Məhkəmə qərarları › İş №2(009)-875/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-875/2025

14.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-875/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, Səbail rayonu, Arif İsmayılov küçəsində 2982 nömrəli neft quyusundan 106 metr məsafədə, 399766; ******* coğrafi koordinatlarda yerləşən SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin "Azneft" İstehsalat Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh. X2 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın “Azneft" İstehsalat Birliyinin (İB) "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində 2982 nömrəli neft quyusundan 106 metr məsafədə, 39T 399766; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 17 dekabr 2008-ci ildə təsdiq olunmuş xəritədir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş və iddia tələbinə etiraz edib, sökülməsi tələb edilən yaşayış evinin cavabdehin mülkiyyətində olduğunu göstərərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə X1 mülkiyyət hüququ 14 noyabr 2014-cü il tarixində qeydiyyata alınmışdır. Səbail Rayon MKTB 149 saylı MKİS-nin 19 may 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 10 nömrəli mənzil şəxsi mənzildir, bina Səbail rayon MKTB-nin balansındadır. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 92 nömrəli aktla qeydə alınmış AZ-İ seriyalı, 262229 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 arasında olan nikah xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı tərəf isə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybət” Neft və Qazçıxarma idarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində 2982 nömrəli neft quyusundan 106 metr məsafədə, 399766; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə və orada qanunsuz tikili inşa etməsinə istinad edərək həmin tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə, iddiaçının dəlillərinə qiymət verərək qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil qanunsuz tikili olmamaqla mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfin SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybət” Neft və Qazçıxarma idarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində 2982 nömrəli neft quyusundan 106 metr məsafədə, 399766; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmasına” dair dəlillərini əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının bununla bağlı dəlilləri əsassız olduğundan iddia rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar