Məhkəmə qərarları › İş №2(010)-1137/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1137/2023

05.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1137/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən oğlu xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü X6 onun oğludur. O, anadangəlmə serebral ifliç xəstəsidir, 18 yaşı tamam olub və onun himayəsində olması üçün müvafiq qərar verilməsini maraqlı şəxsdən xahiş etmişdir. Ona maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci və 321ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Oğlu stosionar müalicə almır, hazırda onunla yaşayır, lakin adekvat deyil və nə etdiyinin mənasını və məsuliyyətini dərk etmir, psixiatriya xəstəxanasında qeydiyyatdadır və son diaqnozu “serebral beyin ifliçi tetraparobik formasıdır”. Odur ki, onun fəaliyyət qabiliyyətsiz olması kimi məhkəmə tərəfindən müəyyən olunmaqla və onun üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə ərizəçiyə ünvanlanmış 84-099 nömrəli məktubdan görünür ki, ərizəçinin ərizəsinə baxılmış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi bildirilmişdir. Həmçinin ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2592 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 F 73, dərin kəmağıllılıq, kəskin inbesillik, kobud nitq və davranış pozuntuları aşkar edilir. X2 daima kənar şəxsin himayəsinə ehtiyacı vardır. Bakı şəhəri Nizami Rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ- İ seriyalı, 038764 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və X4 arasında 19 iyul 2003-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 355 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Nəsirova soyadı verilmişdir. Bakı şəhəri Nizami Rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ- İ seriyalı, 511850 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmş surətindən görünür ki, X6 (atası X1, anası X4) 24 iyun 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1340 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən (ekspert həkim-psixiatr Qəmərlinski R.C) verilmiş xx.xx.2023-cü il tarixli, 1105 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X3 dərin əqli gerilik aşkar edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Onda qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.... Maddə 33. Qəyyumluq və himayəçilik 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.... 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında... Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.... Maddə 318. Ərizənin məzmunu ...318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 319. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Maddə 320. Ərizəyə baxılması 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi ...321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə təsdiq olunur ki, A.Nəsirov anadangəlmə serebral ifliç xəstəsidir, stasionar müalicə almır, hazırda ərizəçi ilə yaşayır və nə etdiyinin mənasını və məsuliyyətini dərk etmir, psixiatriya xəstəxanasında qeydiyyatdadır və son diaqnozu “serebral beyin ifliçi tetraparobik formasıdır”. Ərizəçinin oğlu X2 hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş müvafiq rəydə göstərilmişdir ki, X3 dərin əqli gerilik aşkar edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil. Onda qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 iyun 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar