Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-837/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “cərimənin silinməsi” barədə iddia qaldıraraq, cavabdeh tərəfindən ünvan 1 ünvanına yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ərizəçinin bacısı X1 məxsusdur. Bacısı Ukrayna Respublikasında yaşadığından 2012-ci ildn 2020-ci ilin avqust ayına kimi həmin mənzildə yaşayış olmayıb, iddiaçı 2020-ci ilin avqust ayından həmin evdə yaşamağa başlamışdır. 2023-cü ilin aprel ayında Qaz İdarəsinin əməkdaşları sayğaca baxış keçirmiş və yenisi ilə əvəzləmişlər. Bu barədə ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacı həyətdən kənarda quraşdırılıb, sayğacın yerləşdiyi qutunun açarı qaz nəzarətçilərindədir. Cavabdehin 180 gün üçün əlavə qaz sərfinin hesablanmasını və ödənilməsini tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəfin izahatını dinləyib, onun təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli X2 ilə “Azəriqaz” İB arasında bağlanmış qaz qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinə əsasən paylayıcı Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini təqdim edilən hesaba əsasən ödəyir. Dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədə xx.xx.2023-cü il tarixli akta əsasən ünvan 1 ünvanına itirilmiş qaza görə cərimə yazıldığı qeyd edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılması nəticəsində məlum olmuşdur ki, iddiaçının barəsində mübahisə açdığı müqavilə X2 ilə “Azəriqaz” İB arasında bağlanmışdır. Həmin Müqaviləyə əsasən “Azəriqaz” İB G.Həsənovaya məxsusünvan 1 ünvanını qazla təchiz etməyi, G.Həsənova isə aldığı qazın dəyərini təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamandan müəyyən edilir ki, cavabdeh tərəfindən itirilmiş qaza görə hesablanmış cərimə məhz həmin müqavilədən irəli gələn münasibətlərdən yaranmış və həmin müqavilə ilə qazla təchiz olunması nəzərə alınan ünvana hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 397.1-ci maddəsinə əsasən Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır 399.1-ci maddəsinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının tələbinə görə müqavilə üzrə hər hansı bir tələbi irəli sürmək üçün ilk növbədə həmin müqavilə əsasına və ya qanuni əsasa söykənən hüquq yaranmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının mübahisələndirdiyi müqavilə ilə bağlı hər hansı aidiyyatı yoxdur. Təqdim edilmiş müqavilə isə müqavilənin tərəfinin başqa bir şəxs olan X2 olduğunu göstərir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-837/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-837/2025
11.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver