Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-834/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi N.R.Hüseynzadənin iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət göstərmişdir ki, 16.08.2021-ci il tarixdə “Xəzər Lada” avtosalonundan kredit müqaviləsi əsasında 9200 manat ilkin ödənişlə, hər ay 479 manat ödəmək şərti ilə 24 aylıq “Lada Granta”, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 17.08.2021-ci il tarixdə “Lada Qranta” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalamaq üçün 750,50 manat sığorta haqqı ödəmişdir. 23.08.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Sığorta Şirkəti ASC-yə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciət etmişdir. 31.08.2021-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-yə yenidən müraciət etmişdir. “Lada Granta” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1380 manat hesablanmış və ona “X7”ın **********158399 No-li kartı təqdim edilmişdir. Lakin Cavabdeh Sığorta Şirkəti ASC ona təqdim etdiyi “X7”ın **********158399 No-li kartına pul köçürməmiş və sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC-yə imtina barədə rəsmi məktubun verilməsi ilə əlaqədar dəfələrlə müraciət etsə də, “rəsmi cavabın poçt vasitəsi ilə göndərildiyi” bildirilmiş, lakin 18.10.2021-ci il tarixə qədər heç bir məktub gəlməmişdir. 19.10.2021-ci il tarixdə saat 11.17-də cavabdeh Atəşgah Sığorta Şirkəti ASCnin 15.09.2021-ci il tarixli 4342 No-li məktubu Şirkətin ofisində ona təqdim edilmişdir. Cavabdeh Sığorat Şirkəti ASC baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobillə sərnişin daşınmasını və **********7 No-li sığorta şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsində, ödənişli sərnişin daşıma zamanı baş vermiş hadisələrə təminat verilmədiyini əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Ona heç bir müqavilə təqdim edilməmiş və onu heç bir şərt və təminatlarla tanış etməmişlər. Ona yalnız C34161437 No-li hesab (İNVVOİCE) təqdim edilmiş və o, həmin hesaba 17.08.2021-ci il tarixdə 750,50 manat sığorta haqqı ödəmişdir. Hesab edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtina etməsi əsassız və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq iddiaçı 1380 manat sığorta haqqının, sığorta haqqının ödənildiyi günə qədər hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və 33,80 manat dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, maşını kreditlə almış, sığorta üçün 750 manat pul ödəmiş, lakin sığorta müqaviləsi almamış, onu imzalamamışdır, müqaviləni hadisə baş verəndən sonra əldə etmişdir. O, avtomaşının mülkiyyətçisidir, hazırki tələblə iddia qaldırmağa hüququ var. Avtomaşın taksi kimi fəaliyyət göstərməmişdir. Sığorta ödənişinin verilməsindən imtina tam əsassızdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh Sığorta Şirkəti ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı “Lada Granta” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili **********7 saylı sığorta şəhadətnaməsi əsasında könüllü sığorta növü ilə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. 23.08.2021-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi sığortalanmış “Lada Granta” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh Sığorta Şirkətinin qəza komissarı qanunvericiliyinin tələbi üzrə hadisə yerinə baxış keçirmiş və hadisə iştirakçılarından hadisənin baş vermə yeri, şəraiti və səbəbinə dair izahatlar almışdır. Müsahibə zamanı yol-nəqliyyat hadisəsi baş verərkən X3 ödənişli sərnişin daşıma fəaliyyəti ilə məşğul olması barədə məlumat vermişdir. **********7 saylı sığorta şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsinə əsasən nəqliyyat vasitəsinin icarəyə verilməsinə və ya taksi kimi istifadə edilməsi zamanı baş vermiş hadisələrə təminat verilmir. **********7 saylı sığorta şəhadətnaməsinə əsasən sığorta təminatı AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” əsasında verilir. Sığorta şəhadətnaməsində sığortalının yol-nəqliyyat hadisəsi zamanı taksi fəaliyyəti məşğul olmasına sığorta təminatı verilmədiyi üçün bu hal sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas deyildir. **********7 saylı sığorta şəhadətnaməsindən görünür ki, müqavilə üzrə faydalanan şəxs “X6”nın Bakı filialıdır. Göründüyü kimi sığorta müqaviləsi üzrə faydalanan şəxs təyin edildiyi üçün sığorta ödənişini tələb etmək hüququ iddiaçıya məxsus deyildir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı avtomaşını bankdan götürdüyü kredit əsasında əldə etdiyindən 16.08.2021-ci ildə tərtib edilmiş sığorta müqaviləsi bank təşkilatına göndərilmiş, bank tərəfindən iddiaçıya həmin müqavilə 18.08.2021-ci ildə təqdim edilmiş, lakin bankın işçisi səhlənkarlıq edərək İddiaçı imzanı müqavilədə deyil, “sığorta müqaviləsinin əslini aldım” kimi qeyd aparıb imzalatdıraraq iddiaçıya təqdim etmişdir. Müqavilədən iddiaçının məlumatı olmuşdur. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə **********7 saylı 17.08.2021-ci il tarixli Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsinə əsasən «Lada Granta» markalı ** EF *** dövlət nömrə nişanlı avtomaşın sığortalı İddiaçı tərəfindən kasko növü üzrə 16.08.2023-cü il tarixədək 19000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 750 manat, azadolma məbləği 300 manat, faydalanan şəxs “X6” Bakı filialı göstərilmişdir. Həmin şəhadətnamənin “Əlavə şərtlər və təminatlar” bölməsində, ödənişli sərnişin daşıma zamanı baş vermiş hadisələrə təminat verilmədiyi qeyd olunmuşdur. İş üzrə ödəniş qəbzin surətindən görünür ki, İddiaçı 750 manat sığorta haqqı Cavabdeh Sığorta Şirkəti ASC-yə ödənilmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 15.09.2021-ci il tarixli məktubundan görünür ki, hadisə üzrə toplanmış materiallardan, o cümlədən hadisə zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün video müsahibəsindən görünür ki, sığortalanmış avtomobillə sərnişin daşımaqla taksi kimi fəaliyyət göstərilmişdir. **********7 saylı sığorta şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsində, ödənişli sərnişin daşıma zamanı baş vermiş hadisələrə təminat verilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə, bu hal sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq bildirirlər ki, Cavabdeh Sığorta Şirkəti ASC bu hadisə ilə bağlı sığorta ödənişi vermək öhdəliyi daşımır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Sığorta fəaliyyəti haqqında» AR Qanununun 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi hesab edilir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs hesab edilir. «İcbari sığorta haqqında» AR Qanununun 6.4-cü maddəsinə əsasən sığorta qanunvericiliyinə və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişini almaq hüququna malik olan şəxs faydalanan şəxs hesab edilir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.1-ci maddəsinə əsasən zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Həmin Qaydaların 29-cu maddəsinə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 884.5-ci maddəsiən əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır Məhkəmə iclasında müəyyən edilmişdir ki, «Lada Granta» markalı ** EF *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalanmış və **********7 saylı 17.08.2021ci il tarixli sığorta şəhadətnaməsinə əsasən İddiaçı sığortalı qismində, «X6» Bakı filialı faydalanan şəxs kimi göstərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sığortalı «Lada Granta» markalı ** EF *** dövlət nömrə nişanlı avtomaşın idarə olunarkən yol-nəqliyyat hadisəsinə uğramış və avtomaşına maddi ziyan dəymişdir. İddiaçı sığorta ödənişini etsə də, sığorta müqaviləsinin ona təqdim olunmaması, onun şərtləri ilə tanış olmaması barədə dəlillər irəli sürmüş, lakin məhkəmə iclasında sığorta müqaviləsinin əslinin onun tərəfindən imzalanaraq alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir İddiaçı məhkəmə iclasında sığorta müqaviləsi üzrə tərəf, avtomaşının mülkiyyətçisi və yolnəqliyyat hadisəsi nəticəsində maddi ziyana uğrayan şəxs olduğu üçün avtomaşına dəymiş maddi ziyanla bağlı sığorta ödənişinin ona verilməli olmasını tələb edir. Məhkəmə qeyd edir ki, sığorta müqaviləsi üzrə “X6” Bakı Filialı faydalanan şəxs qismində çıxış etdiyindən, sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin tələb edilməsi hüququ məhz ona məxsusdur. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbləri baxımından iddiaçı sığortalı kimi yalnız o halda faydalanan şəxs hesab oluna bilərdi ki, sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamış olsun. Məhkəmə hesab edir ki, iddiaçı sığorta müqaviləsi üzrə tərəf olsa da, eyni zamanda faydalanan şəxs kimi çıxış etmədiyindən, onun həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı sığorta ödənişin verilməsini tələb etmək hüququna malik deyildir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə yuxarıda göstərilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki iddia tələbi yalnız sığorta müqaviləsi üzrə faydalanan şəxs tərəfindən qaldırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi sığorta haqqı kimi 1380 manat məbləğində pulun tutulması hissəsində təmin edilmədiyindən, iddia tələbi gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 % həcmində dəbbə pulunun tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı 1380 manat sığorta haqqının, sığorta haqqının ödənildiyi günə qədər hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və 33,80 manat dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-834/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-834/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver