Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1124/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 və Cavabdeh2-nin (“xxxx” ASC) nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Cavabdeh2” İKB ASC (“Yelo Bank”), Suraxanı rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun və s. etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Cavabdeh2” İKB ASC (“Yelo Bank”), Suraxanrayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-3714/2018 saylı icra vərəqəsi əsasında Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 18-78045 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 107C ünvanında yerləşən fərdi yaşayış evinə hərraca dair xx.xx.2019-cu il tarixli, № Y-240/1 saylı hərracın nəticələri haqqında protokolun, onun əsasında “X2 Mərkəzi” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız sayılması və hərracın yenidən keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 107C ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Cavabdehlərdən Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2014cü il tarixli 11-MG-2-0-1181-14 saylı kredit müqaviləsi üzrə ona illik 22 faiz olmaqla 48 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Cavabdeh2-nin Suraxanı Rayon Məhkəməsində qaldırdığı iddia tələbi qismən təmin edilərək ondan Bankın xeyrinə ümumilikdə 116095 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutulacaq məbləğin tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 107C ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 160000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti ilə təmin edilmiş iddia tələbi həcmində manat məzənnəsinə uyğun olaraq iddiaçıya ödənilməsi, iddiaçıya ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ona qaytarılması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 107C ünvanında yerləşən fərdi yaşayış evi hərracda satıldıqdan 1 ay sonra onun həmin evi məcburi qaydada boşaltması barədə qətnamə çıxarılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-252/2016 saylı qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3714/2018 saylı icra vərəqəsinə əsasən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 18-78045 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 107C ünvanında yerləşən fərdi yaşayış evinə hərracın keçirilməsi “X2 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Cavabdehlərdən “X2 Mərkəzi” MMC ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il alğı-satqı müqaviləsinə əsasən ilkin satış qiyməti 165000 manat qiymətləndirilən əmlak 105188 manata Banka təklif edilmişdir. “X2 Mərkəzi” MMC “İpoteka haqqında” AR Qanunun tələblərini pozmuş, belə ki, hərrac keçirərəkən ipoteka qoyan tərəf kimi ona hərracın keçirilməsinə dair bildirişlər göndərməmişdir. Buna görə də həmin hərracın keçirilməsindən xəbəri olmamışdır. O, rəsmi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi ev 8, mənzil 6 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ipoteka ilə yüklü etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 107C ünvanında yaşayır. Ancaq buna baxmayaraq hərracın vaxtı və yeri barədə bildiriş daxil olmamışdır. Onun hərracda iştirak edərək mülkiyyətini əldə etmək imkanını məhdudlaşdırmışlar. Hərracın nəticələri haqqında Yekun Protokoldan görünür ki, “X2 Mərkəzi” MMC “İpoteka haqqında” AR Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15 faiz və 43.7-ci maddəsinə əsasən 25 faiz endirim etməklə əmlakını 105188 manata ipoteka saxlayan Cavabdeh2-yə satmışdır. Hərracın təşkilatçısı “ X2 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsinə dair qanunla nəzərdə tutulmuş verilməsini təsdiqetmə üsulu ilə bildirişin ipoteka qoyana göndərilməməsi “İpoteka haqqında” AR Qanunun tələblərinə ziddir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olmuşdur. Satış qiymətinin əvvəl 15 faiz, sonra 25 faiz aşağı salınması onu göstərir ki, hərracada başqa iştirakçı olmamışdır. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3714/2018 saylı icra vərəqəsinə əsasən Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 18-78045 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 107C ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirdiyinə görə onun nəticələri-Hərracın nəticələri haqqında bağlanmış xx.xx.2019-cu il tarixli, Y-240/1 saylı hərracın nəticələri haqqında protokolun və onun əsasında “X2 Mərkəzi” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda, mübahisəli mənzilin iddiaçı tərəfindən yenidən bankdan alğı-satqı yolu ilə almaq üçün razılıq verilməsi və buna görə onlara vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İKB (“xxxx”) ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İKB (“xxxx” ASC)-nin nümayəndəsi mübahisəli mənzilin iddiaçı tərəfindən yenidən bankdan alğı-satqı yolu ilə almaq üçün razılıq verilməsini və buna görə onlara vaxt verilməsinə və iddiaçı tərəfindən mənzilin hərracın satış qiymətinə uyğun olaraq istənilən vaxt alınmasına bankın heç bir etirazının olmamasını bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 107C saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-240/1 nömrəli protokolun surətindən görünür ki, “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 107C ünvanda yerləşən fərdi yaşayış evi 165000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, həmin ev Cavabdeh2 İKB ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 105188 manata alınmışdır. Göründüyü kimi, iddiaçıya məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır və bu səbəblə də məhkəmə, əmlakın hərraca çıxarıldığı qiymətlə bağlı araşdırma aparılmasına ümumiyyətlə zərurət olmadığını vurğulayır. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü arqumentlərlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 18-78045 saylı sifariş məktubu məktubu əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3714/2018 saylı icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 16500 manat müəyyənləşdirilmiş mənzil 105188 manata tələbkara (Cavabdeh2-yə) satılmışdır. Eyni zamanda iş mteriallarından görünür ki, iddiaçı ilkin və təkrar hərrac barədə xəbərdar olunmuşdur. İddiaçı tərəf hərracın keçirilməsi ilə bağlı ona bildirişlər göndərilməməsi səbəbindən mənzilin özü tərəfindən əldə emək imkanın məhdudlaşdırılmasını əsas gətirərək, hərracın nəticələrinə dair yekun protokolunun etibarsız hesab edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə prosesi zamanı iddiaçı tərəfin mübahisəli mənzili yenidən bankdan alğı-satqı yolu ilə almaq ücün təklifini cavabdeh tərəfin nümayəndəsi qəbul edərək iddaçının mənzili əldə etməsinə şərait yaradılacağını bildirmiş, iddiaçı bunun üçün bankdan onlara 1 ay vaxt verilməsini və bununla bağlı məhkəmədən evin alğısatqısını həyata kerimək üçün məhkəmə iclasının 1 ay təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilərək, işin baxılması bir ay təxirə alınsa da, iddaçı tərəf maddi imkanları olmadığı üçün bankla alğı-satqı müqaviləsi bağlaya bilmədiklərini göstərmişdir. Lakin bankın nümayəndəsi bundan sonra da iddaçı ilə mübahisəli mənzilə dair alğı-satqı müqaviləsinin bağlanmasına hazır olduqlarını bildirmişdir. Göründüyü kimi, iddiaçı hərrac protokolunun etibarsız hesab edilməsini mənzili hərracda almaq üçün tələb etdiyini bildirsə də cavabdeh tərəfindən buna şərait yaradılmasına baxmayaraq, o mənzilin alınması üçün heç bir cəhd etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Bu Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş 4 tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarda Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Cavabdeh2” İKB ASC (“Yelo Bank”), Suraxanı rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun və s. etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1124/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1124/2020
05.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver