Məhkəmə qərarları › İş №2(009)-960/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-960/2022

20.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-960/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi H.R.Hüseynzadənin, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Ə.T.Abdullasoyun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2013-cü ildən ünvan 1 ünvanında yaşayır. 04.04.2022-ci il tarixdə yaşadığı mənzilə göndərilmiş bildirişdən məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən ona əsassız olaraq istilik enerjisindən istifadəyə görə 192,91 manat borc hesablanmışdır. Halbuki, onunla "xxxx" ASC ilə istilik verilməsi ilə bağlı heç bir müqavilə bağlanmamış və tərəflərdən istilik enerjisindən istifadə edilməmişdir. Əlavə olaraq qeyd edir ki, ev alındığı müddətdən mənzildə özünə məxsus istilik sistemi (Kombi) olduğu üçün mənzilə "xxxx" ASC tərəfindən heç bir istilik enerjisinin verilməsinə zərurət olmamışdır. Hesab edir ki, cavabdeh "xxxx" ASC ilə onun arasında istilik enerjisinin verilməsi haqqında heç bir müqavilə bağlanmadığı və ümumiyyətlə onun tərəfindən istilik enerjisindən istifadə edilmədiyi səbəbindən "xxxx" ASC-nin 192,91 manat pulu tələb etməsi əsassızdır və əsassız varlanma məqsədi daşıyır. Qeyd edilən məsələdə öhdəlik hüquq münasibətlərinin yaranma əsaslarından heç biri olmadığı üçün o, bu borcdan azaddır və onu ödəmək vəzifəsi yoxdur. Cavabdehin bu tələbi əsassızdır və əsassız varlanmaq məqsədi güdülür. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" ASC tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 192,91 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, hazırlıq iclasında cavabdehin nümayəndəsi qazdan istifadə ilə əlaqədar abonent saldosunu onlara təqdim ediləcəyi təqdirdə borcu siləcəklərini bildirsə də, saldo cavabdeh təşkilata göndərilmiş, lakin ondan “Azəriqaz”dan möhürlü sənəd və Kombinin zəmanət talonu tələb edilmişdir. Ona görə də cavabdehlə məhkəmədəkənar razılaşma əldə oluna bilməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hər il MKİS-lər tərəfindən onlara ərazidə mövcud olan və istilik enerjisindən istifadə edən mənzillər barəsində məlumatlar verilir, həmin məlumatlar əsasında onlar mənzillərə istilik enerjisindən istifadə ilə əlaqədar borc hesablayırlar. Əgər evdə kombi sistemi mövcuddursa, evin sahibi bu barədə onları məlumatlandırmalıdır ki, onlara borc yazılmasın. Əgər evin mülkiyyətçisi dəyişərsə də, bu barədə onlara məlumat verilməlidir. Konkret tələb üzrə isə bildirir ki, iddiaçı tərəfindən onlara belə bir müraciət olmamışdır. İddiaçı abonent saldosunu vatsap vasitəsi ilə ona göndərmiş, iddiaçıya təklif olunmuşdur ki, hüquqmüəyyənedici sənədlər qanuni yolla təsdiqlənib onlara təqdim olunsun. Onların borcu silmək niyyəti var, yalnız bunun üçün lazımi sənədlər onlara təqdim olunmalıdır.Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş 20.10.2021-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, İddiaçı ödəməli olduğu məbləğ 192,91 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 2 A saylı evin 22 saylı mənzili üzrə İddiaçı abonent kimi qeydiyyata alınmış və ona həmin mənzil üzrə istilik haqqının əvəzi kimi 192,91 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 2 A saylı evin 22 saylı mənzilində yaşasa da, onun mülkiyyətçisi olsa da, onunla cavabdeh arasında istilik təchizatı ilə bağlı hər hansı müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh arasında istilik enerjisinin verilməsi ilə bağlı hər hansı müqavilə bağlanılmamış və ümumiyyətlə iddiaçı tərəfindən istilik enerjisindən istifadə olunmamışdır. Evdə “Kombi” sistemindən istifadə olunur. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən adına hesablanmış borcun silinməsini xahiş etmişdir. АР Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, iddiaçının istilik enerjisindən istifadə ilə bağlı öhdəliyin yaranması üçün onunla cavabdeh arasında həmin xidmətin göstərilməsi ilə bağlı müqavilə olmalıdır. Məhkəmə iclasında isə tərəflər arasında belə müqavilənin bağlanması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, elektrik enerjisindən və qazdan istifadə ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilikdə normativ hüquqi aktlar (“Elektrik enerjisindən istifadə” Qaydaları, “Qazdan istifadə” Qaydaları) mövcud olsa da, istilik enerjisindən istifadə ilə bağlı hər hansı normativ hüquqi akt mövcud deyil. Elektrik enerjisindən və qazdan istifadə ilə bağlı Qaydalarda əhalinin və digər istehlakçıların elektrik enerjisindən və ya qazdan istifadə edilməsinin təmin edilməsi üçün enerjitəchizatı müəssisəsi ilə abonent (və hüquqi şəxs) arasında müqavilənin bağlanılması nəzərdə tutulmuşdur. Yəni enerjitəchizatı müəssisəsi fiziki şəxslərə yalnız müqavilə bağlanılması yolu ilə xidmət göstərirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması” Qaydalarının 4.5.1-ci bəndində göstərilmişdir ki, istilik təchizatı qurumları istilik enerjisi təchizatının dayandırılmasının razılaşdırılmış plan-qrafiklərini cari ilin mart ayının 15-dək istilik enerjisi şəbəkələrinə qoşulmuş və təchizatçı ilə müqavilə bağlamış istehlakçılara təqdim etməlidirlər. Göründüyü kimi göstərilən normativ hüquqi aktda istilik enerjisinin istehsalını, ötürülməsini, paylanılmasını və satışını həyata keçirən təchizatçı müəssisə - "xxxx" ASC-nin istilik enerjisi şəbəkələrinə qoşulmuş istehlakçılarla müqavilənin bağlanılması nəzərdə tutulmasa da, həmin qaydalarda təchizatçı müəssisənin üzərinə istilik enerjisi təchizatının dayandırılması barədə müqavilə bağlanmış istehlakçılara məlumat verilməsi vəzifəsi qoyulmuşdur. Bu qaydaları əsas tutaraq məhkəmə belə nəticəyə gəlir ki, istilik təchizatını həyata keçirən müəssisə istilik enerjisinin istehlakçıya ötürülməsini, paylanmasını və satışını həyata keçirərkən onunla müqavilə bağlamalıdır. Belə müqavilənin bağlanmaması həm istehlakçının istilik təchizatı müəssisəsi qarşısında öhdəliyin yaranmamasına səbəb olur, həm də təchizat müəssisəsinin istehlakçıya qarşı hər hansı tələb irəli sürmək hüququnu yaratmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh qarşısında istilik enerjisindən istifadə ilə bağlı hər hansı müqavilə bağlanmadığı üçün, iddiaçının istehlakçı kimi istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya belə bir borc hesablanması qanuni hesab edilmir. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzildə “Kombi” sistemindən istifadə olunur, bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosunda qış mövsümü üçün iddiaçı tərəfindən qaz sərfiyyatı ilə bağlı edilmiş ödənişlərlə də təsdiq olunur. Belə ki, illər üzrə oktyabr ayından başlayaraq növbəti ilin aprel ayınadək iddiaçı tərəfindən edilmiş ödənişlər digər aylara münasibətdə 3-5 dəfə artıq olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya istilik enerjisindən istifadə ilə bağlı müqavilə olmadan borc hesablanması həm də qanuna zidd olmuşdur. AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülkiprosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi öhdəlik ya müqavilədən, yaxud zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. Öhdəliyi yaranmış şəxs həmin öhdəliyi icra etmirsə, digər tərəf həmin öhdəliyin icra edilməsini tələb edə bilər. Bu tələblərdən kənar müqavilə tərəfinin digər müqavilə tərəfinə hər hansı məcburetmə tədbirləri tətbiq etməsi mülki qanunvericiliyin tələblərinə, prinsiplərinə ziddir və yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh qarşısında istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyinin yaranması üçün əsaslar müəyyən olunmadığı üçün, habelə cavabdeh tərəfindən heç bir əsas olmadan iddiaçıya abonent kimi borc hesablanması qanunsuz olduğundan, irəli sürülmüş iddia əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizələrinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 (otuz) manatdır. “Dövlət rüsumu haqqında” AR Qanunun tələblərinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər, eyni zamanda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı istilik enerjisindən istifadə ilə bağlı abunə hesabına (**********22) yazılmış cəmi 192,91 (yüz doxsan iki manat, doxsan bir qəpik) manat borc əsassız olduğu üçün silinsin. "xxxx" ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar