Məhkəmə qərarları › İş №2(009)-814/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-814/2022

19.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-814/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın ümumi istifadədə olan həyətində cavabdehlər tərəfindən qanunsuz yolla inşa edilmiş özbaşına tikilinin sökülməsi və ərazinin tullantılardan təmizlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən binanın ümumi istifadəsində olan həyətində cavabdehlər tərəfindən qanunsuz yolla inşa edilmiş özbaşına tikili ümumi həyətin girişində kifayət qədər böyük bir sahəni zəbt edir, həyətdən tam və rahat şəkildə istifadə edilməsinə ciddi maneələr törədir və ümumi istifadədə olan həyətdən istifadədə cavabdehlərə əsassız, əlahiddə hüquqlar yaradır. Eyni zamanda dövlət mülkiyyətində olan torpağın bu cür zəbt edilməsi və qanunsuz tikilininin özbaşına inşa edilməsi neqativ presedent yaradır. Nəticədə cavabdehlər həyətin zəbt edilməsində bir növ cəzasızlıq və özbaşınalıq indulgensiyası əldə etmişlər. Məhz bu səbəbdəndir ki, cavabdehlər hələ 2008-ci ildən bəri həyəti "özününküləşdirməyə", buraya qonşuları buraxmamağa cəhdlər etmiş, bununla əlaqədar hələ 2008-ci ildə onlara Səbail İcra Hakimiyyəti tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İddiaçının bu həyətdə yerləşən qeyri-yaşayış sahəsini 2018-ci ildə almağından sonra eyni qərəzli hərəkətlər fasiləsiz olaraq ona da ünvanlanmışdır. Cavabdehlər bugün də ona qarşı qərəzli və aqressiv davranışlarından əl çəkmir, artıq uzun müddətdir ki, müxtəlif üsullarla ümumi həyətdən istifadə etməyinə maneəçilik törətmək üçün ona qarşı dözülməz davranışlar göstərməkdə davam edirlər. Ona qarşı əsassız iddialara və əmlakından istifadə ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ərizələri əsasında Bakı şəhəri Səbail Rayonu Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, 2(009)-690/2019 saylı və xx.xx.2021-ci il tarixli, 2(009)-2186/2021 saylı qətnamələr qəbul edilmiş, həmin qətnamələrlə onun iddia tələbləri əsaslı bilinərək tam təmin edilmişdir. Sözügedən ünvanda yerləşən iddiaçılara məxsus yaşayış sahəsinə əsas giriş küçəyə bir-başa çıxan blokdandır. Lakin ona məxsus qeyri-yaşayış sahəsinə giriş yalnız qeyd etdiyi, ümumi istifadəsində olan həyətdən daxil olmaq mümkündür. Cavabdehlər binada 2 mənzilə sahib olmalarına baxmayaraq bununla kifayətlənmir, daima həyəti də zəbt etməyə çalışır, burada qanunsuz tikili inşa etməyə müvəffəq olurlar. Həyətdə tikilmiş bu tikilinin inşa ediməsi üçün zəruri olan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sərəncamın, hüquq müəyyənedici sənədlərin olub-olmadığı barədə tərəfindən Səbail Rayonu İcra Hakimiyyətinə müraciət edilmişdir. Səbail Rayonu İcra Hakimiyyəti 10-H-156-070 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, "... sözügedən tikiliyə dair hiiquqmiiəyyənedici sənədlər rayon icra hakimiyyətinin arxivində aşkar edilməmişdir''. Qeyri-qanuni tikilinin sökülməsi ilə əlaqədar tədbirlərin görülməsinə dair Səbail Rayonu İcra Hakimiyyətinə müraciətinə cavab olaraq icra hakimiyyəti özünün 10/6-H-4/2-149 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “...mövcud tikilinin sökülməsi Rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir və söküntii işlərinin aparılması qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında məhkəmə "icra" şöbəsi tərəfindən həyata keçirilir." Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı mövcud, sözügedən tikilinin qeyri-qanuni olması faktını təsdiq etmiş, bu tikiliyə dair heç bir hüquqmüəyyənedici sənədlərin olmadığını bildirmiş və bu qeyri-qanuni tikilinin sökülməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də, ümumi istifadədə olan həyətdə özbaşına tikili iddiaçının ictimai əsaslar baxımından mülkiyyət hüquqlarına mövcud olan maneələr tamamilə aradan qaldırılmalıdır. Ona görə də, ünvan 1 ünvanında yerləşən binanın ümumi istifadədə olan həyətində cavabdehlər tərəfindən qanunsuz yolla inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə gedən yeganə yolun keçdiyi ümumi həyətin girişinin üzərindən, bütün həyət boyunca cavabdehlər tərəfindən bərkidilmiş paltar iplərinin sökülərək həyətdən yığışdırılması və bir daha bu cür halların təkrar edilməməsi öhdəliklərinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibidir. Onun qeyri-yaşayış sahəsinə olan yeganə giriş binanın Lermontov küçəsinə tərəf olan həyətindəndir. Təəssüf ki, binanın digər blokunda, Lermontov küçəsi 119, mənzil 3/7 və mənzil 8 ünvanında yaşayan Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvləri ümumi istifadədə olan həyəti öz xüsusi mülkiyyətlərində olan, şəxsi həyət kimi istifadə etmək cəhdlərindən əl çəkmirlər. Cavabdehlər hələ 2008-ci ildən bəri həyəti “özününküləşdirməyə”, buraya qonşuları buraxmamağa cəhdlər etmiş, bununla əlaqədar hələ 2008-ci ildə onlara Səbail İcra Hakimiyyəti tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. Onun bu həyətdə yerləşən qeyri-yaşayış sahəsini 2018-ci ildə almağından sonra eyni qərəzli hərəkətlər fasiləsiz olaraq ona da ünvanlanmışdır. Cavabdehlər bu gün də, ona qarşı qərəzli və aqressiv davranışlarından əl çəkmir, artıq uzun müddətdir ki, müxtəlif üsullarla ümumi həyətdən istifadə etməyinə maneəçilik törətmək üçün ona qarşı dözülməz davranışlar göstərməkdə davam edirlər. Ona qarşı əsassız iddialara və əmlakından istifadə ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ərizələri əsasında Bakı şəhəri Səbail Rayonu Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, 2(009)-690/2019 saylı və xx.xx.2021-ci il tarixli, 2(009)-2186/2021 saylı qətnamələr qəbul edilmiş, həmin qətnamələrlə onun iddia tələbləri əsaslı bilinərək tam təmin edilmişdir. Sonuncu qətnaməyə əsasən həyətdəki maneələrin aradan qaldırılması və bir daha bu cür halları təkrar etməmələri öhdəliyi cavabdehlərin üzərinə qoyulmuşdu. Baxamayaraq ki, qətnamənin icrası Səbail Rayonu İcra və Probasiya Şöbəsi tərəfindən icra edilmişdi, lakin yenidən cavabdehlər öz qanunsuz hərəkətlərini davam etdirirlər. Bununla əlaqədar artıq Səbail Rayonu İcra və Probasiya Şöbəsinə yenidən müraciət edilmişdir. İcra işi hələ ki, davam edir. Buna baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 həyətə ümumi girişin üzərinə paltar ipləri asmaqla onun öz əmlakına sərbəst və rahat giriş-çıxışına maneələr törədirlər. Həyətə olan şüşəbənd balkonları boyunca paltar iplərini asmaq üçün təqribən 7-8 metr uzunluğunda uyğun yerlərinin olmasına baxmayaraq, göstərilən şəxslər paltar iplərini bütün həyət boyunca çarpaz şəkildə asaraq onu bu pal-paltarların, onlardan axan suyun altından keçərək əmlakına daxil olmağa vadar etməyə çalışırlar. Özlərinə aid üst-alt paltarları yuyub bayıra asmağın nə qədər düzgün olduğu məsələsinə varmadan, o bu şəxslərin pal-paltarının altından, onlardan axan suyun damcılarından əti ürpəşərək keçməyə məcbur deyil. Bu nəinki heç bir sanitariya və birgəyaşayış qaydalarına uyğun deyildir, bu həmçinin şəhərin ən mərkəzi ərazisində ərazisində qeyri-estetik, “gecə qondu” mənzərəsi yaradır. Göstərilən vəziyyət, onun bir sakin və bir vətəndaş kimi hüquqlarını tapdalayır. Ümumi istifadədə olan ərazidə sakinlərin yaşayışı, rəftarı, məişət ehtiyaclarının ödənməsi qonşuluqda olan digər sakinlərin hüquq və mənafeləri nəzərə alınmaqla icra edilməlidir və qonşunun hüquqları tapdanmamalıdır. Əslində bu cür məişət məsələləri sağlam məntiq, qanacaq və adət-ənənə əsasında həll edilməlidir. O bu dediyi tərzdə bu məişət məsələsini həll etməyə çalışdı. Lakin nəticə əldə edə bilmədi. Göstərilən iplərin yerinin dəyişdirilməsi, qonşu kimi onun hüquqlarının bu şəkildə tapdanmasına son qoyulması barədə çağırışlarına Cavabdeh1 və Cavabdeh2 heç bir məhəl qovmur, nalayıq formada onu təhqir edir, bildirirlər ki, onlar özləri istədikləri kimi rəftar edəcəklər, deyirlər ki, “get hara istəyirsən şikayət et”. Bu problem ilə əlaqədar o, xx.xx.2022-ci ildə Səbail Rayonu İcra Hakimiyyətinin Başçısına ərizə ilə müraciət etdi və Cavabdeh1 və Cavabdeh2 Lermontov küçəsi 119 ünvanında yerləşən, ümumi istifadədə olan həyətin girişinin üzərindən, bütün həyət boyunca, onun əmlakına gedən yeganə yolun üstündən çəkilmiş paltar iplərinin oradan çıxarılması üçün təcili tədbirlər görülməsini xahiş etdi. Onun ərizəsi Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının 1 X2 Ərazi Üzrə Nümayəndəliyi tərəfindən araşdırılmış və qaldırdığı məsələ ilə bağlı qurum tərəfindən Səbail rayonu, 9-cu Polis Bölməsinə aidiyyatı üzrə müvafiq müraciət olunmuşdur. Öz növbəsində 9-cu Polis Bölməsi məsələni araşdırmış, sahə müvəkkili tərəfindən cavabdehlərə göstərilən halın həqiqətən də onun hüquqlarına zidd olduğu, həmçinin mərkəzi küçənin estetik mənzərəsini də pozduğu bildirilmiş, cavabdehlər paltar iplərini mənzillərinin şüşəbəndi boyunca asmağa dəvət edilmişlər. Lakin təəssüf ki, polis əməkdaşlarının çağırışları da müsbət nəticə verməmişdir. Bununla əlaqədar, 9-cu Polis Bölməsi xx.xx.2022-ci il tarixli, 067-3496-1221 saylı məktubunu ona ünvanlayaraq, faktla əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməyini tövsiyyə etmişdir. Göründüyü kimi, cavabdehlər nəinki onun, hətta səlahiyyəti orqanların nümayəndəlirinin də mövqelərinə, çağırışlarına məhəl qoymur, ümumi istifadədə olan həyəti hər vəchlə “özününküləşdirməyə” çalışır, qonşu kimi onun hüquqlqrını tapdalayır, birgəyaşayış qaydalarını heçə sayır. Belə olduğu tərzdə o, hüquqlarının təmin edilməsi və müdafiəsi üçün məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qarşı hüquq əsas olmadan qanunsuz maneələr yaratması sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyrisabit” xarakter almasına dəlalət edir. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst şəkildə faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən də ümumi istifadədə olan həyətdə olan əşyaların hamısı oradan götürülməli, iddiaçının öz əmlakından istifadəsi üçün mövcud olan maneələr tamamilə aradan qaldırılmalıdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-815/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə etmiş və iddia tələblərində göstərilənlərə uyğun izahat verərək, onların təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı qaldırdığı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin dəlilləri əsassızdır. Belə ki, bu iddianı irəli sürmək üçün iddiaçının subyektiv hüquqları yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı izah etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər hansı bir tikilinin qanuni olub olmaması səbəbindən onun sökülməsi barədə iddia irəli sürmək müvafiq icra hakimiyyətinin səlahiyyətindədir. İddiaçının belə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Mübahisəli qanunsuz tikili 1997-ci ildə tikilmişdir və iddiaçının maraqlarına toxunmur. İddianın paltar iplərinin sökülərək həyətdən yığılması məsələsinə gəldikdə, qonşunun dözmək vəzifəsi var və bu vəzifələr Mülki Məcəllənin müəyyən normalarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərini qəbul etməyərək, iddiaların əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və Cavabdeh1 nümayəndəsi Vəkil izahatı ilə tam razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbləri əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10/6-H-4/2-149 nömrəli məktubdan görünür ki, mövcud tikilinin sökülməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir və söküntü işlərinin aparılması qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında məhkəmə İcra şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyatı üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Ə.Hacıyev, 8 №-li MKİS-nin mühəndisi Ç.Qasımov, sahə bələdçisi F.Qarayev və sahənin fəhləsi F.İsmayılovun iştirakı ilə tərtib olunmuş xx.xx.2008-ci il tarixli aktdan görünü ki, Lermontov küçəsində yerləşən 119 №-li binanın həyətinə baxış keçirilmiş və baxış zamanı müəyyən olmuşdur ki, Lermontov küçəsi, 119 №-li binanın 20 saylı mənzilində yaşayan vətəndaş Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 tərəfindən göstərilən binanın dövlət mülkiyyətinə aid olan, şəhər icra hakimiyyətinin sərəncamında olan və binanın sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulan həyətinin giriş darvazası göstərilən vətəndaşlar tərəfindən qanunsuz olaraq qıfıl ilə bağlanmışdır. Ümumi istifadə üçün nəzərdə tutulan həyətin darvazasının bu şəkildə bağlı saxlanılması müvafiq icra hakimiyyəti strukturlarının nümayəndələrinin, həmçinin mənzili-kommunal təsərrüfatının təmizlik işlərini həyata keçirən işçilərinin, habelə binada yaşayan sakinlərin həyətə giriş və çıxış hüquqlarını pozur. Tərəflərindən həmin qapının qıfılı açılaraq Lermontov küçəsi, 119 №-li binanın 20 saylı mənzilində yaşayan vətəndaş Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 rayon İcra Hakimiyyəti rəhbərliyinin tapşırığına əsasən göstərilən həyət darvazasının mövcud açarının binanın sakinlərinə verilməsi, gün ərzində darvazanın açıq saxlanılması, gecə isə zəruri olarsa, qapının bağlı saxlanılmasının mümkünlüyü bildirildi, həyətə giriş-çıxışın vətəndaş Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 tərəfindən məhdudlaşdırılmasının qanunsuz olduğuna dair onlara xəbərdarlıq edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvan İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-690/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 24,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin qeyriyaşayış sahəsinin açarlarla birlikdə İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan məhkəmənin mübahisəli ünvan üzrə özbaşına tikiliyə xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 4 ünvanına giriş həyətdən darvaza vasitəsilədir. Həyətin sol tərəfində 3 mərtəbəli evin 2-ci mərtəbəsində cavabdehlər yaşayırlar. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi həyətin giriş darvazası ilə üz-üzədir, 3 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşir. Cavabdehlərin mənzilinə bitişik 1-ci mərtəbədə eni təxminən 2-2,5 metrə, hündürlüyü təxminən 2 metrə, uzunluğu təxminən 5-6 metrə olan qanunsuz tikili inşa edilmişdir. Cavabdehlər bildirdilər ki, həmin tikili onların həmin mənzilə köçməsindən çox əvvəllər inşa edilmişdir. Onlara məxsus mənzilin texniki pasportunda özbaşına tikili öz əksini tapmayıb. Həmin tikilidən bütün qonşular anbar kimi istifadə edərək, oraya istifadə etmədikləri əşyalarını yığırlar. Həmin tikilidən iddiaçının da istifadə etməsinə heç kim maneə törətmir. Eləcə də həmin tikili iddiaçının öz qeyri-yaşayış sahəsindən giriş-çıxışına maneə yaratmır. İddiaçı isə bildirdi ki, həyət bütün qonşuların ümumi istifadəsindədir və həmin qanunsuz tikili həyətdən istifadəyə maneəçilik yaradır. Eyni zamanda iddiaçı bildirdi ki, cavabdehin mənzilindən qarşı tərəfə birləşdirilmiş paltar asmaq üçün iplər onun öz qeyri-yaşayış sahəsinə sərbəst və rahat giriş-çıxışına maneəçilik törədir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3278 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən binanın ümumi istifadəsində olan həyətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin (anbar) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən, müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1 və 4.2 bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. ünvan 1 ünvanında yerləşən binanın ümumi istifadədə olan həyətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin (anbar) İddiaçı həmin ünvanda yerləşən özünə məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışdan (5,50m) aralı vəziyyətdə inşa olunduğundan və ümumi giriş-çıxış darvazasından iddiaçıya məxsus qeyri-yaşayış sahəsinədək 11,0 m ara məsafəsi olduğunu nəzərə alaraq anbar tikilisinin qeyri-yaşayış sahəsinə giriş-çıxışına və yanğın təhlükəsizliyi baxımından maneə törətmədiyi müəyyən edilir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahib mülkiyyətində olan əmlaka sahiblik etməyə maneələrin aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əşya özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı ilə sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını, qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən binanın ümumi istifadəsində olan həyətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən anbar kimi isifadə olunan tikili inşa olunmuşdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab etmişdir ki, binanın ümumi istifadəsində olan həyətində cavabdehlər tərəfindən qanunsuz yolla inşa edilmiş özbaşına tikili ümumi həyətin girişində kifayət qədər böyük bir sahəni zəbt edir, həyətdən tam və rahat şəkildə istifadə edilməsinə ciddi maneələr törədir, ona görə də, cavabdehlər tərəfindən anbar kimi isifadə olunan həmin tikili sökülməlidir. Məhkəmə bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, həmin tikili (anbar) tikinti norma və qaydalarına uyğun inşa olunmamaqla özbaşına tikilidir. Mübahisələndirilən tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Konstitusiyanın 13-cü və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə də məhz mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən binanın ümumi istifadəsində olan həyətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən anbar kimi isifadə olunan tikili iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onun həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. Məhkəmə tərəfindən iddiaçının tələbinə cavabdehin inşa etdiyi tikilinin iddiaçının hüquq və qanunla qorunan mənafeyini pozub-pozmamasını, yəni iddiaçının öz qeyriyaşayış sahəsindən istifadə etməsinə maneçilik, yaxud məhdudiyyətlər yaradıbyaratmamasını müəyyən etmək üçün xx.xx.2022-ci il tarixdə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3278 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi,119 ünvanında yerləşən binanın ümumi istifadədə olan həyətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin (anbar) İddiaçı həmin ünvanda yerləşən özünə məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışdan (5,50m) aralı vəziyyətdə inşa olunduğundan və ümumi giriş-çıxış darvazasından iddiaçıya məxsus qeyri-yaşayış sahəsinədək 11,0 m ara məsafəsi olduğunu nəzərə alaraq anbar tikilisinin qeyri-yaşayış sahəsinə giriş-çıxışına və yanğın təhlükəsizliyi baxımından maneə törətmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçının cavabdehlərə qarşı qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün bir neçə şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 171-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin mənzilindən qarşı tərəfə birləşdirilmiş paltar asmaq üçün iplər iddiaçının öz qeyri-yaşayış sahəsinə sərbəst və rahat giriş-çıxışına hər hansı maneəçilik törətmir, iddiaçının öz mülkiyyətindən istifadəni məhdudlaşdırmır. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar