Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-997/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit “ QSC BOKT-un nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-nə, "xxxx" ASC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Qaradağ rayon icra şöbəsi və “Aqrarkredit “ QSC BOKT) qarşı «hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyri- yaşayış binasının satışına dair xx.xx.2016-cı il tarixdə keçirilən hərracın nəticələrinin, həmçinin hərracın nəticələri haqqında Y-105 saylı yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Quliyev Ramil Ərşad oğlu arasında kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə istinad olunaraq ona və Quliyev Ramil Ərşad oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamənin ipoteka predmetinin qiymətləndirilməsi hissəsindən "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-838 saylı, 05 mart 2015-ci il tarixli qətnaməsi ilə “Quliyev Ramil Ərşad oğlundan 40.000 manat əsas, 8400 manat kreditə görə faiz borcu, ümumilikdə 48.400 manat və 23.10 manat ödənilmiş dövlət rüsumu məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 23A-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının ixtisaslaşdırılmış açıq hərracda satılması və qeyri-yaşayış binasının ilkin satış qiymətinin 125.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 23A-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışından əldə olunmuş vəsaitdən 48.423 manat 10 qəpiyin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” qət olunmuşdur. Qətnamə icra olunması üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. Qaradağ Rayon İcra Şöbəsi isə "xxxx" MMC-yə ərizə ilə müraciət edərək əmlakın satışının təşkil edilməsini xahiş etmişdir. Mübahisəli əmlak ilk dəfə "xxxx" MMC tərəfindən 15 yanvar 2016-cı il tarixdə 125.000 manata satılması üçün hərraca çıxarılmışdır. Hərrac baş tutmadığı üçün əmlak ikinci dəfə xx.xx.2016-cı il tarixdə 106.250 manata satışa çıxarılmışdır. Lakin hərrac yenidən baş tutmamışdır. Hərracın nəticələri haqqında Y-105 saylı yekun Protokoldan və alğı-satqı müqaviləsindən də göründüyü kimi mübahisə əmlak xx.xx.2016-cı il tarixdə 79688 manata "xxxx" ASC-yə satılmışdır. 15 yanvar 2016-cı il, 19 fevral 2016-cı il, 10 mart 2016-cı il tarixdə keçirilən hərracın keçirilməsi ilə bağlı ona rəsmi və ya qeyri-rəsmi, heç bir məlumat verilməmişdir. Həmçinin iş materiallarında olan 05 fevral 2016-cı il tarixli bildirişdən də göründüyü kimi 19 fevral 2016-cı il tarixdə keçirilmiş hərrac barədə məlumat 15 gün öncə deyil, 14 gün öncə göndərilmişdir. 10 mart 2016-cı il tarixdə keçirilən sonuncu hərrac barədə ümumiyyətlə ona məlumat göndərilməmişdir. Bundan başqa mübahisəli əmlakın hərracda satışından əldə edilmiş 79.688 manatın bank borcundan sonra qalan 31.264 manat 90 qəpiyi ona ödənilməmiş və ümumiyyətlə bu barədə məlumat verilməmişdir. Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən mənzilin satılması ilə əlaqədar ona icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vəsatətlə müraciət edərək tələb üzrə cavabdeh “Azərbaycan Beynəlxalq Bankı“ ASC qeyd edilən iddiaya cavab verməli şəxs olmadığından “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında“ Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 N-li Fərmanının: 2.3.1-ci bəndinə əsasən "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; 2.3.3-cü bəndinə əsasən tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya İxtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək vəzifələrini yerinə yetirmək “Aqrarkredif QSC” yə həvalə edilmişdir. İddia tələbinin predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ona dair bütün hüquqlar problemli kredit aktivi kimi xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı ilə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Problemli kredit aktivi kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ona dair bütün hüquqlar xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı ilə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verildiyindən, iddia tələbinə dair məhkəmə tərəfindən gələcəkdə qəbul ediləcək qətnamə üzrə "xxxx" ASC heç bir hüquq və vəzifələr daşımayacaqdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcmininin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, "xxxx" MMC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC- yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi) qarşı Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsi, M.Seyidov küçəsi,23A ünvanında yerləşən ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyri- yaşayış binasının satışına dair xx.xx.2016-cı il tarixdə keçirilən hərracın nəticələrinin, həmin hərracın nəticələri haqqında Y-105 saylı yekun protokolunun etibarsız hesab edilməsi, həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməsi, "xxxx" ASC-nin və "xxxx" QSC BOKT-nın birgə yaratdığı Təhvil-Təslim komissiyasının 29 may 2022-ci il tarixli 22 nömrəli iclas protokolunun etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi (bundan sonra - Xidmət) tərəfindən verilən 08 avqust 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz vermiş və onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına (bundan sonra - Fərman) əsasən, "xxxx" QSC BOKT-nın "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlak, o cümlədən ünvan 3 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Belə ki, Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə "xxxx" ASC-nin və "xxxx" QSC BOKT-nın nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının 29 may 2019-cu il tarixli 22 nömrəli iclas protokoluna əsasən "xxxx" QSC BOKT-un mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası "xxxx" QSC BOKT tərəfindən "xxxx" ASC-yə verilmişdir (Komissiyanın iclas protokolu əlavə edilir). Bundan sonra, ƏMDX-nin 8 avqust 2019-cu il tarixli ********** nömrəli çıxarışına əsasən "xxxx" ASC-nin sözügedən qeyri-yaşayış binasına dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC-nin əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, İddiaçı sözügedən qeyri-yaşayış binasının könüllü boşaldılması və ya icarə müqaviləsi əsasında istifadəsinə verilməsi barədə müvafiq təkliflər olunsa da, sonuncu heç bir hüquqi əsas olmadan əmlakın onun istifadəsində olduğunu, qeyri-yaşayış sahəsindən çıxmayacağını bildirmiş, bu səbəbdən İddiaçı və qeyrilərinin sözügedən qeyriyaşayış binasından çıxarılaraq, həmin binanın boşaldılması barədə 18 noyabr 2020-ci il tarixində iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə (bundan sonra - Məhkəmə) müraciət olunmuşdir. Məhkəmənin 1 iyun 2021-ci il tarixli 2(002)-366/2021 nömrəli qətnaməsi ilə (Qətnamə əlavə edilir) "xxxx" ASC-nin iddiası təmin edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvvəyə mindikdən sonra müvafiq icra tədbirləri həyata keçirilərkən, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin 13 iyun 2021-ci il tarixli 2(002)-366/2021 nömrəli qərardadı ilə (Qərardad əlavə edilir) cavabdehin müvafiq ərizəsi təmin edilməmiş, qərardad cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçı tələbinin əsası kimi 15 yanvar 2016-cı il, 19 fevral 2016-cı il və 10 mart 2016-cı il tarixlərində keçirilmiş hərrac barədə ona məlumat verilmədiyini, həmçinin 19 fevral 2016-cı tarixində keçirilmiş hərrac barədə məlumatın qanunvericiliyə uyğun olaq 15 gün öncə deyil, 14 gün öncə göndərildiyini bildirmişdir. Həmçinin, Qaradağ rayon İcra şöbəsi (bundan sonra - Şöbə) tərəfindən mənzilin satılması ilə bağlı icraata başlama haqqında qərar və bildirişin ona təqdim edilmədiyini göstərmişdir. Hesab edirik ki, qeyd olunan hallar iddiaçının qeyd etdiklərinin doğruluğunu şübhə altına alır. Belə ki, cavabdeh qətnamədən şikayət verərkən belə bir qətnamənin mövcudluğundan Şöbədə olarkən məlumatı olduğunu bildirmişdir. Şöbənin 15 iyul 2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş 28 yanvar 2022-ci il tarixində İddiaçı rəsmi şəkildə verilmişdir. Lakin, cavabdeh xeyli müddət keçdikdən sonra, yəni 07 iyun 2022-ci il tarixində qətnaməni əldə etmək üçün məhkəməyə müraciət etmişdir. Bütün bu hallar məhkəmənin 13 iyun 2023-cü il tarixli qərardadında da öz əksini tapmış, məhkəmə İddiaçı sözügedən qətnamədən uzun müddət xəbərdar olmasına baxmayaraq, şikayət vermək imkanını qəsdən yubatdığını, qətnamənin icrasından boyun qaçırdığı qənaətinə gəlmiş və İddiaçı tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı istinad etdiyi halları üzrlü hesab etməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində hərracın yekunu barədə 10 mart 2016-cı il tarixli protokoldan 28 yanvar 2022-ci il tarixində məlumatı olduğunu göstərmişdir. 13 aprel 2023-cü il tarixində isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, qanunvericiliyin tələbinə əsasən iddiaçı müqavilə qüvvəsinə malik olan protokolu etibarsız sayılmasına əsas verən halları bildiyi gündən, yəni 28 yanvar 2022-ci il tarixindən bir il ərzində mübahisə edə bilərdi. Lakin, İddiaçı bu zaman ərzində öz hüququndan istifadə etməmiş, əqdi mübahisələndirməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Eləcə də iddia tələbinin "xxxx" ASCnin və "xxxx" QSC BOKT-nın birgə yaratdığı Təhvil-Təslim Komissiyasının protokolunun ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmək istəyirik ki, "xxxx" QSC BOKT sözügedən dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə "xxxx" ASC-nin və "xxxx" QSC BOKT- nın nümayəndələrindən ibarət yaradılmış Təhvil- Təslim Komissiyasının bilavasitə iştirakçısı olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq onun işdə iştirak edən şəxs qismində cəlb olunması zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 bildirmişdir ki, iddiaçının hərracın keçirilməsindən xəbəri olmamışdır. Əqdlərlə bağlı olan məsələlər konkret tənzimlənir. Əqdlərdə hərracın keçirilməsi qaydası var. Əqdlərlə bağlı müddəaların hərracla keçirilməsini göstərəcək bir dənə imperativ norma yoxdur. Daşınmaz əmlaklarla bağlı mübahisələrə 6 il iddia müddəti tətbiq edilə bilər, həm ümumi iddia müddəti tətbiq edilə bilər, həm də MM 384.0.4-cü maddəsinə əsasən burada mülkiyyətin bərpası ilə bağlı mübahisə olduğu üçün iddia müddəti tətbiq edilə bilməz. Bank israrla vətəndaşın bütün əmlakını ələ keçirmək istəyir, mülkiyyət hüquqlarını əldə etməkdə davam edir. Bu şəxsin yeganə qazanc mənbəyidir, məcburi köçkündür, qardaşı Qarabağ müharibəsi əlilidir. Məhkəmə vaxt versə onlar bankın göstərdiyi məbləği burada təqdim etməyə hazırdırlar. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 bildirişdir ki, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi Azərbaycan Sənaye Korporasiyası ASC-nin mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Sənaye Korporasiyası ASC cavabdeh İddiaçı və digərlərinə qarşı Qaradağ Rayon Məhkəməsində iddia qaldırmşdır. İddiaçı icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada tanış olmuşdur. Buradan da görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixli hərracın nəticələri barədə protokoldan və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı əsasında qeyri-yaşayış sahəsinin Azərbaycan Sənaye Korporasiyası ASC-yə keçməsindən məlumatlı olmuşdur. İş materiallarından da göründüyü kimi İddiaçı hərracın yekunları barədə xx.xx.2016-cı il tarixli protokoldan xx.xx.2022-ci ildə məlumatı olmuş, elə bu tarixdən də müddət axımı başlanmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüşdür. Bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, Azərbaycan Sənaye Korporasiyası ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında prezidentin 4 dekabr 2017-ci il tarixli fərmanına əsasən Aqrarkredit QSC BOKT-un Azərbaycan Beynəlxalq Bankı ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlak, o cümlədən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası Azərbaycan Sənaye Korporasiyası ASC-nin mülkiyyətinə verilmişdir. Bununla bağlı komissiya yaradılmışdır. Komissiyanın 29 may 2019-cu il tarixli protokoluna əsasən həmin qeyri-yaşayış binası Azərbaycan Sənaye Korporasiyası ASC-yə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti çıxarış vermişdir. İddiaçı sözügedən qeyri-yaşayış binasının boşaldılması barədə təkliflər göndərilmişdir, lakin o, heç bir hüquqi əsas olmadan əmlakın onun istifadəsində olduğunu, qeyri-yaşayış sahəsindən çıxmayacağını bildirmişdir. Ona görə də həmin binanın boşaldılması tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı bu qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizə təmin edilməmişdir. Cavabdeh belə qətnamənin mövcudluğundan icra şöbəsində olarkən məlumatı olduğunu bildirmişdir. Şöbənin 15 iyul 2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş 28 yanvar 2022-ci il tarixdə iddiaçıya rəsmi şəkildə verilmişdir. Cavabdeh 7 iyun 2022-ci il tarixində qətnaməni əldə etmək üçün məhkəməyə müraciət etmişdir. İddiaçı sözügedən qətnamədən uzun müddət xəbərdar olmasına baxmayaraq şikayət vermək imkanını qəsdən yubatdığı qənaətinə gəlmişdir. Həmçinin iddiaçı iddia ərizəsində hərracın yekunu barədə 10 mart 2016-cı il tarixli protokoldan 28 yanvar 2022-ci cil tarixində məlumatı olduğunu göstərmişdir, 13 aprel 2023-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı müqavilə qüvvəsinə malik olan protokolu etibarsız sayılmasına əsas verən halları bildiyi gündən, yəni 28 yanvar 2022-ci il tarixindən bir il ərzində mübahisə edə bilərdi. Lakin iddiaçı bu hüququndan istifadə etməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində də bu öz əksini tapmışdır. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarından da bildirilir ki, həmin müddət keçdikdən maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu əsasdan iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit “ QSC BOKT-un nümayəndəsi X6 iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada digər cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli İcraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-838 saylı, 05 mart 2015-ci il tarixli qətnaməsi üzrə 17 iyun 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Quliyev Ramil Ərşad oğlundan 48400 manat borc və 23.10 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 23A-da yerləşən ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binası ixtisaslaşdırılmış açıq hərracda satılması və qeyri-yaşayış binasının ilkin satış qiyməti 125000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 10 mart 2016-cı il tarixli, Y-105 saylı Hərracın nəticələri haqqında Protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 23A-da yerləşən ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binası ipotekasaxlayan "xxxx" ASC 79688 manata almışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 23A-da yerləşən ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasını "xxxx" ASC 79688 manata almışdır. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 2(009)-366/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilmiş, İddiaçı və qeyrilərinin ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit müqaviləsi ilə Quliyev Ramil Ərşad oğlun kredit vermişdir. İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 23A-da yerləşən ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-838 saylı, 05 mart 2015-ci il tarixli qətnaməsi üzrə 17 iyun 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Quliyev Ramil Ərşad oğlundan 48400 manat borc və 23.10 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 23A-da yerləşən ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binası ixtisaslaşdırılmış açıq hərracda satılması və qeyri-yaşayış binasının ilkin satış qiyməti 125000 manat məbləğində müəyyən edilmişdir. Qaradağ rayon icra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə icra işi icraata başlanılmışdır. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mübahisəli mənzil Qaradağ rayon İcra Şöbəsinin sifarişi əsasında hərraca çıxarılmışdır. İlkin satış qiyməti 125000 manat müəyyən edilmişdir. Keçirilmiş hərrac nəticəsində ipoteka saxlayan "xxxx" ASC 79688 manata almışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh keçirilən hərracdan onun xəbəri olmamış və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən iddiaçı həmin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinin tələblərinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). Bu Qanunun 42.5-ci və 42.6-cı maddələrinə görə ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Məhkəmə, əqdin etibarsızlığına dair iddia tələblərinə kəsici müddətin tətbiqi üzrə zərurətin olub-olmamasını nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələblər hərracın yekunları barədə protokolun, bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2022-ci ilin əvvəllində məlumatı olmuşdur. Lakin buna baxmayaraq hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən 2023-cü ilin aprel ayında, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bərpası üçün məhkəməyə müraciət etmədiyindən və bununla da müraciət müddəti ötürdüyündən, iddia tələbləri təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-997/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-997/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver