Məhkəmə qərarları › İş №2(009)-967/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-967/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-967/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «X1» İctimai Birliyinə qarşı qiymətləndirmə aktının ləğv olunması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X1» İctimai Birliyinə qarşı qiymətləndirmə aktının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” ASC aralarında bağlanılmış kredit müqaviləsinə əsasən 30.368,23 manat, faiz borcu 4458,81 manat, ümumilikdə 34.827,04 manat borc pulun ondan tutulmasına dair Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Həmin icraata əsasən sözügedən borc məbləğinin ondan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Eyni zamanda 2(103)-7313/2018 saylı qətnaməsinə əsasən tələb bank qarşısında ipoteka qoyulmuş onun mülkiyyətində olan daşınmaz əmlaka yönəldilmişdir. İpoteka predmeti olan daşınmaz əmlakın hərracda satılması üçün ilkin satış qiyməti isə 100.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılmasına və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi də qeyd edilmişdir. 2(103)-7313/2018 saylı qətnaməyə əsasən ümumilikdə 34827,04 manat borcun ödənilməsi üzrə borc məbləği ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin hərraca çıxarılması nəticəsində cavabdeh “X1” İB tərəfindən verilmiş ekspert rəyinə əsasən ona məxsus ipoteka predmeti olmuş ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 90.000 manat təşkil etdiyi qeyd olunmuşdur. Sözügedən qiymətləndirmə aktı ilə razı deyil. Belə ki, mübahisəli mənzilin qiymətləndirilməsi zamanı olduğu real bazar qiymətdən daha az dəyərə qiymətləndirilmişdir. Hal-hazırda ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil “Ağ şəhər bulvarı”nın yaxınlığında yerləşir. Qiymətləndirmə aparılan zaman “Ağ şəhər bulvarı” yox idi. Həmin bulvarın ona məxsus mənzilin yaxınlığında salınması mübahisəli mənzilin dəyərini iki qat artırmışdır. Həmçinin, 2017-ci ildə keçirilmiş qiymətləndirmə aktı faktiki olaraq bu günki mənzilin bazar dəyərinə uyğun deyildir. Hətta qiymətləndirmə zamanı mənzilin yararlılıq vəziyyəti, təmiri və sair hallarda nəzərə alındığından qiymətləndirmə aktı reallığı əks etdirmir. Hal-hazırda ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil yaşayış üçün tam yararlı vəziyyətdə olmaqla bərabər, yüksək standartlara uyğun olaraq təmir edilmişdir. Bu gün qoyulmuş məbləğ üzrə qiymətləndirmə rəyi öz əhəmiyyətini itirdiyi kimi onun yenidən keçirilməsi zərurətini də ortaya qoymuşdur. Belə ki, mübahisəli mənzilin dəyəri 200.000-220.000 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “X1” İB tərəfindən verilmiş iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsinə dair ekspert rəyinin ləğv edilərək hazırki bazar dəyərinə uyğun qiymətləndirmə aktının verilməsi üçün yenidən ekspertiza keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, iki ildir ki, icra vərəqəsi icra qurumuna göndərilmiş, hazırda hərrac keçirilir, lakin hesab edir ki, 4 il bundan əvvəl qoyulan evin qiyməti hazırda real deyil. Əmlak hazırda 220.000 manat dəyərindədir. Ona görə də istəyir ki, “xxxx” MMC-də yenidən qiymətləndirmə aparılsın və hərrac yeni müəyyən edilən qiymətə uyğun keçirilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “X1” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-7313/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, kredit müqaviləsi üzrə borc kimi 30.368,23 manat, faiz borcu kimi 4.458,8 manat, ümumi borc kimi 34.827,04 manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələb bank qarşısında ipoteka qoyulmuş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 4 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın hərracda satılması üçün ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın hərracda satıldıqdan sonra cavabdeh ən geci 1 ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. İş üzrə “X1” İB tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 258/11-17/E-13-S saylı ekspert rəyinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 4 saylı evin 18 nömrəli mənzilinin bazar dəyəri 90.000 manat, likvid dəyəri 82.000 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7313/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə kredit müqaviləsi üzrə borc kimi 30.368,23 manat, faiz borcu kimi 4.458,8 manat, ümumi borc kimi 34.827,04 manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələb bank qarşısında ipoteka qoyulmuş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 4 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın hərracda satılması üçün ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın hərracda satıldıqdan sonra cavabdeh ən geci 1 ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və mübahisəli ev hərraca çıxarılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfndən açıq hərraca çıxarılmış daşınmaz əmlak aşağı qiymətə qiymətləndirilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh «X2» İB tərəfindən mülkiyyətində olan daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyinin ləğv edilməsini və əmlakın yenidən qiymətləndirilməsi üçün yeni ekspertiza keçirilməsini xahiş etmişdir. İddiaçı iddiasının əsası kimi “X1” İB tərəfindən daşınmaz əmlaka qoyulan qiymətlərin real olmamasını, real bazar qiymətindən kifayət qədər aşağı həddə olmasını göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan evin hərracda satılması üçün müəyyən olunmuş ilkin satış qiyməti cavabdeh tərəfindən verilmiş ekspert rəyi ilə deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Digər tərəfdən ekspert rəyində iddiaçının mülkiyyətində olan mənzilin likvid dəyəri 82000 manat, bazar dəyəri isə 90000 manat müəyyən edilsə də, məhkəmə tərəfindən daşınmaz əmlakın ilkin satış qiyməti 100.000 manat müəyyən olunmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətindəki mənzilin qiymətinin iki dəfə artmasını, yəni 200.000-220.000 manat təşkil etməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «İpoteka haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olmuş evin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, həmin hal hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Bu səbəbdən iddiaçı mülkiyyətində olan əmlakın yenidən qiymətləndirilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X1» İB-yə qarşı ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 4 saylı evin 18 nömrəli mənzilin qiymətləndirilməsi barədə «X1» İBnin xx.xx.2017-ci il tarixli ekspert rəyinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi üçün yeni ekspertiza keçirilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar