Məhkəmə qərarları › İş №2(010)-1081/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1081/2023

03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1081/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X19 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. 1962-ci ilin may ayında verilmiş “evin texniki inventarlaşma kartoçkası” sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvay) küçəsi, döngə 1, ev 7 ünvanının mülkiyyətçisi X2r.

2. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 28 oktyabr 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 086235 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 27 oktyabr 2004-cü il tarixdə ölmüşdür.

3. ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi və nəvələri xx.xx.2004-cü ildə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvay) küçəsi, döngə 1, ev 7 ünvanına dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etmişlər. Təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvay) küçəsi, döngə 1, ev 7 ünvanına dair hüquqmüəyyənedici sənəd alınmamışdır.

4. Qazıməmməd rayon Qeydiyyat şöbəsi tərəfindən 26 avqust 1954-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X1 nikahları 26 avqust 1954-cü il tarixdə bağlanmışdır.

5. Qazıməmməd rayon Qeydiyyat şöbəsi tərəfindən 12 oktyabr 1946-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 avqust 1946-cı ildə doğulmuşdur. Ata qrafasında X8, ana qrafasında Məlikova Gülnisə Ə.Rza qızı göstərilmişdir.

6. Qazıməmməd rayon Qeydiyyat şöbəsi tərəfindən 30 aprel 1949-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 02 aprel 1949-cu ildə doğulmuşdur. Ata qrafasında X8, ana qrafasında X4 göstərilmişdir.

7. Qazıməmməd rayon Qeydiyyat şöbəsi tərəfindən 02 dekabr 1953-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 22 noyabr 1953-cü ildə doğulmuşdur. Ata qrafasında X8, ana qrafasında X4 göstərilmişdir.

İşin faktiki halları

8. Ərizəçi xx.xx.2004-cü ildə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvay) küçəsi, döngə 1, ev 7 ünvanına dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etməsi, lakin sənədlərdəki uyğunsuz səbəbindən (mərhumun ata adının bəzi sənədlərdə Əbdül, bəzilərində isə Əbdülrza kimi göstərilməsi) şəhadətnamə ala bilməməsi işin mübahisəsiz hallarıdır.

Ərizəçinin tələbi

9. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müracit edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvay) küçəsi, döngə 1, ev 7 ünvanına dair verilmiş may 1962-ci il tarixli evin texniki inventarlaşma kartoçkası sənədinin 27 oktyabr 2004-cü ildə vəfat etmiş X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

10. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat verərək və ərizəni müdafiə edərək bildirdi ki, onun yaşadığı ev qaynanasının adınadır, hazırda isə həmin evi öz adına qeydiyyata keçirtmək istəyir. Bütün sənədləri qaydasında olsa da, Əmlak Komitəsinə getdikdə ona qaynanasının ölüm kağızında ata adının “Əbdül”, evə dair çıxarışda isə “Əbdülrza” kimi yazıldığını bildirmişlər. Bu səbəbdən ona yazılmış hər iki adın eyni şəxsə aid olmasının təsdiqlənməsi barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qaynanası ilə bağlı başqa heç bir sənədi yoxdur. Qaynı və baldızının doğum haqqında şəhadətnamələrində də “Əbdülrza” yazılıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, onun anasının ata adı bəzi sənədlərdə Əbdül, bəzilərində isə Əbdülrza kimi göstərilmişdir. Məsələn, nikah haqqında sənəddə Əbdülrza, evin sənədində Əbdülrza kimi göstərilmiş, lakin ölüm kağızında Əbdül kimi göstərilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi

15. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır.

16. Belə ki, iş materiallarından görünür ki, Gülnisə Məlikovanın ata adı nikah, doğum haqqında şəhadətnamələrdə və evin texniki inventarlaşma kartoçkası sənədində “Əbdülrza” qızı, ölüm haqqında şəhdətnamədə isə “Əbdül” qızı kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, sadəcə olaraq texniki səhvlər nəticəsində bəzi sənədlərdə X11, bəzilərində isə X4 göstərilmişdir. Bu hal həm iş materiallarındakı sənədlərlə, həm də mərhumun qızının məhkəmə iclasında şahid qismində verdiyi ifadə ilə öz təsdiqini tapmışdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvay) küçəsi, döngə 1, ev 7 ünvanında dair 1962-ci ilin may ayında verilmiş “evin texniki inventarlaşma kartoçkası” sənədinin 27 oktyabr 2004-cü ildə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvay) küçəsi, döngə 1, ev 7 ünvanında dair 1962-ci ilin may ayında verilmiş “evin texniki inventarlaşma kartoçkası” sənədinin 27 oktyabr 2004-cü ildə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar