Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-862/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi E.İddiaçı, Cavabdehin nümayəndəsi R.A.Nəsirovun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun yenidən hesablanması və silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun yenidən hesablanması və silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında olan mənzili xx.xx.2023-cü il tarixdə X1. Əşyaların köçürülməsi və kommunal borcların ödənilməsi üçün 2023cü ilin sentyabr ayının 19-dək mənzilin tam şəkildə təhvil verilməsi üçün möhlət hüququ verilmişdir. Tərəflərindən (oğlu X6 tərəfindən) "xxxx" ASC-yə onlayn şəkildə müraciət edərək evdə istilik olmadığı, istilik haqqının artıq hesablandığı eləcə də borcun silinməsini xahiş etmişlər. Parallel olaraq yeni ev sahibi M.Xələfova tərəfindən "xxxx" ASC-nin Nizami rayon 4 saylı İstilik İdarəsinə sənədləri öz adına keçirmək üçün müraciət olunmuş, lakin borcun olduğu və ödəndikdən sonra mümkün olacağı bildirilmişdir. Məlumat üçün bildirir ki, 2013-2023-cü illər arasında "xxxx" ASC-yə istilik haqqı ilə bağlı ödəniş olunmamışdır. Ödənişin edilməməsinə səbəb isə istiliyin olmaması, evin 3 otaqlı olmasına baxmayaraq yalnız 2 otağında istilik xətlərinin olması, ən böyük otaq və mətbəxdə istilik xəttinin olmaması, lakin ümumi olaraq 3 otaq üçün istilik haqqının hesablanması olmuşdur. Ümumiyyətlə binanın o hissəsində istilik xətti olmamışdır. 2014-2015-ci illərdə dəfələrlə müraciət edilməsinə baxmayaraq müraciətlərə baxılmamaqla, nə digər otaqlar üçün istilik xətti çəkilməmiş, nə də istilik haqqının düzgün hesablanması həyata keçirilmişdir. Belə ki, 2014-cü ilin dekabr ayında şifahi şəkildə bir neçə dəfə müraciət etdikdən sonra “yanvar ayında ödəniş edin müraciətinizə baxaq” deyə bildirilmiş, xx.xx.2015-ci il tarixdə 12 manat ödəniş olunmasına baxmayaraq yenə də müraciətə baxılmamışdır. 2023-cü ilin sentyabr ayında onlayn şəkildə müraciət etdikdən və bir cavab ala bilmədikdən sonra xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə yaxınlaşaraq müraciətinin nəticəsi ilə maraqlandıqda, evin çıxarışının, eləcə də illər üzrə "xxxx" ASC-dən olan çıxarış tələb olunmuş və tələb olunan sənədlərin nüsxələri tərəfindən onlayn qaydada cavabdehin mailto:amx-istilik@mail.ruElektron ünvan elektron poçt ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Vətəndaşların müraciətləri haqqında Qanununun müvafiq maddələrinin tələbləri pozularaq "xxxx" ASC-də “İstilik təhcizatı xidmətlərindən imtina və borcların araşdırılması ilə bağlı istehlakçıların müraciətlərin araşdırılması üçün daimi fəaliyət göstərən komissiyada müraciətinizin araşdırılması ilə bağlı zəruri tədbirlər görüləcəkdir” cavabı verilmişdir. Bundan sonra "xxxx" ASC-nin əməkdaşları ilə dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlasa da, komissiya şəklində ərazidə yoxlamaların olduğu bildirilmişdir. xx.xx.2023-cü il tarixdə əməkdaşla “whatsapp” tətbiqi ilə əlaqə saxlayaraq mənzilə noyabr ayında baxış keçirildiyini və nəticə barədə məlumat verməyini istədikdə, “nəticəsi olsun, sizə xəbər edərəm” deyə bildirilmiş, lakin yenə də nəticə barədə rəsmi cavab verilməmişdir. Buradan vətəndaş süründürməçiliyinə yol verildiyi açıqaşkar göz qabağındadır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə yenidən “whatsapp” tətbiqi üzərindən "xxxx" ASC-nin əməkdaşı ilə əlaqəd saxladıqda “Sistemdə sizin mənzildən ödəniş edildiyi üçün borcunuz silinməyəcək” deyə cavab verilmiş, yenə də nə komissiyanın cavabı, nə də müraciətə rəsmi qaydada cavab verilməmişdir. Tərəfindən "xxxx" ASC-nin əməkdaşı ilə telefonla əlaqə saxlanılaraq hansı ödənişdən söhbət getdiyi soruşulmuş, cavab olaraq xx.xx.2015-ci il tarixdə 12.00 manat ödənildiyi və bununla da istiliyin olduğunun “sübut” olunduğu, həmçinin komissiya tərəfindən də mənzilə baxış zamanı istiliyin olduğu və borcun silinməyəcəyi bildirilmişdir. Tərəfindən "xxxx" ASC-nin əməkdaşına rəsmi qaydada Komissiyanın qərarı ilə tanış olmaq istədiyini bildirdikdə, Komissiyanın qərarının daxil sənəd olduğu və təqdim edə bilməyəcəyini bildirmişdir. Bundan əlavə ən azından müraciətinə rəsmi cavab verilməsini istəsə belə, bir nəticə verməmiş, cavab verilməyi üçün yenidən müraciət etməli olduğu bildirilmişdir. Etdiyi müraciətə cavab verilmədiyini, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğunu, baş idarəyə yaxınlaşacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin baş idarəsinə yaxınlaşdıqda, abonent və müştəri xidmətləi şöbəsinin rəisinin qəbuluna, yönləndirilmiş, proseslərin hamısını qeyd etdikdən, eləcə də iddia müddətinin ötdüyünü bildirdikdən sonra şöbə müdiri tərəfindən ona müraciətin təkrar komissiyada baxılmağı üçün yenidən müraciət etməli olduğu və məsələnin həllini tapacağı bildirilmişdir. Tərəfindən xx.xx.2023-cü il tarixdə komissiyada yenidən baxılması üçün ərizə ilə yenidən müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli məktubla borcun olduğu kimi saxlanıldığı göstərilmişdir. Hazırda istilik borcuna görə cavabdeh tərəfindən əsassız olaraq ona 346,64 manat borc hesablanmışdır (abonent kodu **********23). Həmin borc qanunsuz hesablandığından borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. "xxxx" ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali üzrə istilik üçün aylıq ödəniş 1 kv.m. yaşayış sahəsi üzrə 0,15 manatla hesablanır. Tarif Şurasının qərarına uyğun olaraq istilik haqqının 1 kv.m. yaşayış üzrə 0,15 manatla hesablanması nəzərdə tutulmuşdur. Evin ümumi sahəsi 45,03 kv.m. olmasına, böyük (zal) otaqda və mətbəxdə istilik xətləri çəkilməməsinə baxmayaraq istilik xətti ümumi sahəyə uyğun olaraq hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" ASC tərəfindən hesablanmış borcun 335,69 manat silinməsi, eləcə də son 3 il üzrə qalan məbləğin düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X6 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 3 otaqlı mənzilin yalnız 2 otağında istilik xətti olmuş, 1 otağında isə istilik xətti olmamışdır. Digər tərəfdən verilən istilik o qədər zəif olmuşdur ki, otaqlar qızmamış, əlavə qızdırıcıdan istifadə etmişdir. İstilik xətti bloka qədər gəlmədiyi üçün 3-cü otağın istilik xəttinin çəkmək mümkün olmamışdır. Ona görə son 3 ilə qədər olan borc silinməli və 3 ilin borcu isə yenidən düzgün hesablanmalıdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil və Mülki Məcəllərinin müvafiq maddələrinin tələblərinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mövcud qanunvericilik və normativ-hüquqi aktlara əsasən binadaxili mühəndis kommunakasiyaların, o cümlədən istilik sistemlərinin saxlanılması və bərpası mənzil mülkiyyətçisi tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən paylanılan istilik xəttinin yalnız binanın girişinə qədər olan hissəsi cəmiyyətin balans mənsubiyyətinə daxildir. İstilik isə normal vəziyyətdə verilmişdir. Abonentin istilik xidməti ilə bağlı borcu tarifə uyğun hesablanmışdır. Bu səbəbdən qaldırılan iddianı əsassız hesab və məhkəmədən onun təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 006648 nömrəli, xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, 8-ci km. qəsəbəsi, Darvin küçəsində yerləşən 30 saylı evin 23 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 mülkiyyətindədir. İş üzrə 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı xx.xx.2023-cü il tarixdən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8 km., Bəhruz Nuriyev (Darvin) küçəsində yerləşən 30 saylı evin 23 saylı mənzili alıcı X1. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, X5 ödəməli olduğu istilik borcu 239,24 manat təşkil etmiş, son ödəniş xx.xx.2015-ci il tarixdə 12 manat təşkil etmişdir. İş üzrə "xxxx" ASC-nin elektron portalında olan məlumata əsasən abonent X5 (abonent kodu **********23) istilik borcu 346,64 manat təşkil etmişdir. İş üzrə "xxxx" ASC-nin Abonent və Müştəri Xidmətləri şöbəsinin rəisi tərəfindən Elnar Haşımova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, mənzilin istilik haqlarının ödənişi ilə bağlı elektron müraciətinə "xxxx" ASC-də baxılmış, "xxxx" ASC-də İstilik təchizatı xidmətlərindən imtina və borcların araşdırılması ilə bağlı istehlakçıların müraciətlərinin araşdırılması üçün daimi fəaliyyət göstərən komissiyada müraciətin araşdırılması ilə bağlı zəruri tədbirlər görüləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 30 saylı evin 23 saylı mənzili üzrə İddiaçı abonent kimi qeydiyyata alınmış və ona həmin mənzil üzrə istilik haqqının əvəzi kimi 346,64 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan mənzili xx.xx.2023-cü il tarixdə X1. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mülkiyyətində olan mənzili xx.xx.2023cü il tarixdə Mehriban Xələfovaya satmış və cavabdeh təşkilata müraciət edərək evdə istilik olmadığı istilik haqqının artıq hesablandığı, həmçinin borcun silinməsini xahiş etmişdir. Eyni zamanda yeni ev sahibi M.Xələfova İstilik İdarəsinə sənədləri öz adına keçirmək üçün müraciət olunmuş, lakin borc olduğu üçün bu mümkün olmadığı bildirilmişdir. 2013-2023-cü illər arasında "xxxx" ASC-yə istilik haqqı ilə bağlı ödəniş olunmamışdır. Ödənişin edilməməsinə səbəb isə istiliyin olmaması, evin 3 otaqlı olmasına baxmayaraq yalnız 2 otağında istilik xətlərinin olması, ən böyük otaq və mətbəxdə istilik xəttinin olmaması, lakin ümumi olaraq 3 otaq üçün istilik haqqının hesablanması olmuşdur. Ümumiyyətlə binanın o hissəsində istilik xətti olmamışdır. 2014-2015-ci illərdə dəfələrlə müraciət edilməsinə baxmayaraq müraciətlərə baxılmamaqla, nə digər otaqlar üçün istilik xətti çəkilməmiş, nə də istilik haqqının düzgün hesablanması həyata keçirilmişdir. Evin ümumi sahəsi 45,03 kv.m. olmasına, böyük otaqda və mətbəxdə istilik xətləri çəkilməməsinə baxmayaraq istilik xətti ümumi sahəyə uyğun olaraq hesablanmışdır. Bu səbəbdən iddiaçı cavabdeh təşkilatı tərəfindən hesablanmış borcun 335,69 manat silinməsi, son 3 il üzrə qalan məbləğin düzgün hesaboanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli 303 saylı qərarı ilə təsdiq olunmuş «İstilik enerjisindən istifadə Qaydaları»nın 6.1.5-ci maddəsinə əsasən istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək istehlakçıların vəzifələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçılarınistilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatının təşkil etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, cavabdeh istehlakçını müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik təchizatı xidmətləri ilə təmin etmək vəzifəsinin daşıyıcısı olduğu kimi istehlakçı da istilik təchizatı xidmətlərinin hesabını vaxtında tam məbləğdə ödəmək vəzifəsini və öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, iddiaçının istilik enerjisindən istifadə ilə bağlı öhdəliyin yaranması üçün onunla cavabdeh arasında həmin xidmətin göstərilməsi ilə bağlı müqavilə olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının istilik təchizatı xidməti ilə əlaqədar cavabdehlə bağladığı müqavilənin yeni mülkiyyətçi ilə bağlanılması barədə müraciətinə həmin xidmətlə əlaqədar borcun mövcud olması səbəbilə imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı 3 otaqlı evin 1 otağında istilik xəttinin mövcud olmadığı təqdirdə borcun real hesablanmaması, 10 il müddətində ödənişin həyata keçirilməməsini istiliyin zəif olması səbəbilə bağlı əlaqələndirsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh təşkilat istiliyin binanın girişinədək verilməsində məsuliyyət daşıdığı kimi onun mənzillərə ötürülməsi mənzil mülkiyyətçilərinin üzərinə düşən öhdəlikdir. Yəni 3 otaqlı mənzilin 1 otağında istilik xəttinin mövcud olmamasına "xxxx" ASC cavabdehlik daşımır. Belə ki, AR Mülki Məcəlləsinin: Maddə 227.1 Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: Maddə 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; Maddə 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; Maddə 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. AR Mənzil Məcəlləsinin: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğuların və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin istilik enerjisindən istifadə ilə əlaqədar Tarif Şurası tərəfindən müəyyən edilmiş iddiaçının mülkiyyətində olmuş mənzil sahəsinə uyğun borcun hesablanması tam qanuni olmuşdur. Beləliklə məhkəmə iddiaçı tərəfindən iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən hesablanmış borcun 335,69 manat silinməsi, eləcə də son 3 il üzrə qalan məbləğin düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-862/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-862/2024
25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver