Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1056/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə 2090,48 manat əsas borc, 15,03 manat faiz borcu olmaqla, cəmi 2105,51 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-nin Binəqədi filialı ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********18 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 18 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 2300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.3.2-ci bəndi ilə müəyyən edilib ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. X2 xx.xx.2018ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli 1898 saylı məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmışdır və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 2090,48 manat əsas, 15,03 manat faiz borcu olmaqla, cəmi 2105,51 manat borcu qalmışdır. Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X8 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək, neçə ildir ki, işsiz olduğunu, hər ay aliment ödədiyini və buna görə də borcu ödəməyə imkanının olmadığın bildirdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək, təqaüdçü olduğunu, aldığı pensiya ilə də oğlu Amilə aliment ödəməkdə kömək etdiyi bildirdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli BPM**********18 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən mərhum X6 illik 29 % olmaqla 18 ay müddətinə 2300 manat məbləğində istehlak krediti verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli BPM**********18 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və X7 2300 manat məbləği illik 27 %-lə, 17 ay müddətinə aylıq 159,10 manat, sonuncu ay isə 158,92 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, mərhum X7 “xxxx” ASC-dən 2277 manat məbləğində pulu imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-cu il tarixdə ölmüş X4 vərəsəsi, arvadı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2018-ci il tarixli BPM**********18 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 2090,48 manat əsas borc, 15,03 manat faiz borcu olmaqla, cəmi 2105,51 manat məbləğində borcu vardır. İş materiallarında olan “xxxx” ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin mərhum X7 isə bankdan kredit götürdükdən sonra ölmüşdür. Hazırkı iş üzrə cavabdehlər isə mərhumun vərəsələridir və onlar miras əmlakı qəbul etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi borclunun kreditor qarşısında öhdəlikləri onun əmlakını vərəsəlik üzrə qəbul etmiş vərəsələrinə keçir. Hazırkı işdə ölmüş şəxsin miras aktivini onun vərəsələri olan cavabdehlər qəbul etmişlər. Belə olan halda, ölmüş şəxsin miras passivi sayılan iddiaçı Banka olan borcu da onlara yönəldilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X1 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2090,48 manat əsas və 15,03 manat faiz borcu olmaqla, cəmi 2105,51 (iki min bir yüz beş manat əlli bir qəpik) manat kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X1 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2090,48 manat əsas və 15,03 manat faiz borcu olmaqla, cəmi 2105,51 (iki min bir yüz beş manat əlli bir qəpik) manat kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1056/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1056/2021
26.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver