Məhkəmə qərarları › İş №2(010)-123/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-123/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-123/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudorv İsa Sabir oğlunun katibliyi, iddiaçı “İddiaçı» MMC-nin nümayəndəsi X1, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı» MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı» MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Cavabdeh xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cu il tarixə 1024.95 manat əsas, 276.41 manat mükafat və həmin günə hesablanmış 446.98 manat dəbbə pulu, 4589 manat dəymiş zərər, ümumilikdə 6337.34 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu “İddiaçı’' MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçı» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia tələbində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı Daxili lizinqi müqaviləsinə əsasən, Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı “Daewoo Gentra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil “İddiaçı» MMC-nin mülkiyyətinə alınmış və Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin Müqaviləyə əsasən Cavabdeh illik 12 % hesablanmaqla, 40 ay müddətinə hər ay sabit məbləğ olmaqla 433,78 manat olmaqla, cəmi 17.351 manat məbləğində pulu iddiaçıya ödəməy öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Daewoo Gentra” markalı **-PK- *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu ildə Şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis mərkəzi tərəfindən tərtib olunmuş Qüsur aktına əsasən avtomobilə 4.589 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxxxx 2019-cu ildə 437 manat məbləğində olmuşdur. Cavabdehin xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı Daxili lizinqi müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə xx xxxxxx 2019-cu il tarixə 1.024,95 manat əsas, 276.41 manat mükafat və həmin günə hesablanmış 446.98 manat dəbbə pulu borcu yaranmışdır.Ona görə də iddia tələbinin təmin edilməsi və İddiaçı MMC ilə bağlanmış xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Cavabdeh xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cu il tarixə 1024.95 manat əsas, 276.41 manat mükafat və həmin günə hesablanmış 446.98 manat dəbbə pulu, 4589 manat dəymiş zərər, ümumilikdə 6337.34 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu “İddiaçı’' MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, onunla İddiaçı MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı X3nə əsasən, “Daewoo Gentra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq əsasında almışdır. Sonradan maddi vəziyyəti ağır olduğu üçün ödənişlər edə bilməmiş və avtomobili iddiaçıya qaytarmışdır. O, avtomobilə dəymiş zərərlə və dəbbə pulu məbləğ ilə razı deyildir. Belə ki, iddia tələbində və ekspertiza rəyində göstərilən məbləğdə avtomobilə ziyan dəymişdir. Ona görə də iddia tələbinin qismən təmin olunmasına etiraz etmir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı “Daxili lizinq” müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən lizinq verən İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh 14.243 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2013-cü il buraxılışlı “Daewoo Gentra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir . Həmin Müqavilənin 9.1 və 9.1.4-cü bəndlərinə əsasən, lizinq verən lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq, iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətdə üç dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 1 ay əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Razılaşmanın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki,lizinq obyekti yolnəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda Lizinq Alan 24 saat müddətində lizinq obyektini sığortalayan Sığorta Şirkətini məlumatlandırmağı öhdəsinə götürür və qeyd olunan öhdəlik Lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə Lizinq alan tərəfindən Lizinq verənə ödənilməlidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli LİZ-1358 saylı X3 üzrə Lizinq Şirkətinə xx.xx.2019-cu il tarixinə 1.024,95 manat məbləğində əsas borc, 276,41 manat məbləğində mükafat borcu və 446,98 manat məbləğində cərimə borcu olmaqla - cəmi 1.748,34 manat məbləğində borcu qalmışdır. İş materialları müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Daewoo Gentra” markalı **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində “Daewoo Gentra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bufer, setka, faralar, sağ qanad, sağ duman farası, qapı, yan güzgü, kapot, radiator, təkər və disk zədələnmişdir. İş materiallarında olan “xxxx” MMC (xxxx Servis) tərəfindən tərtib edilmiş Qüsur aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, “Daewoo Gentra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri yenisi ilə əv əz edilmiş və ümumi qiyməti 3.489 manat, usta xərci isə 1.100 manatdır. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)-1931/2020 saylı qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/4192 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxx” MMC tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “Daewoo Gentra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 3.721 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, lizinq obyekti olan İddiaçıMMC-nin mülkiyyətində olmaqla, sonuncu tərəfindən xx xxxx 2018-ci il tarixli LİZ- 1358 №-li X3nə əsasən lizinq alan Cavabdeh lizinqə verilmişdir. Lakin, lizinq alan Cavabdeh xx xxxx 2018-ci il tarixli LİZ-1358 №-li X3 ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı MMC-yə ödənilməli olan lizinq ödənişlərini həmin Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan xüsusatları, işin faktiki hallarını və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh lizinq müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu, yəni lizinq ödənişini Müqavilənin 15 təqvim günündən artıq müddətdə üç dəfədən artıq ödənişi gecikdirdiyi üçün lizinq müqaviləsinin ləğv edilməsi, lizinq ödənişləri üzrə əsas borcun, mükafat və cərimə məbləğinin cavabdehdən tutulması barədə iddia qanuni və əsaslıdır. Çünki iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin və cərimə məbləğinin ödənilməsi isə Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Bununla belə məhkəmə hesab edir ki, iddianın Cavabdeh İddiaçı MMC-nin xeyrinə 446.98 manat dəbbə pulunun tutulması hissədə iddia tələbi qismən əsaslı hedsab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, dəbbə pulu tərəflər arasanda bağlanmış müqavilənin lazımınca icra edilməmiş öhdəliyinə görə yaranmış olsa da, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş və bununla da cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də, dəbbə pulu 10 manata qədər azaldılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində lizinq obyektinə dəymiş 4589 manat dəymiş zərərin tutulması hissəsində, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/4192 saylı rəyi nəzərə alınmaqla, qismən təmin edilərək, cavabdehdən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/4192 saylı rəyində göstərilən miqdarda, yəni 3.721 manat məbləğində dəymiş zərər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli LİZ-1358 №-li X3 ləğv edilməli və Cavabdeh iddiaçının xeyrinə 1.024,95 manat məbləğində əsas borc, 276,41 manat mükafat məbləği, 10 manat məbləğində dəbbə pulu və 3.721 manat məbləğində maddi zərər olmaqla, cəmi 5.032,36 manat məbləğində pul tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxx 2021-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, həmin ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh oğluna aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 1.024,95(min iyirmi dörd manat 95 qəpik) manat məbləğində əsas borc, 276,41(iki yüz yetmiş altı mant 41 qəpik) manat mükafat məbləği, 10 (on) manat məbləğində dəbbə pulu, 3.721(üç min yeddi yüz iyirmi bir) manat məbləğində maddi zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 5.062,36 (beş min altmış iki manat 36 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli LİZ-1358 №-li X3 ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100(yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) keçirilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar