Məhkəmə qərarları › İş №2(009)-922/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-922/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-922/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçı və Cavabdeh2 icra məmuru X2 iştirakları ilə, İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2nə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, YP № 054 saylı 30 dekabr 2020-ci il tarixli protokolun və icra məmurunun 11.11.2020-ci il tarixli məktubunun etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 icra məmuru 11.11.2020-ci il tarixli məktuba hərrac təşkilatına müraciət edərək, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 74,06 kv.metr olan mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş vermişdir. “xxxx” MTK ilə iddiaçı arasında imzalanmış 10 may 2018-ci il tarixli “birgə fəaliyyət haqqında” müqaviləyə əsasən “xxxx” MTK-ya məxsus Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının “A” blokunun 10,11,12,13,14,15,16-cı mərtəbələrinin tikinti işləri iddiaçının vəsaiti hesabına inşa edilmişdir. “xxxx” MTK müqaviləni icra edərək, binanın qeyd edilən mərtəbələrində inşa edilən sahələri, o cümlədən 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 74,06 kv.metr təşkil edən mənzili iddiaçının adına rəsmiləşdirərək, müvafiq sənədləri iddiaçıya təqdim etmişdir. Sözügedən mənzil iddiaçının vəsaiti hesabına inşa edilib və onun mülkiyyətindədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, “xxxx” MTK-nın rəhbərliyi ilə qohum olduğundan ona etibar etmiş, o səbəbdən maliyyə arayışını müqavilə bağlandığı tarixdə deyil, 20 may 2020-ci il tarixdə əldə etmişdir. Keçirilmiş hərrac barəsində ona heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə cavabdeh icra məmuru iddia tələbini qəbul etməyərək, iddianın tamamilə əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “X1 Mərkəzi” MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyi üçün məhkəmə həmin təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan: 10 may 2018-ci il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin mətnindən görünür ki, tərəflər razılıq imzalayırlar ki, ünvan 1 ünvanında inşa edilən 18 mərtəbəli yaşayış binasının “A” blokunun 10,11,12,13,14,15,16-cı mərtəblərinin tikinti işləri İddiaçı hesabına maliyyələşdirilir. Qeyd edilən yaşayış sahələri İddiaçı hesabına inşa edildiyi üçün həmin sahələr İddiaçı mülkiyyəti hesab edilir, sahələrin satışı yalnız İddiaçı razılığı əsasında aparılır. YP-054 nömrəli 30 dekabr 2020-ci il tarixli Satış protokolunun surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən binada yerləşən ümumi sahəsi 74,06 kv.metr olan mənzil keçirilmiş hərrac nəticəsində 57,026 manat pul müqabilində X3 tərəfindən əldə edilmişdir. “xxxx” MTK tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 12.08.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icraatında olan 21.05.2020-ci il tarixli icra sənədi ilə bağlı MTK tərəfindən icra sənədində qeyd olunan 57,885 manat məbləğin hal-hazırda pul şəklində ödənilməsi mümkün deyil. Lakin “xxxx” MTK ünvan 1 ünvanında inşa edilən yaşayış binasında 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilin qiymətləndirilərək hərrac vasitəsi ilə satılmasını və həmin mənzilin satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini təklif edir. DƏDRX tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 26.10.2020ci il tarixli məktubda qeyd edilmişdir ki, icra məmurunun 15 sentyabr 2020-ci il tarixli qərarı nəzərə alınaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında “xxxx” MTK-ya məxsus ünvan 1 ünvanında inşa edilən yaşayış binasında 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilin üzərinə qadağa qoyulmuşdur. Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.1.1.6-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab edilir. 144-1.4-cü maddəsinə əsasən bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci bəndinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Məhkəmə işdə olan sübutları qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, sözügedən mənzil barəsində İddiaçı ilə “xxxx” MTK arasında birgə fəaliyyət haqqında müqavilə 20 may 2018-ci il tarixdə imzalansa da, MTK tərəfindən İddiaçı həmin mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı 20 may 2020-ci il tarixdə verilmişdir ki, bu hal müqavilədə göstərilən əmlakların dəyərinin İddiaçı tərəfindən müqavilə bağlandığı tarixdə ödənilmədiyini göstərir. Tikinti şirkəti ilə iddiaçı daşınmaz əmlaka dair öz aralarında bağladıqları müqaviləni notarial qaydada təsdiqləməmiş və eyni zamanda dövlət reyestrində iddiaçının adına həmin əmlaklara heç bir qabaqcadan qeydiyyat aparmamışdırlar. Daha sonra müvafiq məhkəmə aktı ilə “xxxx” MTK-dan 57,885 manat pulun tutulması qət edilmiş və icraya yönəldilmişdir. “xxxx” MTK öz təşəbbüsü ilə tutmanın ona məxsus sözügedən əmlaka yönəldilməsini xahiş etmiş və icra məmuru tərəfindən reyestr xidmətindən əmlakın həqiqətən “xxxx” MTK-ya məxsus olduğunu təsdiq edən məlumat alındıqdan sonra hərrac təşkilatına hərracın keçirilməsi barədə sifariş verilmişdir. Və iş materiallarında olan 025271, 025954, 025956, 025988, 025986, 025686, 025692 saylı qəbzlərin surətindən görünür ki, “xxxx” MTK ona məxsus olan əmlak barəsində keçiriləcək hərracın yeri və vaxtı barəsində məlumatlandırılmışdır. İş materialları ilə də təsdiq olunur ki, haqlı olaraq icra məmuru tərəfindən “xxxx” MTK-nın borcuna görə tutma məhz “xxxx” MTK-ya məxsus əmlaka yönəldilmişdir. İddiaçı ərizəsində mübahisəli əmlakın ona məxsus olduğunu və onun mülkiyyətində olduğunu, habelə MTK ilə bağladığı müqavilədə göstərilən əmlakların dəyərini müqavilə bağladığı tarixdə ödədiyini qeyd etsə də, işin bu halı iş materialları ilə öz sübutunu tapmır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2nə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar