Məhkəmə qərarları › İş №2(009)-737/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-737/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-737/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı1 Mehdi oğlunun cavabdehin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı1 Mehdi oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı1 Mehdi oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 8000 manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə gecikdirilmiş hər ay üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərildiyi kimi əsas məbləği faizi ilə cavabdehdən tutulub şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixində 90.000 manatlıq müqavilə imzalanaraq restoranda havalandırma və kondisionerləşmə sistemlərinin quraşdırılması razılaşdırılmışdır. İşin sonu yaxın ətrafda yaşayan qonşular polisə şikayət edərək quraşdırılan cihazlar səs-küy törədəcək deyə cavabdehdən cihazların yerinin dəyişməsini tələb etdi. Əlavə olaraq cavabdehlə 7.300 manat cihazların yerinin dəyişdirilməsi üçün və bir otaqda kondisioner istədi onun üçün də 1000 manat razılaşdırıldı. Bu ərəfələrdə cavabdehin Türkandakı kafesində də ventilyasiya etməyini istədi və Türkan üçün də 3.400 manata razılaşdırıldı və beləliklə 101.700 manatlıq razılaşmaları oldu. İşə başladıqları gündən qanunda tələb olunduğu kimi ödəmə istədikləri zaman hesab-faktura verirdilər və həmin hesab-fakturaya əsasən Ahmad tərəfindən bir neçə gün sonra ödəmə olurdu. Lakin son verilən hesab-fakturanı tam ödəmədi 8000 manatlıq borcu qaldı. Cavabdeh hər dəfə bir bəhanə ilə ödəməni uzadırdı və bu günə kimi ödəməni etmir. Axırıncı söz verdiyi gün telefonu açmadı və onlar Səbail RPİ-nin 39-cu Polis Bölməsinə bununla bağlı şikayət etdilər. Cavabdehin dəvət edib dindirdilər, cavabdeh isə onlara heç bir borcunun olmadığını bildirdi və sonra 1000 manat borcunun olduğunu deyərək polislərə yalan ifadələr verməyə başladı. Onlar ərizə ilə müraciət etmələrinə baxmayaraq 39-cu bölmədən onlara heç bir rəsmi cavab verilmədi. Bildirir ki, cavabdeh tək onlara deyil, digər ustaların da pullarını vermir, müxtəlif bəhanələrlə insanları aldadır. Məhkəmə iclasında İddiaçı1 Mehdi oğlu iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək eləcə də bildirdi ki, cavabdehin ona 8000 manat məbləğində faizlərlə birlikdə borcu qalıb. Həmin məbləğdən 1000 manat Türkan kafesi üçün və 7000 manat Sahil kafesi üçün görülən işlərlə bağlı verilməli idi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, tərəflər arasında bağlanmış 01.07.2019cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən restoranda havalandırma sisteminin quraşdırılması üçün görüləcək işlərin qiyməti 90000 manat müəyyən olunmuş, həmin işlər görülmüş, lakin işlərin tamamlanma mərhələsində qonşular şikayət edərək restoranda quraşdırılmış ventilyasiya cihazlarının yerlərinin dəyişməsini tələb etmiş və buna uyğun olaraq tərəflər əlavə işlərin görülməsini 11000 manata razılaşmışlar. Görülən işlərə görə bütövlükdə iddiaçıya 101700 manat vəsait verilmişdir. Hal-hazırda Türkan kafesində quraşdırılmış kondisioner üçün cavabdehin iddiaçıya 1000 manat məbləğində borcu qalmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 01 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı1 Mehdi oğlu ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixində 90.000 manatlıq müqavilə imzalanaraq restoranda havalandırma və kondisionerləşmə sistemlərinin quraşdırılması razılaşdırılmışdır. İş materiallarında olan 01 iyul 2019-cu il tarixli 01 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 27 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 03 avqust 2019-cu il tarixli 02 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 30 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 24 sentyabr 2019-cu il tarixli 03 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 20 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 18 noyabr 2019-cu il tarixli 04 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 4 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 10 yanvar 2020-ci il tarixli 05 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 2 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 02 mart 2020-ci il tarixli 06 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 5 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 02 mart 2020-ci il tarixli 07 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 13 700 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan İddiaçı1 Mehdi oğlunun Səbail RPİ-nin 39-cu PB-nin rəisi Fazil Zərbəliyevin adına ünvanladığı 17.12.2020-ci il tarixli izahatından görünür ki, ünvan 2 ünvanında yerləşən «Damask» restoranın müdürü Cavabdeh adlı şəxslə 01.07.2019-cu ildə 90.000 manatlıq müqavilə bağlayaraq restoranda ventilyasiya və kondisinerləşmə işlərinin quraşdırılması üçün müqavilə imzalamış, sonradan quraşdırılmış ventilyasiya cihazlarının yerlərinin dəyişdirilməsi üçün əlavə görülən işləri 7300 manata razılaşmışlar. Həmin ərəfələrdə Ahmadi Türkan qəsəbəsində yerləşən kafedə də ventilyasiya işlərinin görülməsini və əlavə olaraq restoranın daxilində bir kondisioner qoyulmasını ondan xahiş etdi. Türkandakı kafe və əlavə kondisioner qoyulması üçün əlavə olaraq 4400 manat razılaşdırıldı. Hər ödəmədən əvvəl o, Ahmada invoys təqdim edirdi və o da, sonra ona ödəmə edirdi. Axırıncı invoysdan Ahmad 8000 manat ödəmədi və bu günədək ödəməyib. İş materiallaırnda olan Cavabdeh Səbail RPİ-nin 39-cu PB-nin rəisi Fazil Zərbəliyevin adına ünvanladığı 17.12.2020-ci il tarixli izahatından görünür ki, Zərifə Əliyeva küçəsi 29 ünvanında Damask adlı restoranı açıb işlətmək istəyərkən havalandırma sistemini çəkmək üçün Podrat TGİ şirkəti ilə müqavilə imzalayaraq havalandırma sisteminin quraşdırılmasını 90.000 manata razılaşdırdılar. Havalandırma sistemini quraşdırdıqdan sonra əlavə işlər ortaya çıxdı və o, həmin şirkətə əlavə olaraq 11.000 manat verdi. Əlavə olaraq qeyd etmişdir ki, həmin şirkət havalandırma sistemini yaxşı quraşdırmamışdılar və restoranın içində daim yemək iyi gəlirdi və o bu barədə şirkətin müdirinə də bildirmişdir. Onun şirkətə heç bir borcu qalmamışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, 01 iyul 2019-cu il tarixdə sifarişçi qismində Cavabdeh ilə podratçı qismində «xxxx» MMC arasında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh məxsus binada kondisioner, ventilyasiya sistemlərinin quraşdırılması işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən işlərin qiyməti 90.000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də, müəyyən edildi ki, podratçı tərəfindən kondisioner, ventilyasiya sistemlərinin quraşdırılması işləri yerinə yetirildikdən sonra quraşdırılmış ventilyasiya cihazlarının yerlərinin dəyişdirilməsi üçün əlavə işlər ortaya çıxmış və həmin əlavə işlərin görülməsi üçün sifarişçi tərəfindən müqavilə üzrə ödənilmiş 90.000 manatdan əlavə olaraq 11.000 manat ödənilməsi razılaşdırılmış və beləliklə, sifarişçi tərəfindən ümumilikdə podratçıya 101.700 manat vəsait ödənilmişdir. Məhkəmə iclasında iddiaçı onun tərəfindən görülən işlərə görə həmin məbləğdən əlavə cavabdeh tərəfindən ona Türkan kafesində görülən işlərə görə 1000 manat və Sahil kafesi üçün 7000 manat, ümumilikdə 8000 manat ödənilməli olduğu halda ödənilmədiyini bildirmiş, cavabdeh isə bir kondisioner quraşdırılması üçün iddiaçıya yalnız 1000 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində göstərilir ki, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilənin tələblərini lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı 1000 manat borc tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı 7000 manatın cavabdehdən alınıb ona verilməsi və 8000 manat pul vəsaitinin gecikdirilməsinə görə faiz tutulması ilə bağlı tələb irəli sürsə də, iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla bu cür iddialar baxımından, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat alınıb İddiaçı1 Mehdi oğluna verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar