Məhkəmə qərarları › İş №2(009)-96/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-96/2021

12.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-96/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rəhimovun sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçı “ARDNŞ”nin İddiaçı nümayəndəsi X1 və cavabdehin iştirakları ilə, İddiaçı “ARDNŞ”nin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülərək çıxarlması” tələbinə dair mülki işə Bakı şəhərində tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “ARDNŞ”nin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bibiheybət- Yasamal Dş 300 mm-lik maqistral neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən mühafizə zonası daxilində qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı məsafədə, vətəndaş Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iddiaçı “ARDNŞ”nin İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, “Neft Kəmərləri” X5 Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov və NBKXS-nin mühəndisi Z.Quliyev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktda Qaradağ İstehsalat Bölümünün istismarında olan Bibi Heybət-Yasamal Dş 300 yerüstü neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı məsafədə köhnədən tikilmiş evdə artırma işləri aparılması müəyən olunmuşdur. Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Məhkəmə vurğulayır ki, prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə - mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanlarını təqdim edir. Bu imkanın qanunvericilik qaydasında müəyyən edilməsi ədalət mühakiməsinin səmərəliyini təmin etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş həqiqətin müəyyən edilməsi prinsipinin təmininə yönəlmişdir. Məhkəmə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 10/3250 saylı rəyində Bakı şəhəri, Səbail rayonunda tədqiq olunan ərazidən magistral neft kəmərinin keçməsi, «Neft Kəmərlərinin» X5 Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin mühəndisi Z.Quliyev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktın göstəriciləri nəzərə alınaraq Qaradağ İstehsalat Bölümünün istismarında olan Bibi Heybət- Yasamal Dş 300 yerüstü neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən tikinti işlərinin aparıldığı və həmin tikilinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir Bu baxımdan nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Keçmiş SSRİ Nazirlər Sovetinin xx.xx.1979-cu il tarixli və bu günə kimi qüvvədən düşməmiş “Magistral neft kəmərlərinin mühafizəsinin gücləndirilməsi” haqqında qərarının 7-ci maddəsinin tələblərinə görə, neft kəmərinin oxundan hər tərəfində olan 54 metrlik məsafə mühafizə zolağı sayılır. Bu qərarın 11-ci maddəsinin “a” bəndinə əsasən, istismarçı təşkilatın yazılı razılığı olmadan mühafizə zonası daxilində hər hansı bir tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən “...Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a)hər hansı tikinti və quraşdırma işləri; b)bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c)boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Odur ki, məhkəmə, qeyd olunanları nəzərə alaraq ekspert rəyi ilə razılaşaraq yuxarıda göstərilənləri və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlir ki, cavabdeh Eyyubov X4-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı yerləşən torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikilidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd edilən tikilinin iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı isə məhkəmə bildirir ki, MM-nin 159-cu maddəsinə uyğun olaraq, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Normanın mənasından göründüyü kimi, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın qanuni sahibi olması, cavabdehin əşyaya faktiki sahiblik etməsi və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyində müəyyən edilmişdir ki, mübahisəli ərazi«Neft Kəmərləri» X5 Bölümünün istismarındadır və həmin ərazidə inşa edilmiş tikili mühafizə zonasında yerləşir. Göründüyü kimi, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı məsafədə yerləşən sahənin İddiaçı Qaradağ İstehsalat Bölümünün istismarında olduğu öz əksini tapmışdır. Lakin, Cavabdeh heç bir hüquqa əsaslanmadan Qaradağ İstehsalat Bölümünün qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Beləliklə, iddiaçı sahibliyinin müdafiəsi məqsədi ilə Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı məsafədə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbini irəli sürməkdə haqlıdır və iddia tələbi sözügedən hissədə təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin “cavabdehin qanunsuz tikilidən çıxarılması” hissəsinin tələbin “Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı məsafədə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi” hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq hesab edir ki, sahibliyin müdafiəsi çərçivəsində iddia “cavabdehin qanunsuz tikilidən çıxarılması” hissələrində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan, xx.xx.2020-ci il tarixli, 10/3250 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının dəyəri olan 100 manat Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 0.3-cü km-də kəmərdən 30 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən aparılmış tikili Cavabdeh hesabına sökülsün və Cavabdeh həmin tikilidən çıxarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar