Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-12/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və qeyri-yaşayış binasının qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə banka 1 773 502.21 manat əsas borcun, 824 079.35 manat faiz borcu, 1 915 382.39 manat cərimə, cəmi 4 512 963.95 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və İddiaçı X1 ilə Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi və lizinqlə icarəyə verilmiş lizinqin predmeti olan əmlakın boşaldılaraq bankın mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1 daha sonra iddia ərizəsinə əlavə verərək Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxx 2019-cu il tarixə banka 1.264.008,67 manat əsas, 1.207.943,56 manat faiz, 24.310,80 manat cərimə olmaqla, ümumilikdə cəmi 2.496.263,03 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsində yerləşən 2 “D nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası boşaldılaraq İddiaçı İKB ASC-yə qaytarılması və İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 daha sonra iddia ərizəsinə əlavə verərək Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2019-cu il tarixə banka 1.335 719.74 manat əsas, 1.207.943,56 manat faiz, 24.310,80 manat cərimə olmaqla, ümumilikdə cəmi 2.567 974.10 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsində yerləşən 2 “D nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası boşaldılaraq İddiaçı İKB ASC-yə qaytarılması və İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC daha sonra iddia ərizəsinə əlavə verərək Cavabdeh «xxxx» ASC-nin xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə banka 1.773.502,21 manat əsas, 1.207.943,56 manat faiz, 24.310,80 manat cərimə olmaqla, ümumilikdə cəmi 3.005.756,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsində yerləşən 2 “D nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası boşaldılaraq «xxxx» ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində yazılanlara uyğun izahat verərək göstərdi ki, xx xxxxxxxx 2013-cü il tarixli lizinq müqaviləsinə əsasən "İddiaçı" İKB ABC öz mülkiyyətindəki ünvan 1 nömrəli ünvanda yerləşən 0,09274 ha istifadədə olan torpaq sahəsinin üzərindəki 1732,2 kv.m. ümumi sahədən ibarət ikimərtəbəli qeyri-yaşayış binasını - şadlıq sarayını Cavabdeh 1 800 000 manata illik 16 faizlə 84 ay müddətinə uzunmüddətli lizinqlə icarəyə vermişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh xx xxxxxxx 2013-cü il tarixdən başlayaraq 11 sentyabrın 2020-ci il tarixədək hər ay əsas və faiz borclarını ödəyib başa çatdırmalıdır. Lakin Cavabdeh lizinq müqaviləsinə əlavə edilmiş cədvəl üzrə 2 ay qismən ödəniş etdikdən sonra borc öhdəliyinin icrasından boyun qaçırmışdır. Öhdəliyin icra edilməsi məqsədilə cavabdehlə dəfələrlə görüşlər keçirilib tələb edilməsinə və yazılı bildirişin göndərilməsinə baxmayaraq, Cavabdeh öhdəliyi icra etməkdən imtina edir. Lizinq müqaviləsinin 19-cu bəndinə əsasən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində göstərilən gün ödəniş edilməsə, müqavilənin pozulması baş verir, gecikdirilən hər gün üçün isə 0,1 faiz cərimə ödənilməlidir. Müqavilənin 34-cü bəndinin “b” yarımbəndinə əsasən, ödəniş cədvəlində göstərilən günlərdə 2 dəfədən artıq lizinq və ya 1 dəfə sığorta haqqı ödənilmədikdə müqaviləyə xitam verilir. 2016-cı il noyabrın 8-dək əsas borcun qalığı 1 773 502,21 manat təşkil edir. Bu məbləğin 0,1 faizi = 17 735,02 manatdır. 2013-cü il noyabrın 8-dən, yəni sonuncu ödəniş günündən 2016-cı il noyabrın 8-dək 36 ay keçmişdir. (36 ay x 30 gün = 1080 gün x 17 735,02 = 1 915 382,39 manat cərimə hesablanmışdır. x xxxxxx 2016-cı ilə Cavabdeh lizinqverənə, yəni banka 1773 502,21 manat əsas, 824 079,35 manat faiz, 1 915 382,39 manat cərimə, cəmi 4 512 963,95 manat borcu vardır. Bu səbəbdən, 2016-cı ilin oktyabrın 24-də cavabdehə 20 oktyabr tarixli bildiriş vermişdir. O, şəxsən 2016-cı ilin oktyabrın 25-də bildirişi almışdır. Bildirişdə göstərilir ki, Cavabdeh cari ilin noyabrın 11-dək lizinq müqaviləsi üzrə borc öhdəliyini tam icra etmədikdə, müqavilənin ləğvi haqqında iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Lakin cavabdeh bildirişə münasibət bildirməmişdir. Hazırda lizinq müqaviləsinin müddəti bitmişdir və lizinq müqaviləsi üzrə yaranmış borc qaytarılmalı və qeyri-yaşayış binası banka təhvil verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsindən və lizinq müqaviləsinə əlavədən görünür ki, bank tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 16 % hesablanmaqla 1.800.000.00 manat dəyərində əmlak lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışa əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh 1.773.502,21 manat əsas, 1.207.943,56 manat faiz, borcu, 24310.80 cərimə, cəmi 3.005.756,57 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2013-cü tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi "İddiaçı" İKB ASC-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, "İddiaçı" İKB ABC tərəfindən Cavabdeh xəbərdarlıq edilərək xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə borcun ödənilməyəcəyi halda məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağayev X3 rayonu, Süleymanlı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Cəbrayıl rayon İHB-nın Süleymanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvüləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçgün düşmüş və hal-hazırda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əmehdiyev küçəsi, ev 90 ünvanında müvəqqəti məskunlaşmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-52/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Əsliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2013-cü il tarixli 1 saylı daxili lizinq müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2016-cı il tarixə (sualda qeyd edilən tarixə) banka olan əsas borc üzrə 1.780.003,87 manat, faiz borcu üzrə 824.198,86 manat olmaqla ümumilikdə 2.604.202,73 manat məbləğində müəyyən olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-36/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Əsliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, iddia ərizəsi məlumatlarına əsasən son ödəniş tarixindən, yəni xx.xx.2013-cü il tarixdən sonra heç bir əlavə ödənişlər edilmədiyi halda xx xxxxx 2019-cu il tarixinə tələb edilən borc məbləği əsas borc üzrə 1.264.008,67, faiz borcu üzrə 1.207.943,56 manat, cərimə üzrə 24.310,80 manat olmaqla cəmi 2.496.263,03 manat və eyni zamanda qeyd edilən tarixdən sonra heç bir ödəniş olunmadığı halda xx xxxx 2019-cu il tarixinə tələb edilən borc məbləği əsas borc üzrə 1.335.719,74 manat, faiz borcu üzrə 1.207.943,56 manat, cərimə üzrə 24310.80 manat olmaqla cəmi 2.567.974,10 manat məbləğində təşkil etmişdir. Beləliklə, iş materiallarında cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixdən son ödəniş tarixinə, yəni xx.xx.2014-cü il tarixədək olan dövr ərzində ümumilkdə 96.370,00 manat məbləğində ödənişlər edildiyini və həmin ödənişlərdən əlavə ödənişlərin olmadığını nəzərə alaraq iddiaçı bank tərəfindən tərtib edilmiş yuxarıda qeyd edilən maliyyə arayışı məlumatlarında tələb edilən fərqli borc məbləğlərinin hansı əsaslarla hesablandığı müəyyən edilmir. Belə olan halda, hazırki ekspertiza tədqiqatı ilə mövcud sənədlər əsasında İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2013-cu il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı İKB ASC-yə ödənilməli olan borcun məbləğini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Bu Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 16 % hesablanmaqla 1.800.000.00 manat dəyərində əmlak lizinqə verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin banka 1.773.502,21 manat əsas, 1.207.943,56 manat faiz, borcu, 24310.80 manat penya borcu yaranmışdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. «xxxx” ASC-nin iddiasının 24310.80 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 500 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə 1.773.502,21 manat əsas, 1.207.943,56 manat məbləğində faiz borcu, 500 manat penya borcu, cəmi 2.981.945,77 (iki milyon doqquz yüz səksən bir min doqquz yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu «xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsində yerləşən 2 “D nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası boşaldılaraq «xxxx” Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində vəsait iddia qismən təmin edildiyindən Cavabdeh dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə 1.773.502,21 manat əsas, 1.207.943,56 manat məbləğində faiz borcu, 500 manat penya borcu, cəmi 2.981.945,77 (iki milyon doqquz yüz səksən bir min doqquz yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş ünvan 2 “D nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası boşaldılaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri- 200 (iki yüz) manat məbləğində vəsait Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-12/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-12/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver