Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-927/2025 25.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Maraqlı şəxsın nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi TahirzadəTələt Eldar oğlunun Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü Tahirov Eldar Fərrux oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, atası xx.xx.1957-ci il təvəllüdlü Tahirov Eldar Fərrux oğluna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən “C97 müstəqil (birincili) çox lokalozasiyalı bədxassəli yeni törəmə, Müstəgilo çoxlokalizasiyalı xərçəng. Sol ağciyərin xərçəngi. T2aN1M0. Mərhələ İİ B. Patohist cavab yüksək differens (G1) adenokarsinoma. Sol ayağın 5ci barmaq dərisinin Cr-i. Patohist cavab-yastı hüceyrəli karsinoma. Törəmənin kəsilib götürülməsi. Ağırlaşma C34. 3 Bronxların və ya ağciyərin aşağı payının, Sol ağciyərin xərçəngi. 4 kurs PKTdan sonraki vəziyyət. Ağırlaşma C44.1 Aşağı ətraf dərisinin, bud-çanaq nahiyəsi də daxil olmaqla, Dəri xərçəngi. Əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma Z90.2 Ağ ciyərin qazanılma olmaması, Soltərəfli lobektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət) diaqnozu qoyulmuşdur. Kənar şəxsin köməyinə ehtiyacı var. Qeyd olunanlara əsasən, atası Tahirov Eldar Fərrux oğlunun kənar şəxsin daimi nəzarətində olması zəruridir. Buna görə də ona İ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Atası əziyyət çəkdiyi xəstəlik nəticəsində öz hərəkətlərini idarə edə bilmir. Ona görə də atasına qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin, İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasından bildirilmişdir ki, atası üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ekspertiza rəyinə etiraz edərək, atası Tahirov Eldar Fərrux oğlunun sağlamlıq vəziyyətinin daha da ağırlaşdırğını, kənar şəxslərin köməyi olmadan hərəkət edə bilmədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildiyi halda onun üzərində qəyyum təyin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 459900 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında X4, ata qrafasında Tahirov Eldar Fərrux oğlu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 1698 saylı amabulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Tahirov Eldar Fərrux oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Tahirov Eldar Fərrux oğlu psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. E.F.Tahirovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) Tahirov Eldar Fərrux oğlunun psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2025-ci il tarixli 1698 saylı rəyi ilə müəyyən edilmişdir ki, Tahirov Eldar Fərrux oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Tahirov Eldar Fərrux oğlu psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. E.F.Tahirovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, Tahirov Eldar Fərrux oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə 25 iyul 1957-ci il təvəllüdlü Tahirov Eldar Fərrux oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-927/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-927/2025
25.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver