Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1098/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Lela Fərhad qızının katibliyi, İddiaçı1 Cavabdeh, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi Cavabdeh1, digər Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdehlər İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın qəbul edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1ndan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin miras əmlakı qismində qəbul etmələri fakının müəyyən edilməsi və həmin mirasdan İddiaçı1 1/3, İddiaçı2 1/3 və Cavabdeh1 1/3 hissədə irs alması barədə qətnamə qəbul edilməsini xahiş etmiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0,06 lıa torpaq sahəsi X1na məxsus olmuşdur. Həmin torpaq sahəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07 aprel 1998-ci il tarixli 410 saylı sərəncamına əsasən X1na ayrılmış, həmin torpaq sahəsi analarina təhvil veriləndən sonra onlar həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikib, həmin evə köçmüş, qeyd edilən ev onların daimi yaşayış evlari olmuşdur. X1 04 avqust 2018-ci ildə ölmüşdür. Analarının birinci dərəcəli vərəsələri bu şəxslər olmuşdur: 1) İddiaçı1-qızı; 2) İddiaçı2-oğlu; 3) Cavabdeh1-əri. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən - onlar mirası faktiki qəbul etmiş və 07 sentyabr 2021-ci ildə ərizə ilə Bakı şəhəri 24 saylı Notariat ofisinə müraciət etmişlər. Onlar notariat ofisinə müraciət etdikdə artıq ataları Cavabdeh1 30 may 2019-cu il tarixli ərizəsinə əsasən həmin notariat ofisində vərəsəlik işi açılmasını, lakin ataları Cavabdeh1 müddəti ötürdüyünə görə, ona “Qanun üzrə Vərəsəlik haqqında şəhadətnamə” verilməməsini bilmişdirlər. Vərəsələrin hamısı mirası rəsmi qaydada əldə etmək üçün notariusa müraciət etdikdən sonra notarius vərəsələr arasında mübahisə yaranmasını və miras payın qəbul müddətini ötürməklərini əsas gətirərək, onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırırlar ki, onlar miras payı qəbul etmək üçün qanunla nəzərdə tutulan müddəti ötürməmiş, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Belə ki, yuxarıda qeyd olunan kimi miras əmlak torpaq sahəsindən ibarət olsa da, onlar həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikərək, həmin torpaq üzərində yaşamış, anaları öləndən sonra da həmin evdə yaşamış, həmin ev daimi yaşayış yerləri olmuş, bununla da qeyd edilən miras əmlakı faktiki olaraq qəbul etmişlər. Vərəsələr arasında mübahisəyə qaldıqda isə qeyd edilən torpaq sahəsi dövlət tərəfindən analarına əvəzsiz olaraq ayrılmış, həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş pul vəsaitinə əldə edilməmişdir. Ona görə də belə hesab edirlər ki, qeyd edilən torpaq sahəsində onların hər birinin miras payı 1/3 hissədə müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, ərizədə qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini, miras əmlakın onunla cavabdehlər İddiaçı2 və Cavabdeh1 arasında 1/3 hissədə bölünməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddiaçının miras əmlakda yaşamadığını və onu qəbul etmədiyini, eyni zamanda həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu bildirərək, tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək iddiaçının mübahisəli əmlaka heç bir aidiyyətinin olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1998-ci il tarixli, 410 saylı sərəncamının kserosurətindən görünür ki, vətəndaş X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. V-40/2019 nömrə ilə açılmış vərəsəlik işinin materiallarına əlavə edilmiş: - Seriya MA ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanında 0.006 ha ölçüdə torpaq sahəsi X3 mülkiyyət hüququ ilə məxsusdur. Mülkiyyətin qeydiyyat tarixi 28.07.2011-ci ildir. -İ-ЗЖ 314984 № li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X5 25 yanvar 1976-cı ildə nikaha daxil olmuşlar. Həmin vərəsələlik işinin materiallarından görünür ki, tərəflər Bakı şəhəri, 24 saylı Notariat ofisinə mərhum X3 məxsus mübahisəli torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət etmişlər və 24 saylı notariat ofisi 09 sentyabr 2021-ci il tarixli, 642 № li məktubu ilə tərəflərin miras payın qəbul edilmə müddətini (ölən gündən 6 ay) keçirdikləri üçün və vərəsələr arasında mübahisə yarandığı üçün müraciətər təmin edilməmişdir. Bakı şəhəri, Suraxanı rayon İcra başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəkil sorğusuna 24 noyabr 2021-ci il tarixli, 104 № li cavab məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 9-cu döngə ünvanında yerləşən mərhum X3 məxsus olmuş 0,006 ha torpaq sahəsində fərdi yaşayış evi yerləşir, həmin fərdi evdə mərhumun həyat yoldaşı Cavabdeh1, İddiaçı2, nəvəsi Cavabdeh1 Rasim oğlu, nəvəsi X4 yaşayır. Mərhumun qızı İddiaçı1 isə 2018-ci ilin avqust ayıdan 2021-ci ilin oktyabr ayınadək sözügedən evdə yaşamışdır. Bakı şəhəri, Suraxanı rayon Prokurorluğunun 23 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, İddiaçı1 sirkə içərək intihara cəhd etməsi ilə bağlı Suraxanı RPİ-nin 32-ci PB-dən material daxil olmuş və həmin material üzrə araşdırma aparılırmış, araşdırma zamanı izahatı alınan Cavabdeh1 bildirmişdir ki, mübahisəli evdə 2000-ci ildən yaşayır, həmin evdə həyat yoldaşı Lətifə, oğlu Rasim ilə birlikdə yaşamışdır, 2018-ci ildə həyat yoldaşı Lətifə dünyasını dəyişmişdir. Bundan sonra, qızı Xalidə ona yaşadığı evdə qadın olmadığını, gəlib həm qulluq edib, həm də birlikdə yaşamaq istədiyini bildirmişdir. Həmin tarixdən Xalidə onunla birgə yaşamağa başlamışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında birinci dərəcəli qohumluq münasibətləri vardır. Miras qoyan 2018-ci ildə vəfat etdikdən sonra, ondan 0,006 kv.m torpaq sahəsi miras əmlak kimi qalmışdır. Həmin torpaq sahəsində dövlət qeydiyyatına alınmamış tikili mövcuddur. Cavabdehlərdən İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxsdir və onun qanuni nümayəndəsi Cavabdeh1dir. Tərəflər bir müddət həmin torpaq sahəsində olan evdə yaşamış, sonradan iddiaçı ilə cavabdehlər arasında mübahisə yarandığına görə iddiaçı həmin evi tərk etmişdir. İddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, onun anasından miras qalmış əmlakdan birinci dərəcəli vərəsə kimi ona miras payı verilməlidir. Cavabdehlərin iddiaya etirazları ondan ibarətdir ki, əvvəla miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır, bundan əlavə iddiaçı həmin əmlakın üzərində olan evdə onlarla birgə yaşamamışdır və ona görə də, miras əmlak onun tərəfindən qəbul edilməmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflərə münasibətdə birinci dərəcəli qohum olan miras qoyanın vəfatından sonra 0,006 ha torpaq sahəsi miras qalmışdır. İşin mübahisələndirilən halı iddiaçıya həmin irasdan payın ayrılıb-ayrılmaması, həmçinin həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasıdır. Məhkəmə ilk növbədə miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1301.1-ci maddəsinə görə əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. (1301.2-ci maddə) Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər (1301.3-cü maddə). Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı anasının vəfatından sonra miras əmlakda yerləşən evdə yaşamağa başlamış, müəyyən müddət orada yaşadığqdan sonra ailədaxili münaqişə səbəbi ilə həmin evi tərk edib getmişdir. Göründüyü kimi, iddiaçı digər vərəsələrlə birlikdə miras əmlakdan istifadə etmiş, əmlakı idarə etmədə iştirak etmiş, həmçinin miras əmlakın qəbulu ilə bağlı notariat orqanına da müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, maddi hüquq normalarının göstərişləri baxımından iddiaçı miras əmlakı faktiki qəbul etmiş hesab edilməlidir. Bu xüsusda cavabdeh tərəfin iddiaçının həmin əmlakdan istifadə etməməsi, onlarla birlikdə yaşamaması kimi etirazları işin halları ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, həm iddiaçı tərəf, həm də cavabdehlər miras əmlakı (torpaq sahəsini), onun üzərində olan tikilidə yaşamaqla və torpaq sahəsindən istifadə etməklə faktiki olaraq qəbul etmişlər və miras əmlak birinci dərəcəli vərəsələr kimi onların arasında bölünməlidir. Miras əmlakın hansı həcmdə bölünməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, miras qalmış torpaq sahəsi mərhuma icra hakimiyyəti orqanının sərəncamı əsasında verilmişdir. Cavabdeh tərəf əmlakın birgə nikah dövründə əldə edildiyini, ona görə də, ailə və mülki qanunvericiliyə əsasən həmin miras əmlakın yarı hissəsinin Cavabdeh1 birgə nikah dövründə qazanılmış əmlak kimi aid edilməli olmasını, bundan sonra əmlakın qalan hissəsinə münasibətdə miras bölgüsünün aparılmalı olamsını bildirir Mülki Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə əsaən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə cavabdeh tərəfin bu izahatına tənqidi yanaşaraq bildirir ki, maddi hüquq normalasının məzmunundan göründüyü kimi, əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi üçün onun nikah zamanı əldə edilməsi ilə yanaşı, eyni zamanda ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi də zəruridir. Yani, əmlak nikah dövründə əldə edilsə də, ər-arvadın birgə vəsaiti hesabına yox, digər əsaslarla əldə edilmişdirsə həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı işdə miras əmlak icra hakimiyyəti orqanının sərəncamı əsasında miras qoyana verildiyinə görə, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İşə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, miras qoyanın birinci növbəli vərəsələrinin sayı 4 nəfər olmaqla, İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1dur. Məhkəmə hesab edir ki, miras əmlak kütləsini təşkil edən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanında yerləşən 0,006 ha torpaq sahəsi vərəsələr arasında bərabər şəkildə, yəni ¼ hissədə bölünməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, mərhum X3 məxsus olmuş 0,06 ha torpaq sahəsi miras əmlak kimi İddiaçı1, cavabdehlər Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 tərəfindən faktiki qəbul edilmiş hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, mərhum X3 məxsus olmuş 0,06 ha torpaq sahəsinə miras əmlak kimi 1/4 hissədə İddiaçı1, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə cavabdeh İddiaçı2, 1/4 hissədə Cavabdeh2 payı tanınsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlərə müştərək qaydada aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1098/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1098/2022
03.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver