadə olunması xərclərinin hansının gec başlanmasından asılı olaraq X3 və ya iddiaçı tərəfindən məlumat verilmiş hər hansı digər tarixdən etibarən müvafiq kommunal xidmət və/və ya xidmət şirkətlərinə və/və ya qurumlarına birbaşa ödənilməsinə görə məsuliyyət daşımaq. Su, elektrik enerjisi və xidmətlər əsasən cavabdehlərə İddiaçı MTK vasitəsilə təmin edildiyi halda əmlaka tətbiq olunan müvafiq xərclər İddiaçı MTK tərəfindən burada müəyyənləşdirilmiş Xidmət Haqqları kimi tətbiq olunmalı və cavabdehlər bütün bu cür xərcləri tələb olunduğu təqdirdə dərhal ödəməlidir. Həmin müqavilələrin 5-ci maddəsinin 5.2-ci bəndinin “h” bəndinə əsasən cavabdehlər X3 başlayaraq iddiaçı tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərə (“Xidmətlər”) bağlı Xidmət Haqqlarının bu sənədə qoşulmuş 4-cü Əlavədə nəzərdə tutulduğu kimi aylıq əsasda iddiaçıya ödənilməsinə görə məsuliyyət daşımaq. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əlavə 2-ə əsasən 305C saylı mənzil “Tower C” Binasının 3-cu mərtəbəsində, 405C saylı mənzil “Tower C” Binasının 4-cu mərtəbəsində yerləşirlər. İddiaçı qeyd olunan mənzilləri xx.xx.2013-cü il tarixində cavabdehlərə təhvil vermiş və cavabdehlər tərəfindən təhvil-təslim aktları və təlimatlar imzalanmışdır. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əlavə 4-ə əsasən iddiaçı tərəfindən göstərdiyi xidmətlər öz əksini tapmışıdır. Həmin xidmətlərə gətirilən malların toplanması, təhlükəsizlik sistemlərinin idarə olunması, qonaqların qarşılanması və salınması, 24 saat ərzində mehmanxana üslublu qəbul və qapıçı otağı və ümumi qapıçı avadanlıqları aiddir. Bundan əlavə Binanın nəzarətdə saxlanması və qorunması üçün təhlükəsizlik xidmətinin və/və ya təhlükəsizlik avadanlıqlarının təmin olunması, podiumun üstündə 15 000 kv m landşaft bağlarına texniki xidmətin göstərilməsi və s. bu cür xidmətlər öz əksini tapmışıdr. Həmin Əlavə 4-ün 5-ci bəndinə əsasən isə cavabdehlər yuxarıda göstərilən Xidmətlərin müqabilində iddiaçıya əmlakların hər kvadrat metrəsi üçün hər ay 2 Azn (iki manat) məbləğində Xidmət Haqqı ödəməyi öz öhdəliklərinə götürmüşdürlər. Göründüyü kimi müqavilənin mühüm şərtlərini cavabdehlər qəbul edərək müqaviləyə imza atmışdır. İddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdehlər israrla bügünkü günə qədər göstərilən xidmətlərə görə xidmət haqqı ödəməkdən boyun qaçırır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdehlərin 305C və 405C mənzilləri üzrə 2020-ci il dekabr ayıda daxil olmaqla ümumi borcları 50958.38 AZN (əlli min doqquz yüz əlli səkkiz manat 38 qəp.) təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi verərək Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən 405 “C” saylı mənzilin təhvil-təsliminə dair xx.xx.2013-cü il tarixli təhvil-təslim aktı və həmin mənzilin təmirinə başlanılması barədə xx.xx.2013-cü il tarixli bildirişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İddiaçı" MTK məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavələr kimi onun aldığı mənzilə dair xx.xx.2013-cü il tarixli təhvil- təslim aktını və onun mənzili təmirə başlamağı haqqında İddiaçı MTK-ya ünvanladığı xx.xx.2013-cü il tarixli bildirişi əlavə etmişdir. Həmin təhviltəslim aktı və bildiriş onun tərəfindən imzalanmamış və onun həmin sənədlərdən məlumatı yoxdur. Onun aldığı 405 “C” saylı mənzilin təhvil-təslim aktına baxdıqda da görürük ki, həmin təhvil-təslim aktında “təhvil alan” qrafasında Cavabdeh1 adı göstərilmişdir. Həmçinin bu təhvil-təslim aktı qanunvericliyin tələblərinə uyğun tərtib edilməmişdir. İddiaçı MTK-dan aldığı bu mənzil hal-hazırda da yaşayış üçün yararlı vəziyyətdə deyildir. Belə ki, bu mənzil bu günə kimi təmir edilməmiş və heç bir avadanlıq quraşdırılmamışdır. Həmçinin qeyd edir ki, onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən bu mənzilin dəyəri onun tərəfindən tam ödəndikdən sonra qısa müddət ərzində mənzilə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış ona təqdim edilməli olduğu halda, bu günə kimi təqdim edilməmişdir. Qeyd edir ki, İddiaçı MTK-mn iddia ərizəsində bu binanın saxlanması, qonaqların qarşılanması, lift xidməti, təhlükəsizlik sistemlərinin idarə olunması, 24 saat ərzində mehmanxana üsulu ilə qəbulu və qapıçı otağı, podiumun üstündə 15.000 kv.m landşaft bağlarına texniki xidmət göstərilməsi və s. kimi xidmətlərə görə pul tələb edilmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin mənzil yaşayış sahəsi kimi onun tərəfindən istifadə olunmadığı üçün təbii ki, o da İddiaçı MTK-nın iddia ərizəsində göstərdiyi həmin xidmətlərin heç birindən istifadə etmir. Həmçinin qeyd edir ki, İddiaçı MTK qanunvericiliyin tələbinə görə ləğv edilərək mülkiyyətçilərin müştərək cəmiyyətinə çevrilməli olduğu üçün hal-hazırki vəziyyətdə onun heç bir iddia vermək səlahiyyəti yoxdur. Bundan başqa İddiaçı MTK tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Yuxarıda göstərdiyi kimi İddiaçı MTK iddia ərizəsinin “əsaslandırma” hissəsində 2013-cü ildən onun tərəfindən həmin mənzilin təhvil alındığını və ona görə də həmin vaxtdan kommunal xidmətlərə görə və digər əlavə xidmətlərə görə ona borcun hesablandığını göstərmişdir. Qeyd etdiyi kimi, İddiaçı MTK-mn istinad etdiyi xx.xx.2013-cü il tarixli təhvil-təslim aktı qanunvericliyin tələblərinin pozulması ilə tərtib edildiyindən və səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından etibarsız hesab edilməlidir. İlkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə etiraz ərizəsi vermiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK-nın hal-hazırki iddianı qaldırmaq səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə “Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil- tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. İddia ərizəsinin özündən də görünür ki, İddiaçı MTK bu binanın artıq 2013-cü ildə yaşayışa hazır olaraq istifadəyə verildiyini və mənzil mülkiyyətçiləri tərəfindən məskunlaşdığını göstərir. Lakin həmin vaxtdan 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə İddiaçı MTK ləğv edilərək mülkiyyətçilərin müştərək cəmiyyətinə çevrilməmişdir. Yəni qanunun bu normasından da görünür ki, hal-hazırki vəziyyətdə İddiaçı MTK heç bir hüquq və səlahiyyəti olmayan hüquqi şəxsdir. Eyni zamanda qeyd edir ki, mənzil-tikinti kooperativinin yuxarıda göstərdiyi qaydada 1 ay müddətində ləğv edilərək Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə çevrilməməsinə görə inzibati məsuliyyət də nəzərdə tutulmuşdur. Yəni hal-hazırda binanın idarə edilməsi və digər məsələlər biz mülkiyyətçilər tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1 -ci maddəsinə görə, “Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir”. Həmin Məcəllənin 124-cü maddəsinə görə “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır”. Həmin Məcəllənin 144.1 -ci maddəsinə əsasən, “Çoxmənzilli bina həmin binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə binanın ümumi əmlakının saxlanması üzrə xidmətlərin göstərilməsi və (və ya) təmiri üzrə işlərin yerinə yetirilməsi haqqında müqavilələri (bu Məcəllənin 141-1.1ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) binanın sahə mülkiyyətçiləri onların ümumi yığıncağının qərarı əsasında bağlayırlar”. İşin hallarından da görünür ki, bu iddia ərizəsi səlahiyyətli olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, onunla bu mənzilin alğı-satqısına dair müqavilə İddiaçı MTK arasında bağlandığından və artıq həmin mənzil onun mülkiyyətinə verildiyindən və İddiaçı MTK AR Mənzil Məcəlləsinin 109-cu maddəsinə görə ləğv edilməli olduğundan, hal-hazırki vəziyyətdə İddiaçı MTK mənə qarşı belə bir iddia ilə məhkəməyə müraciət edə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə olmalıdır. Lakin onunla kommunal xidmətlərin ödənilməsi və digər xidmətlər haqqında hər hansı bir müqavilə bağlanmamışdır. Həmçinin qeyd edir ki, bu ünvanda yerləşən 305 “C” saylı mənzil halhazırda onun tərəfindən yaşayış sahəsi kimi istifadə olunmur. Belə ki, mənzil kooperativdən alındığı ilkin vəziyyətdədir. Yəni mənzildə heç bir təmir-quraşdırma işləri aparılmamışdır. Bu baxımdan da İddiaçı MTK-nın məndən hər hansı xidmət haqqı və ya digər kommunal ödənişləri tələb etməsi də əsassızdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, ilkin iddia ərizəsini müdafiə edir. İlkin iddia üzrə cavabdehlər ilə bağladıqları müqavilələrə əsasən mənzilləri onlardan təhvil almışlar. Müqaviləyə əsasən onlar tikib təhvil verməli, cavabdehlər də qəbul etməli idilər. Həmin müqavilənin 1.5-ci maddəsinə əsasən cavabdehlər binanın idarə edilməsinə məsul onları seçirlər. Binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə şirkətə səlahiyyət verirlər. Eyni zamanda həmin müqavilənin 5-ci maddəsinə əsasən kommunal və şirkət tərəfindən göstərilən digər xidmətlərin ödənişlərini vaxtı-vaxtında ödəmək öhdəliyi daşıyırlar. Lakin yalnızca yanvar və fevral ayının ödənişlərini etmişlər. Əlavə 4-də şirkət tərəfindən göstərilən əlavə xidmətlərin siyahısı vardır. Binada təxmini 800 ailə yaşayır. Təmirli və yaxud təmirsiz, hər bir sakin xidmətlərdən istifadə edir. Məhkəmənin xx.xx.2021-ci il tarixli baxış iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, ilkin iddia ərizəsini müdafiə edirlər. Binada 787 mənzil var və demək olar ki, 90%-də insanlar yaşayır. Onların binada üz tanıma sistemi olduğu üçün sakinlər hovuz, sauna və.s kimi xidmətlərdən istifadə edə bilirlər. Sayğac göstəriciləri dəyişib, azərişıqdan qəbzlər gəlib, mənzillərə tikinti materialı daşınıb, lakin onların bundan xəbəri yoxdur. Belə hal mümkün deyil. Mənzillər ağ qutu kimi təhvil verilib, ustalar işləyib ki, sayğac pul yazıb, azərişıqdan qəbzlər gəlib. Azərişıq qəbz verir, digər xidmətlər isə mərkəzləşdirilmişdir, istifadə olunmadıqca hesablanmır. Səid bəy və Fərid bəylə, eyni zamanda ataları Arif bəylə münasibətləri olduğu üçün, Səid bəyin qardaşının adından təhvil-təslim aktını imzalamasına etiraz etməmişlər. Binada işıqlandırma, su, yanğın sistemləri, idman zalları üçün ödənişlər edilir. 10 nəfər yaşamır deyə ümumi zalları bağlaya bilməzlər. Dünya standartlarında belə bir şey yoxdur. Binada yaşayış 50%-dən artıqdırsa onlar tam xidmət etməlidirlər. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, ilkin iddia tələbini hər iki cavabdehə qarşı qəbul etmirlər, qarşılıqlı iddia tələbini isə müdafiə edirlər. Həmin mənzillərdə heç bir təmir işi görülməyib, yaşayış üçün yararsız vəziyyətdədir. Alındığı halda qalır. Eyni zamanda, ilkin iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Əsaslandıqları təhvil-təslim aktı hüquqlarını müdafiə etdiyi Cavabdeh2 tərəfindən imzalanmamışdır. Qanunvericiliyin tələblərinə əsasən sakinlərin 50%-i məskunlaşdıqdan sonra 1 ay müddətində MTK ləğv olunaraq, mülkiyyətçilərin müştərək cəmiyyətinə çevrilməlidir. Bu artıq könüllü deyil, məcburidir. Edilmədiyi halda İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyır. Göründüyü kimi iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarında olan PBR041 saylı, xx xxxxxxx 2010-cu il tarixli İddiaçı MMC şirkəti ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Neftçilər pr. 151 ünvanda yerləşən binanın 405C saylı 149.90 kv.m olan mənzili 315000 və bir avtomobil dayanacağı sahəsini 30000 manata alınmışdır. İş materiallarında olan PBR042 saylı, xx xxxxxxx 2010-cu il tarixli İddiaçı MMC şirkəti ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Neftçilər pr. 151 ünvanda yerləşən binanın 305C saylı 149.90 kv.m olan mənzili 315000 və bir avtomobil dayanacağı sahəsini 30000 manata alınmışdır. İş materiallarında olan PBR042 və PBR042 saylı müqavilələrə əlavə olunan 4-cü əlavədən görünür ki, investor göstərilən xidmətlərə görə şirkətə hər ay hər kvadrat metrə üçün 2 manat ödəyəcəkdir. (hər ay 5 iş günü ərzində) İş materiallarında olan Bakı şəhəri, Neftçilər pr. 151 ünvanda yerləşən binanın 405C saylı mənzilin Təhvil-təslim aktlarından görünür ki, təhvil təslim aktı xx.xx.2013-cü il tarixdə Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarında olan 032 nömrəli, xx.xx.2013-cü il tarixli Bakı şəhəri, Neftçilər pr. 151 ünvanda yerləşən binanın 405C saylı mənzilində təmir işlərinin başlanılmasına dair bildirişdən görünür ki, həmin mənzilə dair bağlanan müqavilədəki imza ilə bildirişdəki imza fərqli şəxslərə məxsusdur. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə “Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil- tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1 -ci maddəsinə görə, “Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul edilmiş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 124-cü maddəsinə görə “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır”. Həmin Məcəllənin 125.2-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir. Həmin Məcəllənin 144.1 -ci maddəsinə əsasən, “Çoxmənzilli bina həmin binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə binanın ümumi əmlakının saxlanması üzrə xidmətlərin göstərilməsi və (və ya) təmiri üzrə işlərin yerinə yetirilməsi haqqında müqavilələri (bu Məcəllənin 141-1.1ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) binanın sahə mülkiyyətçiləri onların ümumi yığıncağının qərarı əsasında bağlayırlar”. Həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri). Azərbaycan Respublikası Mənzil Məcələlsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi İddiaçı MTK mənzil mülkiyyətçilərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik deyil. Həmin səlahiyyət mənzil mülkiyyətçilərinin müstəsna səlahiyyətidir və bu səbəbdən mütləq ödənişlərin və haqların miqdarı yalnız onların (mənzil mülkiyyətçilərinin) ümumi yığıncağının qərarı ilə qəbul edilə və dəyişdirilə bilər. Yuxarıda qeyd olunduğu kimi Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli yaşayış binasında yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək məhz onların səlahiyyətlərinə aid olan məsələdir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə nəticə olaraq qeyd edir ki, ilkin iddia üzrə iddiaçının subyektiv hüquqa malik olan şəxs kimi hazırkı iddia tələbini irəli sürülməsi ilə bağlı hüquq ixtiyara malik deyildir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli təhviltəslim aktı və bildiriş Mülki Məcəllənin 337-ci maddəsinin tələblərinin pozulması ilə tərtib edildiyindən və səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından etibarsız hesab edilməlidir. (səlahiyyətin təsdiq edilməsi ilə bağlı sübut təqdim edilməyib) Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İlkin iddia üzrə iddiaçı 2013-cü ildən Cavabdeh2 tərəfindən həmin mənzilin təhvil alındığı və ona görə də həmin vaxtdan kommunal xidmətlərə görə və digər əlavə xidmətlərə görə borcun hesablandığı bildirilsə də iş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh2 tərəfindən imzalanmamışdır. Həmçinin iş materiallarında olan 032 nömrəli, xx.xx.2013-cü il tarixli Bakı şəhəri, Neftçilər pr. 151 ünvanda yerləşən binanın 405C saylı mənzilində təmir işlərinin başlanılmasına dair bildirişdən görünür ki, həmin mənzilə dair bağlanan müqavilədəki imza ilə bildirişdəki imza fərqli şəxslərə məxsusdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı MTK-dən tutularaq Cavabdeh2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MTK-nin iddiası təmin edilməsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiası təmin edilsin. Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən 405 “C” saylı mənzilin təhviltəsliminə dair xx.xx.2013-cü il tarixli təhvil-təslim aktı və həmin mənzilin təmirinə başlanılması barədə xx.xx.2013-cü il tarixli bildiriş etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat övlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı MTK-dən tutularaq Cavabdeh2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-641/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-641/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver