Məhkəmə qərarları › İş №2(010)-1247/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-1247/2021

28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1247/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X1 oölunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyiəməkdaşlarının tərtib etikdləri ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 31.10.2018-ci il tarixli aktın və bu akt əsasında hesablanmış 9720 m3 sərfıyyata görə cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun yaşadığı ünvan 1 hələ Sovetlər İttifaqı dövründən qazlaşdırılmışdır. Cavabdeh Suraxanı rayon idarəsində onun adına №**********000 saylı Abonent kodu və №**********7045 nömrəli Hesab açılmışdır. 2012-ci ildə sayğac dəyişdirilərək smart kartla işləyən yeni sayğac quraşdırılmışdır. Həmişə olduğu kimi yeni sayğac quraşdırıldıqdan sonra da istifadə edəcəyi qazın haqqını əvvəlcədən smart kart vasitəsi ilə ödəyərək sayğaca yükləmişdir. 2018-ci ilədək qazdan istifadə edilməsində və ödənişlərdə heç bir narazılıq olmamışdır. 31 oktyabr 2018-ci ildə Qaz idarəsinin əməkdaşları yoxlama keçirərkən sayğacın yoxlama vaxtının (5 ildən bir) keçdiyini və bu səbəbdən yenisi ilə əvəz edilməli olduğunu bildirmişlər. Onlar özləri ilə gətirdikləri təzə sayğacı quraşdırılıb, köhnə sayğacı özləri ilə aparmışlar. Aradan uzun müddət keçdikdən sonra ona məlumat vermişlər ki, guya labaratoriya yoxlaması zamanı çıxarılmış sayğacın hansısa plasmas borusunda sınıq aşkar edilmişdir və buna görə onun üzərinə əlavə olaraq 9720 m qaz sərfıyyatı hesablanmışdır. Lakin tələb etsə də sındırılmış plasmas borunu ona göstərməmişlər. O, 2019-cu ilin son aylarında sayğaca qaz yükləyərkən yüklənən məbləğin bir hissəsinin dərhal çıxıldığını aşkar etmişdir. Bununla əlaqədar olaraq Suraxanı qaz idarəsində araşdırma apararkən ona məlum olmuşdur ki, idarənin mühasibatlığı hesablanmış artıq sərfıyyatı məndən birdəfəyə çıxmağa çəkinərək, hissəhissə çıxmağa üstünlük vermişdir. Bu proses 2021-ci ilin ilk günlərində də davam etdirilmişdir.O, Cavabdeh əməkdaşlarının tərtib etdikləri ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 31.10.2018-ci il tarixli aktın və bu akt əsasında hesablanmış 9720 m3 sərfıyyata görə cərimənin ləğv edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İB məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə ilə istehlakçı İddiaçı məxsus B ünvan 1 ev 15 A “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qazla təchiz edilmişdir. 05 oktyabr 2018-ci ildə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq, qaz sayğac yenisi ilə əvəz edilmiş və tərtib edilmiş 31 oktyabr 2018-ci il tarixli ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktla «plasmas borusu deşilmişdir” müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğacın dəyərinə və vurulmuş ziyana görə akt tərtib etmiş və iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. İddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir cavabdeh “Cavabdeh” İstehsalat Birliyi əməkdaşlarının tərtib etikdləri ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 31.10.2018-ci il tarixli aktın və bu akt əsasında hesablanmış 9720 m3 sərfıyyata görə cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına abonent kodu: (10**********000 cavabdeh “Cavabdeh” İstehsalat Birliyi əməkdaşlarının tərtib etikdləri ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 31.10.2018-ci il tarixli aktın və bu akt əsasında hesablanmış 9720 m3 sərfıyyata görə cərimə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 253-cü maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar