Məhkəmə qərarları › İş №2(009)-923/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-923/2024

07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-923/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00130 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəflərindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. Qaz sayğacı xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən dəyişdirilərək smart tipli qaz sayğacı ilə əvəz olunmuşdur. Bununla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və onlara verilmişdir. 2024-cü ilin mart ayında qaz sayğacının kartına ödəniş etdikdə ona məlum olmuşdur ki, balansında borc yarandığı üçün ödənişlərin bir hissəsi çıxılır. Bu barədə tərəfindən Cavabdehnə müraciət olunduqda, ona cavab olaraq bildirmişlər ki, 2022-ci il tarixdə guya ona məxsus evin qaz sayğacı dəyişdirilərkən sayğacda qüsur olmuş və bu səbəbdən də 1036 manat borc yaranmışdır. Hal-hazırda 1036 manat cərimə borcunun 408 manat hissəsi bu günə qədər smart karta yüklənilən məbləğlərdən çıxılmışdır və hazırki qaz borcu 628 manat təşkil edir. Hesab edir ki, Cavabdeh tərəfindən qeyd olunan borc əsassızdır. Belə ki, bir ildən çox vaxt keçməsinə baxmayaraq sayğacın dəyişdirilərək onlara borc yazılması qanuna uyğun deyildir. Sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin təbii X1nın pozulması haqqında aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Həmin aktın tərtib olunması isə onun iştirakı olmadan qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Onun müdaxilə etdiyi qeyd edilən sayğacın onun faktiki mülkiyyətində olan ərazisində yox, blokda quraşdırılmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür. Müdaxilənin məhz o, və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o, və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu **********00130) əsassız olaraq cərimə kimi yazılmış olan 1036 manat borcun qalıq 628 manat hissəsinin Cavabdeh tərəfindən silinməsi və bu günə qədər əsassız olaraq hesabdan çıxılmış 408 manat pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, istimar müddəti bitdiyi üçün sayğacın elektron rəqəm göstəricisi göstərməmiş, bu barədə Qaz İdarəsinə məlumat verilmiş və sayğacı dəyişdirilmişdir. Dəyişdirilən zaman köhnə sayğacın plombu üzərində olmuş, sayğac küçədə quraşdırılmışdır, onun tərəfindən hər hansı müdaxilə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdehin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00130 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1702AZ**********94 sayğac çıxarılaraq yoxlanılması üçüq Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-03805-1 saylı akta əsasən “sayğacın çıxış plastmas borusu deşilib, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyada keçən qazın həcmini qeyd etmir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tariхli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 kub.m. təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2022-ci ilin oktyabr ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixdə, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00130 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək məhkəmədə yalnıh təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlamağa çalışır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacın elektron tablosunun qarışması müəyyən edildiyindən onun əvəzlənməsi qərara alınmış və qeyd edilən akt tərtib edilmişdir. İş üzrə Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710- 03805-1 saylı aktın surətinə əsasən iddiaçıya aid sayğaca baxış keçilərək müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib, yivli birləşmələri korroziyaya uğrayıb, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, 29/1710-03805-1 saylı rəyə əsasən 1702AZ**********94 №-li sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi, hesabla mexanizmi keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir. İş üzrə Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı sənaye və məişət qaz sayğacının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1710-03805-1 No-li aktına əsasən G-4 markalı 1702AZ**********94 No-li sayğacın “çıxış plastmas borusu deşikdir” nöqsan aşkar edilmiş, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8640 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonent İddiaçı (kod **********00130) abonent saldosundan görünür ki, ona 2022-ci ilin noyabr ayında 1036,80 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə aid olan sayğaca baxış keçirilmiş və elektron tablosunun qarışması ilə əlaqədar sayğacı əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra 29/1710-03805-1 saylı, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi, yivli birləşmələrinin korroziyaya uğrayıb, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcminin qeyd etməməsi, sayğac istismara yararsız olması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “qaz itkisi, müdaxilə” halının olması müəyyən edilmişdir. Həmin akt əsasında xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın xx.xx.2022-ci il tarixli qərarı ilə dəymiş ziyanın həcmi kimi 8640 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Hal-hazırda 1036 manat cərimə borcunun 408 manat hissəsi bu günə qədər smart karta yüklənilən məbləğlərdən çıxılmışdır və hazırki qaz borcu 628 manat təşkil edir. Bu səbəbdən iddiaçı əsassız olaraq cərimə kimi yazılmış olan 1036 manat borcun qalıq 628 manat hissəsinin silinməsi və bu günə qədər əsassız olaraq hesabdan çıxılmış 408 manat pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac laboratoriya şəraitində yoxlandıqdan sonra həmin sayğacda qüsurlar aşkar edilmiş və həmin qüsurları yoxlamanı aparan komissiya sayğaca müdaxilə faktı kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt və Bakı X5 Departamentinin xx.xx.2022-ci il tarixli qərarı əsasında (dəymiş ziyanın bərpasına dair Tələbnamə) iddiaçıya 8640 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 1036,80 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 1036,80 manat borc xx.xx.2022-ci il tarixli qərar əsasında yazılmış, həmin qərar isə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. Мəhkəmə akt əsasında iddiaçının abunə hesabına yazılmış borcla bağlı qeyd edir ki, həmin borcun silinməsi barədə tələb əsaslı hesab edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək bu nəticəyə gəlmək olur ki, iddiaçının yaşadığı evə quraşdırılmış və evdən kənarda yerləşən sayğaca onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, həmin sayğacın işlək vəzyyətdə saxlanılması vəzifəsini Cavabdeh İB daşıyır. Hazırkı işin araşdırılan halları ilə iddiaçının evindən kənarda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə etməsi halı sübuta yetməmişdir. Eyni zamanda aşkar edilmiş qüsur laboratoriya şəraitində sayğac yoxlanıldığı və plomb açıldıqdan sonra sayğacın daxilinə baxış zamanı müəyyən edilmişdir. Yəni sayğacın çıxış plastmas borusunda deşik sayğacın daxilinə baxış zamanı müəyyən edilmişdir. Həmin qüsurun mövcudluğu ilə bağlı məlumat həmçinin iddiaçının evinə yeni qaz sayğacı quraşdırılarkən tərtib edilmiş aktda da əks olunmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya qaz sayğacına müdaxilə etməsi ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 1036 manat borcun ödənilməmiş qalan hissəsinin – 628 manat borcun silinməsi barədə tələb təmin edilməlidir. Məhkəmə iddia tələbinin əsassız olaraq hesabdan çıxılmış 408 manat pul vəsaitinin qaytarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, akt əsasında iddiaçıya hesablanmış əlavə hesabat (borc) hissə-hissə, yəni iddiaçı tərəfindən qaz hesabına pul mədaxil oluna-oluna silinmişdir. Mədaxil olunan puldan hissə-hissə borca çıxılan məbləğdən isə iddiaçı sonradan xəbər tutmuş və pozulmuş hüquqların bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hesabından borca görə silinmiş 408 manat pul əsassız olduğundan, həmin pul vəsaiti yenidən iddiaçının abonent hesabına qaytarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu günə qədər əsassız olaraq hesabdan çıxılmış 408 manat pul vəsaitinin ona qaytarılması hissəsində qismən təmin edilməli və iddiaçının abonent hesabından akt əsasında silinmiş 408 manat məbləğində borc onun abonent hesabına depozit kimi qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi borcun silinməsi hissəsində təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsində yerləşən 29 saylı evin 13 saylı mənzilə dair Cavabdeh Bakı X5 Departamentinin xx.xx.2022-ci il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00130) yazılmış 1036 (bir min otuz altı) manat borcun qalıq (ödənilməmiş) 628 (altı yüz iyirmi səkkiz) manat hissəsi silinsin. Cavabdeh Bakı X5 Departamentinin xx.xx.2022-ci il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən aparılmış əlavə hesabata uyğun olaraq iddiaçının abunə hesabından hissə-hissə silinmiş 408 (dörd yüz səkkiz) manat məbləğində pul iddiaçının abunə hesabına depozit kimi qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar