Məhkəmə qərarları › İş №2(010)-1192/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1192/2022

06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1192/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi X1 iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində ona fərdi yaşayış evinin tikintisi üçün 600 kvm. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 1164 saylı, 15.04.1992-ci il tarixli sərəncamının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 1164 saylı, 15.04.1992-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvm. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini o, daş hasara almış, dəmir darvaza qoymuş və orada ev tikmişdir və hazıradək orada yaşayır. Hazırda o, torpaq sahəsinə sərəncam əsasında çıxarış almaq istəyir. Lakin sərəncamda uyğunsuzluq vardır. Bununla bağlı o, Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Belə ki, sərəncamda onun ata adı Əli olaraq göstərilmişdir. Hesab edir ki, sərəncamda qeyd olunan uyğunsuzluq aradan qaldırılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi X3 ərizəçinin oğlu olduğunu bildirdi və onunla eyniməzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: - 15.04.1992-ci il tarixli, 1165 nömrəli Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş Ərizəçi Əli oğluna 600 kv.m sahəsi olan Əmircan qəsəbəsi Zeynalov küçəsi 7 nömrəli evin yanında zirzəminin 2.0 m qaldırılması ilə fərdi yaşayış evinin tikintisinə 185 000 111C nömrəli tipik layihə üzrə torpaq sahəsi ayrılmışdır. - Suraxanı Rayon İcra Hakimiyyətinin 17.12.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Suraxanı Rayon İcra Hakimiyyətinin 15.04.1992-ci il tarixli, 1164 nömrəli sərəncamında Ərizəçi ata adında düzəliş edilməsi ilə bağlı məsələnin məhkəmə qaydasında həll edilməli olması izah edilmişdir. -AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. Qeydiyyat ünvanı ünvan 2, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ərizəçi X2 Suraxanı Rayon İcra Hakimiyyətinin 15.04.1992-ci il tarixli, 1164 nömrəli sərəncamı ilə 600 kv.m sahəsi olan Əmircan qəsəbəsi Zeynalov küçəsi 7 nömrəli evin yanında zirzəminin 2.0 m qaldırılması ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, lakin həmin sərəncamda onun ata adı Əlibəy əvəzinə Əli kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin ərizənin məzmunu ilə bağlı 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2.-ci bəndinə görə Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı işdə ərizəçinin şəxsiyyət vəsiqəsindəki ata adı ilə hüquqmüəyyənedici sənəddəki ata adı düzgün gəlmir və bu hal ərizəçiyə hüquqlarının realizə edilməsinə əngəl yaradır. Məhkəmə hesab edir ki, ərizə yuxarıda qeyd edilən maddi hüquq normaları baxımından əsaslıdır. Məhkəmə qəbul edir ki, hüquqmüəyyənedici sənəddə şəxsin ata adının Əlibəy əvəzinə Əli kimi qeyd edilməsi texniki səhv olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində Ərizəçi fərdi yaşayış evinin tikintisi üçün 600 kvm. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 1164 saylı, 15.04.1992-ci il tarixli sərəncamının Ərizəçi məxsus olması faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar