Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-650/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “istehlakçı hüquqlarının bərpası” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “istehlakçı hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, 3 saylı evə quraşdırılmış su sayğacının göstəricisindən əlavə ödənişin ondan Cavabdeh ASC və onun qurumları tərəfindən tələb edilməsinin qadağan olunması və sayğacdan kənar hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış Massivi 3 saylı ev onun mülkiyyətindədir. Həmin evi 2013-cü ildə alsa da, yalnız 31.12.2020-ci il tarixdən daimi olaraq həmin evdə yaşamağa başlamışdır. 25.01.2021-ci ildə "xxxx" ASC-nin Səbail rayon Su Kanal İdarəsinin əməkdaşı kimi özlərini təqdim edən şəxslər gələrək onların 260,5 (iki yüz altmış manat əlli qəpik) su pulu borclarının olduğunu bildirmişlər, bu borcu dərhal ödəməyi tələb edərək, əks halda evin su təhcizatını dayandıracaqlarını bildirmişlər. Ona bildiriş vermədikləri halda, habelə onun şəhid ailəsi olmağına və himayəsində azyaşlı uşağının olmasına məhəl qoymayaraq su təhcizatını dayandıracaqlarını bildirmişlər. O, həmin əməkdaşlara elə həmin su idarəsi tərəfindən evlərinə quraşdırılmış sayğac üzrə ödəmə etmək istəsə də, buna razılıq verməmişlər. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3 saylı evə quraşdırılmış su sayğacının göstəricisindən əlavə ödənişin ondan Cavabdeh ASC və onun qurumları tərəfindən tələb edilməsinin qadağan olunması və sayğacdan kənar hesablanmış 298 (iki yüz doxsan səkkiz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbi barədə ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək həmin borcun iddiaçı tərəfindən sərf edilən su həcminə müvafiq olaraq yarandığını bildirdi, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı uzun müddət ərzində Cavabdeh ASC-nin əməkdaşlarının onun həyətinə daxil olub sayğaca baxış keçirmələrinə imkan verməmiş, iddiaçı tərəfindən hər ay sayğaca baxış keçirilməsinə imkan verilməməsi səbəbi ilə hər aya müvafiq olaraq borc hesablana bilməmiş, həmin dövr üzrə hər ay üçün borc məbləği az məbləğdə sistemə daxil edilsə də, lakin sonradan sayğaca baxış keçirilən zaman borcun məbləği sayğacın göstəricisinə uyğun hesablanmış və sayğacla müəyyən edilən borc məbləği iddiaçıdan tələb edilmişdir. Buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* seriyalı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3 saylı ev İddiaçı adına 20.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 17.08.2021-ci il tarixli abonent (Cavabdeh ASC ilə abonent İddiaçı arasında 11.06.2015-ci il tarixli 12982105 nömrəli müqavilə bağlanmış) kartından görünür ki, ünvan 1 ünvanına 2020-ci il üçün sudan istifadəyə görə 298 (iki yüz doxsan səkkiz) manat məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə abonent İddiaçı arasında ünvan 1 ünvanında sudan istifadəyə dair 11.06.2015-ci il tarixli ********* nömrəli müqavilə bağlanmış və Cavabdeh ASC tərəfindən həmin ünvana 2020-ci il və 29 yanvar 2021-ci il tarixədək sudan istifadəyə görə 298 (iki yüz doxsan səkkiz) manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 30-cu maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir; “Sudan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarının: 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qeyd edir kli, iş materiallarında olan iddiaçının abonent kartı ilə müəyyən edilir ki, 2020-ci ilin yanvar ayından həmin ilin 28 dekabr 2020-ci il tarixədək su sərfiyyatına görə aylara müvafiq olaraq xidmətin dəyəri ən çoxu 27,50 manat, ən azı isə 1,50 manat məbləğində hesablanmış, 30 dekabr 2020-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək isə 257 manat hesablanmış və dəbbə ilə birlikdə qrafasında 298 manat müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, eləcə də ünvan 1 ünvanına dair abonent kartına əsasən sudan istifadənin suölçən cihazla (sayğacla) ölçülməsini nəzərə alaraq, ünvan 1 ünvanına dair 2020-ci ilin müvafiq ayları və 2021-ci ilin yanvar ayı üçün sudan istifadəyə görə hesablanmış borcları müqayisə edərək, sudan istifadəyə görə 30 dekabr 2020-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək 257 manat hesablanmış və dəbbə ilə birlikdə 298 manat borcun müəyyən edilməsini ağlabatan və inandırıcı hesab etmir. Məhkəmə vurğulayır ki, qanunvericiliyin tələbinə görə, istehlakçının suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə cavabdehin etirazının dəlillərinə qiymət verərək qeyd edir ki, nümayəndə sayğacın iddiaçının həyətində yerləşdiyindən, iddiaçı tərəfindən hər ay sayğaca baxış keçirilməsinə imkan verilməməsi səbəbi ilə hər aya müvafiq olaraq borcun hesablana bilməməsini, lakin hesablanmış borc məbləğinin sayğacın göstəricisinə uyğun hesablandığını göstərsə də, qeyd edilənlərlə bağlı məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin etirazının bu kimi dəlillərini əsassız hesab edir və belə qənatə gəlir ki, cavabdeh tərəfindən əsassız olaraq 298 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 298 (iki yüz doxsan səkkiz) manat məbləğində borc silinməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.5-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 15 (on beş) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3 saylı evə əsassız olaraq hesablanmış 298 manat məbləğində borc - abonent kodu **********009 saylı abunə hesabından silinməli, 15 (on beş) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 298 (iki yüz doxsan səkkiz) manat məbləğində borc - abonent kodu **********009 saylı abunə hesabından silinsin. 15 (on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-650/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-650/2021
26.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver