Məhkəmə qərarları › İş №2(010)-100/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-100/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-100/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İlkin İddiaçı İlkin iddiaçının nümayəndəsi və vəkili Vəkil2, İddiaçı tərəfdən müstəqil tələb irəli sürən üçüncü şəxs X1, Qarşılıqlı iddiaçı Cavabdeh, Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili X3 iştrakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X4, Mustafayev Zöhrab Nadir oğluna qarşı kompensasiya məbləğinin artırılması və təmirə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxslər Mustafayev Zöhrab Nadir oğlu, X2 Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat kompensasiya verilməklə övladları ilə birlikdə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X4, Mustafayev Zöhrab Nadir oğluna qarşı kompensasiya məbləğinin artırılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kompensasiya məbləğinin 15000 manat müəyyən edilməsi və ona vurulmuş 13800 manat məbləğində maddi ziyanın, cəmi 28800 manat məbləğində pulun İddiaçı, X4, Mustafayev Zöhrab Nadir oğlundan alınıb ona ödənilməsi, mənzildən çıxarılma və kompensasiya məbləğinin artırılması və vurulmuş maddi ziyanın ödənilməsi tələblərinin eyni vaxtda icra olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Mustafayev Zöhrab Nadir oğlu, X5 Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat kompensasiya verilməklə övladları ilə birlikdə onlara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu Mustafayev Zöhrab ilə 2008-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx xxxxxxxx 2009-cu il təvəllüdlü Mustafa Ömər Zöhrab oğlu və xx xxxxxx 2012-ci il təvəllüdlü Mustafa Fatimə Zöhrab qızı doğulmuşlar. Hazırda cavabdeh ona məxsus evdə yaşayır. Lakin, birgə yaşayış qaydalarına əməl etmir, konfliktlər yaradır. Ancaq istifadə hüququ olmağına baxmayaraq cavabdeh ondan həyətdəki ona məxsus tikililəri sökməyi tələb edir. Qarşılıqlı iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia tələbi üzrə qoyulmuş kompensasiya məbləği həddən artıq aşağıdır. O, həmin məbləğə hazırkı qurduğu şəraitdə, 3 il müddətinə 3 otaqlı mənzil kirayə götürə bilməz. Belə ki, o, ilkin iddiaçıların nəvələri və övladları olan 2 övladı - xx.xx.2009-cu il təvəllüdlü Mustafalı Ömər Zöhrab oglu və xx.xx.2012-ci il təvəllüdlü Mustafalı Fatimə Zöhrab qızı ilə öz vəsaiti hesabına təmir etdiyi 3 otaqlı evdə yaşayır. Oğlu 11, qızı 8 yaşındadırlar və onların eyni otaqda yatmasına nə etik normalar, nə də oğlunun sağlamlığı yol vermir. Belə ki, oglu Ömər "Hemipleqik spastik serebral iilic, USİ.sol tərəfli hemiparez” xəstəliyindən əziyyət çəkir, həm əqli, həm də fiziki qüsurludur. Daim qıcolmaları olur, müalicə altındadır. Gecəyarı qıcolması ola bildiyinə görə daim onun yanında tibbi təhsili olan baxıcının qalması vacibdir. Odur ki, uşaqların hər biri ayrı otaqlarda yatmalı olduqlarına görə kirayə tutacağı ev 3 otaqlı, normal şəraitli ev olmalıdır. İlkin iddiaçının təklif etdiyi 7500 manat hazırkı bazar qiymətinə qəti uyğun deyil. 3 il müddətinə 3 otaqlı evin kirayə tutulması üçün kompensasiyanın real və ədalətli məbləği 15000 manat olmalıdır. Bundan başqa, yaşadığı evdə 2019-cu ilin sentyabr ayından, onun və övladlarının həmin evə istifadə hüququnun yaranması barədə qətnamə qanuni qüvvəyə minərək icraya yönəldikdən və onlar həmin ünvandakı evə rəsmi qeydiyyata düşdükdən sonra evin əvvəlki vəziyyəti yaşamaq üçün yararsız vəziyyətdə olduğundan evdə öz hesabına təmir işləri aparmış və evə ayrı qaz, su və işıq xəttləri çəkdirərək sayğaclar alıb qoydurmuş, təmir işlərini də ilkin iddiaçıların razılığını alaraq etmişdir. Əgər ilkin iddiaçıların ona kompensasiya verməklə istifadə hüquqlarına xitam vermək fikirləri var idisə, onlar bunu o, evi təmir etməzdən əvvəl deməli idilər ki, belə olan halda o, heç bir təmir işi aparmaz, nə maddi, nə mənəvi, nə də fiziki əziyyətlər çəkməzdi. O, maddi vəziyyətinin aşağı olan vaxtında çarəsiz qalıb normal şəraitdə yaşamaq üçün, özünə və uşaqlarına normal şərait qurmaq məqsədilə 2 bankdan - 5000 və 2200 manat məbləğlərində kredit götürmüşdür. Tək qadın olaraq təmir işlərinin onun üçün nə qədər ağır və sarsıdıcı olduğunu keçmiş qayınatası və qayınanası gördüyü halda, onun kreditə götürdüyü pullar və valideynlərinin etdiyi kömək nəticəsində ona evi təmir etdirərək, daha sonra ona 7500 manat kompensasiya verməklə onun və övladlarının istifadə hüquqlarınaa xitam verdirmək ilkin iddiaçıların bilərəkdən düşünülmüş planıdır ki, bunun da nəticəsində o, uşaqlarıyla bərabər küçədə qalmış, ilkin iddiaçılar isə mənfəət qazanmış olurlar. Belə ki, onun pulu və əziyyəti hesabına tam təmir olunmuş şəraitli bir ev qazanırlar. O, banklardan götürdüyü kredit məbləğlərinə görə əlavə olaraq da faiz ödəməlidir və hazırda da ödəyir. Azərbaycan Beynəlxalq Bankından xx.xx.2019-cu il tarixli, BPM **********40 nömrəli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədlər üçün 48 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 5000 manat kredit, xx.xx.2019-cu il tarixdə Kapital Bankdan xx.xx.2019-cu il tarixli, BRSP 1588721A109 nömrəli kredit kartına dair müqaviləyə əsasən illik 20 faiz dərəcəsi ilə 2200 manat pul götürmüşdür. Həmin pulun üzərinə də öz vəsaitindən pul qoyub evi təmir etdirmişdir. Aşağıda göstərdiyi siyahı üzrə evin təmirinə 10000 manat pul xərcləmişdir: usta və fəhlələrə ödənilən pul - 3000 manat; mal-materiala və sayğacların alnması, qaz, işıq və su xəttlərinin cəkilməsinə - 5600 manat; materialların taksi ilə daşınmasına 300 manat; zibilin daşınmasına 100 manat; darvazanın alnması və qoyulması üçün 800 manat; pilləkənin tikilməsi 200 manat. Pilləkənlər tikiləndən sonra ilkin iddiaçılar olan ər-arvad ikisi birlikdə pilləkəni dağıtmış, pulunu ödədiyi darvazanı isə qoymağa imkan vermədiklərindən darvaza hasara söykənmiş vəziyyətdə bu günədək qalır. Bundan başqa, o, Mustafayev Zöhrab Nadir oğlundan boşanana qədər onların hazırda oturduqları evdə yaşamış, hazırkı yaşadığı ev şəraitsiz, rütubətli və kirayənişinlərə verilmiş bir ev olmuşdur. Boşandıqdan sonra, 2015-ci ilin dekabrında İddiaçı onun atasından 3000 manat kosmetik təmir və 800 manat kombi aparatı almaq üçün alaraq, evə yüngülvari əl gəzdirərək 2016-cı ilin yanvarında onları həmin evə köçürmüşdür. Həmin məbləğin də cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bir halda ki, ilkin iddiaçılar onun övladlarıyla bərabər istifadə hüquqlarına xitam vermək istəyirlər, elə isə onun 2015-ci ilin dekabr-yanvar ayında (3800 manat) və 2019-cu ilin sentyabr-noyabr aylarında (10000 manat) - cəmi 13800 manat yaşadığı evin təmirinə xərclədiyi pulunu ödəməlidirlər. İlkin iddiaçıların ona 7500 manat məbləğində kompensasiya ödəməklə onun mənzildən istifadə hüquqlarına xitam veriləcəyi təqdirdə o, normal yaşayış şəraitinin yaratmaq imkanından məhrum olur, həmin məbləğ bazar qiymətlərinə uyğun məbləğ hesab edilə bilməz və ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Mustafayev Zöhrab Nadir oğlu, X5 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onun oğlu Mustafayev Zöhrab ilə 2008-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx xxxxxxxx 2009-cu il təvəllüdlü Mustafa Ömər Zöhrab oğlu və xx xxxxxx 2012-ci il təvəllüdlü Mustafa Fatimə Zöhrab qızı doğulmuşlar. Sonradan münasibətləri pozulmuş və 2015-ci ildə cavabdehin iddiası ilə Suraxanı Rayon Məhkəməsinə əsasən nikah pozulmuşdur. Hazırda məhkəmənin icraatında İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzilə dair kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iş vardır. Onlar da mübahisəli mənzilin paylı mülkiyyətçiləridirlər. Hazırda cavabdeh onlara məxsus evdə yaşayır, lakin birgə yaşayış qaydalarına əməl etmir, konfliklər yaradır, yalnız istifadə hüququ olmağına baxmayaraq, hətta onlardan həyətdə olan onlara məxsus tikililəri sökməyi tələb edir. Məhkəmə iclasıda iştirak edən ilkin iddiaçının vəkili Vəkil2 ilkin iddia ərizəsini müdafiə edərək qiymətləndirmə rəyinə etiraz etdiklərini, həmin rəydə göstərilən həm mübahisəli evin yerləşdiyi ərazidəki kirayə qiymətlərinin, həm də təmirə sərf edilən xərclərin şişirdilmiş olduğunu, həqiqəti əks etdirmədiyini bildirdi və ilkin iddiaçının təklif ediləndən artıq kompensasiya vermək istəmədiyini qeyd etdi. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı ilkin iddiasını müdafiə edərək təklif etdiyi kompensasiyanın ədalətli olduğunu, əlavə olaraq təmirə çəkilən xərclərin əvəzi kimi 2500 manat da verə biləcəyini bildirdi və ilkin iddanın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfdən müstəqil tələb irəli sürən X4 iddiasını müdafiə edərək rəydə göstərilən məbləğlərin həqiqəti əks etdirmədiyini, mübahisəli evin onsuzda təmirli olduğunu, qarşılıqlı iddiaçının orada cüzi işlər görduyunu bildirdi və qarşılıqlı ididanın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçının vəkili X7 qarşılıqlı iddia tələbini müdafiə edərək qiymətləndirmə rəyində bəzi xərclərin nəzərə alınmadığını, ümumilikdə isə rəylə razı olduqlarını, ilkin iddada təklif edilən kompensasiyanın az olmaqla mövcud vəziyyətə uyğun olmadığını, təmirə çəkilən xərclərin isə ümumiyətlə nəzərə alınmadığnı bildirdi və qarşılıqlı iddialarının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddiaçı tərəfin təklif etdiyi kompensasiyanın çox az olduğunu, təmir xərclərinin isə ümumiyətlə nəzərə alınmadğını bildirərək qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əşyaları ilə birlikdə evdən çıxarılma və evin boşaldılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı övladları ilə birlikdə evə istifadə hüququnun tanınması tələbinə dair qarşlılıqlı iddia üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ilkin iddiası təmin edilməmiş, Cavabdeh qarşılıqlı iddiası təmin edilmiş, onun övladları xx xxxxxxxx 2009-cu il təvəllüdlü Mustafa Ömər Zöhrab oğlu və xx xxxxxx 2012-ci il təvəllüdlü Mustafalı Fatimə Zöhrab qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evə istifadə hüquqları tanınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin seriya RX, ******* № li çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli ev mülkiyyət hüququ əsasında İddiaçı, 0.06 ha torpaq sahəsi isə birgə mülkiyyətçilər İddiaçı, X6 və Mustafayev Zöhrab Nadir oğluna məxsusdur. - “xxxx” MMC-nin iş üzrə verdiyi xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyinə görə, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazidə orta aylıq kirayə haqqı, kommunal xərclər daxil olmadan 300,00 manatdir və həmin evin bir hissəsinin, yəni 50.71 kv.m. sahəsinin təmirinə çəkilən xərclərin ümumi məbləği 12800 manat təşkil etmişdir. Məhkəmə iclasına ilkin iddiaçı tərəfdən şahid kimi çağırılmış Vəliyev Ajıvəli ifadəsində bildirdi ki, onun arvadının qardaşı iddiaçının qonşusudur, İddiaçı oradan tanıyır. Evin təmirini o, etmiş, parketi, döşəməni o, vurmuş, bundan əlavə evin tavanını ağartmışdır. Bu işləri təxminən 5-6 il əvvəl etmiş, həmin vaxtı Əsməri orada tək-tək görmüşdür. Təmirdən sonra cəmi bir dəfə evə gəlmiş, həmin zaman Əsməri orada görmüşdür. Təmirə görə materialları İddiaçı almış, bütün işə görə 200 manat zəhmət haqqı almışdır. Bildirdiyinə görə dərin (peşəkar nəzərdə tutulur) usta deyil, yalnız bəzi işləri görə bilir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tərəfindən şahid kimi çağırılmış X8 şahid kimi ifadə verərək bildirdi ki, o, Cavabdeh evində usta kimi işləmiş, işləməyə pilləkəndən başlamış, sonra təmir işinə evdə davam etmişdir. Həyətdə iki ev olmuş, evlərdən biri Əsmərin, biri isə Nadirin olmuş, Əsmərin qaldığı ev 3 otaq olmuşdur. O, Əsmərin evində pilləkəni hörmüş, elektrik naqilərini düzəltmiş, kombi sistemini düzəltmiş, hamam çökmüş vəziyyətdə olduğundan onu düzəltmiş, sonra isə kosmetik işləri görmüşdür. Təmir sentyabr ayından dekabr ayına kimi davam etmiş, o, qeyd etdiyi işlərə görə 1500-1800 manat arası zəhmət haqqı almışdır. Onun gördüyü iş təmirin 15% hissəsi olmuş, əsas işi Sabir adlı usta görmüşdür. Materialın alınması işinə onlar qarışmamışlar, Əsmər xanımın sifarişi ilə materiallar alınıb gətirilmişdir. Onlar təmir edəndə İddiaçı gəlib həyətdə xətt çəkmiş və onlara demişdir ki, işləyin ama bu xəttdən kənara çıxmayın. Evdə onunla birlikdə Sakit, Bəhram və Qalib adlı ustalar işləmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından aydın olur ki, mübahisəli fərdi yaşayış evi ilkin İddiaçı məxsusdur. Mustafayeva Səməngül və Mustafayev Zöhrab Mustafayev Nadirin həyat yoldaşı və oğludur. Cavabdeh İddiaçı keçmiş gəlini kimi mübahisəli evə məhkəmə qaydasında istifadə hüququ əldə etmişdir. Hazırkı iddia ilə İddiaçı kompensasiya verməklə həmin hüquqa xitam verilməsini istəyir, Cavabdeh isə qarşılıqlı iddia irəli sürərək daha böyük kompensasiya ilə yanaşı, həm də evin təmirinə çəkdiyi xərcin əvəzini istəyir. Tərəflər kompensasiya məbləği ilə bağlı razılığa gəlməmişlər. Mülki Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi ondan ibarətdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Belə ki, qanunvericiliyin tələbinə görə yaşayış sahəsinə istifadə hüququ olan şəxsə qarşı mülkyyətçi tərəfindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürülərkən istifadə hüququna son qoyulmasının əvəzi kimi yaşayış sahəsinin yerləşdiyi ərazi və digər parametrlər nəzərə alınaraq kompensasiya müəyyən edilməlidir. Qanunverici məhdud əşya hüququ olan istifadə hüququna münasibətdə mütləq əşya hüququ olan mülkiyyət hüququnu üstün tutsa da, hüquq itirən şəxsin layiqli həyat şəraitinə uyğun şəkildə yaşayış yeri ilə təmin olunması hüquunu da tanıyır və buna görə də itirilmiş hüququn əvəzinə kompensasiya verilməsini nəzərdə tutur. Hazırkı işdə tərəflər arasında kompensasiya qiyməti ilə bağlı mübahisə vardır və məhkəmə kompensasiya qiymətinin müəyyən edilməsi ilə bağlı “xxxx” MMC-nin verdiyi rəyi mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddiaçı tərəfin təklif etdiyi kompensasiya məbləğini işin hallarını, cavabdehin sosial vəziyyətini, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onlara layiqli həyat şəraitinin təmin edilməsi baxımından yetəri qədər hesab etmir. Belə olan halda, nə qədər ki, mülkiyyətçi olan ilkin iddiaçı təklif etdiyi kompensasiya məbləğinin artırılmasına razı deyildir, məhkəmə isə təklif edilən məbləği bazar qiymətinə mütənasib hesab etmir, ilkin iddia tələbi də təmin edilə bilməz. Çünki, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilərkən mülkiyyətçinin müəyyən edilən məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Belə razılıq alınmadan kompensasiya təyin edilməklə ididanın təmin edilməsi yolverilməzdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Mustafayev Zöhrab Nadir oğlu və X2 iddiaları ilə bağlı məhkəmə qeyd edir ki, üçüncü şəxslərin iddiaları əsassızdır. Ona görə ki, iş materiallarından göründüyü kimi, mübahisəli evin mülkiyyətçisi İddiaçıdur. Üçüncü şəxslər isə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin birgə mülkiyyətçiləridirlər. Mübahisə evlə bağlı olduğuna görə üçüncü şəxslərin kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmələrinə subyektiv hüquqları yoxdur. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İlkin iddia tələbi təmin edilmədiyinə görə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddianın əsası kompensasiya məbləği və evin təmirinə çəkilən xərclərin verilməsi üzərində qurulmuşdur. Mülkiyyətçi ilə kompensasiya məbləği razılaşdırılmadığına görə istifadə hüququna xitam verilməsi tələbi təmin edilməmişdir. Deməli, qarşılıqlı iddiaçı mübahisəli evdə yaşamağa davam edir və təmirə çəkilən xərcin tutulması barədə tələb də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdə məhkəmə xərcləri iddialar üzrə ödənilmiş dövlət rüsumlarından və mübahisə predmeti ilə bağlı aparılmış qiymətləndirmənin dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə hər bir tələblə bağlı ödənilmiş dövlət rüsumları, tələblər təmin edilmədiyinə görə tərəflərin özlərinə aid edilməli, aparılmış qiymətləndirmənin dəyəri olan 500 manat məhkəmə xərci isə 300 manat iddiaçı və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxslərdən müştərək qaydada, 200 manatı isə qarşılıqlı iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 217-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X4, Mustafayev Zöhrab Nadir oğluna qarşı kompensasiya məbləğinin artırılması və təmirə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Mustafayev Zöhrab Nadir oğlu və X2 Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Üçüncü şəxslər tərəfindən ödənilmiş dövlət rüsumu üçüncü şəxslərə aid edilsin. İş üzrə aparılmış qiymətləndirmə xərci olan 500 manat məbləğində pulun 300 manatı ilkin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərdən müştərək qaydada, 200 manatı isə qarşılıqlı iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar