Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1042/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qardaşı xx.xx.1960-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan qardaşı xx.xx.1960-cı il təvəllüdlü X5 uzun müddətdir “X4” xəstəliyindən əziyyət çəkir, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, əmək qabiliyyətsizdir və müddətsiz ikinci dərəcəli əlildir. Qardaşı xx.xx.1960-cı il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməyi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin, Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli 5-20/2-Ə-287-099/2023 saylı cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Qardaşı xx.xx.1960-cı il təvəllüdlü X2 əqli pozuntu diaqnozu vardır. Onun şəxsi təmizliyinə gigiyenasına o baxır. Bundan əlavə qardaşı xəstəliyi ilə əlaqədar özünü idarə və ifadə edə bilmir. Məhz sadaladığı bu səbəblərə görə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, bildirmişdir ki, qardaşı 1998-ci ildə Rusiyadan qayıtdıqdan sonra ruhi problemləri yaranmışdır. Əvvəl başa düşməmiş, amma daha sonra qəribə hərəkətləri olduğunu görmüşdür. Qardaşı 6 ay Maştağada yatmışdır. Həmçinin 2-ci qrup əlillik dərəcəsi verilib. Qardaşı divarla danışır və gözünə cürbəcür insanlar görünür. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisiyyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçiyə ünvanlanmış 5-20/2-Ə-287-099/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi bildirilmişdir. Həmçinin, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birliyi 139 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 1440 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi qardaşı X5 ilə birlikdə Suraxanı rayonu, Yeni ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2018-ci il tarixli, 0027003AACQZ nömrəli arayışına əsasən, xx.xx.1960-cı il təvəllüdlü X3 “X4” diaqnozu qoyulmuşdur. Əlillik qrupu - ikinci dərəcəli əlillik, əlilliyinin müddəti isə müddətsiz qeyd edilmişdir. Quba rayonu, Çiçi kənd soveti tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, İİ-ИЕ seriyalı, 035623 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası X6, anası X7) 05 iyul 1960-cı ildə Quba rayonu Çiçi kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 106 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri, Orconokidze rayonu VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli, АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X6, anası X8) xx xxxx 1967-ci ildə Bakı şəhəri, Orconokidze rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1967-cı il tarixdə 733 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən (ekspert həkim-psixiatr Mirzəyeva N.K.) verilmiş xx.xx.2024-cü il tarixli, 879 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X2 “X4” xroniki psixi xəstəliyi müəyyən edilir, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.... Maddə 33. Qəyyumluq və himayəçilik 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.... 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında... Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.... Maddə 318. Ərizənin məzmunu ...318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 319. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Maddə 320. Ərizəyə baxılması 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi ...321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 Ərizəçi qardaşıdır, xəstədir, hazırda ərizəçi ilə bir ünvanda yaşayır və nə etdiyinin mənasını və məsuliyyətini dərk etmir. X1 hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş müvafiq rəylə təsdiq olunur ki, X2 “X4” xroniki psixi xəstəliyi aşkar olunur və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs - X5 məhkəmə iclasına çağırılmış və iştirak etmişdir. Bununla da, iş materialları ilə X1 X4 xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsin olması tam sübut olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi həmin şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1042/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1042/2024
07.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver