Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-929/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilib ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, R№280906 saylı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********A0000 nömrəli abonent koduna hesablanmış 2443.28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 xx.xx.2023-cü il tarixdə dəqiqləşmə ərizəsi verərək **********A0000 nömrəli abonent koduna hesablanmış 2443.28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Massiv ev 402 A ünvanında elektrik sayğacı cavabdehin əməkdaşları tərəfindən çıxarılmış, yenisi ilə dəyişdirilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, R№280906 saylı akt tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi X4 bildirmişdir ki, özü həmin ünvanda yaşamır, amma yaşayış var, həmişə vaxtlı-vaxtında ödənişlər edilir. Sayğac qonşunun hasarında yerləşir. Cavabdeh tərəf ciddi qanun pozuntularına yol vermişdir. Qarşı tərəf onları sayğacı laboratoriyaya götürmək barədə xəbərdar etmişdi. Müdir ilə razılaşmışdırlar ki, onların xəbəri olmadan sayğacı laboratoriyaya aparmasınlar. Tək istəyi onun iştirakı ilə sayğaca baxış keçirilsin, götürülsün və möhürlənsin. Onlar da razılaşmışlar. Dekabrın 8-də sayğacı iki gün ərzində aparacaqlarını demişdilər. Fevralın 14-də rayonda olarkən evdən zəng edərək işıq idarəsindən gəldiklərini bildirmişlər. Həmin nümayəndə ilə telefonda danışanda nümayəndə bildirmişdir ki, sayğacın laboratoriyaya aprılmasına ehtiyac qalmamışdır, sadəcə sayğacı aparıb yeni sayğacla əvəz edəcəklər. O da razılaşmışdır. Mart ayında 2400 manat işıq pulu gələndə təəccüblənmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, optik cihazla baxış zamanı məlum olmuşdur ki, möhürlər pozulub, həm də sayğacın sxem nömrəsi bazada olan sxem nömrə ilə düz gəlmir. Alt qapağın möhürü yoxdur. Bu da müdaxilə nəticəsində olur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş üzrə R№280906 saylı, 07 dekabr 2022-ci il tarixli akta əsasən abonent İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Massiv ev 402 A (abonent kodu **********A0000) ünvan üzrə yerləşən evə aid elektrik sayğacına optik gözlə oxunma zamanı sayğacın hazırki nömrəsi A301027888 olduğu halda A391002929 nömrə görsənir. İş üzrə 020358 saylı xx.xx.2023-cü il tarixli akta əsasən **********A0000 abonent kodu üzrə sayğacın dövlət möhürü və alt qapaq möhürləri pozularaq sayğacın daxili sxemi dəyişdirilib. Sayğacın hazırki nömrəsi A301027888 olduğu halda A391002929 nömrə görsənir. Sayğac istismara yararsızdı. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş **********A0000 saylı abonentin «Abunə Haqqında» kompyüterdən çıxarışdan görünür ki, abonentə akt əsasında 2448.88 manat əlavə ödəniş hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ödəməli olduğu məbləğ 2448.88 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadğı evə aid olan hesablaşma elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən 07 dekabr 2022-ci il tarixdə baxış keçirilmiş və həmin baxışın nəticəsi olaraq R№280906 saylı akt tərtib etmişlər. Həmin aktda qeyd olunmuşdur ki, baxış zamanı abonentin evinə aid olan sayğacına optik gözlə oxunma zamanı sayğacın hazırki nömrəsi A301027888 olduğu halda A391002929 nömrə görsənir. Həmin akt əsasında "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən xx.xx.2023cü il tarixdə qərar qəbul edilmiş və iddiaçının abonent hesabına əlavə olaraq 2448.88 manat borc yazılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının evinə aid olan elektrik sayğacı iddiaçının yaşadığı mənzilin daxilində deyil, çölündə yerləşir və həmin sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən iddiaçının və iki hal şahidinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanlımasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enercitəshizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mənzilinə aid olan hesablaşma elektrik sayğacı onun yaşadığı evin daxilində deyil, çölündə yerləşdiyi üçün həmin sayğacın işçi vəziyyətində saxlanılmasına görə cavabdehliyi abonent deyil, enerjitəchizatı müəssisəsi daşıyır. Belə olan halda hesablaşma elektrik sayğacının işləməməsinə görə iddiaçı hər hansı maddi məsuliyyət daşımır. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya aid hesablaşma sayğacına baxış keçirərkən ən azı iki hal şahidinin və abonent iştirakını təmin etməli idilər. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzilə aid olan hesablaşma sayğacına baxış keçirilərkən sayğacda qüsur olması aşkara çıxarılsa da, akt tərtib edilərkən iki hal şahidinin iştirakı təmin olunmadığı üçün, yuxarıda göstərilən qaydaların tələbləri pozulmuşdur. Akt Qaydaların tələblərinə zidd tərtib edildiyi üçün hər hansı hüquq və vəzifə yaratmır. Belə olan halda cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt yuxarıda göstərilən qaydaların tələblərinə zidd tərtib edildiyi üçün, həmin aktın hüquqi nəticəsi olaraq qəbul edilmiş qərar da etibarlı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R№280906 saylı, 07 dekabr 2022-ci il tarixli aktda abonent İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Massiv ev 402 A (abonent kodu **********A0000) ünvan üzrə yerləşən evə aid elektrik sayğacına optik gözlə oxunma zamanı sayğacın hazırki nömrəsi A301027888 olduğu halda A391002929 nömrə görsənir kimi qeyd edilmiş, 020358 saylı xx.xx.2023-cü il tarixli aktda isə **********A0000 abonent kodu üzrə sayğacın dövlət möhürü və alt qapaq möhürləri pozularaq sayğacın daxili sxemi dəyişdirilib. Sayğacın hazırki nömrəsi A301027888 olduğu halda A391002929 nömrə görsənir. Sayğac istismara yararsızdı kimi qeyd edilsədə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş video çəkilişdən sayğacın möhürünün olduğu müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi isə əməkdaşlar tərəfindən sayğac çıxarılan zaman sayğacın dövlət möhürü və alt qapaq möhürlərinin olmadığını təsdiq edən heç bir sübut (video və ya foto şəkillər) təqdim eetməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda göstərilən Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilən Qaydaların 9.19-cu bəndinə əsasən istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-cı mdəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2). Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi öhdəlik ya müqavilədən, yaxud zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. Öhdəliyi yaranmış şəxs həmin öhdəliyi icra etmirsə, digər tərəf həmin öhdəliyin icra edilməsini tələb edə bilər. Bu tələblərdən kənar müqavilə tərəfinin digər müqavilə tərəfinə hər hansı məcburetmə tədbirləri tətbiq etməsi mülki qanunvericiliyin tələblərinə və prinsiplərinə ziddir və yolverilməzdir. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tərəfindən 2443.28 manat borcun silinməsinə dair tələb irəli sürüldüyündən məhkəmə hesab edir ki, ünvan 2 ünvanında abonent İddiaçı hesablanmış 2443.28 (iki min dörd yüz qırx üç manat iyirmi səkkiz qəpik) manat borc onun **********A0000 abunə hesabından silinməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 2 ünvanında abonent İddiaçı hesablanmış 2443.28 (iki min dörd yüz qırx üç manat iyirmi səkkiz qəpik) manat borc onun **********A0000 abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-929/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-929/2023
18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver