Məhkəmə qərarları › İş №2(009)-858/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-858/2021

01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-858/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 mənzil 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı “Cavabdeh” İB-nin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan sonra məlumat vermişlər ki, sayğacda problem olmuş, buna görə akt tərtib olunmuşdur. Belə ki, onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən sayğacın klapanının işlək olmaması, sayğacın çıxış borusunun deşik olması qeyd edilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq ümumilikdə 216 manat borc yazılmışdır. Hesab edir ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi akt tamamilə qanunsuz və əsassızdır. Göründüyü kimi, onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Göründüyü kimi, hazırki iddia ərizəsi üzrə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi ”Qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Göstərilənləri nəzərə alaraq iddiaçı “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00000 nömrəli abonent koduna hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, sayğac evdən kənarda quraşdırılmışdır, sayğac dəyişdirilərkən onun plombu üzərində olmuş, hər hansı müdaxilə halı aşkar edilməmişdir. Bir aydan sonra onlara məlumat vermişlər ki ,güya onlar tərəfindən sayğaca müdaxilə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 29 saylı evin 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın kserosurətindən görünür ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, 47 saylı evdə qaz sayğacına baxış keçirilən zaman sayğacın istifadə müddəti bitdiyi olduğu üçün əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktın kserosurətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvan 1 mənzil 1 ünvanda yoxlama aparılarkən sayğacın klapanı işlək olmaması, sayğacın çıxış plastmas borusunun deşik olması, istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş üzrə abonentin (kod **********00000) abonent saldosundan görünür ki, ona 2021-ci ilin yanvar ayında 216 manat əlavə borc hesablanmışdır. İş üzrə “Cavabdeh” İB-nin xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacda olan qüsur və müdaxilə nəticəsində itirilmiş qazın bərpası və dəymiş ziyan həcmi kimi 90 gün hesabatı ilə 2160 kub metr əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçının mülkiyyətindəki evə aid olan sayğaca baxış keçirilmiş və sayğacın istifadə müddəti bitdiyi üçün onun əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və xx.xx.2021-ci il tarixli akta əsasən sayğacın klapanı işlək olmaması, sayğacının çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Qüsura görə müəyyən edilmiş nəticə “qaz itkisi, müdaxilə” olmuşdur. Həmin akt əsasında xx.xx.2021-ci il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında iddiaçıya 216 manat əlavə borc hesablanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı mənzildən kənarda quraşdırılmış qaz sayğacı “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, sayğac dəyişdirilərkən köhnə sayğacda hər hansı bir qüsurun aşkar edilməsi müəyyən edilmədiyindən xx.xx.2020-ci il tarixli ******* saylı aktda hər hansı qüsur barədə qeydiyyat aparılmamışdır. Belə olan halda xx.xx.2021-ci il tarixli aktda sayğacın çıxış borusunun deşilməsi halının sayğac çıxarılmamışdın əvvəl mövcud olmasının göstərilməsi şübhə doğurur və əsaslı hesab edilə bilməz. Yəni bu hal sayğac çıxarılarkən aşkar olunmadığı üçün sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi halının mövcud olması təsdiq edilmir. «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətindəki evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən istehlakçıya qazın verilməsi alqı-satqı müqaviləsi əsasında həyata keçirilir və bu münasibətlər öz xarakterinə görə mülki münasibətlərdir. «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya əlavə borc hesablanması və həmin borcun abonentin abunə hesabına (kartına) keçirilməsi ilə bağlı hərəkətləri də qanunsuz olmuşdur. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Cavabdeh» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin (əlavə hesabatın) tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən həyata keçirilə bilər və cərimənin tətbiq edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, cavabdeh «Cavabdeh» İB müvafiq icra hakimiyyəti orqanı olmadığından, onun istehlakçı barəsində hər hansı sanksiya tədbiri tətbiq etməyə hüququ və ixtiyarı yoxdur. Yəni istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə borcun hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməli, onun əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərar ləğv edilməli və həmin qərar əsasında cavabdeh təşkilatın iddiaçıya sayğaca müdaxilə nəticəsində onun abunə hesabında yazılmış 216 manat borc silinməlidir. Məhkəmə izah edir ki, cavabdeh itirilmiş qazın bərpası ilə bağlı vurulmuş ziyanın tutulması ilə əlaqədar iddiaçıya qarşı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» İB tərəfindən İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, 29 saylı evin 1 saylı mənzilinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt etibarsız hesab edilsin, onun əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərar ləğv edilsin və həmin qərar əsasında “Cavabdeh” İstehsalat Birliyi tərəfindən iddiaçının abunə hesabına (**********00000) yazılmış 216 manat əlavə borc silinsin. «Cavabdeh» İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar