Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-81/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz hasarın sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, ev 11 ünvanında yaşayır. Həmin yaşayış evi və onun altında olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ev həyət evidir və onların öz həyətlərinə giriş-çıxış S.Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngədəndir. Cavabdeh da həmin döngədə, onların qonşuluqda yaşayır. Bu vaxta qədər o, öz həyətində olan darvazadan avtomobillə həyətə daxil olmaqla, avtomobilini öz həyətində saxlamış, onların küçədə rahatçılıqla manevr edib avtomobillə öz həyətinə daxil ola bilirdi. Lakin Cavabdeh onların küçədə qanunsuz olaraq hasar çəkib, küçəni hasara alaraq onun qapının ağzında küçəni darısqal etmiş, bu isə onun öz həyətinə avtomobillə daxil olmasının qarşısını almışdır. Yəni cavabdehin küçədə qanunsuz olaraq hasar tikməsi ilə küçədə yol ensizləşdiyinə, o, küçədə avtomobillə dönərək öz həyətinə girə bilmir. O, cavabdehə iradını bildirsə də, cavabdeh buna əhəmiyyət verməmiş, qanunsuz inşa etdiyi hasarı tikib başa çatdırmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə ünvanında, ona məxsus yaşayış evinə bitişik tikilmiş hasarın qanunsuz hesab edilərək sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi hasar ən azı 14-15 il bundan öncə inşa olunmuşdur. İddiaçının hazırda mülkiyyətində olan ev hasar inşa olunan vaxtlarda başqa şəxsin mülkiyyətində olmuşdur. İddiaçı həmin evi alan zaman bu barədə heç bir təklif və irad bildirməyərək qeyd edilən evi almışdır. Lakin aradan bu qədər vaxt keçdikdən sonra iddiaçının belə bir iddia irəli sürməsi onu göstərir ki, o, özgəsinin mülkiyyətində olan torpaq sahəsini öz şəxsi istifadəsi üçün qanunsuz olaraq ələ keçirmək istəyir. Ancaq iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddia müddətinin başlanğıcı sonuncu sözügedən hasarın çəkildiyi tarixdən hesablandıqda, iddiaçı hazırki tələblə 2010-2011-ci illərə qədər məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı məhkəməyə müraciət etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətindədir və həmin torpaq sahəsi ilə verilmiş texniki pasportda da qeyd olunan koordinatlardan kənarlaşma yoxdur. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, ekspert rəyi ilə razı deyil. Cavabdehə daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib edilmiş torpaq sahəsinin kadastr planı ilə ekspert rəyində müəyyən edilən göstəricilər arasında fərq mövcuddur. Cavabdehə verilən kadastr planı hasar mövcud olduğu vaxta təsadüf edir, hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Digər tərəfdən hətta hasar 1-1,5 metr qabağa çəkilmişdirsə belə həmin sahə dövlətə məxsusdur, ekspert rəyi ilə müəyyən olunur ki, hasarın mövcud olması iddiaçının evinə gəlib-getməyə maneçilik törətmir. Belə olan halda iddiaçının bu tələblə çıxış etməyə subyektiv hüququ da yoxdur. Eyni zamanda hasar 2003-cü ildən çəkilmişdir, iddiaçılar isə məhkəməyə 17 ildən sonra müraciət etmişlər. İddia müddəti də ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq iddiaçı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verdikdən sonra məhkəmə hesab edir ki, iddia tələbləri təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, onlarla qonşu olmuşdur. Ərazi bağlar sahəsi olub, hasar çoxdan çəkilib, 2003-cü ildən oradan köçmüşlər, 2004-cü ildə anası ilə birlikdə iddiaçıgilə gəlmiş, həmin vaxt hasar orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o cavabdehi tanıyır. Qonşuluqda yaşayır, əvvəllər hazırda mövcud olan yol olmamışdır. Orada yanğın əleyhinə çən mövcud olmuşdur, hasar çəndən sonra çəkilmişdir. Sonra isə hasar geriyə çəkilmiş və yol yaranmışdır. 2002-2003-cü ildə hasar mövcud olmuşdur. İş üzrə JN-9066H KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin kserosurətindən görünür ki, Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli 4Ə-2-263 saylı müqaviləsi ilə satılmış 0,0435 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X1 mülkiyyətinə verilmişdir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş FM seriyalı 031834 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, S.Məmmədov küçəsində, 5 otaqlı 86,78 kv.m. yaşayış sahəsi, 267,77 kv.m. ümumi sahəsi torpaq sahəsində yerləşən 11 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Suraxanı rayon 24 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixli 4Ə-282 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi ilə planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən 1-ci sual üzrə: - **********09 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ətrafında çəkilmiş və mübahisə predmeti olan hasar ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. - 2-ci sual üzrə: sualın cavablandırılması Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 10/4295 №-li rəyinə əsasən 1-ci sual üzrə: - **********09 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 0,06 ha torpaq sahəsinin ətrafına çəkilmiş və mübahisəli predmeti olan hasar ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. - 2-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ş.Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə ünvanında yerləşen yaşayış evinin qarşısında 10,20 m uzunluğunda 4.20 m enində boş torpaq sahəsinin olduğu və həmin boş torpaq sahəsinə 4,50 m. enində girişçıxış yolunun olduğunu nəzərə alaraq iddiaçının yaşayış evin həyətində (yüngül) avtomobillə daxil olmasına hər hansı maneə yaratmadığı müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan həyət evinə gedən yol, cavabdehin mülkiyyətində olan həyət evinin hasarının qabağa çəkilməsi nəticəsində daralmışdır. Həmin hasar çəkilməmişdən qabaq iddiaçı rahat avtomaşını ilə öz həyətinə daxil olub çıxırdı. Lakin cavabdeh tərəfindən qanunsuz olaraq həmin hasar çəkildikdən sonra həyətinə giriş məhdudlaşdırımlış və o, əvvəlki kimi həyətinə girib-çıxa bilmir. Yəni cavabdeh hasarı qabağa çəkməklə onun yolunu dar etmiş və nəticədə onun avtomaşınla öz həyətinə daxil olması məhdudlaşdırılmışdır. Bu səbəbdən iddiaçı qanunsuz inşa edilmiş həmin hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, 0,06 ha torpaq sahəsinin ətrafına çəkilmiş və mübahisə predmeti olan hasar ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Belə ki, hasar bir tərəfdən 1,47 metr, digər tərəfdən 1,02 metr kənarda inşa olunmuşdur. Məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə də eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 0,06 ha torpaq sahəsinin ətrafına çəkilmiş və mübahisəli predmeti olan hasar ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ş.Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə ünvanında yerləşen yaşayış evinin qarşısında 10,20 m uzunluğunda 4.20 m enində boş torpaq sahəsi var və həmin boş torpaq sahəsinə 4,50 m. enində giriş-çıxış yolunun olduğunu nəzərə alaraq iddiaçının yaşayış evinin həyətinə (yüngül) avtomobillə daxil olmasına hər hansı maneənin yaratmadığı müəyyən edilmişdir. AR Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinin 4-cü bəndinə əsasən yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Göstərilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu olsa da, həmin giriş-çıxış yolu cavabdeh tərəfindən hasar çəkildikdən sonra məhdudlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan yaşayış evinə yüngül avtomobillə daxil olmasına hər hansı maneənin yaranmaması müəyyən edilsə də, cavabdeh tərəfindən hasarın çəkilməsi nəticəsində iddiaçının mülkiyyətində olan evinə gedən yoldan istifadə ilə bağlı hüquqları məhdudlaşdırılmışdır. Belə ki, əvvəlki qaydada iddiaçının yaşayış evinə giriş-çıxışı sərbəst şəkildə olsa da, hazırki halda (cavabdeh tərəfindən hasar çəkilidkdən sonra) həmin giriş-çıxış qismən məhdudlaşdırımlışdir. Yəni cavabdeh tərəfindən hasarın çəkilməsi nəticəsində iddiaçının mülkiyyətində olan yaşayış evinə yalnız yüngül avtomaşınların maneəsiz giriş və çıxışı mümkün olmuş, digər növ avtomaşınların (ağırçəkili və iriqabaritli, yük, evakuator və sair) həyətə daxil olması mümkünsüz olmuşdur. Eyni zamanda yolun daralması nəticəsində yüngül minik avtomobillərinin manevr edərək geriyə hərəkəti də çətinləşmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hasara alınması iddiaçının istifadə etdiyi yolun bir hissəsinin zəbt edilməsi yolu ilə həyata keçirilmişdir. Yəni cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində deyil, əksinə hüdudlarından kənara çıxmaqla torpağını hasarlamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinə gedən yol ona məxsus olmasa da, həmin yol ümumi istifadədə olan (yaşayış məntəqələrinin tərkibinə daxil olan) torpaqların təkibinə aiddir və bu səbəbdən iddiaçı ümumi istifadə olan (eyni zamanda iddiaçının qanuni istifadəsində olan) torpaq sahəsi (yol) ilə bağlı pozulmuş hüquqlarının bərpasını tələb etməkdə haqlıdır və onun buna sübyektiv hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsinə aid olmayan sahəni hasara almaqla faktiki olaraq həmin torpaq sahəsini zəbt etmiş və iddiaçıınn həmin torpaqdan istifadəsini məhdudlaşdırmışdır. AR Mülki Məcələlnin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin ətrafına çəkilmiş hasar ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda (bir tərəfdən 1,47 metr və digər tərəfdən 1,02 metr) yerləşdiyi üçün və bu hasar iddiaçının mülkiyyətində olan yaşayış evinə gedən yolu məhdudlaşdırdığı üçün, eyni zamanda cavabdeh tərəfindən hasar ümumi istifadədə olan torpaq sahəsini zəbt edilməsi yolu ilə çəkildiyi üçün, iddiaçı tərəfindən irəli sürlmüş tələb əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcələlnin 223.2-ci maddəsinə əsasən cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Qeyd edilən Məcəllənin 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Məhkəmə həmçinin hesb edir ki, mübahisəli hasar qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin vəsaiti hesabına 1 ay ərzində sökülməlidir. Məhkəmə hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağıl cavabdehin yazılı ərizəsinə münasibət bildirərək qeyd edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, hazır tələb iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan istifadə ilə əlaqədar yaranan maneənin aradan qaldırılması ilə bağlı olduğundan, hazırki tələbə iddia müddəti şamil oluna bilməz. AR Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddia tələbi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə habelə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün iş üzrə keçirilmiş ekspertiza xərci və mütəxəssis rəyini alınması üçün çəkilmiş xərc cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə... QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, M.Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə ünvanında İddiaçı məxsus yaşayış evinə bitişik tikilmiş hasar cavabdehin vəsaiti hesabına, qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində sökülsün. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul tutulsun. Cavabdeh “xxxx” MMC-nin (“xxxx” ASC-nin Xətai filialı, kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************, Hesab: AZ23AİİB********************, VÖEN: **********) xeyrinə mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərcin əvəzi kimi 60 (altmış) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-81/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-81/2021
25.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver