Məhkəmə qərarları › İş №2(009)-692/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-692/2024

23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-692/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, Ərizəçi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin oğlunun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin oğlunun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlar X3 və X1 nikahından xx.xx.1980-ci il tarixdə Yevlax şəhərində doğulmasına dair Yevlax rayon Qeydiyyat şöbəsində xx.xx.1980-ci il tarixdə 762 nömrə altında aparılmış doğum haqqında akt qeydində göstərilən şəxa X2 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqlarını müdafiə etdiyi X4 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 302.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində izah etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarının 6.1-cı bəndində Plenum izah etmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizədə göstərilən hüquqi faktın müəyyən edilməsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Ərizədən göründüyü kimi, Yevlax rayon Qeydiyyat şöbəsinin 05/Q-29 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə X2 adına doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Belə olduğu təqdirdə, həmin imtinadan müvafiq inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Yevlax rayon Qeydiyyat şöbəsi inzibati orqan olduğundan, hazırki mübahisə inzibati orqanın hərəkəti (hərəkətsizliyi) ilə bağlı münasibətlərdən törəndiyindən, məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyinin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin oğlunun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsininin qəbulundan imtina edilsin və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o, doğum haqqında şəhadətnamənin təkrar verilməsi tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar