Məhkəmə qərarları › İş №2(009)-655/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-655/2021

08.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-655/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızıınn katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili F.M.Bədəlovun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iltizamın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iltizamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh anası ilə onun həyat yoldaşı Anjelika Kukuşkina arasında dostluq münasibətləri olduğundan tez-tez bir-birlərinin evinə gediş gəlişləri olmuşdur. Cavabdeh Lalə xanımın uşaqlığı demək olur ki, onların evdə keçmiş və onun həyat yoldaşı ona ana kimi qayğı göstərmişdir. Sonradan iddiaçı işi ilə əlaqədar olaraq öz uşağını da demək olar hər gün onun həyat yoldaşının yanına qoymuş və həyat yoldaşı onun övladına da baxmışdır. Bu münasibətlər zəmnində cavabdeh ilə onun həyat yoldaşı arasında mənəvi bağlar yaranmışdır. 2014-cü ildə həyat yoldaşının səhhətində problemlər yaranmağa başladı. Cavabdeh tez-tez onların evə gəlib getdiyindən və aralarında isti münasibətlər olduğundan həyat yoldaşını tibbi müayinəyə apardıqları zaman cavabdeh Lalə xanım də onlarla bir yerdə olmuş və həyat yoldaşının onkoloji xəstəliyinin olmasından, eyni zamanda onun müalicəsi üçün yüksək məbləğdə pul tələb olunduğundn xəbərdar olmuşdur. Maddi imkanları zəif olduğu üçün onların həmin pulu ödəmək imkanları olmadığından cavabdeh həyat yoldaşına müalicəsi üçün tələb olunan pulu verəcəyini həyat yoldaşına bildirmiş və ona 17.000 manat pul vermişdir. Bu zaman həyat yoldaşı Lalə xanıma onun verdiyi pulu qaytarmağa maddi imkanların çatmayacağını bildirdikdə sonuncu yoldaşının ona və onun övladlarına ana qayğısı göstərdiyi üçün həmin pulu əvəzsiz verdiyini və halal etdiyini qeyd etmişdir. Sonradan cavabdeh bir neçə dəfə də onun həyat yoldaşına müxtəlif məbləğlərdə dərman alınması üçün də əlavə pul vermişdir. 2018-ci ilin təxminən aprel-may aylarında onun həyat yoldaşı səhhəti ilə əlaqədar Lalə xanıma onun uşağına artıq baxa bilməyəcəyini bildirdikdən sonra Cavabdeh onlarla münasibətləri pisləşmiş və tez-tez onların evə gələrək pulunu geri tələb etməyə və səs-küy salmaqla onları qonşular arasında rüsvay edəcəyi ilə hədələməyə başlamışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə onu Dövlət Statistika Komitəsinin yanında bir ofisə çağıraraq orada görüşməsini tələb etmiş və onlar həmin ofisdə görüşərkən özünü hüquqşünas kimi təqdim edən Fuad adlı şəxs pulu qaytarmayacağı təqdirdə onun və həyat yoldaşının həbs etdirəcəyi ilə hədələmiş və orada onun diktəsi ilə hazırda məhkəmədə sübut kimi istinad olunan xx.xx.2018-ci il tarixli iltizamı imzalamağa məcbur qalmışdır. Bundan sonra Cavabdeh ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, ondan 20.000 manat maddi ziyana görə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(011)-2818/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Hazırda həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. xx.xx.2018-ci il tarixli iltizamda göstərilən borc münasibətləri cavabdehlə aralarındakı münasibətlərin faktiki halını əks etdirmir, iltizamda göstərilən pul məbləği onun tərəfindən alınmamış, həmin məbləğin iddiaçının özü tərəfindən həyat yoldaşının müalicəsi üçün onun özünə əvəzsiz olaraq verilmiş, qeyd olunan iltizam cavabdehin ona və ailəsinə ünvanlanmış hədə təsiri altında verilmişdir. Ən azından cavabdeh onların ailə dostu olduğu üçün onların ailənin maddi imkanında çox zəif olduğunu, kirayələrdə yaşadıqları, onların qeyd olunan məbləğdə pulu borc olaraq almaqları mümkünsüz olduğunu əvvəlcədən bilmişdir. Belə ki, o, birinci qrup Qarabağ müharibəsi əlili olduğundan demək olar ki, əmək qabiliyyətsizdir və heç bir yerdə işləmir, həyat yoldaşı isə evdar qadındır və cavabdeh bu hallardan əvvəldən məlumatlı olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh verilmiş 20.000 manat borcu olmasına dair xx.xx.2018-ci il tarixli iltizamın etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, verilən pul ona yox, yoldaşına verilib, məbləği 18000 min manat olub, iddiaçını 30-35 ildir ki, tanıyır, etibarlı münasibətləri olmuşdur, pul yoldaşının müalicəsi məqsədilə verilmiş və Lalə demişdir ki, pulu onlara halal edib və geri almayacaq. Lakin ona edilən hədə qorxu və təsir nəticəsində o, iltizamı imzalamışdır. Əqdin etibarsız olmasını tərtib etdiyi vaxtdan bilirdi, lakin səhv etmişdir ki, bu vaxtadək məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçını çoxdan tanıyır. O atasının dostu olmuş, yoldaşı isə anası ilə rəfiqə olmuşdur. 2015-ci ilin dekabr ayında İddiaçı ona müraciət edib həyat yoldaşının xəstə olması səbəbindən Türkiyədə əməliyyat olunması üçün 18000 manat pul lazım olduğunu bildirmiş, yaxın münasibətdə olduqları üçün Türkiyədə qalacaqları müddətdə də xərc tələb olunacağını nəzərə alaraq iddiaçıya həyat yoldaşı vasitəsilə 20000 manat pul vermişdir. Sonra ona məlum olmuşdur ki, iddiaçı əməliyyat üçün Türkiyəyə getməmişdir. Uzun müddət keçdikdən sonra pulun qaytarılmadığını görüb pulu geri tələb etdikdə 2018-ci ildə iddiaçının hazırda mübahisələndirdiyi iltizam yazılmış və İddiaçı söz vermişdir ki, 2019-cu ilin sonunadək qaytaracaqdır. Həmin müddət keçdikdən sonra pul qaytarılmamış və bu səbəbdən o, həm hüquq mühafizə orqanlarına, sonra isə məhkəməyə müraciət etmişdir. Pulun onun xeyrinə tutulması barədə məhkəmə qərarı qəbul edilmişdir. Göstərilənləri nəzərə alararq cavabdeh ididanın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsaısnda nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıya 20000 manat pul verilmişdir. Bu halı təsdiq edən məhkəmə qətnaməsi vardır. həmin mülki işə baxılarkən İddiaçı izahat vermişdir ki, iltizam onun tərəfindən yazılmış, lakin hal-hazırda pulun qaytarılmasına maddi imkanı olmadığına görə pulu qaytara bilməmişdir. digər tərəfdən həmin iltizam yazılarkən ona kimsə tərəfindən hədəqorxu gəlinməmiş və buna məcbur edilməmişdir. belə olduğu hlda o, müvafiq orqanlara müraciət etməlidir. Əksinə Cavabdeh özü pulun qaytarılmaması ilə bağlı həm hüquq mühafizə orqanlarına, həm də məhkəməyə müraciət etmişdir. Digər tərəfdən əqdin etibarsızlığı ilə bağlı qanunvericilik şəxsə bir il müddətində məhkəməyə müraciət etmək hüququ verir. İddiaçı isə yalnız onun barəsində qərar çıxdıqdan və apellyasiya instansiyasına şikayət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Yəni onun tərəfindən məhkəməyə ümraciət etmək üçün müddət də ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi ididanın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. İş üzrə İddiaçı tərəfindən yazılmış xx.xx.2018-ci il tarixli iltizamın kserosurətindən görünür ki, o, 2014-cü ilin dekabr ayndı X1 X5 vasitəsilə 20.000 manat pul almışdır. Hal-hazırda həmin pulu qaytara bilməmişdir o səbəbdən ki, İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsindədir, mənzil ona verilib-verilməməsindən asılı olmayaraq 2019-cu ilin dekabr ayına qədər pulun, yəni 20.000 manatı qaytarılmasına söz vermişdir. Həmin tarixə qədər qeyd olunan pul vəsaitini qaytarmadığı təqdirdə onun barəsində qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb edilməsinə etiraz etməmişdir. İş üzrə Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən X2 müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. İş üzrə Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-2818/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı 20000 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə iltizam verilmişdir və həmin iltizamda iddiaçı cavabdeh X3 20.000 manat pul almasını və 2019-cu ilin dekabr ayına qədər qaytarılması barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş və İddiaçı Cavabdeh xeyrinə 20.000 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin mülki iş üzrə keçirilən məhkəmə iclasında İddiaçı pulun qaytarılmasına maddi imkanın olmamasını əsas gətirmişdir və onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iltizamda göstərilən pul məbləği onun tərəfindən alınmamış, həmin məbləğin cavabdeh tərəfindən onun həyat yoldaşının müalicəsi üçün əvəzsiz olaraq verilmiş, həmin iltizam cavabdehin ona və ailəsinə ünvanlanmış hədə təsiri altında verilmişdir. İltizamda olan pul vəsaiti ona əvəzsiz verilmiş və verilərkən onun geri qaytarılmasının tələb olunmadığı bildirilmişdir. Bu səbəbdən də iddiaçı borcun olmasına dair xx.xx.2018-ci il tarixli iltizamın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir(maddə 324.3). Məhkəmə qeyd edir ki, iddiaçı tərəfidən verilmiş iltizam onun üçün vəzifə yaratdığı üçün həmin iltizam birtərəfli əqd hesab edilir. AR Mülki Məcəllənin 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Məhkəmə qeyd edir ki, iddiaçı həmin əqdin ona hədə qorxu gəlməklə yazdırılmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iltizamın bu əsasla etibarsız hesab edilməsi üçün iddiaçı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Yuxarıda göstərilən normanın mənasından göründüyü kimi, əqdin etibarsızlığınının mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia bir il ərzində irəli sürülməlidir. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan bir il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən borcun olmasına dair iltizamının etibarsızlığı ilə bağlı tələb, həmin iltizam yazıldığından 3 il keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 20.000 manat borcun olmasına dair xx.xx.2018-ci il tarixli iltizamın etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar