Məhkəmə qərarları › İş №2(009)-85/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-85/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-85/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 nümayəndəsi və vəkili Heydərov Mərdan Xudayar oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilələrin ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası, Cavabdeh4 cavabdeh X4 qarşı “sifariş edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən öhdəliyin yerinə yetirilməməsi, eləcə də qüsurlu və sertifikatı olmayan mallar təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqavilələri üzrə iddiaçı tərəfindən ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və beh müqavilələrinə xitam verilməsi, 20000 manat mənəvi ziyanın, 200 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin hərəkətlərində AR Cinayət Məcəlləsinin 200, 213.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o və həyat yoldaşı X7 23.10.2019-cü il tarixdə Bakı səhəri, Babək prospekti 41A ünvanında yerləşən “X13” adlandırılan mebel mağazasına gəlmiş, həmin mağazada onları Cavabdeh1 və Leyla adlı şəxslər qarşılamışlar. Həmin şəxslərə bildirdilər ki, yeni əldə etdikləri Bakı şəhəri, Üzeyr Hacıbəyov küçəsində yerləşən 57 saylı evin 444 saylı mənzilinə Türkiyyədə istehsal edilən yataq mebel dəsti və digər otaqlar üçün bir sıra bəzi ləvazimatlar almaq istəyirlər. Əvvəlcə onlara Türkiyədə istehsal olunan yataq mebel dəstlərinin və digər otaq ləvazimatlarının kataloq jurnallarını təqdim edərək, alacaqları əşyaları seçmələrini, həmin əşyaların hansı modeldə və hansı rənglərdə olmasını, miqdarını, ölçüləri və s. nəzərə almaqla sifariş etməklərini məsləhət gördülər. Bir qədər sonra onlar alacaqları əşyaların adları, rənglərini və miqdarını, eləcə də Türkiyədən Azərbaycana gətirilməsi üçün müddəti də (45 gün) razılaşdıraraq, “Sifariş forması” adlandırılan iki ədəd, yəni 23.10.2019-cu il tarixli, 0157№-li və 0161№-li əqdləri imzalamağa başlayarkən aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş etdilər. Belə ki, həmin əqdlərdə alacaqları əşyaların adları, ölçüləri, miqdarı ayrı-ayrılıqda göstərilsə də, onların dəyəri ayrı-ayrılıqda deyil, ümumilikdə müvafiq olaraq 51850 manat və 11050 manat göstərilmişdir. Göstərilən əşyaların qiymətlərinin nəyə görə ayrı-ayrılıqda göstərilməməsi sualına cavab olaraq bildirilmişdir ki, alacaqları əşyaların ümumilikdə dəyəri 62900 manata razılaşdırılmışdır, həmin əşyalar Türkiyədən gətirildiyi üçün onların Bakıdakı qiymətlərinin müəyyən edilməsində vergi orqanı ilə problem yaranmaması üçün həmin əşyalar məhz gətirildikdən sonra müvafiq qiymətlərlə göstəriləcəkdir. Alacaqları əşyaların ümumilikdə dəyəri ilə razılaşdıqları üçün hər bir malın dəyərinin ayrı-ayrılıqda göstərilməsinin onlar üçün heç bir əsaslı önəmi olmadığından onların bu şərtini qəbul etdilər. Bundan başqa, “Sifariş forması” adlandırılan iki ədəd 23.10.2019-cu il tarixli, 0157№-li və 0161 №-li əqdlərdə adları göstərilən əşyaların mənşəyi haqqında sertifikatın (o cümlədən istehsalçı, keyfiyyət və ölçülərini təsdiq edən sənədin) nə vaxt təqdim edilməsi sualına belə cavab verildi ki, onlar narahat olmasın, sifarişləri “VİP”-dir, ona görə də 45 gün ərzində, bütün əşyalarla birlikdə malların sertifikatları da onlara təqdim olunacaq. Yekunda “Sifariş forması” adlandırılan iki ədəd 23.10.2019-cu il tarixli, 0157№-li və 0161 №-li əqdlərdə adları göstərilən əşyaların ümumi dəyərinə müvafiq olaraq 25500 manat və 7650 manat, toplam 33150 manat beh qaydasında və qalan 29750 (26350+3400) manatı isə əşyalar təqdim edildikdən sonra ödənilməsi barədə razılıq əldə edildi. Elə həmin gün 33150 manat beh məbləği tam şəkildə ödənildi və “Sifariş forması” adlandırılan hər iki əqd imzalandı. Üç gündən sonra isə onlara zəng olundu və maliyyə vəziyyəti ilə bağlı, yəni əşyaların Türkiyədən daşınması üçün nəqliyyat vasitəsinin əvvəlcədən sifariş edilməsinə ödəniş aparılmasına görə 3400 manat vəsait lazım olduğu bildirildi. Həmin vəsait də tərəflərindən 26.10.2019-cu il tarixdə ödənildi və 2019-cu ilin dekabr ayının 15-nə qədər bütün əşyaların, eləcə də yuxarıda qeyd olunan müvafiq sənədlər təqdim olunduqdan sonra, qalan 26350 manat ödənilməsi barədə razılıq əldə olundu. Lakin həmin vaxt, yəni 2019-cu ilin dekabr ayının 15-də, səhər saatlarında mağazaya zəng edərək, sifariş etdikləri əşyaların hansı saatda təqdim olunmağı barədə məlumat almaq istəyəndə, bildirildi ki, sifariş etdikləri əşyalar tam hazır olmamış, bəzilərinin tam istehsalı dekabr ayının axırında gözlənilir və Türkiyədən onların Azərbaycana gətirilməsi zaman tələb edir, 2020-ci ilin yanvar ayının ilk günləri bayram günləri olduğundan əşyalar 2020-ci ilin yanvar ayının 8-də təhvil veriləcəkdir. Həmin vaxt ərzində də sifariş üzrə götürülmüş öhdəlik yerinə yetirilmədi. Onlar mütəmadi olaraq müxtəlif günlərdə və saatlarda həm telefon vasitəsilə, həm də özləri mağazaya gedərək cavabdehlər ilə əlaqə saxlasalar da, cavabdehlərdən əsasən Cavabdeh1, digər hallarda isə özlərini mağazanın əməkdaşları kimi təqdim edən Cavabdeh2 və Cavabdeh3 əşyaların gah yolda olmasını, gah da kömrük məntəqəsində saxlanılması bəhanəsi ilə bu gun-sabah bütün əşyaların və sertifikatların təqdim olunmasına dair inandırıcı vədlər verirdilər. Nəhayət 2020-ci ilin fevral ayının təqribən 02 və ya 03-də onlara bildirildi ki, sifariş etdikləri əşyalardan bəziləri mənzildə yığılıb təhvil verilməsi üçün sifariş etdikləri ünvana göndərilir və digərləri də 2-3 gün ərzində onlara mənzildə təhvil veriləcəkdir. Həmin gün sifariş etdikləri əşyalardan yalnız taxtın yan hissələrini, döşəmə divarı və pufiki gətirdilər və həmin malların mənşəyi haqqında sertifikatı təqdim etmədilər. Eləcə də, qeyd olunan döşəmə divarın rəngi seçdikləri rəngə uyğun olmadığından, sifariş etdikləri rəngə uyğun olması üçün cavabdehlər tərəfindən döşəmə divarın parçası dəyişdirilməsi və yenisi ilə əvəz olunması üçün, eləcə də sifariş etdikləri pufik gətirilən pufikdən köklü sürətdə fərqi olduğundan onun yenisi ilə əvəz olunması üçün onlardan 2-3 gün vaxt istənildi və həmin əşyalar geri aparıldı. Sonra 05 fevral tarixində sifariş etdikləri əşyalardan yalnız “Fendi” koltuk, Astor şifoner, Etro koriola və 1 ədəd komidin gətirilmişdir. Həmin əşyalar Sifarişdə göstərilən ölçülərə müvafiq olmamış, o cümlədən “Fendi” koltuk isə keyfiyyətsiz və qüsurlu olduğundan, yığılan zaman yarım dairəvi hissələri bir-birinə uyğun olmadığı üçün həmin hissələr çox kobud şəkildə dəmir boltlar vasitəsilə bərkidilmişdir. Həmin malların da sertifikatları təqdim olunmamışdır. Xüsusi olaraq qeyd edir ki, sifariş olunan digər əşyalar isə ümumiyyətlə gətirilməmişdir. Cavabdehlərə bir daha öz narazılıqlarını bildirdikdə, cavabdehlər həmin əşyaların cari ilin fevralın 08 tarixində lazımi keyfiyyətdə gətirilməsinə və bütün malların mənşəyi, keyfiyyəti və ölçüləri haqqında sertifikatların təqdim edilməsinə son dəfə söz verərək, onlardan şikayət verməməklərini xahiş etdilər. Onların niyyətləri və iradə ifadələri yeni aldıqları mənzilə sifarişdə göstərilən mebel dəsti və müvafiq ləvazimatlar almaq olduğuğuna görə, cavabdehlərin vədinə inanaraq, onlarla razılaşmışlar. Eyni zamanda, son olaraq 08.02.2020-ci il tarixdə sifariş olunan əşyalar gətirilmədiyi təqdirdə ödədiyi beh məbləğinin geri tələb edəcəyini onlara bildirdi. Cavabdehlər onlarla qeyd-şərtsiz razılaşaraq, 08.02.2020-ci il tarixdə bütün əşyaları və sertifikatları onlara təqdim etmədiyi halda tərəflərindən ödənilmiş 36550 manat beh məbləğini qaytaracaqlarını bildirdilər. Lakin cavabdehlər bu dəfə də, yəni 08.02.2020-ci il tarixdə də sifariş etdikləri əşyaların hələ hazır olmadığı və 5-6 gün gözləməklərini məsləhət gördülər. Belə olan halda, onlar ödənilmiş beh məbləğinin qaytarılmasını xahiş etdilər, lakin onlar beh məbləğini qaytarmayacaqlarını və mebellər Türkiyədən göndərildiyindən 3-4 günə Bakıda olcağı üçün bir qədər də gözləmələrini xahiş etdilər. Onlara bildirdilər ki, 2019-cu ilin 15 dekabr tarixindən hal-hazıradək yalançı vədlər verməklə, onları aldadaraq və nəticə etibarı ilə aldıqları 36550 manat beh məbləğinə görə isə nəzarət kassa aparatının çekini və ya mədaxil kassa orderini təqdim etməlidirlər, əks halda məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət edəcəklər. Cavabdehlərdən Cavabdeh1 danışıqlar arası mağazanı onların xəbərləri olmadan tərk edib gizləndi, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə onlara nə kassa çeki, nədəki mədaxil kassa orderi verə bilmirlər, istədikləri yerə şikayət edə bilərlər deyərək, bütün məsələləri Cavabdeh1 ilə həll etməyi məsləhət gördülər. Odur ki, məcbur qalıb Nizami rayonu Pİ-nin 23 saylı Polis Bölməsinə müraciət etdilər. Lakin göstərilən məsələnin mülki qaydada həll edilməsi məsləhət görüldü. Cavabdehlərin onlara qarşı hüquqa zidd əməlləri hazırda da davam etdiyindən və onların bilə-bilə qanunsuz olaraq qərəzli mövqeyləri onun konstitusion hüquqlarını kobud surətdə pozduğundan, onların bilə-bilə qanunsuz hərəkətlərinin və hərəkətsizliyinin qarşısının alınması, ona əsassız olaraq maddi və mənəvi zərər vurulduğundan həmin zərərin ödənilməsi üçün o, məcbur qalıb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 27 sentyabr 2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, 1. Bakı şəhəri, İnşaatçılar prospekti 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin iddiaçı tərəfindən 3-cü şəxs qismində məhkəmə işinə cəlb olunması barədə qərardad çıxarılmasını; 2. 16.07.2021-ci il tarixli «Seçmə Luxury» və 31.07.2021-ci il tarixli «AKM Luxury» şirkətlərinin məktub xarakterli sənədləri saxta olduğu üçün sübutlar içərisindən çıxarılması barədə qəraradad çıxarılmasını; 3. Cavabdehlər- «X14» Mebel Mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən hazırki işin lüzumsuz uzadılmasına şərait yaratmaqla, iddiaçının sifariş etdiyi malların idxalı ilə bağlı tələb olunan sənədlərin təsdiq olunmuş surətlərini üzürsüz səbəbdən təqdim etmədiklərinə görə həmin şəxsləri 150 manat məbləğində cərimə edilməsi barədə qərardad çıxarılmasını; 4. İş materiallarında olan sübutlarla məhkəmə baxışının davam etdirilməsi barədə qərardad çıxarılmasını; 5. Cavabdehlər - «X13» mebel mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 23.10.2019-cu il tarixli, 0157 №-li və 0161 №-li «Sifariş forması» adlandırılan iki ədəd əqd üzrə öhdəliklərin yerinə yetirilməməsi, sifariş olunan mebellər və mebel ləvazimatları barədə iddiaçıya düzgün olmayan və təhrif olunmuş məlumatlar verməklə aldadılması; həmin malların gömrük nəzarətindən və rəsmiləşdirilməsindən keçirilməməsi, eləcə də idxal olunan zaman keyfiyyətini təsdiq edən müvafiq sənədlərin təqdim edilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsinə; 23.10.2019-cu il tarixli, 0157 №-li və 0161 №-li «Sifariş forması» adlandırılan iki ədəd əqd üzrə ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73 100 manat məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmaqla İddiaçı ödənilməsi və həmin əqdlərə xitam verilməsi, 36500 manat mənəvi ziyanın, 100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını, 6. Cavabdehlər-«X14» Mebel Mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü, 206 və 213.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onlar barəsində, eyni zamanda ekspert Elvin Qəhrəmanovun hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı, 213.1-ci və 297-ci maddələrində nəzərdə tutulan əməllərə yol verməsi istisna edilmədiyindən, onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddianın dəyişdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh4 cavabdeh X4 qarşı sifariş edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, X1 edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun və dövlət rüsumu əvəzi 30 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 41 "a” ünvanında yerləşən "X13” mebel mağazasını icarə müqaviləsinə əsasən icarəyə götürmüş və kiçik sahibkarıq fəaliyyəti ilə məşğuldur. Eyni zamanda 08 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ona sahibkarlıq uçotu haqqında qeydiyyat şəhadətnaməsi verilmişdir. 23.10.2019-cu il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “X13” mebel mağazasına gələrək, yataq dəsti və digər otaqlar üçün bir sıra ləvazimatlar almaq istədiyini bildirdi. Türkiyyə istehsalı olan yataq mebel dəstlərinin və digər otaq ləvazimatlarının kataloq jurnallarına baxdıqdan sonra 23.10.2019-cu il tarixdə 160 sm ölçüdə Astor şifoner, 350 sm ölçüdə Fendi koltuk, 60 sm ölçüdə komidin, 5sm x 200sm ölçüdə taxt alt hissə, 110 sm x 20 sm ölçüdə şifoner aynası, 200 sm ölçüdə şifoner aynası, puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab), 130 sm ölçüdə benc və özəl parça ilə 200 sm x 280 sm ölçüdə döşəmə divarı sifariş verərək aralarında podrat müqaviləsi bağlanmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin göstərdiyi malların qiyməti hesablanaraq 51.850 manat dəyərində qiymətləndirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh həmin qiymətlə razılaşaraq sifariş verdiyi malın 25.500 manat pulunu əvvəlcədən ödədi, 26.350 manat borcu qalmışdır. Bir müddətdən sonra qarşılıqlı iddia üzrə cavabdeh yoldaşı ilə mağazaya gələrək qaynının rəhmətə getdiyini və malların gətiriləcəyi vaxtını özləri deyəcəyini bildirlilər. Bir neçə aydan sonra qarşılıqlı iddia üzrə cavabdeh mağazaya gələrək sifariş verdiyi malların gətirilməsini bildirdi. Qarşılıqlı iddia üzrə iddiaçı da həmin malları Türkiyədən sifariş etdi və birinci dəfə sifariş verilmiş malların bir qismi gətirilərək, həmin mallardan dəyəri 28.400 manat olan 160 sm ölçüdə astor şifoner, 350 sm ölçüdə Fendi koltuk, 60 sm ölçüdə komidin, 5 sm x 200 sm ölçüdə taxt alt hissə, 110 sm x 20 sm ölçüdə şifoner aynası, 200 sm ölçüdə şifoner aynası və özəl parça ilə 200 sm x 280 sm ölçüdə döşəmə divarı olan malları qarşılıqlı iddia üzrə cavabdehin evinə çatdırılaraq quraşdırılmışdır. Sifariş olunan digər malların puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab) və 130 sm ölçüdə bencin Türkiyədən gətirilməsi 3 gün gecikdiyinə görə qarşılıqlı iddia üzrə cavabdeh bəhanə edərək malları götürmək istəmədiyini və apardıqları malları da qaytarmaq istədiklərini bildirdilər. Halbuki qarşılıqlı iddia üzrə cavabdehin sifariş verdiyi yataq dəsti və digər əşyalar onun otaqlarının ölçülərinə uyğun sifariş verilmişdir. Həmin əmlakların başqasına satılması qeyri mümkündür. Dəfələrlə qarşılıqlı iddia üzrə cavabdehə sifariş verdiyi əmlakların ödənilməmiş 26.350 manat pulun ödənilərək, puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab) və 130 sm ölçüdə bencin “X13" mebel mağazasından aparılmasını bildirsə də, o, pulu ödəməyərək sifariş verdiyi mebel mallarını aparmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı da, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, 25.10.2019-cu il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh ümumi dəyəri 11.050 manat məbləğində olan çölü 160 sm, içi 140 sm ölçüdə etro koriola-komidin, 130 sm ölçüdə 1 ədəd etro şifoner və etro puf yataq dəsti sifariş vermişdir. Həmin yataq dəsti qarşılıqlı iddia üzrə cavabdehin mənzilinə çatdırılaraq quraşdırılmış və pulu da tam ödənilmişdir. Onunla cavabdeh İddiaçı arasında bağlanmış 23.10.2019 və 25.10.2019-cu il tarixli müqavilələr podrat hüquq münasibətlərini yaradır. Sifarişçinin işi podratçı tərəfindən yerinə yetirilsə sə, sifarişçi pulu ödəməmişdir. Halbuki iddiaçı ilə cavabdeh araslında bağlanmış müqavilədən görünür ki, sifarişçi 51.850 manat pulu ödəyərək sifariş verdiyi əmlakları qəbul etməyə borcludur. Dəfələrlə iddiaçıya sifariş verdiyi malın qalan hissəsinin aparılması barədə bildirilsə də, həmin malları aparmayaraq qalan pulun ödənilməsindən imtina etmişdir. Əgər sifarişçi işi podratçıdan qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməsə də, işin haqqını və zərərin əvəzini ödəməyə borcludur. Səbədlərdən göründüyü kimi o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əgər iddiaçı ona sifariş etdiyi malın dəyərini vaxtında ödəsəydi, o, qazanc əldə etdiyi pulla adi mülki dövriyyə şəraitində gəlir əldə edərdi. Ona görə də, onun ziyan (əldən çıxmış fayda) tələb etmək hüququ yaranmışdır. Cavabdeh öhdəliklərini vaxtında icra etmədiyindən onun cavabdehdən ələdn çıxmış fayda olaraq 50000 manat pul vəsaitini tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən sifariş edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun X2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahış etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili Heydərov Mərdan Xudayar oğlu ilkin iddianı qəbul etmədiyini və əsassız olduğundan rədd olunmasını bildirmiş, qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ekspert X6 bildirmişdir ki, o, iş üzrə vermiş olduğu rəyi müdafiə edir. Rəy vermək üçün həm saxlanc yerində olan mallara, həm də mağazada olan vitrindəki və anbardakı mallara baxış keçirilmişdir. Baxış zamanı mallar mağazada olan mallar ilə uyğun gəlirdi, hər hansısa qüsur görməmişdir. Əmtəə baxışına əsasən mebellər fabrik üsulu ilə hazırlanmışdı. Baxış zamanı saxlancda olan mallarda ölçü aparılmayıb. Saxlancda olan mebellərin neçənci sort taxtadan hazırlanması, mebellər düzəldilərkən hansı ağacdan istifadə olunması, mebellərin adı, mebellərin sayı, mebellərin miqdarı, “Etro” markalı yataq dəstinin adı, “Etro” markalı yataq dəstinin hansı ağac və dəmirdən hazırlanması barədə məlumatı yoxdur. Türkiyədən göndərilmiş sənədlərə əsasən rəy verilib. Məhkəmə, iclasın yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını və ekspertin ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Sifariş forması” adlandırılan iki ədəd 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli əqdlərdən görünür ki, cavabdehə məxsus «X13» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını İddiaçı təhvil vermək öhdəliyini, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəmək öhdəliyini üzərinə götürmüş, qeyd olunan əqdlər üzrə iddiaçı tərəfindən 33150 manat ödəniş edilmişdir. İş materiallarında olan ******* nömrəli, 26.10.2019-cu il tarixli Qaimə Fakturadan görünür ki, İddiaçı tərəfindən «X13» mebel mağazasına 3400 manat ödəniş edilmişdir. İş materiallarında olan 18.04.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanında yerləşən ümumi sahəsi 11641.8 kv/m olan qeyri-yaşayış binasının ona məxsus əsas sahədən 1000 kv/m icarəçi Cavabdeh4 verir, icarə müddəti 18.04.2020-ci il tarixədək müəyyən edilir. İş materiallarında olan 11.02.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanında yerləşən ümumi sahəsi 11641.8 kv/m, əsas sahəsi 9884.4 kv.m, köməkçi sahəsi 1757.4 kv/m olan qeyriyaşayış binasının ona məxsus əsas sahədən 1000 kv/m köməkçi sahədən 250 kv/m icarəçi Cavabdeh4 verir, icarə müddəti 11.02.2021-ci il tarixədək müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 18.03.2020-ci il tarixli, 1000-170-22/005900 nömrəli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Türkiyə Respublikası vətəndaşı Cavabdeh1, Azərbaycan Respublikası vətəndaşları Cavabdeh2, Cavabdeh3 və «X13» mebel mağazasının adlarına 2019-2020-ci ilin yanvar-fevral ayları ərzində hər hansı malın idxalı haqqında məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin 30.03.2020-ci il tarixli, **********872800 nömrəli cavab məktubundan görünür ki, 30.03.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən Cavabdeh1, Cavabdeh2 və Babək prospekti 41A ünvanında yerləşən «X13» adlı mebel mağazasının vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir. Cavabdeh3 (VÖEN **********) 24.05.2013-cü il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 17.03.2020-ci il tarixli, **********627900 nömrəli cavab məktubundan görünür ki, vergi ödəyəcilərinin reyestrində 12.08.1992-ci il təvəllüdlü Cavabdeh3 (VÖEN: 1********) 24.05.2013-cü il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziyi şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Həmçinin reyestrdə 02.09.1976-cı il təvəllüdlü Cavabdeh1 və 09.05.1987-ci il təvəllüdlü Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları barədə mövcud deyildir. Uçot məlumat bazasında «X13» adlı mebel mağazasının qeyd edilən ünvanda uçotda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08.05.2021-ci il tarixli, 1000-170-22/0077658 nömrəli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Cavabdeh4 tərəfindən (VÖEN: **********, FİN: xxxxxxx) 2019-cu il və 2020-ci ilin yanvar-fevral ayları ərzində Türkiyə Respublikasından mebellərin idxalı haqqında məlumat yoxdur. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki,

1. «Sifariş forması» adlandırılan iki ədəd, 23.10.2019-cu il tarixli, 0157 №-li və 0161 №li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvazimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «X11 mebel mağazasında yerləşən və iddiaçının saxlanca yerdiyi») əmlaklar üzərində istehsal markasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartlarının (normativ sənədlərin) işarəsi göstərilməmişdir. Bu səbəbdən də, həmin əşyaların istehsal markasına uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmadı. 2. Mebel əşyalarının üzərində etiket (yarlıq) mövcud olmadığından, bu sualın ikinci hissəsinə dair rəy vermək mümkün deyildir. 3. Mebel əşyalarının üzərində istehsal markasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və tsandartların (normativ sənədlərin) işarəsi göstərilmədiyindən, mebel əşyalarının Türkiyyə Respublikasında fəaliyyət göstərən fabrik və ya zavodlarında istehsal olunmasını müəyyən etmək mümknü olmadı. Bu səbəbdən də, mebel əşyalarının hansı üsul ilə istehsal olunmasına dair rəy vermək qeyri-mümkündür. 4. Mebel əşyalarının üzərində keyfiyyət sertifikat mövcud deyildir. 5. Mebel əşyalarının üzərində istehsal markasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və keyfiyyət sertifikatı mövcud olmadığından, «Frendi» adı altından koltukun (divanın), «Astor» adı altında şifonerin, «Etro» adı altında koriolanın və 1 ədəd komidinin faktiki xüsusiyyətlərinin (artikul, sort və s) və keyfiyyətinin həmin firmalar (brendlər) tərəfindən istehsal olunan müvafiq mebel xüsusiyyətlərinə və keyfiyyətinə uyğun olub-olmamasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07.09.2021-ci il tarixli, 9/3523 nömrəli ekspert rəyindən görünür ki, «Sifariş forması» adlandırılan iki ədəd, 23.10.2019-cu il tarixli, 0157N-li və 0161N-li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvəzimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «X14») mebel mağazasında yerləşən və iddiaçının saxlanca verdiyi) əmlaklar üzərində istehsal markası müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, istehsal yeri və sttandratları barədə (normativ sənədlərin) heç bir məlumat yoxdur. Həmin əmlakların etiketi (yarlığı) olmamaqla üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən hər hansı bir sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, onun sertifikatlaşdırılması haqqında məlumat göstərilməmişdir. 16.07.2021-ci il tarixli «Seçmə Luxury» və 31.07.2021-ci il tarixli «AKM Luxury» sənədlərdə həmin mebellərin modeli, ölçüləri, Türkiyə Cümhuriyyətinin fabrik istehsalı olduğu göstərilməklə «Karabaq Lojistik» şirkəti tərəfindən göndərildiyi müəyyən edilir. Həmin əmlaklar üzərində keyfiyyət sertifikatı yoxdur. Təqdim olunan «Fendi» adı altında koltukun (divanın), «Astor» adı altında şifonerin, «Etro» adı altında korialanın və 1 ədəd komidin faktiki xüsusiyyətləri (artikul, sort və s.) və keyfiyyəti fabrik tərəfindən istehsal olunan müvafiq mebel mallarının xüsusiyyətlərinə və keyfiyyətinə uyğundur. Belə ki, ekspertiza tədqiqatına təqdim edilən malların üzərində hər hansı bir istehsal qüsuru aşkar edilmədi. Həmin malların hazırlanmasında, tikilişində qüsurların olmaması onların fabrik üsulu ilə istehsal olunduğuna dəlalət edir. Yuxarıda göstərildiyi kimi, tərəflərin hüquq münasibətləri mebel sifarişi haqqında İddiaçı ilə «X13» mebel mağazası arasında bağlanmış 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqddən yaranmışdır ki, həmin əqdlərə əsasən cavabdehə məxsus «X13» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını iddiaçıya təhvil vermək öhdəliyini, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəmək öhdəliyini üzərinə götürmüşdür. Qeyd olunan əqdlər üzrə iddiaçı tərəfindən cəmi 36550 manat ödəniş edilmişdir. Beləliklə, tərəflər arasında qeyd edilən müqavilələrin bağlanılması işin mübahisələndirilməyən halıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fıziki və hüquqi şəxslərin azad sufətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci mad.). Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir. Bununla yanaşı, qanunverici müqavilənin vaxtından əvvəl ləğv edilməsini də nəzərdə tutur. Lakin buna yalnız müəyyən əsaslar olduqda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunun qeyd olunan normalarının tələblərindən göründüyü kimi, öhdəliyin yerinə yetirilməməsi dedikdə müqavilə şərtlərinin pozulması və ya lazımınca yerinə yetirilməməsi başa düşülür. İddiaçı tərəfındən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə mebel sifarişi barədə 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqd bağlamış, həmin əqdlərə əsasən cavabdehə məxsus «X13» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəməyi üzərinə götürmüş və iddiaçı qeyd olunan əqdlər üzrə 36550 manat ödəniş etmişdir. Bununla yanaşı, müqavilədə razılaşdırılan müddət ərzində həmin mebellər gətirilməmiş, mebelin bir hissəsi gecikdirilməklə gətirilmişdir ki, həmin mebellər də sifariş verilən mebellərdən köklü surətdə fərqli olmuş, qüsurlu olmuş və iddiaçı tərəfindən sifariş verilən malların mənşəyi, keyfiyyəti və ölçüləri haqqlnda sertifikatların tələb edilməsinə baxmayaraq, cavabdeh tərəf həmin mallara dair sertifikatları da iddiaçıya təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh sifariş edilən mebellərin məhz Türkiyədə fabrik üsulu ilə istehsalı olmasına və Türkiyədən idxal olunmasına dair iddiaçıya hər hansı sübutu təqdim edə bilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflərin bağladıqları əqddə göstərilən mebellərin Türkiyədə istehsal olunmasına və Azərbaycana gətirilməsinə dair sübutlar cavabdeh tərəfindən işə baxılarkən də məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3523 saylı, 07.09.2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, «Sifariş forması» adlandırılan iki ədəd, 23.10.2019-cu il tarixli, 0157N-li və 0161N-li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvəzimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «X14» mebel mağazasında yerləşən və iddiaçının saxlanca verdiyi) əmlaklar üzərində istehsal markası müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, istehsal yeri və sttandratları barədə (normativ sənədlərin) heç bir məlumat yoxdur. Həmin əmlakların etiketi (yarlığı) olmamaqla üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən hər hansı bir sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, onun sertifikatlaşdırılması haqqında məlumat göstərilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 16.07.2021-ci il tarixli “Seçme Luxury”, 31.07.2021-ci il tarixli “AKM Luxury” və 31.07.2021-ci il tarixli “Vessev interior project”in məktublarında «Sifariş forması» adlandırılan əqdlərdə göstərilən mebellərin həmin fabriklərdə hazırlanaraq «X14» mebel mağazasına göndərilməsi üçün karqoya təhvil verilməsi qeyd olunsa da, məhkəmənin sorğusuna Dövlət Kömrük Komitəsinin cavab məktublarından görünür ki, «X13» mebel mağazasının adına, həmçinin Cavabdeh4 tərəfindən 2019-cu il və 2020-ci ilin yanvarfevral ayları ərzində Türkiyə Respublikasından mebellərin idxalı haqqında məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh “Sifariş forması” adlı əqdlər üzrə müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı 20.02.2020-ci il tarixdə cavabdehə təklif göndərərək, «Sifariş forması» adlandırılan iki əqd üzrə cavabdeh tərəfindən Türkiyə istehsalı olan əşyaların gətirilməsi barədə öhdəlik götürüldüyü, həmin sifarişə görə iddiaçı tərəfindən 36550 manat beh ödənildiyi, lakin dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öhdəliklərin hal-hazıradək yerinə yetirilmədiyi bildirilmiş, ona görə də, əqdlər üzrə tərəfindən ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin 3 gün müddətində ödənilməklə müqavilələrə xitam verilməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının bu təklifinə hər hansı cavab verilmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmş müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması halı müəyyən edildiyindən, iddia tələbi «Sifariş forması» adlı iki ədəd əqdin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin iki əqd üzrə ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin və mənəvi ziyanın əvəzi kimi 36500 manat məbləğin cavabdehlərdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən beh məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bağlanmış əqdlər üzrə ödənilmiş 36550 manat məbləğ beh məbləği deyildir, həmin məbləğ avans kimi ödənilmiş sayılmalıdır, belə ki, əqdlərdən görünür ki, iddiaçı mebellərin bir hissəsinin dəyərini avans kimi cavabdehə ödəmiş, qalan hissəsinin dəyərini isə müqavilədə göstərilən müddətdə mebellər təhvil verildikdə ödəmək barədə razılığa gəlinmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi iki əqd üzrə ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin cavabdehlərdən tutulması hissəsində qismən təmin edilməli, iki əqd üzrə ödənilmiş 36550 manat Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddianın dəlillərini müzakirə edərək hesab edir ki, yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış ümün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDI:

İddia qismən təmin edilsin. İddiaçı ilə «X13» mebel mağazası arasında bağlanmış 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqd ləğv edilsin. Cavabdeh Cavabdeh4 əqdlər üzrə ödənilmiş 36 550 (otuz altı min beş yüz əlli) manat, hüquqi xidmətə görə 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı qızına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh4 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X3, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar