Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-79/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında 27 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin A və B tikililərində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavbadehlərin vəsaiti hesabına sökülməsi və ümumi istifadədə olan yaşayış və qeyri-yaşayış sahələrinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı ev iddiaçı və cavabdehlərin birgə mülkiyyətindədir. Belə ki, ümumi həyətdə A və В tikililəri yerləşir, A tikilisinin 2/3 hissəsi İddiaçı mülkiyyətində, A tikilisinin 1/3 hissəsi Cavabdeh2 mülkiyyətində, В tikilisi isə tamamilə Cavabdeh1 mülkiyyətindədir. Lakin, cavabdehlər mülkiyyətin paylı mülkiyyət olduğunu unudublar, birgə mülkiyyətdə olan əmlakı digər payçının hüquqlarını kobud sürətdə pozaraq əmlaklarını istədikləri kimi idarə edirlər. Belə ki, Cavabdeh1, mülkiyyətində olan В tikilisini lazımi icazələr almadan, özbaşına şəkildə 3 mərtəbə ucaltmış, texniki pasport şərtlərindən çıxaraq, artırtığı mərtəbə ilə iddiaçının evinin damını dağıtmışdır. İddiaçının soba borusunun üstündə qanunsuz tikili inşa etmiş, borudan çıxan tüstü geri qayıdır və iddiaçının ailəsi üçün həyati təhlükə yaradır. Habelə cavabdeh Ağacanov iddiaçının həyətinin üstündə və həyətinin içinə baxan yeni pəncərələr açmış, daim iddiaçının evində olanları sanki televizora baxmış kimi izləyir. İddiaçının hər hansı ailə sirri qalmamışdır. Dəfələrlə bu pəncərələrin qapadılması tələb olunsa da heç bir məhəl qoymamışdır. Bundan başqa Ağacanovun küçəyə 2 çıxışının olmasına baxmayaraq ümumi həyətdən istifadə edir, müxtəlif vaxtlarda evə girib-çıxmağı narahatlıq yaradır. Bundan başqa Ağacanov öz evini qanunsuz inşa edərkən iddiaçının pilləkənini sökmüş, daha sonra pilləkən iddiaçının vəsaiti hesabına bərpa edildikdən sonra bir daha sökməyə cəhd etmiş, iddiaçı məcbur olub evinin içində öz pilləkənini hasara almışdır . Ağacanov inşa etdiyi 3 mərtəbəli evini hər hansı təhlükəsizlik qaydalarına riayyət etmədən, məsafə gözləmədən iddiaçının evinə “bitişdirmişdir”. Binalar arasında 1 santimetr belə məsafə yoxdur. Heç bir yanğın təhlükəsizliyi qaydalarına məhəl qoyulmamışdır. Cavabdeh Kəırimov da, qonşusundan geri qalmayaraq, qanunsuz tikililəri ilə iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, Kərimov öz evini təmir edərkən (daha doğrusu yeni tikili inşa edərkən), iddiaçının ümumi həyətə çıxan qapısını bağlamışdır. Cavabdeh Kərimov iddiaçının damında öz su çənini quraşdırmışdır. Damları birləşdirmişdir. Ümumi həyətdə qanunsuz tikililər inşa etmişdir. Qanunsuz tikililəri inşa edərkən, şəhər tabeliyində olan əsas çirkab su xəttini (ana xətt) və ona əlçatımlılığı bağlamışdır, əsas xətti zədələmişdir, elə zədəli vəziyyətdə də üstünü örtmüşdür. Üfunət iyi xüsusən də yay aylarında yaşayışı dözülməz edir. Bundan başqa iddiaçının həyətində gül-çiçək üçün nəzərdə tutulmuş qazon hissəsini zəbt etmiş, orada tikilini davam etmiş, hətta tikilisini əsas küçəyə qədər davam etdirmişdir. İnşa işləri zamanı şəhər tabeliyində olan əsas elektrik kabellərini zədələmişdir, ustalar bir neçə gün kabelin zədəli yerinə çata bilmirdilər. Elektrik və çirkab su kanallarının təkrar sıradan çıxacağı halda onların təmiri qeyri-mümkün olacaqdır. Kərimov da həmçinin qanunsuz inşa etdiyi tikilidə pəncərələrini iddiaçının evinə yönəltmişdir. Tikdiyi qanunsuz tikilini icarəyə verir və beləliklə iddiaçının həyətində tanımadığı-bilmədiyi kənar şəxslər yaşayır. İş materialına əlavə edilən fotolardan görünür ki, cavabdeh Kərimovun mülkiyyətində A tikilisinin 1/3 hissəsi olmasına baxmayaraq, faktiki həmin ərazinin 4/5 hissəsi onun istifadəsindədir. İddiaçı bu qonşularla dəfələrlə mübahisəni sülh və danışıqlarla həll etmək istəsə də heç bir nəticə əldə olunmamışdır. Məhkəmədə iddia baxılacaq müddətdə iddiaçı kirayədə yaşayacaqdır, çünki öz təhlükəsizliyindən əmin deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan: Az. Resp. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* №-li və MH seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışların surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı ev İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2022-ci il tarixli 07/4748 saylı rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə: Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin “A” tikilisinin 1/3 hissəsinin DƏDRX tərəfindən qeydə alınmış ilkin texniki pasporta uyğun olduğu, lakin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə texniki pasport üzrə qeyd olunan “A” və “B” tikililərindən kənarda 2 mərtəbəli yaşayış evi inşa edildiyi müəyyən olunmuşdur. Qeyd olunan yaşayış evinin inşası ilə əlaqədar hər hansı sənəd təqdim edilməmişdir. 3-cü və 4-cü suallar üzrə: Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin “B” tikilisinin 1-ci mərtəbəsində yerləşən tikililərin DƏDRX tərəfindən qeydə alınmış ilkin texniki pasporta uyğun olduğu, 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin texniki pasportda əks olunmadığı müəyyən olunmuşdur. Texniki pasportda əks olunmayan tikililərin inşası ilə əlaqədar hər hansı sənəd təqdim edilməmişdir. 5-ci sual üzrə: Tətbiq olunan ünvanda inşa edilmiş əlavə tikililərə dair hər hansı bir icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı ev İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətindədir. Mübahisəli ünvana aid texniki pasportun məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evinin və habelə 1-ci mərtəbədən 2ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, sökülməsi iddia edilən tikilinin mövcudluğu iddia üzrə iddiaçının mülkiyyətindən təhlükəsiz və sərbəst qaydada istifadə, sahiblik və sərəncam hüquqlarını pozduğu üçün Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evinin və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Az. Resp. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nin 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evi və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsi, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbə sökülsün. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evinin və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulsun. İddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 AZN məbləğində pul vəsaiti cavabdehlərdən tutulub iddiaçıya verilsin. İş üzrə Az. Res. ƏN. MEM tərəfindən keçirilmiş 04.02.2022-ci il tarixli 07/4748 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-79/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-79/2022
27.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver