Məhkəmə qərarları › İş №2(009)-955/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-955/2024

31.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-955/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi N.S.Həsənlinin, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı qanunsuz quraşdırılmış cam balkonun sökülməsi, balkonun layihə vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı qanunsuz quraşdırılmış cam balkonun sökülməsi, balkonun layihə vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Z.Yusifzadə küçəsi, 133, Zirvə Residence yaşayış kompleksi, A blokunda yerləşən 56 saylı mənzil cavabdehə məxsusdur. Cavabdeh tərəfindən MMC ilə razılaşdırılmadan, binanın layihəsində nəzərdə tutulmadığı halda mənzilin balkonuna “cam balkon” quraşdırılmış, nəticədə özünün və həmin binada yaşayan şəxslərin həyatını təhlükəyə atmışdır. Qanunvericiliyin tələblərinə əsasən qaz xəttləri balkondan keçməli və kombilər balkonda quraşdırılmalıdır. Mənzillərdə yanğınların baş verməsinin əsas səbəbi elektrik və qaz cihaz və qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasıdır. Dəfələrlə cavabdehdən mənzilin balkonunun əvvəlki vəziyyətə qaytarılması tələb edilsə də, cavabdeh iddiaçının tələblərinə əhəmiyyət verməmişdir. İddiaçı həm cavabdehin, həm həmin binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi, həm də layihədə nəzərdə tutulmadığı üçün həmin balkonun əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı AR FHN Tikintidə X1 Agentliyinə müraciət etmiş,sonuncu xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, “mütəxəssislərimiz tərəfindən adıçəkilən ünvana baxış keçirilən zaman binanın 56 nömrəli mənzilinin balkonunda layihədən kənar cam balkon quraşdırılması faktı təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq balkonun layihə vəziyyətinə gətirilməsi sizə tapşırılır”. Göründüyü kimi iş üzrə cavabdeh mənzilin balkonunun əvvəlki vəziyyətə qaytarılması ilə bağlı iddiaçının tələblərinə əhəmiyyət vermədiyi üçün, eləcə də, müvafiq qurum balkonun layihə vəziyyətinə gətirilməsini iddiaçıya tapşırdığından, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, əhalinin təhlükəsizliyinin təmin olunması və İddiaçı MMC tərəfindən tikilmiş və müvafiq icra hakimiyyəti orqanında təsdiq edilmiş layihədən kənar cam balkonun sökülməməsi barədə cavabdehin hərəkətləri qanuni sayıla bilməz və iddiaçı tərəfindən cavabdehin həmin cam balkonun sökülməsi ilə bağlı tələb X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən istifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (FHN-nin Tikintidə X1 Agentliyinin məktubu). Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Z.Yusifzadə küçəsi, 133, Zirvə Residence yaşayış kompleksi, A bloku, 56 saylı mənzilin balkonuna quraşdırılmış cam balkonun cavabdehin vəsaiti hesabına sökülməsi və balkonun əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh icazəsiz cam balkon tikib, bu da binanın estetik görünüşünə təsir edir, həmçinin oradan qaz və elektrik xəttləri keçir, bu tikilinin mövcudluğu təhlükəsizlik qaydalarını pozur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh ümumiyyətlə iddiaçı MMC-ni tanımır. O, evi alqısatqı yolu ilə əldə etmişdir. İş materialları ilə tanış olarkən ümumiyyətlə iddiaçı MMC-ni cavabdehin yaşadığı evə hər hansı bir aidiyyətinin olması ilə bağlı sübutları aşkar etməmişdir. Yəni iddiaçı belə bir tələblə çıxış etmək üçün subyektiv hüquqa malik deyil, bu hüquq digər orqanlara məxsusdur. Digər tərəfdən iddiaçı iddia edir ki, cam balkonun mövcud olması təhlükəlidir. X3 Nazirliyinin müraciətə cavab məktubunda bu fakt haqqında heç bir şey deyilməmiş, yalnız layihədən kənar cam balkonun quraşdırılması faktı təsdiq edilmişdir. İddiaçı təhlükəliliklə bağlı istinad etdiyi qanunun normasını sonadək iddia ərizəsində qeyd etməmişdir. Yəni qanunvericiliklə belə cam balkonun quraşdırılması qadağan edilmir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 05/24 saylı xəbərdarlığın surətindən görünür ki, 2023-cü il tarixdə Cavabdeh evində aparılan təmir işləri zamanı mənzilin balkonunda qanunsuz olaraq cam balkon qaldırılmışdır. Cavabdeh tərəfindən binanın fasadının görünüşünə xələl gətirərək (layihədən kənar) cam balkon quraşdırılmışdır. Binanın fasadında olunan qanunsuz dəyişiklik təhlükəsizlik qaydalarına ziddir. Qaz avadanlıqlarının balkonda yerləşdiyi üçün baş verə biləcək qaz sızıntısı və ya yanğın zamanı bina sakinlərinin sağlamlığına böyük təhlükə mənbəyidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq, heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd etməsi ilə bağlı yazılı müraciət etsələr də, cavab ala bilməmişlər. Daha sonra AR FHN TTNDA-a müraciət etmişlər. AR FHN TTNDA onlara tapşırıq vermişdir ki, cam balkon sökülərək layihə vəziyyətinə gətirilsin. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cam balkonu sökərək layihə vəziyyətinə gətirməsini xahiş etmiş, əks təqdirdə AR FHN TTNDA-nın göstərişinə əsasən özləri söküntü edib binanın fasadını layihə vəziyyətinə gərəcəklər. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istismarda olan çoxmərtəbəli yaşayış binasının 56-cı mənzilinin balkonunda layihədə nəzərdə tutulmadığı halda cam balkon quraşdırılması barədə xx.xx.2023-cü il tarixli 04/23 nömrəli müraciətə baxılmış, mütəxəssisləri tərəfindən adı çəkilən ünvana baxış keçirilən zaman binanın 56 nömrəli mənzilinin balkonunda layihədən kənar cam balkon quraşdırılması faktı təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq balkonun layihə vəziyyətinə gətirilməsi İddiaçı MMC-yə tapşırılır. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 07/24 saylı məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 05/24 saylı məktuba əsasən qanunsuz quraşdırdığı cam balkonu sökərək layihə vəziyyətinə gətirilməsi qeyd edilmişdir. Binanın fasadına olunan qanunsuz dəyişiklik təhlükəsizlik qaydalarına ziddir. Həmçinin qeyd edilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciət etsələr də, cavab ala bilməmişlər. Bu günə qədər bununla bağlı heç bir tədbir görülməmişdir. AR FHN TTNDA-nın xx.xx.2024-cü il tarixli məktubu da Cavabdeh da göndərilmişdir və AR FHN TTNDA onlara verib ki, cam balkon sökülərək layihə vəziyyətinə gətirilsin. 5 iş günü müddətinə tədbir görülməsini xahiş etmiş, əks təqdirdə cam balkonun sökülərək layihə vəziyyətinə gətirilməsi üçün məhkəməyə müraciət edəcəklər. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş çıxarışa əsasən X4 ünvan 1 İddiaçı yaşayış kompleksi, “A” blokunda yerləşən 56 saylı mənzilin mülkiyyətçisidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 İddiaçı yaşayış kompleksi, “A” blokunda yerləşən 56 saylı mənzil Cavabdeh məxsusdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən İddiaçı MMC ilə razılaşdırılmadan, binanın layihəsində nəzərdə tutulmadığı halda mənzilin balkonuna “cam balkon” quraşdırılmış, nəticədə özünün və həmin binada yaşayan şəxslərin həyatını təhlükəyə atmışdır. Dəfələrlə cavabdehdən mənzilin balkonunun əvvəlki vəziyyətə qaytarılması tələb edilsə də, cavabdeh iddiaçının tələblərinə əhəmiyyət verməmişdir. İddiaçı həm cavabdehin, həm həmin binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi, həm də layihədə nəzərdə tutulmadığı üçün həmin balkonun əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyinə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla balkonun layihə vəziyyətinə gətirilməsini iddiaçıya tapşırmışdır. Cavabdeh mənzilin balkonunun əvvəlki vəziyyətə qaytarılması ilə bağlı iddiaçının tələblərinə əhəmiyyət vermədiyi üçün, eləcə də, müvafiq qurum balkonun layihə vəziyyətinə gətirilməsini iddiaçıya tapşırdığından, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Z.Yusifzadə küçəsi, 133, Zirvə Residence yaşayış kompleksi, A bloku, 56 saylı mənzilin balkonuna quraşdırılmış cam balkonun cavabdehin vəsaiti hesabına sökülməsi və balkonun əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin həyata keçirilməsinin əsaslarını təsbit edən 58-ci maddəsinin İ, İİ və İİİ hissələrinə və 59-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı MMC tərəfindən inşa edilmiş binanın “A” blokunda yerləşən 56 saylı mənzilində aparılan təmir işləri zamanı binanın layihəsində nəzərdə tutulmadığı halda mənzilin balkonunda cam balkon quraşdırılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Z.Yusifzadə küçəsi, 133, Zirvə Residence yaşayış kompleksinə dair hər hansı bir hüquqlarının mövcudluğuna dair sübutlar (mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı, nizamnaməsi və s) təqdim edilməmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki,mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür. Həmin Məcəllənin 95.2-ci madədsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü,95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qanunun yuxarıda göstərilən tələbindən də göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı – AR Fövqəladə Hallar Nazirliyi qaldırır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ malik olmasını Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən balkonun layihə vəziyyətinə gətirilməsini və bununla bağlı söküntünün həyata keçirilməsini onlara tapşırılması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, qanunla üzərinə qoyulan səlahiyyətin dövlət orqanı tərəfindən məktubla hər hansı şəxsə (hüquqi və fiziki) verilməsi əsaslı hesab edilə bilməz, ona görə də iddiaçının istinad etdiyi məktub ona hazırkı tələblə məhkəməyə müraciət etməyə səlahiyyət vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə iddiaçı hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Z.Yusifzadə küçəsi, 133, Zirvə Residence yaşayış kompleksi, A bloku, 56 saylı mənzilin balkonuna quraşdırılmış cam balkonun cavabdehin vəsaiti hesabına sökülməsi və balkonun əvvəlki vəziyyətə qaytarılması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar