Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-946/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlardan 08.09.2007-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. ünvan 1 ünvanında yerləşən mənzildə övladı Ali Quliyevlə birlikdə yaşayır. Uşaq anadangəlmə qüsurlu dünyaya gəlmişdir. Tibbi sənədlərdən də görünür ki, oğlunun sağlamlıq imkanları məhduddur. X8 həkim komissiyası tərəfindən “Yüngül dərəcəli əqli gerilir. Nitq və davranış pozuntusu ilə yüngül kəmağıllıq” diaqnozu qoyulmuşdur. Tam əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə ehtiyacı var. Yəni problem bu qədər ciddidir. Övladı 08.09.2007-ci il təvəllüdlü X2 daimi olaraq kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Uşağa o, qulluq və nəzarət edir. Faktiki olaraq özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adekvat hərəkətlər nümayiş etdirir. X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Göstərilənləri nəzərə alaraq ərizəçi 08.09.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon İH başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə nikahın bağlanması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X5 ilə Ərizəçi arasında 02.02.2005-ci il tarixdə nikah bağlanılmış, nikahdan sonra ərə Quliyev, arvada Muradova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 08 sentyabr 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X5, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş 03.02.2021-ci il tarixli arayışına əsasən Ərizəçi oğlu Ağlam rayonundan məcburi köçkün düşüb və Səbail rayonu, G.Əliyev küçəsində yerləşən ö/t 18 saylı evdə oğlu X6 ilə birlikdə müvəqqəti məskunlaşmışdır. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında 24.04.2017-ci il tarixli rəyinə əsasən X4 “Yüngül dərəcəli əqli gerilik. Nitq və davranış pozuntusu ilə yüngül kəmağıllıq” diaqnozu qoyulmuşdur. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 21.04.2021-ci il tarixli, 854 saylı rəyinə əsasən X3 yüngül kəmağıllıq, davranış pozuntuları və qıcolma tutmaları ilə müəyyən edilmişdir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X6 Ərizəçi oğludur, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur, həmin şəxslərin yaşayış yeri Bakı şəhəri Səbail rayonu ərazisidir. Eyni zamanda, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X6 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Ümumiyyətlə, X3 yüngül kəmağıllıq, davranış pozuntuları və qıcolma tutmaları müəyyən edildiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır və bu hallar ambulator məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, A.Quliyevin hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olub-olmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz. Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ambulator məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. Belə ki, müvafiq ekspert rəyi ilə X3 yüngül kəmağıllıq, davranış pozuntuları və qıcolma tutmaları müəyyən edildiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X3 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapdığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. 08 sentyabr 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 18-də yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X6 üzərinə qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-946/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-946/2021
25.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver