Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-744/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 və ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh MMC-yə qarşı «zərər və s.» barədə ilkin iddia tələblərinə dair, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin – cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı «dəyərini ödəməklə mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi» barədə qarşılıqlı iddia tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh MMC-yə qarşı «zərər və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 74 ünvanda tikilmiş yeni binada, X4 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə yerləşən 5 metr enində 6 metr uzunluqda ön cəbhəsi X4 küçəsinə baxan 30 kv.m istifadəyə yararlı qeyri-yaşayış sahəsinin təmirli, sanitar qovşaqla təmin olunmaqla iddiaçıların ümumi birgə mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi zərərə görə 7,200 manat, mənəvi zərərə görə 12.000 manat pulun cavabdehdən tutulması, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 74 ünvanda tikilmiş yeni binada, X4 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə yerləşən 5 metr enində 6 metr uzunluqda ön cəbhəsi X4 küçəsinə baxan 30 kv.m istifadəyə yararlı qeyri-yaşayış sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətinə verilən günədək cavabdehdən hər ay 600 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 74 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmuşdur. Obyekt çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşmiş, ümumi sahəsi 30 kv.m olmuş, 5 metr enində, 6 metr uzunluğunda ön cəbhəsi X4 küçəsinə baxmışdır. İddiaçılarla cavabdeh arasında 22 yanvar 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçılar özlərinə məxsus qeyri-yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə həmin binanı sökərək yerində yeni bina tikməyi və həmin binanın 1-ci mərtəbəsindən, X4 küçəsi tərəfdən istiqamətində, hazırda Bazarstore kimi fəaliyyət göstərən ticarət sahəsinin sağ və ya sol hissəsində 30 kv.m qeyri-yaşayış sahəsini iddiaçıların mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə cavabdehin öz öhdəliyini icra etməsinin son müddəti 22 yanvar 2020-ci il müəyyən edilmişdir. Lakin həmin yerdə bina tikilməsinə baxmayaraq iddiaçılara bəhs olunan qeyri-yaşayış sahəsi təqdim edilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara maddi və mənəvi ziyan dəymişdir. Artıq əmlaka münasibətdə kirayə xərcləri müqavilə şərtləri ilə deyil, həmin ərazidə olan 30 kvadratmetrlik qeyri-yaşayış sahəsinin kirayəsinin bazar qiyməti ilə hesablanmalı və tənzimlənməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd olunmasını və ünvan 2 ünvanda Cavabdeh MTK tərəfindən təklif edilən qeyri-yaşayış sahəsi ilə əvəzləşidirilərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Q.Abbasov küçəsi ev 74 ünvanında yerləşən 34 saylı bərbərxanaya olan hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin müvafiq qərarına və Səbail rayon icra Hakimiyyətinin müvafiq sərəncamına əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, X4 küçəsi ev 72-74-76-76a ünvanlarında 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü həyata keçirilməli və həmin binalarda yaşayan sakinlər iki il müddətində tikintisi başa çatdırılmalı olan binalarda mənzillərlə təmin edilməli idilər. İlkin iddiaçılarla bağlanmış 22.01.2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə görə mülkiyyətçilər mülkiyyətlərində olan Bakı şəhəri, X4 küçəsi 74 ünvanında yerləşən 34 saylı bərbərxananı yaşayış kompleksinin tikintisi məqsədilə Cəmiyyətə təhvil verir, cəmiyyət isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsi ölçüsündə mülkiyyətçilərin istəyi ilə yeni yaşayış və qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verir. Müqavilənin 3.3-cü bəndinə əsasən, kirayə məbləğinin kompensasiya məbləği 1 aylıq 342 manat müəyyən edilir, həmin mənləğdən 14 faiz ödəmə mənbəyində 42 manat vergiyə, qalan hissə 300 manat mülkiyyətçiyə ödənilir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı dəqiqləşmə ərizəsi verərək, Bakı şəhəri, Q.Abbasov küçəsi ev 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə kompensasiya ödənilməklə İddiaçı1 və İddiaçı2 sözügedən mənzilə olan hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı1 məhkəmədə ilkin iddianı müdafiə edib, ilkin iddia tələbinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunmasını, eyni zamanda qarşılıqlı iddia tələbini qəbul etməyib, həmin iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Cavabdeh MMC tərəfindən tikilmiş bina koordinatlar üzrə onlara məxsus olan qeyri-yaşayış sahəsinin yerində deyil, həmin yerdən 10 metr arxa məsafədə tikilmişdir. Şirkət sonuncu dəfə onlara kirayə pulunu 2020-ci ilin iyun ayında ödəmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı2 məhkəmədə ilkin iddianı müdafiə edib, ilkin iddia tələbinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunmasını, eyni zamanda qarşılıqlı iddia tələbini qəbul etməyib, həmin iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi irəli sürdükləri iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizələrinə uyğun məzmunda izahat verib, iddialarının təmin olunmasını, eyni zamanda ilkin iddianı qəbul etməyib,ilkin iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, qarşı tərəfə şirkətin ödəməli olduğu kirayə pulu keçən ilin yay aylarına kimi ödənmişdir. Belə ki, həmin tarixdə bina hazır olmuş və qarşı tərəfə qeyri-yaşayış sahəsi təklif edilmişdir. Lakin qarşı tərəf ona edilmiş təklifi qəbul etmədikdən sonra şirkət kirayə pulunu ödəməyi dayandırmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının «Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında» 26 avqust 2016-cı il tarixli, 117 saylı Sərəncamının surətindən görünür ki, "Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarının və "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 6.8 maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazırliyi Tikintidə X1 Agentliyinin, "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 5 ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş 25 may 2016-cı il tarixli aktını və "Cavabdeh" MMC-nin 02/16 saylı 08.04.2016-cı il tarixli müraciətini nəzərə alaraq aşağıdakılar qərara alınmışdır:
1. Səbail rayonu, «Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Neftçi Qurban küçəsi 72,74,76,76A saylı ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binasının söküntüsü "Cavabdeh" MMC tərəfindən yerinə yetirilsin və həmin cəmiyyətə sahəsi 0,5 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihəndirilməsi və tikintisinə icazə verilsin.
2. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması "Cavabdeh" MMC-nin vəsaiti hesabına həyata keçirilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il tarixli, 86 saylı Qərarının 1.1-ci bəndində və Azərbaycan Respublikası "Torpaq Məcəlləsi"-nin 50,51,66,67 və 68-ci maddələrinə uyğun olaraq Rayon İcra Hakimiyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində Sifarişçinin torpaq üzərində hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alındıqdan və tikintinin aparılması təşkilatlarla müvafiq qaydada razılaşdırıldıqdan sonra tikinti işlərinə başlaya bilər. 15.05.2017-ci il tarixli obyektin tikintisinə 1 nömrəli icazənin surətindən görünür ki, icazə vərəqəsində tikinti obyektinin ünvanı kimi Bayıl qəsəbəsi, Q.Abbasov küçəsi 72, 74, 76 və 76A, sifarişçi kimi Cavabdeh MMC göstərilmişdir. İş materiallarında olan «xxxx» Şirkətinin ƏEM/N 36-592/21 saylı 04 iyun 2021-ci il tarixli rəyinə əsasən ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının (34 saylı bərbərxana) 04 iyun 2021-ci il tarixinə hesablanmış təmirli vəziyyətdə bazar dəyəri 51,800 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binası (34 saylı bərbərxana) İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Məhkəmə, işin hüquqi həlli ilə bağlı bildirir ki, mübahisə sakinini mənzilinə hüquqları və onların itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət haqqı və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin və dövlətin öhdəlikləri nəzərdən keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 28.6-cı və 28.7-ci maddələrinə əsasən, qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 85-ci maddəsinə görə, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Göründüyü kimi, qanunvericilikdə şəxsin mülkiyyət hüququ tanınmış və qanunla qoruma altına alınmışdır. Bununla belə, həmin hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mənzilin sahibinin oraya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması zəruridir. Hazırkı işdə ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hüquqlarının itirilməsi və oradan çıxarılması istənilən şəxsin mülkiyyət hüququnun olması daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla təsdiqlənir. Mübahisə predmetinin həmin şəxsin iqtisadi marağında olan real əmlakları olması mübahisəsizdir. İşin digər faktiki hallarından görünür ki, dövlət (Səbail rayon İcra Hakimiyyəti şəxsində) mənzilin yerləşdiyi bina və torpaq sahəsinin sökülməsi barədə sərəncam vermiş və Cavabdeh MMC həmin sərəncam əsasında hərəkət etmişdir. Bununla belə, mülkiyyət hüququna (o cümlədən adları çəkilən fiziki şəxslərin mülkiyyət haqqına) müdaxilənin mümkünlüyü Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci, Konstitusiyanın 29-cu, eləcə də Mənzil Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normalarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların sakinlərinin köçürülməsi, dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququ açıqca təsbit olunmuşdur. Hazırkı işin hallarından görünür ki, “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29.06.2012-ci il tarixli, 392-İVQ nömrəli, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 18-ci bəndi əsasında qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən ... Səbail rayonu üzrə yaşayış binasının, ... bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının həmin qərar əsasında verdiyi 26 avqust 2016-cı il tarixli, 117 nömrəli sərəncama əsasən, Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək hazırda qəzalı vəziyyətdə olan Neftçi Qurban küçəsi 72,74,76,76A ünvanında yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh MMC tərəfindən yerinə yetirilməlidir. Bundan əlavə, həmin kooperativə sahəsi 0,5 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Sərəncamla həmçinin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Göründüyü kimi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması Nazirlər Kabinetinin qərarı və Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə yuxarıda qeyd olunan qaydada tənzimlənmişdir. Yəni, belə binaların sakinlərinin müvafiq kompensasiya müqabilində çıxarılmaları səlahiyyətli dövlət orqanlarının aktlarında nəzərdə tutulmuşdur. Dövlət orqanlarının qəbul etdiyi bu aktlarda söküntünün və mülkiyyətçilərə məxsus bina və ərazinin yenidən qurulması üçün şirkətlərə verilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qeyd edilən vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə izah edilir. Həmin binaların qəzalı və şəhərsalma normalarına cavab verməyən vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin aktı da mövcuddur. O da məlumdur ki, bu söküntü Bakı şəhərinin əksər rayonları, o cümlədən Səbail rayonu üzrə aparılmaqla on minlərlə şəxsin yaşadığı yüzlərlə bina və sahələri (təkcə Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 41 yaşayış binasını) əhatə edir. Beləliklə, söküntü və yenidən qurma tədbirlərinin yuxarı dövlət orqanlarının aktları əsasında aparılması, paytaxtın əksər rayonlarını və böyük sayda əhalisini əhatə etməsi, xüsusilə də qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalarla bağlı olmaqla, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldiyi, belə binalarda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına kömək edə biləcəyi nəzərə alındıqda, müdaxilənin cəmiyyətin maraqlarına xidmət etməsi (ictimai mənafe üçün olması) qənaətinə gəlmək mümkündür. Bu o deməkdir ki, baxılan işdə vətəndaşların mənzilləri üzərindəki mülkiyyət hüquqlarına müdaxilə qanuni məqsəd daşıyır. Məhkəmə fiziki şəxslərin mülkiyyət və digər hüquqlarına müdaxilənin haqq qazandırıla bilən olub-olmaması ilə bağlı bildirir ki, binanın məhdud işlək vəziyyətdə olması, bu vəziyyətdə dövlətin real tədbirlər görmək vəzifəsi, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması üçün real təminatların nəzərdə tutulması müdaxiləni həm zəruri, həm də mütənasib edir. Belə ki, faktiki vəziyyətdə bu müdaxilənin edilməməsi dövlətin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü bir sıra pozitiv öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Çünki, Azərbaycan Respublikası, Avropa Konvensiyasına qoşulmuş tərəf kimi yurisdiksiyası altında olan şəxslərin yaşamaq, mülkiyyət və s. hüquqlarının pozulmaması üçün zəruri olan bütün tədbirləri vaxtında və tam şəkildə görmək öhdəliyini öz üzərinə götürmüşdür. Hazırkı işdə faktiki vəziyyət ondan ibarətdir ki, sakinlərin həyat və sağlamlığı, əmlakı real təhlükə altındadır. Çünki, onların yaşadığı bina uzunmüddətli istismar nəticəsində məhdud işlək vəziyyətdədir, mövcud tikinti norma və qaydalarına və mövcud şəhərsalma tələblərinə cavab vermir. Digər mənzil sahibləri ilə əldə olunan razılaşmalardan sonra aparılacaq söküntü işlərinin həmin vəziyyəti daha da pisləşdirəcəyi (yaxud pisləşdirə biləcəyi) nəinki istisna olunmur, hətta yüksək ehtimal daxilindədir. Belə olan halda, cavabdeh sakinlərin həmin mənzillərdən çıxarılması ilk növbədə onların həyat və sağlamlığı, əmlakının salamatlığı, ikinci növbədə isə bu kimi halların baş verməməsi üçün dövlətin vaxtında lazımi tədbirlər görməsi üçün zəruridir. Bu səbəblərdən hazırkı vəziyyətdə məhkəmənin sakinlərin sözügedən mənzillərdən çıxarılmaması haqqında qərar verməsi əslində elə onların özlərinin hüquqlarının və dövlətin pozitiv öhdəliklərinin pozulması ilə nəticələnə bilər. Digər tərəfdən Avropa Məhkəməsi baxdığı bir çox işdə mülkiyyətə müdaxilənin zəruri (haqq qazandırılmalı və mütənasib) olduğunu təsbit etmək üçün cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməsi məsələsinə vurğu edir. Ədalətli tarazlığı pozan vəziyyət dedikdə, mülkiyyətçinin məruz qaldığı məhdudiyyət yükünün ağırlığı nəzərə alınır. Bununla belə, hesab edir ki, əgər həmin məhdudiyyətin müddətlərinin azaldılması və zərərin əvəzinin ödənilməsi halları varsa müdaxilə qanuni sayıla bilər (Sporronq və Lonnrot İsveçə qarşı iş, 1986). Cavabdeh MMC bu tələblərə uyğun olaraq sakinin mənzilinin əvəzinə kompensasiya ödəməyi təklif edir. Belə ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına dair “xxxx” MMC-nin müvafiq rəyində göstərilən mənzilin bazar qiyməti məbləğlərinə tam uyğundur. Məhkəmə vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə qərardadı əsasında aparılmış ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda baxılan işdə fiziki şəxslərin düşdükləri zərərin (məhrumiyyətin) əvəzinin artıqlaması ilə ödənilməsi faktları təsbit olunmuşdur. Həm Nazirlər Kabinetinin qərarında, həm də Səbail rayon İcra hakimiyyətinin sərəncamında sahə mülkiyyətçisinə binanın yerləşdiyi yerdə tikiləcək yeni binada müvafiq mənzil verilməsi, habelə tikinti müddətində onun kirayə evə yerləşdirilməklə kirayə pulunun ödənilməsi təminatları nəzərdə tutulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı iş materiallarına əlavə edilən sübutlara əsasən görünür ki, şirkət tərəfindən çoxmərtəbəli bina hazır olan vaxtadək kirayə haqqı tərəflər arasında bağlanmış müqavilədə göstərilən qiymətlərə uyğun olaraq ödənilmişdir. Hazırki halda ilkin iddia üzrə iddiaçıların müqavilədə nəzərdə tutulduğundan yüksək məbləğdə kirayə haqqı tələb etməsi əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı1 və İddiaçı2 məxsus ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasının dəyəri kimi 51,800 manat məbləğində kompensasiya ödənilməklə (iddiaçıların hər birinə ayrı-ayrılıqda 25,900 manat), Şeyx-Əli-Əkbər İsmayıl oğluna və İddiaçı2 ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçıların “ziyan, kirayə haqqı və s.” tələbləri təmin olunmamalıdır. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki işdə ilkin iddia təmin olunmadığı, qarşılıqlı iddia isə təmin olunduğu üçün, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilən dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi isə ilkin iddia üzrə iddiaçılardan tutulub ilkin iddia üzrə cavabdehə ödənilməlidir. Az.Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı1 və İddiaçı2 məxsus ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına (34 saylı bərbərxana) Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda İddiaçı1 25,900 manat, İddiaçı2 25,900 məbləğində kompensasiya (ümumilikdə 51,800 manat) ödənilməklə, İddiaçı1 və İddiaçı2 ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına (34 saylı bərbərxana) mülkiyyət, istifadə və sahiblik hüquqlarına xitam verilsin. Qarşılıqlı iddianın qaldırılması üçün Cavabdeh MMC tərəfindən ödənilən 30 manat dövlət rüsumu İddiaçı1 və İddiaçı2 tutularaq Cavabdeh MMC-yə ödənilsin. “xxxx” MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsait ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub “xxxx” MMC-nin hesabına (hesab: VÖEN **********; hesab N Azn: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN **********, müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən:İlkin Rüstəmli