Məhkəmə qərarları › İş №2(010)-119/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-119/2023

13.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-119/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının FHN Tikintidə X1rşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının FHN Tikintidə X1rşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh üzərinə ünvan 1 nömrəli evin qarşı tərəfində yerləşən yolda inşa etdiyiqanunsuz tikili sayılan hasarın öz vəsaitinə sökülməklə, yolun əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin qoyulmasına və məhkəməyə iddia vermək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabehdən alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ünvan 1 nömrəli evin qarşı tərəfində yerləşən yolda inşa etdiyi-qanunsuz tikili sayılan hasarın öz vəsaitinə sökülməklə, yolun əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin qoyulmasına və məhkəməyə iddia vermək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabehdən alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Cavabdeh və onun ailə üzvləri təxminən 5-6 il olar ki, ona məxsus fərdi yaşayış evi ilə üzbəüz nömrəsiz evə köçərək yaşayırlar. Cavabdehin ailə üzvləri ilə yaşadığı ev qanunsuz tikili olduğundan, istifadələrində həyətyanı torpaq sahəsi olmamışdır. Təxminən 3 il əvvəl ərazinin yaxınlığında tikilən qeyri-yaşayış obyektinin ərazisinin genişləndirilməsi ilə əlaqədar evinin yaxınlığında yerləşən bir neçə fərdi yaşayış evi kompensasiya ödənilməklə sökülmüş və həmin evlərin ərazisində boş sahə yaranmışdır. Bundan sui-istifadə edən cavabdeh əvvəlcə evinin divarı ilə bir olan və əvvəllər sökülmüş fərdi yaşayış evinə aparan ümumi istifadədəki yolun bir hissəsini söküntüdən qalan daşlarla bağlayaraq, yolu daraltmışdır. Belə ki, cavabdehin yolun zəbt edilməklə onun daraldılmasında ifadə olunan qanunsuz hərəkətləri nəticəsində o, xüsusi mülkiyyətində olan “Hyundai Sonata” markalı 10UC616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən mülkiyyətçi olaraq sərbəst və maneəsiz surətdə istifadə etmək hüququndan məhrum olmuşdur. Cavabdehin yolun bir hissəsini hasara alaraq zəbt etməsi nəticəsində o, idarə etdiyi nəqliyyat vasitəsi ilə rahat şəkildə öz yaşadığı evin həyətinə girib-çıxa bilmir. Hər nə qədər cavabdeh onun mülkiyyətində olan nəqliyyat vasitəsini götürməsə də, öz qanunsuz hərəkətləri ilə onun öz nəqliyyat vasitəsindən istifadəsinə maneə yaradır. Bununla bağlı cavabdehə iradını bildirərək, hərəkətləri nəticəsində yolun daraldığını və nəqliyyat vasitələrinin hərəkətinə və manevr etməsinə maneə yaratdığını desə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə Suraxanı rayonu İcra Hakimiyyətinə və digər aidiyyəti orqanlara müraciət etsə də, nəticəsi olmamışdır. Belə ki, həmin qurumlar tərəfindən ona verilən cavablarda bildirilmişdir ki, cavabdehə qanunsuz tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə və bununla bağlı ondan yazılı öhdəlik alınmasına baxmayaraq, cavabdeh hazırda ümumi istifadədə olan yolun təxminən 60 kv.m hissəsini qanunsuz olaraq əsaslı şəkildə hasara almaqla zəbt edilməsi və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməklə hasara alınmış yolun bir hissəsi onun və onunla birgə ərazidə yaşayan digər sakinlərin ümumi istifadəsində olduğundan, qanunsuz olaraq zəbt edilməklə hasara alınması nəticəsində onun mülkiyyətində olan nəqliyyat vasitəsindən maneəsiz istifadə etmək və onların həmin yoldan maneəsiz istifadə etmək hüquqları pozulmuşdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi ümumi sözlərlə yazılmış, heç bir konkret fakt əsas götürülməmişdir. Belə ki, uzun illər əvvəl inşa edilmiş hasarın iddiaçının hüquqlarını hansı şəkildə pozması əsaslandırılmamış və hüquqlarının pozulmasını iddia etməsinə baxmayaraq bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində hazırda yaşadığı evi 2003-cü ildə hazır tikili vəziyyətdə almışdır. Evi aldıqdan sonra müəyyən təmir-bərpa işləri aparsa da, orada heç bir əsaslı tikinti işləri görməmişdir. Əksinə qeyd olunan küçədə iddiaçı tərəfindən qanunsuz olaraq evlər tikilmiş, nəticədə ümumi istifadədə olan yol daralmışdır. Hazırda isə yol onun özü tərəfindən daraldılmasına baxmayaraq, uzun illər əvvəl inşa edilmiş hasarın söküntüsünə nail olmaq və özü etdiyi qanunsuzluqları ört-basdır etmək istəyir. İddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ belə yoxdur. Belə ki, tikintinin qanuna uyğun həyata keçirilməsinə bilavasitə nəzarət edən orqan FHN Tikintidə Təhlükəsizliyə Dövlət Agentliyidir ki, həmin agentlik də hasarın tikinti normalarına uyğun həyata keçirilməməsi ilə bağlı ona heç bir irad bildirməmişdir. İddiaçı onu və ailə üzvlərini təhdid edir. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh yaşadığı evi 2003-cü ildə tikili vəziyyətdə almışdır. Sonradan müəyyən təmir işləri aparmışdır. İddiaçının qeyd etdiyi boş sahənin isə onun evi ilə heç bir əlaqəsi yoxdur. Onun şifahi şikayətləri əsasında Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri yerində baxış keçirtmiş, heç bir pozuntu aşkar edilməmişdir. Onlar həmin ünvana köçdükdən sonra iddiaçı onları buradan qovduracağını və rahatlıq verməyəcəyini bildirmişdir. Bir neçə dəfə cavabdehin evinə hücum da etmişdir. Həmçinin iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsinə yaşadığı evin xüsusi mülkiyyətində olmasını təsdiq edən sənədlər əlavə olunmamışdır. Bu isə o deməkdir ki, iddiaçının evi qanunsuz tikilidir. Yəni, bu ikinci bir əsasdır ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitesi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsinde fərdi yaşayış evinin qarşısında, qonşusu tərəfindən ara məsafəsi saxlanılmadan tikinti işlərinin aparılması barədə İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış müraciətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində İddiaçı qonşusu tərəfindən yaşadığı mövcud 1 mərtəbəli fərdi yaşayış evinin həyətyanı sahəsinin genişləndirmək məqsədilə təqribən 2 m2 torpaq sahəsinin hasarlanmasına cəhd edilmiş, lakin aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində cəhdin qarşısı alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qonşusu tərəfindən tikinti işlərinin aparılması haqqında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı müraciət baxılmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş, Suraxanı Rayon İcra Hakimiyyəti yanında "özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləri tərəfindən sözügedən ünvana yerində baxış keçirilmiş, qonşusu tərəfindən hasar tikintisi nəzərdə tutulan tikinti işləri saxlanılmış və tikinti sahibinə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 4.3. bəndinin tələblərinə əsasən aparılan özbaşına tikinti işlərinin dayandırılması yazılı qaydada tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, yaranmış mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş xx.xx.2023-cü il tarixli 10\7328 nömrəli tikinti-texniki ekspertizasının rəyində qeyd edilmişdir ki, Qərardadın 1-ci sualı üzrə: Mübahisə predmeti olan hasar tikilisinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinin pozulduğu müəyyən olunur. Lakin, qeyd olunan hasar tikilisinin iddiaçıya maneçilik törədib-törədməməsinin müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Qərardadın 2-ci sualı üzrə: xx.xx.2022-ci il tarixli 10/7328 №-li ekspert vəsatətində qeyd olunan əlavə materiallar (mübahisə predmetini təşkil edən tikiliyə dair texniki pasport sənədi) Mərkəzə təqdim edilmədiyindən qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə: Mübahisə predmeti olan hasar tikilsinin ümumi uzunluğunun 27.90 metr, hündürlüyünün isə 2.40 m təşkil etdiyi müəyyən olunur. Lakin, qeyd olunan hasar tikilsinin avtomobil yoluna maneçilik yaradıb-yaradmamasının müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Qərardadın 4-cü sualı üzrə: Mübahisə predmeti olan hasar tikilisinin hündürlüyünün 2.40 metr təşkil etdiyini nəzərə alaraq qeyd olunan hasar tikilisinin inşaası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulduğu müəyyən olunur. Lakin, qeyd olunan hasar tikilisinin iddiaçıya maneçilik törədib- törədməməsinin müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarından və iddiaçının izahatından mübahisəsiz qaydada görünür ki, mübahisəli ev xüsusi mülkiyyətdə deyil, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün tərəflərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı qanunsuz tikili sayılan hasarın sökülməklə yolun əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin qoyulmasını tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin yaşayış evinə hər hansı hüququ mövcud olmadığından İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının FHN Tikintidə X1rşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının FHN Tikintidə X1rşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar