Məhkəmə qərarları › İş №2(009)-80/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-80/2021

07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-80/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri 3 saylı Notariat ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi, Azərbaycan Respublikası DİN Baş X34 İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X19 Xidməti işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin, etibarnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 2 ev 7-də yerləşən 15 nömrəli mənzilin X11 adına keçirilməsi və Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, "Hyundai Tucson" markalı 90GS119 dövlət qeydiyyat nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə xx xxxx 2018-ci il tarixli, həmin avtomobilin X9 verilməsi barədə xx xxx 2018-ci il tarixli, həmin avtomobilin X18 verilməsi barədə xx xxx 2018-ci il tarixli etibarnamələrin, avtomobilin Cavabdeh2 satılması barədə xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız sayılması və nəqliyyat vasitəsinin X11 adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə atası X20 ilə arvadı Cavabdeh1 arasında daşınmaz əmlakın bağışlanılması müqaviləsi bağlanıb imzalanmış və müqavilə Bakı şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə atası Rəcəb Yoldaşova məxsus olmuş Bakı şəhəri, ünvan 2 ev 7-də yerləşən, 1 otaqlı, 15 nömrəli mənzil onun həyat yoldaşı Cavabdeh1 mülkiyyətinə verilmiş və sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. xx xxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Rəcəb Yoldaşov xx.xx.2019-cu il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməmiş insult nəticəsində dünyasını dəyişmişdir. O, mənzilin bağışlanması haqqında məlumatı X28 rəhmətə gedəndən sonra bu yaxınlarda bilmişdir. Çünki atası 2016-cı ildən bəri, xəstəliyi lap ağırlaşdığına görə, özünü çox pis hiss etməklə yanaşı, huşunu da itirmişdir. Son zamanlar yanına ziyarətə gələn qohumlarının heç birini tanımırdı. Belə halda müqavilə imzalamaq iqtidarında ola bilməzdi. İddia ərizəsinə əlavə etdiyi xəstəliyi təsdiq edən sənədlərdən də görünür ki, X20 "Erkən Alsheymer xəstəliyi, Alsheymer xəstəliyi zamanı demensiya və nitq pozğunluqları" xəstəliklərindən əziyyət çəkirdi. Hətta cavabdehin məhkəmədə məlumatlar üzərindən yan keçməsinə və hətta təqdim etdiyi etirazda buna münasibət bildirməməsinə baxmayaraq, sonradan məlum olub ki, X20 xx.xx.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra "TSEK") tərəfindən müayinə edilmiş və ona 2-ci qrup əllillik dərəcəsi təyin edilmişdir və şəxs 2-ci qrup əlil kimi pensiya da almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş "Demensiyanm Diaqnostikası və Müalicəsi üzrə" Klinik Protokola əsasən, Demensiya - baş beynin xronik və ya proqressivləşən xəstəliyi nəticəsində əmələ gələn psixi fəaliyyətin pozulmasıdır. Bu zaman idrak prossesləri (yaddaş, təfəkkür, qavrama, nitq), eyni zamanda mülahizə etmə qabilliyyəti kimi ali qabıq funksiyalarının pozulması bas verir. Göstərilən koqnitiv pozuntular kifayət qədər ciddi olub, ən azı son 6 ay ərzində insanın gündəlik həyatına təsir edir. Alsheymer xəstəliyi (A tipli senil demensiya) - MSS-nin degenerativ prosesləri ilə əlaqəli olub demensiyanın daha çox rast gəlinən formasıdır. Demensiya əlamətləri, o cümlədən koqnitiv proseslərin və digər funksiyaların artan enməsi baş beynin alın, təpə, gicgah paylarının subkortikal sahələrində neyronların və sinaptik əlaqələrin məhvi ilə əlaqədardır. Demensiya zamanı yaddaşın orta və ağır dərəcəli pozulması halları baş verir. Yaddaşın pisləşməsi, yeni informasiyanın yadda saxlanılması pozulur. Daha ağır hallarda isə əvvəllər yadda olan informasiyanın reproduksiyası pozulur. Pozuntu həm verbal, həm də qeyriverbal materiala aid edilir. Yaddaşın enməsi obyektiv etibarlı anamnezlə təsdiq olunmalı və imkan daxilində koqnitiv funksiyaların kəmiyyətcə qiymətləndirilməsi və neyropsixoloji testləşmənin nəticələri əlavə edilməlidir. Yaddaşın orta dərəcəli pozulması: Xəstənin gündəlik həyat tərzinə ciddi təsir göstərir. Xəstəyə cox yaxın olan material yadda qalır. Yeni informasiya təsadüfi və ya qısa müddətə yadda qala bilər. Xəstə harada yaşadığını, nə etdiyini, yaxınlarının adını unuda bilər. Yaddasın ağır pozulması: Xəstə hətta ən yaxın olan insanları tanımır. Heç bir informasiyanı yadda saxlaya bilmir. Koqnitiv funksiyaların enməsi. Bu, tənqidin və təfəkkürün enməsidir. Xəstədə təşkilatçılıq və planlaşdırma xüsusiyyətləri enir. Bütün bu əlamətlər obyektiv anamnezlə və neyropsixoloji testləşdirmə ilə təsdiq olunmalıdır. Alsheymer xəstəliyi zamanı demensiya olduqdan aşağıdakı əlamətlər mövcud olur: qabıq funksiyalarının cəlb olunması: afaziya, apraksiya və ya aqnoziya - motivasiya və meyillərin enməsi (bu isə apatiyaya səbəb olur) - qıcıqlılıq və sosial davranışın tormozlanması serebral atrofiyanın mövcudluğunu göstərən xüsusi müayinənin göstəriciləri - daha ağır hallarda parkinsona bənzər ekstrapiramid hallar (loqokloniya və epileptik tutmalar); kəskin başlanğıcın və proqressivləşmənin olması haqda - məlumat: yaddaşın pozulması ilə yanaşı afaziya (amnestik və ya sensor), aqrafiya, aleksiya, akalkuliya və ya apraksiya; Hətta Protokolda qeyd edilib ki, Həkim aşağıdakı məlumatları ailə üzvlərinə bildirir: Yaddaşm pozulması və çaşqınlıq davranışda problemlər yarada bilər (həyəcan, şübhəlilik, qəzəb təzahürləri, əlaqə qurmaqda çətinliklər). Pasiyent yeni məlumatları yadda saxlamaqda çətinlik çəkir, pasiyentin tanımadığı şəraitə və vəziyyətə düşməsindən çəkinmək lazımdır. Protokoldan göründüyü kimi X12 mövcud olan xəstəlik zamanı ən azı yuxanda qeyd edilənlərlə yanaşı yaddas, təfəkkür, qavrama, nitq, eyni zamanda mülahizə etmə qabilliyəti kimi ali qabıq funksiyalarının pozulması bas verir. "Azərbaycan Dilinin izahlı lüğətinə əsasən" Mülahizə etmək (eləmək) - nəzərə almaq, nəzərinə) çarpmaq, düşünmək deməkdir. Burdan da elə çıxır ki, X11 düşünmə qabiliyyəti olmamışdır. Nəzərə almaq lazımdır ki, bu xəstəlik X13 xx.xx.2010-cu il tarixdə baslamışdır (şikayətə əlavə edilmiş arayışdan görünür) və 2018-ci ilədək ən azı 8 il davam etmişdir. Elə arayışdan da görünür ki, TSEK-ə müraciət etməzdən öncə də, xx.xx.2015-ci il tarixdə və xx.xx.2016-cı il tarixdə də eyni xəstəlik ilə əlaqədar xəstəxanaya müraciət etmişdir (Nəzərə almaq lazımdır ki, bu yalnız TSEK-ə müraicət etməzdən son altı ayın göstəricisidir və xx.xx.2010-cu il tarixdən hesablasaq, muraciətlərin sayının çox olduğunu əks etdirir). Bununla yanaşı arayışdan görünür ki, X13 - Dəqiqləşdirilməmiş ensefalopatiya (baş beynin müxtəlif etiologiyalı xroniki, tədricən proqressivləşən beyin qan dövranının pozulması nəticəsində zədələnməsidir), serebral ateroskleroz (urək damar xəstəliyi olaraq, ölümcül nəticələrə gətirib çıxarda bilir), Stenokardiya, erkən depolyarizasiya, ürəyin ateroskletorik xəstəliyi və essensial hipertenziya 2 dərəcə xəstəlikləri də mövcud idi. Əlbəttə ki, yuxarıda göstərilən xəstəlikləri olan X11 xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsini imzalamaq halında olmadığı müəyyən edilir. Bu iddia ərizəsinə əlavə etdikləri diskdə oğlu Yoldaşov X1 yanında olarkən onun videosunu çəkmiş (həmin video müqavilənin bağlanması ərəfəsinə təsadüf edir). Videodan da görünür ki, Yoldaşov Rəcəb notariusda hər hansı əməliyyat aparmaq iqtidarında olmamışdır. DİN A.Heydərov adına Respublika Hospitalının 5144 saylı xəstəlik tarixindən çıxarışda (epikrizdə) qeyd edilib ki, xx.xx.2015-xx.xx.2015 tarixədək müalicə alıb. Daxil olarkən şikayətləri: zəiflik, əsəbilik, baş ağrısı, baş gicəllənməsi, yaddaşın pozulması, nitqin pozulması. Modern Hospitalın xx.xx.2016-cı il tarixli epikrizində qeyd edilib ki, daxil olarkən şikayətləri- başağrıları, yaddaş zəifləməsi, yerişində tarazlığın itməsi; Anamnez-Bir neçə aydır ki, ailəsi davranışında qəribəliyi hiss etmişlər. Xəstəlik əsasən yaddaşın zəifləməsi və yerişində tarazlığın itməsi ilə debut etmişdir. "X24 xx.xx.2018-ci il tarixli epikrizində göstərilib ki, müracilət edərkən, huşu dərin soporozdur. Bu isə o deməkdir ki, şəxsin həmin zaman huşu olmayıb və artıq komada olub. Bu arayışlar da yuxarıda qeyd edilənlərin hamısını təsdiq edir və Yoldaşov Rəcəbin hər hansı müqavilə bağlamaq iqtidarında olmamasını göstərir. İkinci hal ondan ibarətdir ki, bağışlama müqaviləsində və etibarnamələrdə olan imza Yoldaşov Rəcəbin imzası ilə fərqlidir. Rəcəb Yoldasovun imzalarını və xəttini təsdiq edən sənədləri də iddia ərizəsinə əlavə edir. İmzaların fərqliliyini mütəxəssis olmadan da müəyyən etmək olur. Əlbəttə ki, ekspertiza daha düzgünün deyəcək. X11 işlədiyi banklardan daxil olan sənədlər arasında X11 şəxsən imzaladığı və əli ilə yazdığı sənədlər mövcuddur. Hiətta xx.xx.2000-ci il tarixdə Rabitə müəssisələri ilə istifadəçilər arasında xidməti müqaviləni də şəxsən imzalamışdır. Bu sənədlərdəki imzalar ilə müqavilə və etibanamədəki imzalar tamamilə fərqlənir. Şübhəli hallardan biri də odur ki, müqavilə səhər saat 08:00 radələrində imzalanıb. Əbləttə ki, bilirik ki, notariusların is fəaliyyəti səhər saat 09:00-dan tez başlamır, is saatından öncə hər hansı müqavilənin imzalanması qeyri qanunidir. Digər məsələ ilə əlaqədar bildirir ki, xüsusi mülkiyyət hüququ X14 məxsus olmuş "Hyundai Tucson" markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri 6 saylı notariat ofisində, xx.xx.2018-ci il tarixdə verilmiş baş etibarnaməyə əsasən 1 il müddətinə, xx.xx.2019-cu il tarixinədək, Cavabdeh2 verilmişdir. Bundan sonra, xx.xx.2018-ci il tarixdə, Cavabdeh2 tərəfindən həmin nəqliyyat vasitəsi X9 etibar edilmiş, elə həmin gün elə həmin notariusda avtomobil X18 etibar edilmiş və elə həmin gün nəqliyyat vasitəsi Quliyev Anar tərəfindən yenə də Cavabdeh2 satılmışdır. Bu epizodda şübhəli və araşdırmalı hallar çoxdur. İlk öncə xx.xx.2018-ci il tarixdə X20 tərəfindən imzalanması bildirilən etibarnamədəki imza ilə xx.xx.2018-ci il tarixli X20 tərəfindən imzalanması bildirilən bağışlama müqaviləsindəki imza çox fəqlidir. İkinci tərəfdən, bağışlama müqaviləsinin bağlanma tarixi ilə nəqliyyat vasitəsinin etibar edilməsi və alqı-satqı prosesi arasında 9 gün vaxt var (çıxarışın əldə edilməsini nəzərə alsaq elə həmin gün xx.xx.2018- xx.xx.2018). Ücüncü tərəfdən, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Şübhəli haldır ki, bütün əməliyyatlar eyni gündə baş verib və Cavabdeh2 həm xx.xx.2018-ci il tarixdə etibarnamə verir digər şəxsə, həm də ki, həmin gün nəqliyyat vasitəsini alqı-satqı əsasında öz adına alır. Yuxanda qeyd edilənlərin və təqdim edilmiş sübutların hamısı onu göstərir ki, xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsi və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır və bütün bu əmlaklar X11 adına qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Həcər Quliyeva və Cavabdeh2 qarşı bağışlanma müqaviləsinin və etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılıb ki, mənzil bağışlanarkən atası xəstə olub və bağışlama müqaviləsini imzalamaq halında olmayıb. Etibarnamənin etibarsızlığı onunla əsaslandırlıb ki, etibamamədəki imza atasının imzasına oxşamır, həqiqi olmasına dair şübhələr var, etibarnamə əsasında avtomaşın Cavabdeh2 adına keçirilə bilməzdi. İddia ərizəsinin əsaslandırılmasından görünür ki, iddiaçı iddiasının ehtimallar əsasında qurmuşdur. Mənzilin və avtomaşının özgəninkiləşdirliməsinin onun hansı hüquqlanın pozmasına aydınlıq gətirməmişdir. Obyektiv nəticəyə gəlmək üçün ilk növbədə iddiaçının hansı subyektiv hüquqlarının pozulmasına aydınlıq gətirilməlidir. Ata sağlığında evinin və avtomaşının üzərində sərəncam verərək onları özgəninkiləşdirib. Ata sağ olduğu üçün iddiaçının həmin əmlaklara dair hər hansı bir hüququ olmamışdır. Yəni əmlakların özgəninkiləşdirilməsi nəticəsində iddiaçının hüququ pozulmayıb. Bu baxımdan əlavə müzakirələrə getmədən iddia rədd edilməlidir. Subyektiv hüquq məsələsinə qiymət verərkən nəzərə almaq lazımdır ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnaməsi yoxdur. İddia ərizəsinə belə bir sübut əlavə edilməsi də mümkün deyil ona görə ki, miras açılarkən həmin əmlaklar atanın mülkiyyətində olmayıb. Atanın sağlığında birinci növbədə vərəsə olması da hər hansı bir əmlak hüqüqi yaratmır. Miras hüququ mirasın açıldığı andan yaranır. Miras açıldıqda Rəcəb Yoldaşovun mülkiyyətində ev olmamışdır. Bu müddəalar avtomaşına dair hissədə də keçərlidir. İddiaçı iddia edir ki, əmlaklar özgəninkiləşdirərkən atası xəstə olub, müqavilələri imzalamaq halında olmayıb və imzalar arasında fərqlər var. İddiaçının iddia qaldırmağa subyektiv hüqüqü olmamasını qeyd etməklə yanaşı bildirir ki, Rəcəb Yoldaşovun sağlamlığında müəyyən problemlər olması onun müqaviləni imzalamaq halında olmaması mənasına gəlmir. Onun fəaliyyət qabiliyyətində olmamasına dair sübut mövcud deyil. Nəzərə almaq lazımdır ki, mütləq mənada sağlam adam azdır və insanların müəyyən xəstəliklərinin olması onların hər hansı bir müqavilə imzalamamaq iqtidarında olmaması mənasına gəlmir. Bir şəxsin müxtəlif imzalara malik olması normal haldır və qanunla qadağan olunmur. Mühüm olan mərhumun notariat kontoruna gedib notarisun hüzurunda sənədlərə imza etməsidir. Notarius imza edənə bu sənin imzan deyildir deyə bilməz. Avtomaşının etibarnamə əsasında Anar Quliyevin adına keçirilməsi və eyni vaxta Cavabdeh2 satılması etibarnamənin saxtalığına dəlalət etmir. Əksinə etibarnamədə nəzərdə tutulan özgəninkiləşdirilmənin başa çatdırılması kimi başa düşülməlidir. Çünki Cavabdeh2 ona verilmiş etibarnamə əsasında avtomaşını adına keçirə bilməzdi. Avtomaşını adına keçirməsi üçün yuxarıda göstərilən əməliyyatın aparılması zəruri idi. Əməliyyatların bir gün ərzində aparılması vaxt itkisinin qarşısını almışdır. Digər tərəfdən, qeyd olunmalıdır ki, etibarnamə Rəcəb Yoldaşovun rəhmətə getməsi ilə əlaqədar qüvvədən düşmüşdür. Qüvvədə olmayan etibarnamənin etibarsızlığını tələb etmək anlaşılmazdır. Başqa sözlə, iddiaçı mövcud olmayan etibaranamənin etibarsız hesab edilməsini tələb edir. Bağışlama müqaviləsinin iş saatının başlanmasından əvvəl bağlanmasına da münasibət bildirməyi zəruri hesab edir. Bakı şəhəri 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli b/203 saylı məktubundan da görünür ki, müqavilə xx.xx.2018-ci ildə saat 10-11 radələrində baş tutmuşdur. Xüsusi ilə qeyd edir ki, hazırkı iddianın predmeti barədə, yəni bağışlama müqaviləsinə və avtomaşının özgəninkiləşdirilməsinə dair qüvvədə olan məhkəmə qətnaməsi vardır. xx.xx.2019-cu ildə Səbail rayon Məhkəməsində anoloji işə baxılaraq iddia rədd edilib. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi yalnız avtomaşının satılması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilmişdir ki, cavabdeh tərəf olaraq apellyasiya instansiyasının gəldiyi həmin nəticə ilə razılaşmır. Bununla yanaşı, apellyasiya instansiyası mənzilin bağışlama müqaviləsi hissəsində Səbail rayon Məhkəməsinin gəldiyi nəticəni təsdiq etmişdir. Yəni istinad olunan sübutlara artıq qiymət verilib. Rəcəb Yoldaşov xx.xx.2019-cu ildə vəfat edib. Bir ildən sonra İddiaçı müqavilələrin ehtibarsızlığı barədə iddia qaldırıb və iddia ərizəsində atasının əmlakını özgəninkiləşdirməsi barədə müqavilələr imzalanmasını “bu yaxınlarda” öyrəndiyini göstərib. Yəni dolayısı ilə iddia müddətinin keçmədiyini bildirir. Hansı ki, qardaşı Kamran Yoldaşov xx.xx.2019-cu ildə məhkəmədə bu barədə iddia qaldırmışdır. Yəni müqavilərin etibarsızlığı barədə iddia müddəti ötürülüb. İddia müddətinin buraxılması da iddianın rəd olunması üçün əsasdır. Sonda mübühisənin mənəvi tərəflərinə diqqət yetirməyi zəruri hesab edir. Sağlığında və xəstəliyində bir dəfə də olsun ata ilə maraqlanmayan övladların onun ruhunu narahat etməyə haqqı yoxdur. Son 14 il ərzində valideyini ilə əlaqə saxlamayan övladların atalarının ölümündən sonra yadlarına düşüb ki, atalarının bir otaqlı mənzili və bir ədəd avtomobili var. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı mubahisəyə dair məhkəmə qətnamələrindən bəhs etmir. Başqa sözlə, iddiaçı tələbinin asassız olduğunu anlayaraq cavabdehlərə əziyyət vermək istəyir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, o, mərhum həyat yoldaşı Rəcəblə 14 il evli olmuş və həmin illərdə Rəcəbin övladları ataları ilə heç vaxt ünsiyyət saxlamamış və onunla heç vaxt maraqlanmamışlar. 2016-cı ildə Rəcəb onu evinin qeydiyyatına saldırdı. O, həyat yoldaşının xəstəliyi dövründə özü ona qulluq etmiş və bütün müalicə xərclərini də özü çəkmişdir. Hətta Rəcəb reanimasiyaya düşəndə belə, Rəcəb reanimasiyada deyil evdə qalmasını ondan xahiş etdiyi üçün o, həkimlərdən xahiş edərək, reanimasiyanı evə gətirmiş və bütün xərcləri özü çəkmişdir. Rəcəb övladlarına bələd olduğundan ona deyirdi ki, “istəmirəm ki, məndən sonra sən qapılarda qalasan”. Ona görə də, Rəcəb özü könüllü şəkildə onu notariusa apararaq, öz adına olan mənzili ona bağışlamışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhər 3 saylı Notariat ofisinin nümayəndəsi X6 bildirdi ki, vətəndaş X20 həyat yoldaşı X5 ilə birlikdə xx xxx 2018-ci il tarixdə 3 saylı Notariat ofisinə gələrək, bağışlama müqaviləsi bağlamaq istədiyini bildirmiş, həmin vətəndaşları notarius özü qəbul etmişdir. Aparıcı-mütəxəssis kimi onun tərəfindən həmin şəxslərin foto şəkilləri çəkilmiş, onun yanında X20 reyestr kitabında imza etmişdir. Həmin hərəkətlər olunarkən X20 özünü sərbəst ifadə edirdi və şübhə doğuran bir hərəkəti olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxslər qismində işə cəlb edilmiş Bakı şəhəri 3 saylı Notariat Kontorunun, Bakı şəhəri 6 saylı Notariat ofisi, Azərbaycan Respublikası DİN Baş X34 İdarəsinin, AR İqtisadiyyat Nazirliyi yanında X19 Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İş üzrə 3cü şəxslər qismində işə cəlb edilmiş Bakı şəhəri 3 saylı Notariat Kontorunun və Bakı şəhəri 6 saylı Notariat ofisinin nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X21 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixli 4/735 saylı ekspert rəyini müdafiə edərək bildirir ki, iş materiallarında olan imza nümunələri əsasında rəy verilib və Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilən xx xxxx 2018-ci il tarixli ƏN-Vİ seriyalı 161227 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədə «İmza» qrafasındakı imza-X20 tərəfindən icra olunmuşdur. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X20 ilə Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2014-cü il tarixli çıxarışın kserosurətindən görünür ki, ünvan 4ndə yerləşən 7 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər 3 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X20 mülkiyyətində olan ünvan 4ndə yerləşən 7 saylı evin 15 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X34 İdarəsi tərəfindən 3 saylı vəkil bürosunun vəkili Əyyub Ələkbərova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, DİN-nin Baş X34 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına görə “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə gömrük bəyənnaməsi hesab-arayış 316228 əsasında X11 adına qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Rəcəb Yoldaşovun adından qeydiyyatdan çıxarılmış və yeni **-VA-*** dövlət qeydiyyat nişanlı təhkim olunaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına təkrar dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətinə əsasən X20 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 237 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı MKTB 149 saylı MKİS tərəfindən 3 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli, 119 saylı məktubuna əsasən ünvan 2 ev 7, mənzil 15-in əvvəlki sahibi Yoldaşova Səminə xx.xx.1994-cü ildən qeydiyyatda olub və xx.xx.2014-cü ildə vəfat edib, həmin vaxt onunla birlikdə mənzildə X20 xx.xx.1994-cü ildən qeydiyyatda olub. Yoldaşova Səminənin vəfatından sonra mənzilin sahibi X20 olub və mənzili xüsusiləşdirib. Həmin mənzildə onunla birlikdə xx.xx.2016-cı ildən Cavabdeh1 qeydiyyatda olub. xx.xx.2019-cu ildə X20 vəfat edib. xx.xx.2018-ci ildə verilmiş RX № ******* saylı çıxarış Cavabdeh1 adınadır. İş materiallarında olan Azərbaycan Respublikası X19 Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, ünvan 2 ev 7, 15 saylı mənzil xx.xx.2014-cü il tarixdə X11 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı NK-nun xx.xx.2018-ci il tarixli 4Ə- 130 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018ci il tarixli, RX seriyalı ******* seriyalı çıxarışa əsasən ünvan 4ndə yerləşən 7 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X27 T 200/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş R.İddiaçı sağlığında «erkən Alsheymer xəstəliyi zamanı demensiya, niqd pozğunluğ, ateroskleroz, İ hipertoniya xəstəlikləri»nə düçar olmuş və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcə əlillik təyin edilmişdir. Təqdim edilən tibbi və digər sənədlərə əsasən onun xx.xx.2018-ci ildə müqavilə bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər-hansı əlamət aşkar edilmədi. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 4/735 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş, Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilən xx xxxx 2018-ci il tarixli ƏN-Vİ seriyalı 161227 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədə “İmza” qrafasındakı imza-X20 tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, 4Ə-130 nömrəli notariat işinin içərisində olan Bakı şəhəri 3 saylı notariat kontorunda təsdiq edilən xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin arxa hissəsində “X20” qrafasındakı imzanın X20 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin “2.1” bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3. Ekspertizaya təqdim edilmiş, 4Ə-130 nömrəli notariat işinin içərisində olan Bakı şəhəri 3 saylı notariat kontorunda təsdiq edilən xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin arxa hissəsində “X20” qrafasındakı imza ilə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilən xx xxxx 2018-ci il tarixli ƏN-Vİ seriyalı 161227 nömrəli nəqdiyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədə “İmza” qrafasındakı imzanın - öz aralarında eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin “2.2” bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Bakı şəhəri 3 saylı notariat ofisinin 67 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubdan görünür ki, X20 ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi üzrə 4Ə-130 reyestr nömrəli notariat işinin qeyd olunduğu reyestr kitabından təsdiq olunmuş çıxarışı təqdim edir. Məlumat üçün bildirir ki, notariat ofisinin kamera təchizat sisteminin yaddaşı hər 3 aydan bir silinib yeniləndiyi üçün xx.xx.2018-ci il tarixə notariat ofisinin kamera görüntülərini təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1711/2019 saylı, xx.xx.2019 il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şhəhəri, ünvan 2 ev 7-də yerləşən 15 nömrəli mənzilin X11 adına keçirilməsi, “Hyundai Tucson” markalı, **-GS-*** saylı dövlət qeydiyyat nişanlı minik avtomobilin Cavabdeh2 verlməsi barədə xx.xx.2018-ci il tarixli, həmin avtomobilin X9 verilməsi barədə xx.xx.2018-ci il tarixli, həmin avtomobilin X18 verilməsi barədə xx.xx.2018-ci il tarixli etibarnamələrin, avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və avtomobilin X11 adına keçirilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11552/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 apellyasiya şikayəti təmin edilməyərək, Səbail Rayon Məhkəməsinin 2(009)-1711/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin iddiaçı X8 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11552/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 402/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 apellyasiya şikayəti qismən təmin edilərək, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin xx.xx.2018-ciil tarixdə X23 tərəfindən Cavabdeh2 satılması barədə alı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qətnamənin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4ndə yerləşən 7 saylı evin 15 saylı mənzili mülkiyyət hüququ əsasında X14 məxsus olmuş və o, həmin mənzili xx xxx 2018-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh1 bağışlamışdır. Həmin bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh1 halhazırda mübahisəli mənzilin mülkiyyətçisidir. Məhkəmə iclasında eləcə də, müəyyən edilmişdir ki, X20 tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş “Hyundai Tucson” markalı, **-GS-*** saylı dövlət qeydiyyat nişanlı avtomaşına dair etibarnamə 1 il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək Cavabdeh2 verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin avtomobil Bakı şəhəri 44 saylı Notariat Kontorunda təsdiq olunmuş etibarnaməyə əsasən X9 verilmişdir. Həmin tarixdə mübahisəli avtomaşın X15 tərəfindən etibarnamə əsasında X18 verilmişdir. Həmin tarixdə X23 tərəfindən mübahisəli avtomobil Cavabdeh2 satılmış və Cavabdeh2 halhazırda mübahisəli avtomobilin mülkiyyətçisidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X20 və Cavabdeh1 arasında nikah xx.xx.2005-ci il tarixdə bağlanmışdır. X20 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı miras qoyan X11 birinci nikahdan olan övladıdır, Cavabdeh1 mərhum X11 ikinci həyat yoldaşıdır. İddia tələbindən göründüyü kimi, İddiaçı mənzilin bağışlama müqaviləsinin, avtomobilə dair etibarnamələrin etibarsız hesab olunması tələblərini onunla əsaslandırmışdır ki, o, atası X11 birinci növbəli vərəsəsidir və atasından qalmış mənzildə onun da miras payı vardır. Atasına məxsus mənzilin atasının ikinci arvadı Cavabdeh1 bağışlanması haqqında məlumatı atasının ölümündən sonra bilmişdir. Bağışlama müqaviləsinin bağlanmasına atasının iradəsi olmamış, həmin müqavilə atası tərəfindən imzalanmamışdır, belə ki, atası ağır xəstə olmuş, hətta son zamanlar yanına ziyarətə gələn qohumlarını belə tanımamış, onun tibbi vəziyyəti ona bu müqaviləni imzalamağa imkan verməmişdir. X3 məxsus olmuş “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilin Bakı şəhəri 6 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə 1 il müddətinə Cavabdeh2 verilməsinə dair etibarnamədə atasının adından icra olunmuş imza onun imzasına oxşamır, həqiqi olmasına əsaslı şübhələr var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasnə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcələlnin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidmətçi ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə digər tərəfdən qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. AR Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. AR Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından da göründüyü kimi mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Belə olan halda Rəcəb Yoldaşovun mülkiyyətində olan mənzili üzərində istədiyi kimi sərəncam verməsi ona qanunla (Azərbaycan Respublikası Konstitusiyası və AR Mülki Məcəlləsi) verilən hüquqdur və həmin hüququn məhdudlaşdırılması, mülkiyyətə maneə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-tibbi ekspertizası üzrə AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X27 T 200/2020 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş R.İddiaçı sağlığında «erkən Alsheymer xəstəliyi zamanı demensiya, niqd pozğunluğ, ateroskleroz, İ hipertoniya xəstəlikləri»nə düçar olmuş və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcə əlillik təyin edilmişdir. Təqdim edilən tibbi və digər sənədlərə əsasən onun xx.xx.2018-ci ildə müqavilə bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər-hansı əlamət aşkar edilmədi. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən X2 Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X32 tərəfindən verilmiş T 200/2020 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən öz hərəkətlərini başa düşmək iqtidarında olmuş və həmin müqavilə qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə mübahisəli mənzilə dair bağışlama müqaviləsinin notariat kontorunun qeyri iş saatında təsdiq edilməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə 08:18 radələrində tərtib edilmişdir. Bağışlama müqaviləsinin rəsmiləşdirilməsini həyata keçirən notariat ofisinin cavabdehlərin vəkilinə ünvanlanan ərizəsindən məlum olur ki, iş vaxtı saat 09:00-da başlasa da, iş yükünün çoxluğu ilə əlaqədar işçilər saat 08:00-da notariat ofisinə gəlir, müqavilənin rəsmiləşdirilməsi prosesi iki gün ərzində aparılır. Birinci gün vətəndaş müraciət etdiyi gün sənədlər yoxlanılır, sonra Qeydiyyat və Notariat Baş Ofisi tərəfindən komissiyaya ötürülür, növbəti gün müqavilə komissiya tərəfindən təsdiqləndikdən sonra müqavilənin notariat ofisində elektron informasiya sistemi vasitəsi ilə çap olunması mümkün olur. Səhər ofis işçiləri həmin müqaviləni çap etdirmiş, lakin rəsmiləşmə tərəflər notariat kontoruna gəldikdən sonra, yəni 10-11:00 radələrində baş tutmuşdur. Göründüyü kimi, mübahisələndirilən bağışlama müqaviləsi qeyri-iş saatında deyil, məhz notariat ofisinin fəaliyyət göstərdiyi iş saatında rəsmiləşdirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. İş materiallarından görünür ki, X20 tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş "Hyundai Tucson" markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair etibarnamə 1 il müddətinə Cavabdeh2 verilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/735 saylı ekspert rəyinə əsasən Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilən xx xxxx 2018-ci il tarixli ƏN-Vİ seriyalı 161227 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədə “İmza” qrafasındakı imza-X20 tərəfindən icra olunmuşdur. Bundan sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin nəqliyyat vasitəsi X9 etibar edilmiş, elə həmin gün elə həmin notariusda avtomobil X18 etibar edilmiş və elə həmin gün nəqliyyat vasitəsi X23 tərəfindən Cavabdeh2 satılmışdır və Cavabdeh2 hal-hazırda qeyd olunan avtomobilin mülkiyyətçisidir. AR Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məhkəmə hesab edir ki, mübahisəli avtomobilin xx.xx.2018-ci il tarixdə etibarnamə ilə X9 verilməsi, həmin tarixdə qeyd olunan avtomaşının X15 tərəfindən etibarnamə əsasında X18 verilməsi, yenə həmin tarixdə də avtomobilin X23 tərəfindən Cavabdeh2 satılması, təmsilçi Cavabdeh2 təmsil edilən Rəcəb Yoldaşovun adından şəxsən özü barəsində bağladığı əqd olduğundan, Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşür və ona görə də, əhəmiyyətsiz əqddir. AR Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədəd müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli avtomobilin xx.xx.2018-ci il tarixdə X23 tərəfindən Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, iddiaçı tərəfindən iddia müddəti onun hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin xx.xx.2018-ciil tarixdə X23 tərəfindən Cavabdeh2 satılması barədə alı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X4, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar