Məhkəmə qərarları › İş №2(009)-720/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-720/2021

14.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-720/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı oglunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan 9a saylı mənzilin texniki sənədlərdə nəzərdə tutulmuş əvvəlki vəziyyətinə qaytarılması təmin edilərək, mənzil daxilində özbaşına tikilmiş sanitar qovşağın sökülərək texniki sənədlərdə nəzərdə tutulmuş, həyətdəki sahəyə köçürülməsi, yaşayış sahəsi üzərində özbaşına quraşdırılmış, texniki sənədlərdə olmayan bütün kommunikasiya xətlərinin ləğv edilməsi və ona dəymiş 2000 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qəraı ilə təsdiq edilmiş 3 saylı əlavə üzrə, 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 (reyesrt № **********34-05101-093001), 12 (reyestr № **********2-05101-093003) və 14a (reyestr № **********22-05101-093002) saylı mənzilləri mülkiyyət hüquqları ilə ona məxsusdur. Bina iki mərtəbəli, ümumi yaşayış qaydalı olmaqla, həyətdən və istifadə sahələrindən ibarətdir. 14a saylı mənzil 1-ci mərtəbədə, 12 və 9 saylı, eləcə də, cavabdehə məxsus 9a saylı mənzil isə 2-ci mərtəbədə yerləşir. 2-ci mərtəbədə yerləşən 12, 9 və 9a saylı mənzillər ümumi istifadə eyvanı ilə əhatələnməklə, 1-ci mərtəbədə yerləşən 14a saylı mənzilin tam üzərində yerləşir. 3 otaqlı, 125 kv. metr ümumi sahəsi olan 14a saylı mənzil tam təmirlıdir və o, 4 nəfərdən ibarət ailəsi ilə hal-hazırda burada yaşayır. 9a saylı mənzilin əvvəlki mülkiyyətçisi qanunsuz söküntü və tikinti apardığına görə (7 metr uzunluğu, 0,90 metr eni olan və abidənin tərkib hissəsi olan daşıyıcı divarın sökülməsi faktı) sonuncuya bu hərəkətlər qadağan edilmiş və mənzildə təmir-tikinti işləri dayandırılmışdır. 2016-cı ilin avqust ayında cavabdeh, 9a saylı mənzili təmirsiz olmaqla, alqı-satqı yolu ilə almış və sözügedən mənzildə təmir işlərinə başlamışdır. X3-Memarlıq Qoruğu İdarəsinin, Mənzilkommunal və Təmir Xidməti (bundan belə Kommunal Xidmət ) 9a saylı mənzildə qanunsuz tikilmiş bir arakəsmə divarı və mənzilin giriş hissəsi olan daş divarı sökmüş və yaşayış sahəsini əvvəlki vəziyyətinə qaytarmaqla, təmir işlərinə icazə vermiş, həmçinin daxili təmir işlərinin də texniki pasporta uyğun aparılmasını tövsiyyə etmişdir. Lakin cavabdeh sonradan giriş hissədəki daş divarı taxta şüşəbənd ilə əvəzləsə də, mənzilin daxilində, qapalı şəraitdə özbaşına, qanunsuz olaraq, texniki pasportda olmadığı, həmçinin, binanın arxiv sxem sənədlərində göstərilməyən, 1 kv.m. sahəni əhatə etməklə sanitar qovşaq və mənzilin digər hissəsində də, əlavə kommunikasiya xətləri quraşdırmışdır. 9a saylı mənzil, 9 saylı mənzilin bölünməsi yolu ilə yaranmış, 1 yaşayış otağından və giriş hissədən ibarət, sanitar istifadə sahəsi həyətdə olmaqla, hələ özəlləşdirmə anınadək mövcud olmuş və son hadisələrə qədər də bu cur istifadə edilmişdir. Sanitar qovşağın, mənzilin natural hissəsindən ayrı olmaqla həyətdə yerləşməsi, həmçinin mövçud olan texniki sənədlərdə də qeyd edilmişdir. Cavabdeh 9a saylı mənzildə qanunsuz təmir-tikinti işlərini bitirdikdən sonra, təxminən 2017-ci ilin əvvəllərindən başlayaraq sözügedən mənzili kirayəyə vermiş və hələ də verməkdədir. 18.03.2017-ci il tarixində, iddiaçının yaşadığı 14a saylı mənzilin 2-ci mərtəbəsində yerləşən 9a saylının sahibinin özbaşına tikdiyi 1 kv metr sahəsi olan sanitar qovşaqdan aşağıya durmadan kanalizasiya suyu axıdılmışdır. İddiaçının mənzildə yaşayanları dəvət eləməyinə baxmayaraq, 2 gün müddətində sanitar qovşaqdan istifadə edilmiş, daha sonra 100 mm-lik yeni boru, ümumi istifadədə olan eyvan kissə ilə aparılmaqla çəkilmişdir. Nəticədə betondan süzülən çirkab su durmadan iddiaçıya aid mənzilin mətbəxt hissəsinə axmışdır. İddiaçı tərəfindən Komunal Xidmətə müraciət edilmiş və hadisələr rəsmiləşdirilmişdir. İddiaçı cavabdehdən bu qanunsuzluqlara son qoymasını tələb etsə də, nəticə olmamışdır. 24.09.2017-ci il tarixində, yenə də, 9a saylı mülkiyyətçiyə aid sahədən, qanunsuz inşa edilmiş sanitar qovşaqdan birinci mərtəbədə yerləşən iddiaçının mənzilinin mətbəx hissəsinə və istinad divarına gür su şırnağı axmışdır. Nəticədə divarda yerləşən elektrik naqilində qısa qapanma baş vermiş və beton arakəsmə erroziyaya uğramışdır. Yenə də, iddiaçı tərəfindən Kommunal Xidmətə müraciət edilmiş və baş verənlərin məsuliyyətinin həm də nəzarətçi orqan olaraq, onların da üzərinə düşdüyünü bildirmiş və cavabdeh barədə ciddi tədbir görmələrini tələb etmişdir. Yenə də cavabdeh tərəfindən qanunsuzluğun aradan qaldırılması yönündə heç bir əməli iş görülməmiş, yalnız 9a saylı mənzildə carı təmir işləri aparılmışdır. 26.06.2018-ci il tarixində, iddiaçı yenidən cavabdehə məxsus qanunsuz inşa edilmiş sanitar xətlərdə baş vermiş nasazlıqlarla əlaqədar Kommunal Xidmətə ərizə ilə müraciət edərək bildirmişdir ki, 9a saylı mənzildə, 2016-cı ildən davam edən özbaşınalıq artıq onun üçün dözülməz hala çatmışdır. Belə ki, özbaşına tikilən sanitar qovşağın 100 mm diametrlik borularından çirkab su həm pilləkən qövsünə, eləcə də həyətə axmaqdadır. İddiaçı ümumyaşayış qaydalarına zidd olan bu hərəkətlərə son qoyulmasını qanun adından tələb etmişdir. Nəticədə Kommunal Xidmət cavabdehə xəbərdarlıq etməklə kifayətlənmiş, cavabdeh isə, həmişəki kimi nasazlığı qismən aradan qaldırmaqla məsuliyyətdən yayınmışdır. Nəhayət 07.01.2021-ci il tarixində, “9a saylı mənzildə hələ 2016-cı ildən davam edən qanundan kənar özbaşınalığın nəticəsi olaraq, mütəmadi şəkildə, bu günə gədər 4 dəfədən artıq, sonuncu dəfə isə cari ayın 4-ü və 5-i tarixlərində çirkab suyun axıdılması nəticəsində iddiaçıya məxsus 14 saylı mənzilin tavanı (alçıpan) təxminən 1 kv metr sahədə islanaraq şişmiş və daha geniş sahəni əhatə etməkdədir. Eləcə də, daha əvvəlki vaxtlarda iddiaçının mənzilinin mətbəx hissəsindən mütəmadi çirkab suyun və içməli suyun axıdılması nəticəsində tavanın betonu zəifləmiş və ovularaq tökülməklə erroziyaya uğramaqdadır” mətinli ərizə ilə sonuncu dəfə Kommunal Xidmətə müraciət etmişdir. Komunal Xidmətin mütəxəssislərin ünvanda olaraq bütün yaranmış vəziyyətlə yerində tanış olmaqla yanaşı həm də faktları əks etdirən fotoşəkillər çəkmişlər. 25 yanvar 2021-ci il tarixli Kommunal Xidmətin ona ünvanladığı məktubdan da görünür ki, cavabdeh tərəfindən, 14 saylı mənzilə, 2017-2021-ci illər ərzində çirkab suyun və içməli suyun axıdılması dəfələrlə olmuşdur. Həmçinin Kommunal Xidmətin əməkdaşları tərəfindən 9a ünvanına baxış keçirərkən, mənzildə texniki sənədlərdə öz əkini tapmayan, özbaşına qanunsuz tikilmiş 1 ədəd sanitar qovşaq və mətbəx aşkar edilmişdir, baxmayaraq ki, sanitar qovşaq texniki pasportda həyətdə yerləşir. Eləcə də, məktubda bildirilir ki, sözügedən sanitar qovşaq və mətbəxin kommunikasiya xətlərin çəkilişi də texniki normativlərə cavab vermir. Bütün baş verənlər, mövcud olan sənədlər, həmçinin ilkin mütəxəssis rəyi onu deməyə əsas verir ki, cavabdeh tərəfindən qanundan kənar, özbaşına edilmiş əməllər, nəticə etibarı ilə digər hüquqpozmalara da səbəb olan amildir. Yuxarıda qeyd etdiyi mövcud vəziyyət və baş verənlərin kökündən həlli yalnız qanundan kənar halların aradan qaldırlması şəraitində mümkündür. Belə ki, mənzilin sahəsinin artırılması məqsədi ilə 7 metr uzunluğu 0,90 metr eni olan və abidənin tərkib hissəsi olan daşıyıcı divarın, əvvəlki mülkiyyətçi tərəfindən sökülməsi ilə başlanan hadisələr, nəticə etibarı ilə cavabdehlə, alqı-satqı anında 28.8 kv.metr olan mülkiyyət hüquqlarınin, 36 kv.metrə qədər artmasına və gələcək subyektiv maraqlar üzərində, qanundan kənar və hüquqpozmalarla müşayət edilən vəziyyətin cavabdeh tərəfindən idarə edilməsidir. Məsələn, qanunsuz şəkildə özbaşına olaraq tikilmiş sanitar qovşaq və digər kommunikasiya xətləri, 9a yaşayış sahəsinə, mənzil statusu tanımaq kimi, şəxsi mənafeyin güdülməsidir ki, bu da digər vətəndaş olan, iddiaçının haqq və hüquqlarının ardıcıl pozulması ilə müşayiət edilir. Cavabdehin sözügedən mənzili kirayə verməklə qazanc əldə etməsi, iddiaçının və onun ailəsinin qanuni əsaslarla mövcud olan mənzilinin son 4 ildə qanunsuz qurğulardan axıdılan çirkab suyundan zərər çəkməsi ilə nəticələnmişdir. Həmçinin daim əsəb gərginliyi şəraitində iddiaçının və onun ailəsinin öz mənzilində rahat yaşamağı mümkünsüz olmaqla yanaşı, potensial riskli vəziyyət də həmin sahələr üzrə qalmaqdadır. Qarşıda duran qanunsuz hallardan biri 7 metr uzunluğu, 0,90 metr eni olan və abidənin tərkib hissəsi olan daşıyıcı divarın əvvəlki mülkiyyətçi tərəfindən sökülməsidir ki, bu məsuliyyəti iddiaçı cavabdeh üzərinə qoymadan, məsul olan tərəfləri, inzibati məhkəməyə vermə hüququnu özündə saxlayır. Digər qanunsuz hallar isə, yuxarıda qeyd etdiyi, qanunsuz olaraq özbaşına tikilən sanitar qovşaq və digər qanunsuz kommunikasiya xətləri və onlardan istifadə nəticəsində onun əmlakına dəyən real zərər və Problematik vəziyyətdir ki, bu da cavabdehin sözügedən mənzildə mülkiyyətçi olduğu dövrü əhatə edir. Nəhayət son 4 il müddətində cavabdehin bütün bu olanlara məsuliyyətsiz və saymazyana münasibəti və qanunsuz hərəkətlərinin digər haqlı tərəflərə qəbul etdirmək əzmi və iradəsidir ki, bu da birgəyaşayış qaydalarına zidd olmaqla, ardıcıl və uzunmüddətli olduqda mənəvi zərəri qaçılmaz edir. 12 kv.metrlik mətbəxin tavan hissəsinin tamamilə nəm vəziyyəti və beton arakəsmənin erroziyaya uğramaqla ovulub tökülməsi, divardakı elektrik naqilində qısa qapanma, fərqli istiqamətdə yerləşən 20 kv.metrlik yaşayış otağının təxminən 1 kv.metrlik tavan hissəsində alçipanın islanaraq şişməsi və daha böyük sahədə çatların yaranması və s. vizual şəkildə, gözlə görünən qüsurlar olsa da, “MER GROUP” təmir-tikinti şirkətinin, mənzilinin təmir-bərpa işləri üzrə 27.01.2021-ci il tarixlı smeta hesabatında bu xərclərin: Hazırlıq üzrə 420, Giriş otağı 794, Mətbəx 523. Yekun 1737 AZN olması göstərilmişdir. Fiziki şəxs olan sahibkar S.N.Musayev isə bütün təmir və xərclərin (usta köməkçisi və fəhlə 250, elektrik ustası 100, rəngsaz usta 400, daşınma xərcləri 60, material xərci 100 və daha 10% görünməyən xərclər olmaqla) ümumilikdə 1000 AZN olmaqla görə biləcəyini bildirmişdir. Həmçinin təmir-bərpa işlərinin 14-16 gün çəkəcəyini nəzərə almaqla, eləcə də, bu işlərin mətbəx və giriş hissədəki otaqda aparılacağından, bu müddət ərzində iddiaçı və onun ailəsinin yaxınlıqda digər bir mənzildə müvəqqəti kirayə xərclərini də nəzərə almaqla, təxminən 400- 500 azn olmaqla, ümumi zərərin orta hesabla 2000 AZN olması ortaya çıxır. Göstərilənlərə əsasən Cavabdeh mülkiyyətində olan 9a saylı mənzilin texniki sənədlərdə nəzərdə tutulmuş əvvəlki vəziyyətinə qaytarılmasını təmin etməklə, mənzil daxilində özbaşına tikilmiş sanitar qovşağın sökülərək, texniki sənədlərdə nəzərdə tutulmuş, həyətdəki sahəyə köçürülməsini, yaşayış sahəsi üzərində özbaşına quraşdırılmış, texniki sənədlərdə olmayan bütün kommunikasiya xətlərinin ləğv edilməsi və iddiaçıya dəymiş 2000 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ev 94, mənzil 14Anın əvvəlkin vəziyyətinə qaytarılması və ona dəymiş 11.000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında mənzil alarkən alt qonşusu Rəşadla 30.08.2016-cı ildə mübahisə yaşadı. İşləri polisə düşdü. Baş vermiş hadisə ilə İddiaçı onun şəxsiyyətinə toxunduğu üçün 4000 manat məbləğində ona mənəvi ziyan vurmuşdur. Bundan əlavə Rəşad onun aldığı mənzildə köhnə sahibi tərəfindən bəzi təhlükəli təmirlər edildiyini və bu səbəbdən onun onları yeniləməli olduğunu şərt qoydu. Əks təqdirdə təmirə icazə verməyəcəyi ilə hədələyirdi. O da, yeni qonşu olaraq Rəşadın istəklərini yerinə yetirməli oldu. Yəni öz evində təxminən 1500 manat dəyərində olan uzunluğu 10 metr kərpic divarı dağıtdı. Həmin divarın yerində 2000 manat dəyərində taxta aynabənd qoydurmalı oldu. Dağıntı zamanı 1000 manat dəyərində söküntü qalıqları onun tərəfindən daşındı. 500 manat dəyərində sanitar xətləri dəyişdirməli oldu. Ustaların işlərinə mane olmasın deyə təmir zamanı işindən 3 ay azad oldu və bu onu 1500 manat ziyana saldı. Onların işinə müdaxilə etməsin deyə həyətə 500 manat dəyərində kamera qoydurdu. İndi isə hadisənin üstündən xeyli vaxt keçib, Rəşad yenə də ona şərt qoyur ki, onun evi köhnə vəziyyətinə qaytarılsın, sanitar qovşağı və mətbəxi işlətməsin. Həmçinin Rəşad öz evində dəyişikliklər etmiş, tikinti aparmış, divar sökülmüş və bu hal onun yaşadığı evin qəzaya düşməsinə səbəb ola bilər. Bu səbəbdən, o da, Rəşadın mülkiyyətində olan ev 94, 14A saylı mənzilin əvvəlkin vəziyyətinə qaytarılmasının təmin edilməsini və ona dəymiş 11.000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsini xahiş edir. 31.03.2021-ci il tarixində Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçıa məxsus Mirzə Mansur 94 ev 9-dakı 2,9 kv.metr sanitar qovşağının sökülməsi, 14A saylı mənzildə İddiaçı tərəfindən sökülmüş divarların yerinə bərpa edilməsi, yəni tikilmiş divarların sökülməsi, divarlarda açılmış yeni qapı və pəncərə dəliklərinin müvafiq sökülməsi və tikilməsi, açıq həyət sahəsinin 4 kv.metr genişləndirilməsi, 14A mənzilində mətbəxt otağının ləğv olunması, mətbəxt mebeli və qaz pilətəsinin köhnə yerinə qaytarılması, sanitar qovşağının ləğv olunması, köhnə yerinə qaytarılması və banka avadanlıqla əvəz edilməsi, evdəki bütün su kranlarının, duş ləvazimatının ləğv edilməsi və həyətə köçürülməsi, 14A ünvanındakı emisiya divarların qaşınıb divar kağızları ilə əvəzlənməsi, plastik pəncərələrin taxta pəncələrlə əvəzlənməsi, tavana yapışdırılmış polietilen kulokun sökülüb qoparılması, tarixi əhəmiyyət kəsb edən unikal pilləli otağın qanuni sahibinə-subyektinə (dövlətə) qaytarılması, İddiaçı həmin 33 kv.metr otaq üzərində mülkiyyəti hüquqlarının ləğv edilməsi, tarixi pilləkanın qazılmış altının yenidən doldurulub möhürlənməsi, 14A ünvanına aid kombinin içəri daşınması və ya «Ariston» su qızdırıcı ilə əvəzlənməsi, 9A ünvanına aid eyvanda yerlə çəkilən qaz turbasının ləğv edilməsi, 14A ünvanından 9A ünvanına divariçi qalxan havaçəkmə xəttinin ləğv edilərək qapanması, 9A eyvanındakı qır halqasının təmizlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavəsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı qarşılıqlı iddianı qəbul etməyərək onun rədd edilməsini, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izah etmişdir ki, cavabdeh qarşılıqlı iddia tələbində bildirir ki, əvvəlki mülkiyyətçinin dövründə tikilmiş bəzi divarların sökülməsi və taxta aynabəndlə əvəzlənməsi nəticəsində, çəkdiyi xərci iddiaçı, yəni o ödəməlidir və bunu özünə dəymiş maddi zərər hesab edir. Bununla bağlı bildirir ki, 9a saylı yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinə qadağan edilmiş qanunsuz hərəkətlər (aynabənd hissəni daş divarla əvəz etmə və otaqda əlavə daş divar tikmə kimi) cavabdeh tərəfindən də dəstəklənərək sökülmədiyindən və davam etdirildiyindən, onun tərəfindən sonuncuya çox saylı xəbərdarlıq edilsə də, nəticə olmadığından, o, “İçərişəhər” X4 Qoruğu İdarəsinin rəisinin adına 30.08.2016-cı il tarixli ərizə ilə müraciət etmiş və ərizənin surətini maraqlı tərəf kimi cavabdehə ünvanlamışdır. Elə həmin gün cavabdeh onunla süni olaraq mübahisə başlamış, polisə müraciət etmiş və məlum polis tədqiqatı gedişatında, tərəfin yalan danışdığı və bilərəkdən, məqsədli şəkildə bu kimi hərəkətləri etməsi sübut olunmuşdur. Nəticədə qoruq ərazisi üzrə təmir-tikintiyə nəzarət funksiyasını həyata keçirən “İçərişəhər” X4 Qoruğu İdarəsinin tabe təşkilatı olan Mənzil-kommunal və təmir xidməti tərəfindən sözügedən yaşayış sahəsində qanunsuz inşa edilmiş iki ədəd daş divarın sökülməsi və təmir-tikinti işlərinin texniki pasportda göstərilən hədlərdə davam etdirilməsi cavabdehə tövsiyyə edilmişdir. Nəhayət qanunsuz tikilmiş daş divarlar sökülmüş, taxta aynabənd bərpa edilmiş və cavabdeh tərəfindən növbəti qanunsuz və özbaşına hərəkətlər isə artıq qapalı şəraitdə davam etdirilmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsinin, maddi ziyan hissəsi üzrə bildirir ki, cavabdehin 1500 manat tələbi uzunluğu 10 metr olan kərpic divarın dəyəri kimi ğöstərilmiş və dağıdılandan sonra yerində qoyulan aynabənd isə 2000 manat kimi qiymətləndirilmişdir. Əslində isə həmin qanunsuz tikilmiş divar, yuxarıda dediyi kimi, orada əvvəlki mülkiyyətçi tərəfindən tikilmişdir və cavabdeh üçün mövcud olduğundan yenidən tikə bilməzdi. O yalnız Kommunal Xidmət tərəfindən sökdürülmüş hissədə taxta aynabəndin xərcini çəkə bilərdi. Həmçinin qarşılıqlı iddia ərizəsinin, maddi zərər hissəsi üzrə cavabdeh bildirir ki, dağıntılar zamanı ona 500 manat dəyərində sanitar xətlərin dəyişdirilməsi üzrə zərər vurulmuşdur. Əslində isə sənədlərdən də görürük ki, təmirə başlamaq üçün Kommunal Xidmət tərəfindən verilmiş icazə vərəqi 29.08.2016-cı il tarixlidir və ertəsi gün cavabdehin özünün də dediyi kimi, təmir işlərinə başlamaq istərkən, yəni 30.08.2016-cı il tarixində aralarında məlum insident baş vermiş və eyni tarixli onun ərizəsi üzrə Kommunal Xidmət cavabdeh qarşısında qanunsuz tikililərin sökülməsi məsələsini qaldırmışdır. Hadisələrin xronoloji ardıcıllığından da görünür ki, cavabdeh təmirin ilk günü bütün dediyi işləri, həmçinin sanitar xətlərin çəkilməsini edə bilməzdi və həmin tarixə cavabdeh tərəfindən yaşayış sahəsində heç bir xərc çəkilməmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsinin maddi zərər hissəsi üzrə cavabdeh daha qabağa gedərək, 3 aylıq əmək haqqının da onun tərəfindən ödənilməsini və birgəyaşayış qaydalarına hörmətsizlik etməklə, ümumi istifadə həyətində quraşdırdığı müşahidə kameralarının da xərcinin yenə də onun tərəfindən ödənilməsini iddia edir. Qanunsuzluqların qismən aradan qaldırılmasından sonrakı dövr üçün cavabdeh bir başa və ya dolayısı ilə dediklərinin sübutu kimi bir faktı belə göstərə bilməz, əksinə onun bu günə qədər, yəni 4 il müddətində haqq və hüquqlarının pozulmasına səbirlə dözməsi, onun dediklərinin sübutudur. Həmçinin qarşılıqlı iddia ərizəsində cavabdeh ona məxsus 14a saylı mənzilin güya ki, divarının sökülməsi səbəbindən, əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir. Bununla əlaqədar bildirir ki, bütün deyilənlər qərəzli yalandır və bunun əksini sübut etmək cavabdehin üzərinə düşən vəzifədir. Məlumat üçün bildirir ki, 14a saylı mənzildəki faktiki vəziyyət, yəni istinad divarları (0.90 s.metr olmaqla) və abidənin digər tərkib hissəsi olan daş tikililər, həm arxiv sənədləri ilə, eləcə də texniki pasportla eynilik təşkil edir. Eləcə də, bu kimi məsələlər yerli icra hakimiyyəti orqanı funksiyasını həyata keçirən “İçərişəhər” X4 Qoruğu İdarəsinin qarşısında qaldırıla və aidiyyəti məhkəmədə o yalnız ikinci tərəf kimi cəlb edilə bilər. Sirr deyil ki, 9a saylı yaşayış sahəsinin 7 metr uzunluğu, 0,90 metr eni olan və abidənin tərkib hissəsi olan daşıyıcı divarın əvvəlki mülkiyyətçi tərəfindən sökülməsi faktdır, lakin bunun cavabdeh tərəfindən edilməməsi, eləcə də, yuxarıda göstərdiyi səbəbdən, bu hal öz növbəsini gözləyən məsələdir və o da, öz iddia ərizəsində cavabdeh qarşısında tələbi abidənin tərkib hissəsi olmayan və məsuliyyəti mülkiyyətçi olmaqla cavabdehdə olan qanunsuz quraşdırılmış kommunikasıya xətləri və sanitar qovşaq hissəsidir. Həmçinin qarşılıqlı iddia ərizəsinə əlavə edilən bəzi sənədlərin yalançı olduğunu vurğulayaraq, demək istəyir ki, 9a saylı yaşayış sahəsindəki qanunsuz tikililərin sökülməsini “İçərişəhər” X4 Qoruğu İdarəsinin Mənzilkommunal və təmir xidməti haqlı olaraq dərhal vəzifələrinin onlara verdiyi səlahiyyətlərdən düzünə istifadə etməklə, mövcud qanunvericiliyin tələbi üzrə icra etmişlər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izah etmişdir ki, o, ünvan 2 ünvanında yerləşən mənzili almışdır və 25.08.2016-cı il tarixli çıxarışı da vardır. Ancaq mənzili aldığı ilk gündən alt qonşuyla xoşagəlməz mübahisə yaşadı. Evi alarkən evi təmirsiz vəziyyətdə (qara suvaq) almışdır, sanitar qovşağı və mətbəxt şərti yerində yerləşirdi. 29.08.2016-cı ildə o, Qoruq İdarəsindən mənzili təmin etmək üçün 119 saylı icazəni almışdır. Təmir zamanı sanitar qovşağı 2,5 kv.metr və 1,3 paqon metr mətbəxi sıfır vəziyyətinə gətirib yuenidən təmir etməli oldu. Təmir zamanı hazırda Rəşadın tələb etdiyi halın yenidən əvvəlki vəziyyətinə qayıtması iddiasını o, 2016-cı ildə artıq təmin etmişdir (bir neçə divar sökülməli olmuş, sanitar xətlərin yeri dəyişdirilmiş, çöl divar taxta aynabəndlə əvəz olunmuşdur.) Bu zaman qonşusu Rəşad bu işləri izləyirdi və ona nədən sanitar qovşağını böyük düzəltmədiyini maraqlandı. O, Rəşada köhnə ev sxemini pozmaq niyyətinin olmadığın bildirdi. Sıfır təmir zamanı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən onun ərizəsi əsasında evin ölçülərini götürmək üçün mühəndis gəldi, evin çertyojunu çəkdi. O, ona evin şərti işarələrini cızmağı təklif etdi, o isə, bu dəqiqədəki vəziyyətin sıfır formatında olduğunu və ev tam təmir olandan sonra situasiya planı üzrə yeni çertyoj çəkəcəyini bildirdi. Ev təmir olandan sonra o, mühəndisə yenə müraciət edəndə, o, ona Qoruq idarəsindən situasiya planı haqqında arayışı alıb ona təqdim etməli olduğunu bildirdi. Onun da başı təmirə qarışdığı üçün bu haqda Qoruq idarəsinə verdiyi ərizənin dalınca getmədi. Həm də bu iş məsrəfli işdir. Bu gün belə fürsət düşmüşkən xahiş edir ki, onların işinə üçüncü və dördüncü tərəf kimi Daşınmaz Əmlak Xidməti və Qoruq İdarəsini cəlb edilsin ki, onlar da onun texniki pasportuna situasiya planı üzrə dəyişiklik etməyə yardımçı olsunlar. Rəşadın su sızması əsasında göstərdikləri yersizdir, çünki bu hal usta tərəfindən dərhal aradan qaldırılmış və 10 santimetrlik tavanda qaralma 2000 manat ziyan dəyərində qiymətləndirilə bilməz. Heç kəs su sızmasından sığortalanmayıb və hər su sızmasında hamam və mətbəx ləğv oluna bilməz. Rəşadın istiqamət verdiyi birinci mərtəbədə yerləşib onun mülkiyyətində, Rəşadın isə istifadəsində olan köməkçi 1 kv.metr sahəni o, Rəşadın pəncərəsinə baxdığı üçün sanitar qovşağı olaraq istifadə etməyi öz mədəniyyətinə sığışdırmamışdır. Qoruq işçiləri 2016-cı ildə onun evində təmirdən dərhal sonra faktiki situasiya planının çertyojunu çəkib öz arxivlərində saxlayırlar. Bu məsələ şəxsi məsələdir, hər bir mülkiyyətçinin şəxsi hüququdur ki, o istəməsə evin texniki pasportunu şərti işarələr qeyd olunsun deyə dəyişməyə bilər. ünvan 3 ünvandakı həyətdə Rəşada məxsus daha iki mənzil vardır ki, bu da Rəşadın evlərinin sayını 5-ə qaldırır. Əgər Rəşadın iddia etdiyi kimi, 9A mənzili 9 saylı mənzilin bölünməsindən əmələ gəlmişdirsə, nədən 9 saylı mənzilin sahibi gedib Rəşadın tövsiyə etdiyi 1-ci mərtəbədəki sanitar qovşağından istifadə etmir? Nədən 9 saylı Rəşada məxsus mənzildəki 2,9 kv.metr sanitar qovşağı da qanunsuz tikili olaraq ləğv olunmur? Üstəgəl Rəşad 9 saylı mənzilə sahiblənməmişdən qabaq həmin evin alınması 9a saylı mənzilin köhnə sahibinə təklif edilməli idi. Onun 9 A mənzilinin gələcəkdə qəzaya düşməsinə səbəb ola biləcək Rəşada məxsus 14A mənzilində aşağıdakı qanunsuz söküntü işləri aparılmışdır: çöl eyvanın altında yerləşən “П” şəkilli eyvanın istinad divarı dağılmış və bununla da ümumi istifadədə olan həyətin təxminən 4 kv.metr sahəsi zəbt edilmişdir. Rəşad 23 kv.metr sahəli yaşayış otağı ilə 27 kv.metr dəhliz (tarixi otaq) arasında yerləşən 3 metr uzunluğunda 0,9 metr enində olan istinad divarını 0,2 metrlik divarla əvəzləmişdir. Köhnə sanitar qovşağının 3 metrlik divarını dağıtmış və oranı mətbəxə çevirmişdir. Rəşadın digər məqsədi 94A binasında dağıntı-qəza nəticəsində sığorta pulu tələb etməkdir. Rəşadın 14A mətbəxində qeyd etdiyi erroziya səbəbi onun öz divarlarına emulsiya ilə rəngləməsi və tavanın polietilen kulokla örtməsi ucbatından divarların nəfəs ala bilməməsindəndir. Üstəgəl Rəşadın evində qoruq qanunlarına zidd plastik pəncərələrdən istifadə nəmişlik yaradır. 2017-ci ildə onun 9A-dakı hamamından su sızmasını müəyyən etmək üçün Rəşadın asma tavanın sökməsi və bu günə qədər bunu vizual sübut olaraq tavanı açıq saxlaması erroziyanın mətbəxdə baş verməsinə təbii şərait yaratmışdır. Ümumilikdə erroziya prosesləri gələcəkdə bina 94-də qəzalara səbəb ola bilər ki, bundan da onun 9A mənzili ziyan görə bilər. Rəşadın 9A ünvanında qanunsuz tikililər olması haqqında iddiası ondan xəbər verir ki, o bu ünvanda olan təmirlərin müşahidəçisi yox, bilavasitə iştirakçısı və maliyyəçisi olmuşdur. Səbəb isə köhnə sahib Mehmanın evi Rəşada satacağma ümid verməsi olmuşdur. Bu səbəbdən Rəşadın Nazirlər Kabinetinin 02.06.2001-ci il tarixli qərar 132 əlavə 3 üzrə məsuliyyət daşıyır. Rəşadın bilərəkdən 14A mənzilində mətbəxt və sanitar qovşağının yerini dəyişməsi gələcəkdə 9A ünvanından sızan suyun daha qabarıq biruzə verməsi niyyəti ilə kifayətlənmir, həmçinin onun texpasportunda şərti işarələrin rəsmiləşdirilməsinə qanunla nəzərdə tutulmuş layihə tikinti qaydalarına zidd hüquqi çətinliklər yaradır. Beləki, əgər Rəşad həyətin “П” şəkilli karidorunu zəbt etməsəydi, indi 1 kv.metr alçipana sızan su həyətə axardı. Həmçinin 14A ünvanında sanitar qovşağı köhnə yerində olsaydı, sızan su onun mətbəxinə axmazdı. Rəşad 14A ünvanında mənzilində divarı dağıdaraq istifadəsiz və yiyəsiz tarixi əhəmiyyətli otaq aşkar etmişdir. Bu otaq olduqca unikal olub dama çıxan pilləkanlarla əhatə olunmuşdur. Bu otağın təyinatının qoruq əməkdaşları tərəfindən araşdırılması gərəkdir. Çox güman ki, evakuasiya və müşahidə məntəqəsi rolunu oynamışdır. Lakin Rəşad həmin pilləkanm altını oyaraq sanitar qovşağına çevirmiş, erroziyaya uğratmış və bir mərhələdə pilləkanm ümumilikdə dağıtmaq niyyətində olmuşdur. Xoşbəxtlikdən qoruq işçilərinin vaxtında işə müdaxiləsi bu halın qarşısını almışdır. 9A mənzilinə məxsus sanitar xətlərin eyvandan aparılması səbəbi köhnə xəttin 14A ünvanından tavan içi aparılmasının gələcəkdə su sızmasının qarşısının almaq məqsədi güdüb. İçəri şəhəri MİS-dən Rəşadın ərizəsinə cavab olaraq verilmiş 25.01.2021-ci il tarixli sənəddə 9A mənzilinin 2016-cı ildən qabaqkı sahiblərinə xitabən yazılmış «özbaşına qanunsuz» kəlməsi bu ifadəni işlədənin öz spikulyativ əməllərin təzahür edə bilər. Bir sahənin 25 ildən artıq təyinatı üzrə istismarı yaşayış üçün həyati əhəmiyyət kəsb edirsə, gələcəkdə baş verə biləcək fövqəladə halların səbəbin müəyyən etmək üçün real vəziyyətə uyğun evin texniki sənədlərinin rəsmiləşdirilməsi zəruridir. İçəri şəhəri MİS-dən 2016-cı ildə alınmış 114 saylı icazədə sanitar xətlərin dəyişdirilməsinə icazə verilir. Yəni 9A ünvanında ondan qabaq 2-ci mərtəbədə sanitar qovşağı, hamam və mətbəxt istifadə olunub. İkinci mərtəbəsində sanitar qovşağın (hamam) və mətbəxi olmayan evi o almazdı. Bu zaman 1-ci mərtəbədə 1 kv.metr sahə ona köməkçi sahə kimi təqdim olunub. Rəşad iddia ərizəsində 3-cü vərəq, 3-cü abzasda köhnə 9A tavanının istinad divarının əsassız dağıdıldığını iddia edir. Amma özü 14A saylı mənzilində bütün divarları dağıdıb. Necə deyərlər, öz gözündə tir məsəli. Yeri gəlmişkən gələcəkdə və işin gedişatında ona məxsus sahəyə əlavə ziyanlar dəyərsə, o, 7000 manat maddi ziyana 3000 manat əlavə olunmasını tələb edəcəkdir. 9A ünvanına 1-ci mərtəbədən qalxan pilləkanın altında Rəşad onsuz da kiçik dördbucaq həyətə dəm qazı buraxan kombi quraşdırmışdır. Bu koınbi uğultu səsi salıb (taxta aynabəndimdən eşidilir) nəinki rahatlığı pozur, həmçinin gələcəkdə partlayışa səbəb olub binanın özülünə ziyan yetirməklə həyatı təhlükəlidir. Bundan başqa, 14A ünvanına 9A mənzilin eyvanına yerlə çəkilmiş qaz xətti standartlara cavab vermir və onun taxta aynabəndinin üzərindən qövsvari çəkilmişdir ki, yanğına səbəb ola bilər. Həmçinin Rəşadın 14A ünvanından divariçi onun 9A evinə 100-lük plastik turba ilə havaçəkən xətti çəkilmişdir. Hansıki həmin turbanın çıxacağı onun pəncərəsində yerləşir və pəncərəni açarkən xoşagəlməz iy içəri daxil olur. Divariçi çəkilən turba səbəbindən evinin iç divarında mamırlar əmələ gəlmişdir. Həqiqətdir ki, 9A evində qalan qohumları Rəşadın evinə su sızdırmışlar. Lakin 14A evin daxilinə su sızması 3 dəfə baş versə də, bunun iki halında o, qohumlarını texniki təqsirkar hesab edir. Çünki üçüncü sızma evin giriş hissəsində yerləşir ki, buna da səbəb ümumi eyvanda təbii yağış yağması səbəbindən baş vermişdir. Digər iki hal, yəni 2021-ci il tarixdə 1 kv.metr alçipan və 2017-ci il tarixdə mətbəxtdə divardan emusiya yuyulması halı onun tərəfdən texniki səhv olaraq törədilib. Hansı ki, bütöv qonaq otağına Rəşadın şəxsi MTK-sının hesablanmasına görə 794 manat və mətbəxinə isə 523 manat ziyan dəyib. Onun öz nesablamasına görə isə bu iki sahəyə onun tərəfdən maksimum 300 manat ziyan dəymişdir. Əgər Rəşadın təmirə imkanı çatmırsa, o, Rəşada 300 manat borc pul verə bilər ki, o, təmirini aparsın. 14A mətbəxində elektrik nasazlığı ondan öncəki sahibdən baş vermişdir. Təmir zamanı Rəşadın qalmağa yeri yoxdursa, o, ona 9A evində qohumları ilə sıxlaşıb qalmağa şərait yarada bilər. Birgə yaşayış qaydalarına düzgün əməl olunmasını tələb edən Rəşad anlamır ki, bu qaydaların əsas məğzi digərlərinə qarşı dözümlülük tərənnüm etdirməkdir. Onun 14A mənzilində qanunsuz tikililər haqqında əsas maddi sübutu 1997-ci il tarixli MİS arayışının doğruluğuna kiminsə şübhəsi varsa, bunu müəyyən etmək üçün müvafiq orqanlara vəsatət verə bilər. Lazım gələrsə, 14 A ünvanın əvvəlki sahibini şahibi qismində məhkəməyə dəvət edə bilər və o bunu şəxsən 14A evinə aid köhnə texpasport və digər sənədləri məhkəməyə təqdim etməklə sübut edə bilər. Rəşadın 9A evə aid su xətlərin ləğvi barədə tələbi yersizdir. Çünki, sanitar qovşağın 1-ci mərtəbədə 1 kv.metr sahədə yerləşməsi belə o demək deyil ki, mətbəxt və hamam da gərək oraya köçürülə. 9A ünvanda Rəşadın ucbatından artıq bir tikili qalmamışdır. Onun mətbəxi dəhlizdə sol küncdə 3 qövslü ana divarla əhatələnmişdir və qapısı yoxdur. Sanitar qovşağı (hamam) həmçinin dəhlizdə sağda 3 qovslü ana divarla əhatələnmişdir və yalnız plastik divar və qapı ilə ara kəsmə örtülüdür. Göründüyü kimi, sökülməyə tikili də qalmayıb və demək Rəşadın iddiası əsassızdır, dərhal rədd olunmalıdır. Həmçinin Rəşadın məhkəmə qarşısında sanitar qovşağı birinci mərtəbəyə köçürülsün tələbi də anlaşılmazdır. Bir halda ki, Rəşadın özü tərəfindən təyinatı dəyişdirilən sanitar qovşağı artıq birinci mərtəbədə yerləşirsə, sanitar qovşağının yenidən köçürülməsi hara olmalıdır? Digər tərəfdən Rəşad ona məxsus birinci mərtəbədə yerləşən köməkçi sahəni artıq 4 il 9 aydır ki, istismar edir. Bir halda ki, Rəşad onun qohumlarına 9 A evini icarəyə verdiyini iddia edir, onda nədən o, Rəşada birinci mərtəbədəki köməkçi sahəni təmənnasız istifadəyə versin? Həmin sahənin icarə qiymətini müəyyən etmək üçün vəsatət vermişdir. Hesab edir ki, həmin sahənin günlük icarə haqqı 1 manat rəmzi olaraq götürülsə, onda 4 il 9 ay ərzində bu rəqəm 1784 manat edərdi. Rəşadın hesabladığına görə onun 14A evinə dəymiş ziyan yekun 1783 manatdırsa, onda onun Rəşada artıq borcu qalmır. İddiasında öz evlərini nümayiş etdirən Rəşad 14A evini Azərnəqliyyat bankda hüquqşünas (kollektor) işlədiyi vaxtda dəyərindən qat-qat aşağı qiymətə (2007-ci ildə təqribi 16.000 manata) əldə etmişdir ki, bu səbəbdən evini əvvəlki sahibi ilə məhkəmə yaşamaqdadır. Qoruq idarəsinə verdiyi sorğuya cavabdan görünür ki, 9A ünvanında 25 il yerləşən MİS xəbərdar olub. 9A ünvanında 2-ci mərtəbədə yerləşən hamamın döşəməsini betonlama zamanı möhkəmlətmək üçün atılan dəmir şverlerlərin bir hissəsi Rəşadın da istinad divarına bərkidilib. Bu zaman 9A evinin köhnə sahibinə Rəşad etiraz etməyib və əksinə köməkçi olub. Bu gün isə həmin sahənin dağıdılmasını da tələb edir. Demək gələcək fəsadlardan xəbərdar olan Rəşadın əsas niyyəti ümumiyyətlə bina 94-ü dağıtmaqdır ki, nəticədə sığorta haqqı əldə etsin.Rəşadın 9 və 14A mənzillərində sökülüb yenilənməli kifayət qədər qanunsuz tikili vardır. Ona görə də, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 31 may 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 11.06 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 14a xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 30 may 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli Mənzil-kommunal və Təmir Xidmətinin Yəhyayev Rəşad Yəşya oğluna ünvanlanmış məktubdan görünür ki, ərizəçinin mülkiyyətində olan 14 saylı müxtəlif dövrlərdə (2017-2021-ci illər) qonşu 9 a saylı mənzilin mülkiyyətçisi tərəfindən çirkab və içməli suyun sızmasına məruz qalmışdır. Müraciətlərə Mənzil-kommunal və Təmir Xidməti tərəfindən baxılmış və müvafiq qaydada qonşuya xəbərdarlıq edilməklə aktlaşdırılmışdır. M.Mənsur 94 mənzil 9a ünvanına baxış keçirərkən mənzildə texniki sənədlərdə öz əksini tapmayan, özbaşına qanunsuz tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmişdir, baxmayaraq ki, sanitar qovşaq texniki pasportla həyətdə yerləşir. Eyni zamanda bildirirlər ki, sözügedən sanitar qovşaq və mətbəxin kommunikasiya xəttlərinin çəkilişi də texniki normativlərə cavab vermir. Baxış zamanı qaz xətləri və qurğularının aşkar edilmişdir, ancaq bildirir ki, qaz xətləri və qurğularının quraşdırılması Mənzil-kommunal və Təmir Xidmətinin səlahiyyətlərinə aid deyildir. Müvafiq qurumlar tərəfindən texniki şərtə uyğun icazə verilir və istismarına nəzarət edilir. İş materiallarında olan 08 yanvar 2021-ci il tarixli Mənzil-kommunal və Təmir Xidmətinin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, qısa müddət ərzində ona məxsus sanitar qovşaq və mətbəxdə kanalizasiya və su xəttində olan nasazlığın aradan qaldırılması, əks tədqirdə tərəflərindən qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10/1854 saylı, 17 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı evin 14a və 9a saylı mənzillərinin üst-üstə düşən hissələri üzrə istinad divarlarının söküldüyü və dəyişən hissələrinin arxiv sənədindən fərqli olduğu müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı evin 9a saylı mənzilində quraşdırılmış qaz cihazları, su və digər kommunikasiya vasitələri Minzil-Kommunal və Təmir Xidməti tərəfindən 25.01.2021-ci il tarixli V-01/05/03 saylı məktubuna və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, mənzildə texniki sənədlərdə öz əksini tapmayan tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmiş və həmin mənzilin sanitar qovşaq və mətbəx kommunikasiya xəttlərinin çəkilişi texniki normativlərə cavab vermir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı evin 14a mənzilin tavanında olan qüsurları, qüsurların mövcud olan hissədə qab və paltar yuyanın yerləşdiyini və eləcədə mülki iş materiallarında olan Mənzil Kommunal və Təmir Xidmətinin məktublarını və aktın məlumatlarının nəzərə alaraq, 9a saylı mənzildən 14a saylı mənzilə su axması müəyyən olunur. Tədqiq olunan 14a saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymət lərinə uyğun olaraq 333,0 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı evin 14a saylı mənzilin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü və 180-ci maddələrinə əsasən cavabdehə qarşı iddia ərizəsində göstərilən tələbi irəli sürməkdə haqlıdır. Odur ki, həmin normaların dispozisiya şərtlərinin hazırkı iddiaya münasibətdə mövcud olub-olmamasına qiymət verməlidir. Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlışdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra-razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı evin 9a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı quraşdırılmış və mənzildə sənədlərdə olmayan kommunikasiya xətləri çəkilmişdir. Cavabdeh tərəfindən özbaşına tikilmiş sanitar qovşağı quraşdırıldığından iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə və lazımi infrastruk işlərin həyata keçirilməsinə mane olur. Məhkəmə bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı evin 9a saylı mənzilində özbaşına qanunsuz tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmişdir. Qeyd edilən tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Konstitusiyanın 13-cü və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə də məhz mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı evin 14a və cavabdeh özbaşına qanunsuz tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmişdir ki, həmin tikililərdən iddiaçının mənzilinə su axıdılır və bununla da, iddiaçının özünə məxsus ünvandan sərbəst istifadə etməsinə maneə yaranmışdır. Məhkəmə mülkiyyət hüququnun mütləq hüquq olmadığını nəzərə alıb hesab edir ki, qeyd edilən məhdudiyyətə məhz qanunilik və mütənasiblik prinsipi baxımından yanaşılmalıdır. Məhkəmə, tikililərin qanunsuz olduğunun müəyyən edilməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, İddiaçı mülkiyyətinə edilən müdaxilə qanuni xarakter daşımır və bu səbəbdən iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan evindən istifadəni məhdudlaşdıran hərəkətlərə son qoyulması tələbinə dair iddia qaldırmaq hüququna malikdir və iddiaçı bu hüququndan istifadə etmişdir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının özünəməxsus mənzildən istifadəsinə cavabdeh tərəfindən edilən qəsdə son qoyulmalı, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərər vuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdehin mənzilində inşa edilmiş qanunsuz tikilidən iddiaçının mənzilinə su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyan dəymişdir ki, həmin ziyanın aradan qaldırılması üçün görüləcək işlərin məbləği məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə 333,0 manat müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2000 manat maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin mənəvi ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən olunmadı. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını təsdiq edən hər hansı sübutları təqdim etmədi. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin özünə məxsus mənzildə qanunsuz tikililər aparması barədə qarşılıqlı iddianın xüsusatına dair ixtisaslı şəxslərin rəyini almışdır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının 10/1854 saylı, 17 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı evin 14a saylı mənzilin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olunmuşdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir və beləliklə də, qarşılıqlı iddia tələbi üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, iddiası, Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri , Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülsün və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz əlli) manat Cavabdeh tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar