Məhkəmə qərarları › İş №2(009)-892/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-892/2021

29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-892/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın üzərində heç bir əzik, zədə və ya cızıq olmamışdır. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, həmin sayğacda problem olub, sayğacın şüşəsi sınıb. Buna görə Akt tərtib olunub. Həmin sayğac 20 ildir ki, onun istifadəsində olub, istismar qaydası bitmişdir. Nəzarətçilərin dediyinə görə isə sayğac dayanmışdır. “Cavabdeh” İB-nin ******* saylı 29.03.2019-cu il tarixli aktında qeyd edilmişdir ki, sayğacın qoruyucu şüşəsi sınmışdır. Akta imza etməkdən imtina etməyi qeyd edilmişdir. Bütün bunlar qeyd olunan aktın ləğvi üçün əsasdır. Hesab edir ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən köhnə qaz sayğacı yenisi ilə əvəz edilərkən, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərək, kənar, yad müdaxilələrdən mühafizə edilərək, sözügedən sayğacın labaratoriyaya qədər hər hansı bir zədə almadan çatdırılmasını təmin etməlidirlər. Bu zaman yenisi ilə əvəz edilən köhnə qaz sayğacı abonentin ünvanındakı kimi, yəni qaz sayğacının əvəz edilərək dəyişdirilməsinə qədərki vəziyyətdə saxlanılacaqdır. Bundan başqa, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərkən sonrakı mərhələdə, yəni labaratoriyada onun möhürü şəffaflıq nöqteyi nəzərdən abonentin ora dəvət edilməsi yolu ilə onun yanında və onun iştirakı ilə açılmalıdır. Halbuki nədənsə belə hallara rast gəlinmir. Həmçinin bildirir ki, yeni qaz sayğacı da “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırıldıqdan sonra müşahidə etmişdir ki, sayğacı düzgün quraşdırmayıblar. Tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin ona məxsus mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçı olaraq onun təqsirini sübuta yetirmədən, ondan sayğacın dəyərini və qaz sərfıyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 izahat verərək iddianın qəbul etmədiyini əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı ünvan 2 ünvanının təbii qaz istehlakçısıdır. İş materiallarında olan 25.01.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğac sərfiyyatı qeydə alınmadığı üçün GALLUS tipli, G-4 markalı, ******* nömrəli sayğac dəyişdirilərək yerinə İtran tipli, G-4 markalı, STS**********6 nömrəli sayğac quraşdırılmışdır. 29.03.2019-cu il tarixdə “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın qoruyucu şüşəsinin sındığı barədə ******* nömrəli akt tərtib edilmişdir. Beləliklə, məhkəmə mübahisənin xarakterini nəzərə alaraq mülki işin hüquqi həlli ilə bağlı bildirir ki, “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Adı çəkilən normanın məzmunu və legitim məqsədindən göründüyü kimi, qanunverici zədələnmiş qaz sayğacının istehlakçının vəsaiti hesabına yenisi ilə əvəz edilməsini məhz zədələnmənin istehlakçının təqsiri üzündən baş verdiyi halda mümkün hesab etmişdir. Bu baxımdan, yalnız sadalanan şərtlər mövcud olduğu halda istehlakçı zədələnmiş qaz sayğacına görə məsuliyyət daşıyır. O da nəzərə alınmalıdır ki, təqsir dedikdə, şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) və bu əməlin nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Ağırlıq dərəcəsindən asılı olmayaraq, təqsir şəxsin qınanıla bilən davranışıdır. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan istisna qanunvericilikdə birbaşa və birmənalı şəkildə göstərilməlidir. Lakin hazırki mülki işdə İddiaçı yaşadığı ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacında zədələnmənin onun təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyi sübuta yetirilmir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Odur ki, qaz sayğacının işlək vəziyyətində qalmasına görə məsuliyyət daşıyan “Cavabdeh” İB sayğacda yaranmış zədələrin istehlakçının təqsiri üzündən baş verməsi halını sübut etməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. “Cavabdeh” İB X3 sahəsində abonent kimi qeydiyyata alınmış ünvan 2 ünvana hesablanmış 486 (dörd yüz səksən altı) manat borc İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvana hesablanmış 486 (dörd yüz səksən altı) manat borc İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar