Məhkəmə qərarları › İş №2(009)-80/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-80/2022

03.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-80/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Ə.M.Şahtaxtinskiynin, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-likdən,1-ci sırada, kəmərin mühafizə zonasında, kəmərdən 10 metr aralı məsafədə (39 T 0400280; 4466965) ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması 14.06.2021-ci il tarixdə əməkdaşları tərəfindən aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-likdən, 1-ci sırada, kəmərin mühafizə zonasında, kəmərdən 10 metr aralı məsafədə (39 T 0400280; 4466965) ünvan 1 ünvanında yaşayan Cavabdeh elə həmin ünvanda inşa etdiyi bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmin ünvanda kəmərin mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 1999-cu ildən həmin evdə yaşayır, bu günədək SOCAR-ın əməkdaşları gəlib həmin torpaq sahəsinin onlara məxsus olmasını bildirməmişlər. O, bələdiyyəyə torpaqdan istifadə ilə əlaqədar vergi ödəyir, həmin tikili özbaşına olsa da kirayəçi kimi məlumat MKTB-də mövcuddur, həyətdə yenidənqurma işləri aparmağa başlayarkən onu məhkəməyə vermişlər. Qaldırılan iddia əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X4, atıcılar X5 və X3 tərəfindən tərtib olunmuş 10.03.2021-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, 10.03.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 11.00-da Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev küçəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 0,450-ci km-də, kəmərdən təqribən 10 metr aralı məsafədə yerləşən, 1-ci sırada, sənədi olmayan, hazırda yaşayış olan, 39 T 0400280; ******* saylı koordinatlar üzrə köhnədən inşa edilmiş yaşayış evinə bitişik uzunluğu 3 metr, eni 2,8 metr, hündürdüyü 1,55 metr natamam hörgünün üstünə iki mişar daşı (40 sm) hörülməsi və qapı boşluqlarının üstünə dəmir beton verilməsi 4-5 saylı postların (NKİ Şirvan- Böyükşor neft kəməri 92-115,2 km. və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində əməkdaşları tərəfindən aşkar edilmişdir. Həyətin ətrafı metal lövhələrdə hazırlandığından daxildə görülən iş yalnız hasardan hündürə qalxdıqdan sonra məlum olmuşdur. Ev sahibi vətəndaş Cavabdeh mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilmiş və yazılı xəbərdarlıq edilmişdir. Adı çəkilən ev sahibi tikdiyi yeni hissəni sökəcəyini bildirmiş və ona vaxt verilməsini xahiş etmişdir. Faktla bağlı Tİ-nin növbə rəisinə, komanda rəhbərliyinə və NKİ QİB-nə məlumat verilmişdir. İş üzrə Cavabdeh təqdim edilmiş 10.03.2021-ci il tarixli xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə məxsus, hal-hazırda istismarda olan (Şirvan-Böyükşor Dş 300 mm-lik neft kəmərinin 0,4 kmliyində) magistral neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməz və qanuna zidd olması barədə müvafiq xəbərdarlıq edilir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanı və Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasına məhdudiyyət müəyyən edilmişdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, neft kəmərinin mühafizə zonasında müvafiq qaydada icazə alınmadan tikinti işlərinin aparılmasına dair Azərbaycan Respublikası CM-nin 222-2 maddəsinə əsasən cinayət məsuliyyəti və müəyyən məbləğdə cərimələr nəzərdə tutulub. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X4, atıcılar X5 və X3 tərəfindən tərtib olunmuş 14.06.2021-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, 14.06.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 16.00-da Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev küçəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-də, kəmərdən təqribən 10 metr aralı məsafədə yerləşən, 1-ci sırada, sənədi olmayan, hazırda yaşayış olan, 39 T 0400280; ******* saylı koordinatlar üzrə inşa edilmiş yaşayış evinin həyətinin 6 metr uzunluğunda metal lövhələrdən ibarət olan hasarının hündürlüyünü 1 metr artırması 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115,2 km. və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində əməkdaşları tərəfindən aşkar edilmişdir. Sözügedən ünvanda ev sahibi vətəndaş Cavabdeh mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilmişdir. Adı çəkilən ev sahibi tikdiyi yeni hissəni sökülməyəcəyini bildirmişdir. Faktla bağlı Tİ-nin növbə rəisinə, komanda rəhbərliyinə və NKİ QİB-nə məlumat verilmişdir. İş üzrə AR ƏMDK yanında TDİT üzrə Dövlət Agentliyi tərəfindən SOCAR-ın İddiaçınə ünvanlanmış 28.07.2021-ci il tarixli məktuba əsasən araşdırma zamanı vətəndaş Cavabdeh tərəfindən 50 kv.m. ölçüdə torpaq sahəsində fərdi yaşayış evinə əlavə tikinti-artırma faktı təsdiqini tapmışdır. İş üzrə Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən 26.02.2004-cü il tarixdə tərtib edilmiş hesabatda Cavabdeh G.Əliyev küçəsində yerləşən 4D saylı evin sahibi olması və tikilinin özbaşına tikili olması qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28.01.2022-ci il tarixli 10/5074 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsində Cavabdeh yaşadığı yaşayış evi bir mərtəbəli yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarətdir. Yaşayış evi bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəfdən isə qonşu evlərlə əhatə olunmuşdur. Torpaq sahəsinin sərhədləri metal lövhələrlə hasara alınmışdır. SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət DŞ-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 10,0 metr təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR İddiaçı istismarında olan Bibiheybət Dş- 300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-də, 1-ci sırada, kəmərdən 10 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Bibiheybət Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsində Cavabdeh yaşadığı yaşayış evi bir mərtəbəli yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarətdir. Yaşayış evi bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəfdən isə qonşu evlərlə əhatə olunmuşdur. Torpaq sahəsinin sərhədləri metal lövhələrlə hasara alınmışdır. SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət DŞ- 300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 10,0 metr təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili yeraltı neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 10 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1 ünvanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı istismarında olan Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-də,1-ci sırada, kəmərin mühafizə zonasında, kəmərdən 10 metr aralı məsafədə (39 T 0400280,4466965) Cavabdeh tərəfindən inşa edilən bütün qanunsuz tikililər (kəmərdən 50 metr aralı məsafəyədək) Cavabdeh vəsaiti hesabına sökülsün, cavabdeh həmin ərazidən çıxarılsın və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilsin. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar