Məhkəmə qərarları › İş №2(010)-1310/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1310/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1310/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən **********00014 saylı abonent İddiaçı qanunsuz olaraq tələb olunan (xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar üzrə) 4605,12 manat məbləğində pulun silinməsi. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General Qılmanov küçəsində nömrəsiz evdə yaşayır. Qeyd edilən yaşayış evinə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və ZENNER G-4T Smart kart tipli sayğac quraşdırılmışdır. Qeyd etmək istəyir ki, o, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borc qalmamışdır. Cavabdeh əməkdaşları tərəfindən əvvəllər quraşdırılmış sayğacın zədələndiyini və işləmədiyini görüb bu barədə Cavabdeh əməkdaşlarına xəbər verdi. Cavabdeh əməkdaşları həmin gün gəlib sayğacın zədələndiyini gördülər və şəkillərini çəkib getdilər. Lakin 2-3 gün keçməsinə baxmayaraq evə təbii qazın verilməsi təmin edilmədi. Bu səbəbdən özü evə müvəqqəti qaz quraşdırdı. Cavabdeh əməkdaşları sonradan onun ünvanına gələrək 5 gün sayğacsız təbii qazdan istifadəyə görə ona 2954.88 manat məbləğində cərimə borcu hesablamışdır. Baxmayaraq ki, qaz sayğacında onun tərəfindən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi qazın həcmindən görünür ki, elə də böyük həcmdə qaz işlətmir və belə olan təqdirdə onun sayğacına müdaxilə etməyinə əsas yoxdur. Bu səbəbdən əsassız hesablanmış borcun silinməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin olunaraq borcu silinmişdir. Lakin məhkəmə getdiyi vaxt Azəriqaz İB tərəfindən onun xəbəri olmadan yeni akt qəbul edilərək 4605,12 manat məbləğində cərimə borcu hesablanmışdır. Nəzərə alsaq ki, qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edilə bilərlər. Sayğac çöldə olduğundan 7/24 o, sayğaca nəzarət edə bilməz. Qeyd edir ki, vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh öhdəsinə düşür. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, həmin evdə yaşayır. Heç bir səbəb olmadan ona cərimə yazılıb. Bundan əvvəl də Cavabdeh tərəfindən 3000 manat cərimə yazılmışdı, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə prosesi vaxtı ona ikinci cəriməni yazmış və heç bir xəbərdarlıq edilməmişdir. Araşdırmaq üçün Suraxanı Qaz İdarəsinə getmişdir. Akta sahə rəisi və başqa 2-3 nəfər imza çəkiblər. İmza çəkənlər arasında tanıdığı şəxslərə zəng vurmuş, lakin bildirmişlər ki, imza çəkilməyiblər. Həmin vaxt onun sayğacı xarab olmuşdu. Zəng edib məlumat vermiş, bildirmişlər ki, 2-3 günə gəlib təmir edəcəklər, lakin gəlməmişlər. Buna görə də məcbur olub 1 həftə müddətində qazdan qeyri-qanuni istifadə etmişdir. Həmin müddətdə istifadə etdiyinə görə bundan əvvəlki aktda məhkəmə həmin günlərə görə onun təqsiri tanımış və ona uyğn qətnamə çıxarmışdır. Cərimənin olmasından yay aylarında xəbəri olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı evinə 28 fevral 2023-cü il və 31 mart 2023-cü il tarixlərində baxış keçirilib. Təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilib. Əvvəllər İddiaçı barəsində 5 dəfə akt tərtib olunub. İddiaçı bu məsələni mübahisələndirib, məhkəmədə iddia qaldırıb. Daha sonra Cavabdeh qarşılıqlı iddia qaldırıb. 30 mart 2023-cü il tarixli məhkəmənin qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh qarşılıqlı iddiası da qismən təmin edilmişdir. Hesab edir ki, borcun silinməsinə dair iddia tələbi əsassızdır. Belə ki, təbii qazdan qeyri-qanuni istifadə etmiş iddiaçı dəymiş zərəri ödəməlidir. İş materialları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən evə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli akt üzrə 35424 m3 həcmində dəymiş zərər hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən evə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-ci il tarixli akt üzrə 2952 m3 həcmində dəymiş zərər hesablanmışdır. **********00014 kodlu abonentin saldosundan görünür ki, abonentə 2025-ci il üçün “qalıq və aktlar”a əsasən 4317,10 manat məbləğində borc hesablanmışdır. İşin faktiki halları Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdankənar, qeyri-qanuni istifadə edilməsinə dair xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri arasında iki akt tərtib edilmişdir. Bu aktların hər biri üzrə dəymiş zərər hesablanmış, yekunda abonentin hesabına “qalıq və aktlara”a görə 4605,12 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı iddia edir ki, onun bu aktların heç birindən məlumatı olmamışdır. O, yalnız bir həftə təbii qazdan sayğacdankənar istifadə etdiyini qəbul edərək və həmin hərəkətinə görə başqa qətnamə ilə zərər vurduğu tanındığına görə ona bu aktlar üzrə yazılmış bütün borcun silinməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

"Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödəməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş materiallarından görünür ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyini sübut etmək üçün cavabdeh tərəfindən məhkəməyə iddia edilən pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə müxtəlif tarixli iki akt, abonentin saldosu, bir neçə fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi nəticəsinə gəlmək mümkün deyil. İlk növbədə ona görə ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş aktların heç biri istehlakçı tərəfindən imzalanmamış, aktlarda istehlakçının nümayəndəsi kimi qeyd edilmiş şəxsin (İddiaçı) adının qarşısına “imtina etdi” yazılmışdır. Bundan əlavə, aktların heç biri tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, fotoşəkillərdən hansısa sayğacdan kənar qanunsuz qoşulma edildiyi görünür, lakin bu sayğacın məhz iddiaçının yaşadığı evin sayğacı olduğu, sayğaca qanunsuz qoşulanın da məhz iddiaçı olduğu tək fotoşəkil əsasında sübut edilə bilməz. Məhkəmə vurğulayır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-588/2023 saylı qətnaməsi ilə Cavabdeh İB tərəfindən İddiaçı akta görə hesablanmış 2871,9 manat məbləğində borc silinmişdir. Həmin qətnamədən müəyyən olunmuşdur ki, Cavabdeh İB tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasında İddiaçı yaşadığı fərdi yaşayış evində təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edilməsinə görə beş akt tərtib edilmişdir. Hazırki iddia üzrə İddiaçı yaşadığı fərdi yaşayış evində təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuşdur. İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd olunan dövr (360 gün, yəni 02.20xx-xx.2023-cü illər) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-588/2023 saylı qətnaməsi ilə mübahisələndirilmiş aktlarda qeyd edilən dövrlərlə üst-üstə düşür. Belə olan halda, elə çıxır ki, Cavabdeh sayğacdan kənar qanunsuz qoşulmaya görə eyni dövrlərlə bağlı bir neçə akt tərtib etmişdir. Bu da bir daha onu göstərir ki, cavabdeh tərəf məsələyə obyektiv, peşəkar və vicdanlı yanaşmamışdır.

Məhkəmənin gəldiyi nəticə. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu **********00014 saylı) ünvan 1 ünvanında yerləşən evinə hesablanmış 4605,12 (dörd min altı yüz beş manat on iki qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı akta görə hesablanmış 4605,12 manat (dörd min altı yüz beş manat on iki qəpik) məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar