Məhkəmə qərarları › İş №2(009)-906/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-906/2023

03.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-906/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi V.Y.Əliyevin, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X1 İcraiyyə Komitəsi) xx.xx.1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın İddiaçı (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2982 nömrəli neft quyusunun mühafizə zonasında, 39 T 399677; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın İddiaçı (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2982 nömrəli neft quyusunun mühafizə zonasında, 39 T 399677; ******* coğrafi koordinatlarda yerləşən SOCAR-ın İddiaçı (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 22 il bundan əvvəl torpaq sahəsinin bir şəxsdən almışdır, uzun müddət həmin torpaq sahəsində ev tikməyə imkan verməmişlər, sonra NQDU-nun rəhbərliyinə müraciəti və müvafiq şəxslərə pul verməklə evi tikmiş və hazırda ətrafda 50dən çox tikili mövcuddur. O, özü müharibə veteranıdır, qazidir, yalnız ona qarşı belə tələb irəli sürülməsi ilə razı deyil. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin topoqrafik planından çıxarışının surətindən görünür ki, Cavabdeh istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi (399677, ******* coğrafi koordinatlarda yerləşən) “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir, Cavabdeh istifadəsində olan sahədən 13 m. məsafədə 2982 saylı işlək neft quyusu mövcuddur. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən: -1-ci sual üzrə: Cavabdeh istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi (399682, ******* soğrafi koordinatlarda yerləşən) elektron kadastr məlumat bazasına əsasən “Bibiheybətneft” NQÇİ-nin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən 2982 nömrəli neft quyusundan 16 metr aralı məsafədə yerləşməklə neft quyusunun mühafizə zonasındadır. -2-ci sual üzrə: elektron kadastr məlumat bazasına əsasən cavabdehin istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi ARDNŞ-nin kontrakt ərazisi olmaqla sənaye təyinatlıdır və dövlət mülkiyyətindədir. Mövcud vəziyyətdə torpaq sahəsi yaşayış massivində yerləşir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X1 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (399682;4466064 coğrafi koordinatlarda) ünvan 1 ünvanında, 2982 nömrəli neft quyusunun mühafizə zonasında cavabdeh tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Bu səbəbdən iddiaçı həmin tikintinin sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşdiyi torpaq sahəsi “Bibiheybətneft” NQÇİ-nin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir, 2982 nömrəli neft quyusundan 16 metr aralı məsafədə yerləşməklə neft quyusunun mühafizə zonasındadır. Cavabdehin istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi ARDNŞ-nin kontrakt ərazisi olmaqla sənaye təyinatlıdır və dövlət mülkiyyətindədir. Mövcud vəziyyətdə torpaq sahəsi yaşayış massivində yerləşir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, iddiaçı torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırki tələblə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin yaşadığı tikili İddiaçınə məxsus torpaq sahəsində inşa olunduğundan və həmin tikili qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edilərək statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, iş üzrə keçirilmiş 95 manat ekspertiza xərci iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 95 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1 ünvanında, 2982 nömrəli neft quyusunun mühafizə zonasında, 39 T 399677; ******* coğrafi koordinatlarda yerləşən SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili Cavabdeh vəsaiti hesabına sökülsün, cavabdeh tərəfindən həmin ərazi boşaldılsın və zəbt edilmiş torpaq sahəsi İddiaçı istifadəsinə qaytarılsın. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat və keçirilmiş və iddiaçı tərəfindən ödənilmiş ekspertiza xərcinin əvəzi kimi 95 (doxsan beş) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar