Məhkəmə qərarları › İş №2(009)-960/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-960/2020

28.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-960/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdeh iştirakı ilə İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 37 saylı notariat ofisi cəlb edilməklə) Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 37 saylı notariat ofisi cəlb edilməklə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bakı şəhəri 37 saylı notariat kontorunda xx xxxxx 2017-ci il tarixdə bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri 37 saylı notariat kontorunda xx xxxxx 2017-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən o, Cavabdeh 2015-ci ildən hal-hazıradək yaranmış 26.400 manat məbləğində borcunun olduğunu bəyan və tam etiraf edərək, bu borcu tam həcmdə qaytarmağı barədə öhdəlik götürmüşdür. Qeyd olunan müqaviləni o, oğlu X1 Cavabdeh olan borcuna görə bağlamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə oğlu X3 AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmdə göstərilir ki, ’’X3 zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh 2014-cü ilin aprel-dekabr aylarında Bakı şəhərində hissə-hissə olmaqla ümumilikdə 20.600 ABŞ dolları - həmin dövrün məzənnəsi ilə 16.160,70 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir.” Bildirir ki, Cavabdeh ilə aralarında olan razılaşmaya görə o, oğlunun ona olan borcunu ödəməyini öhdəlik götürmüşdür. Lakin borcun məbləği barədə onun düzgün və ətraflı məlumatı olmadığına görə aralarında xx xxxxx 2017-ci il tarixdə bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsində” qeyd olunan məbləğ həqiqətə uyğun deyil. Bundan başqa, sonradan ona məlum olmuşdur ki, oğlu X3 tərəfindən borcun əvəzində Cavabdeh avtomaşın verilmişdir. Hesab edir ki, onunla Cavabdeh arasında Bakı şəhəri 37 saylı notariat kontorunda xx xxxxx 2017-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin əsas şərtləri pozulmuşdur. Beləliklə, onunla Cavabdeh arasında xx xxxxx 2017-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin bağlanmasının səbəbi - onun ağır vəziyyətə düşməyi və digər tərəfin bundan istifadə etməsidir. Nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdin etibarsız hesab edilməsi qanuna müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməyərək, gəlməmələrinin səbəbləri barədə məlumat verməмişdir. Məhkəmə iclasında Cavabdeh mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının oğlu X3 ona qarşı dələduzluq etmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. O, təqsirləndirilən şəxs Anar Nəzərəliyevin anası, iş üzrə iddiaçının xahişi ilə həmin iş üzrə zərərçəkmiş şəxs kimi iddiaçının oğlundan şikayətçi olmaması barədə ərizəni bu şərtlə vermişdir ki, ona dəyən ziyan iddiaçı tərəfindən ödəniləcəkdir. Təqsirləndirilən şəxs Anar Nəzərəliyevin anası, iş üzrə iddiaçı oğlunun borcunu hökmdən iki gün əvvəl öz üzərinə götürdü və öhdəliyini notariat qaydasında təsdiqlədi. İş üzrə məhkəmənin hökmü xx xxxxx 2017-ci il tarixdə çıxdı və məhkəmə onun ərizəsini də nəzərə alaraq, iddiaçının oğlu Anar Nəzərəliyevə şərti cəza verdi. Bundan sonra, iddiaçı hər vəchlə borcu ödəməkdən imtina etdi və indi də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 37 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. AR MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə işə baxıb, cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarından görünür ki, xx xxxxx 2017-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi” İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmışdır. İş materiallarında olan saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-301/2017 saylı, xx xxxxx 2017-ci il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 66.3-cü maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə o, azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş və üzərində 2 il sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə isə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi” xx xxxxx 2017-ci il tarixdə bağlanmış, iddiaçının oğlunun barəsində məhkəmə hökmü xx xxxxx 2017-ci il tarixdə çıxmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə yalnız xx xxxx 2020-ci il tarixdə müraciət etmiş və mübahisələndirdiyi müqavilənin etibarsız olmasını ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olması səbəbi ilə əsaslandırmışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 339-cu mad.). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar