Məhkəmə qərarları › İş №2(010)-1320/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1320/2025

18.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1320/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğlunun cavabdeh "Azəriqaz" İB-yə qarşı istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğlu cavabdeh "Azəriqaz" İB-yə qarşı istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Baki şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, ev 51V ünvanında yerləşən ev üzrə (abonent hesab nömrəsi: **********30000) Cavabdeh tərəfindən hesablanmış 4147.05 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh "Azəriqaz" İB etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. Həmin evə qaz sayğacı quraşdırılmışdır. Qaz idarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin dekabr ayı üçün 4147.05 manat məbləğində borc hesablanmışıdr. Bu barədə qaz idarəsinə müraciət edərkən bildirdilər ki, 2023-cü ilin mart ayında qaz xəttində problemlər olub və buna görə akt tərtib edilib. “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********30000 saylı abonent hesabına 12/2024-cü il tarixə borc 4147.05 manat təşkil edir. O, ünvan 1 ünvanında yerləşən ona məxsus evə aid qaz sayğacından qanuna uyğun şəkildə istifadə etmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan qaz xəttlərinə və üzərində quraşdırılmış iddiaçının qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar fotoşəkilləri çəkilməklə və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 3628,8 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Eyni zamanda, istehlakçı hesabı üzrə saldolardan mübahisəsiz qaydada görünür ki, iddiaçının 2010-cu ildən bu günə kimi heç bir ödənişi, 2012-ci ildən 2024-cü ilin 10-cu ayına kimi isə heç bir sərfiyyat qeydə alınmamışdır. Bununla bərabər iddiaçının yuxarıda qeyd edildiyi kimi sayğac göstəricisi üzrə istifadə etdiyi halda ödəməkdən yayınmaq üçün mübahisələndirdiyi 518,25 (516,95+1,3) manat borcu da mövcuddur. Beləliklə, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozularaq sayğac göstəricisi üzrə sərfiyyat borcunun və qaz xətti üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır.

Tərəflərin izahatları.

5. İddiaçı Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, əvvəlki məhkəmə iclasında iddiaçının evində quraşdırılmış qazla işləyən məişət əşyalarının növünün və sayının müəyyən edilməsi məqsədi ilə iddiaçının evinə yerli baxış keçirilməsi qərara alınsa da, iddiaçı məhkəmə iclasına və yerli baxışa gəlməməklə, baxışın keçirilməsinə maraq göstərməmişdir.

6. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ərizə təqdim edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

İş materialları.

7. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, sifarişçi (istehlakçı) Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğlunun ünvanında G-4 markalı, 1202AQ**********6 nömrəli sayğac quraşdırılmışdır.

8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğluna dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.

9. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi ümumilikdə 30240 m3 müəyyənləşdirilmişdir.

10. Abonent saldosundan görünür ki, Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğlunun abonent hesabına 2024-cü il daxil olmaqla 4147.05 manat borc hesablanmışdır. İşin faktiki halları.

11. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı ona qanunsuz şəkildə cavabdeh tərəfindən 4147.05 manat məbləğində borc məbləğinin hesablandığını bildirir. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırır ki, qeyd olunan borc məbləğindən 518,25 (516,95+1,3) manat iddiaçının debitor borcudur, qalan borc məbləği isə qaz xəttində qeyri-qanuni yolla qoşulması nəticəsində istifadə ilə əlaqədar hesablanmışdır. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak edən zaman 518,25 (516,95+1,3) manat pul vəsaitinin debitor borc olduğunu qəbul etmiş, eyni zamanda bildirmişdir ki, qış aylarında müəyyən müddət qaz xəttinə kənar xətlə qoşulmuşdur. Lakin qeyd olunan miqdarda borc məbləği qanunsuz olaraq hesablanmışdır.

Tətbiq edilən hüquq.

12. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li Qərarı. 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

13. AR “Qaz təchizatı haqqında” Qanunu

8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (2022-ci ilin may ayının 1-dən qüvvəyə minmişdir)

14. AR Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. AR Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə cavabdeh tərəfi dinləyib, iş materiallarını hərtərəfli araşdırıb, hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

17. İddiaçının adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla bağlı qeyd edilməlidir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi, qazpaylayıcı tərəfindən qanunsuz qoşulma hallarında görməli olduğu tədbirlərlə bağlı əlavələr edilmiş və həmin əlavələr 2022-ci il may ayının 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan aydın olur ki, qeyd edilən tarixdən sonra qaz paylayıcı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Göründüyü kimi, hazırki xx.xx.2023-cü il tarixli akta münasibətdə cavabdeh bu prosedura əməl etməmişdir. Lakin bununla belə, işin məhkəmə araşdırması zamanı iddiaçı Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğlunun nümayəndəsi Nümayəndə1 qaz xəttinə qış aylarında qısa müddətdə qeyri-qanuni yolla qoşulduğunu və həmin müddətdə qazdan qanunsuz istifadə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçı qış aylarında, təqribən yanvar ayından etibarən üç aya yaxın müddətdə qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edir, həmin dövrə münasibətdə cavabdeh tərəfindən iddiaçının təqsirli olması halını sübut etməyə zərurət yoxdur. Məhkəmə hesab edir ki, ziyan məbləği yalnız iddiaçının etiraf etdiyi müddətə münasinbətdə tutulmalıdır. Ona görə ki, cavabdehin hesabladığı kimi daha artıq müddətə ziyan məbləğinin tutulması üçün maddi hüquq normalarında qeyd edilmiş prosedurlara cavabdeh tərəfindən əməl edilməsi zəruri idi. Cavabdeh isə bu prosedurlara əməl etmədən, iddiaçı tərəfin təqsirli olması halı müəyyən edilmədən ziyan məbləği hesablanmışdır. İddiaçının etiraf etdiyi müddətə münasibətdə tutulmalı olan ziyan məbləğinə gəldikdə isə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarının 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İddiaçı evlərində quraşdırılmış qazla işləyən cihazlara baxış keçirilməsinə maraq göstərmədiyinə görə məhkəmənin yerli baxışı baş tutmamışdır. Nə qədər ki, iddiaçı qazla işləyən cihazlarla bağlı əlavə sübut təqdim etməyib, məhkəmə aktda qeyd edilən cihazlar üzrə hesablama aparılmalı olmasını hesab edir. Yuxarıda qeyd olunan hesablama qaydasını və iddiaçının ünvanında qazla təchiz edilmiş PQ4, QSQ və Radiator avadanlıqlarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin ünvanda qazla təchiz edilmiş 4 gözlü qaz piltəsinin (PQ4-ün) həmin 3 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 155.52 manat ( maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün olmaqla x 0.12 Azn), QSQ-nin həmin 3 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 194.4 manat ( maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün olmaqla x 0.12 Azn), Radiatorun həmin 3 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 103.68 manat ( maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün olmaqla x 0.12 Azn) ümumilikdə sərfiyyat 453.60 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz xəttinə 3 ay müddətində qeyriqanuni qoşulma yolu ilə qazın istehlakı nəticəsində vurulmuş zərər ümumilikdə 453.60 manat təşkil edir. Məhkəmə, eyni zamanda onu da qeyd edir ki, məhkəmə prosesi zamanı cavabdeh iddiaçının abonent hesabına hesablanmış 518,25 (516,95+1,3) manat pul vəsaitinin qazdan istifadə nəticəsində yaranmış sərfiyyat borcu olduğunu bildirir və iddiaçı qeyd olunan halı qəbul etməklə mübahisələndirmir. Beləliklə, müəyyən edilir ki, iddiaçının qeyriqanuni yolla qaz xəttinə qoşulması nəticəsində olan borc məbləği 453.60 manat və qaz xəttindən qanuni yolla qazdan istifadə nəticəsində yaranmış sərfiyyat borcu məbləği 518.25 manat olmaqla cəmi borc məbləği 971.85 manat təşkil edir. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına hesablanmış 4147.05 manat borc vəsaitindən 3175.2 manat hissəsi silinməli, (4147.05-971.85=3175.2) yerdə qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

20. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə (3175.2 manat) uyğun olaraq iş üzrə ödənilməli olan 51.75 manat dövlət rüsumu cavabdeh "Azəriqaz" İB-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğlunun ünvan 1 ünvanında abonent hesabına (abonent hesab nömrəsi **********30000) hesablanmış 4147.05 manat borc vəsaitindən 3175.2 manat borc məbləği silinməli, iddia qalan hissədə təmin edilməməli, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq iş üzrə ödənilməli olan 51.75 manat dövlət rüsumu cavabdeh "Azəriqaz" İB-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

22. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Əlı̇ şanov İmran Əlı̇ qı̇ yəm oğlunun ünvan 1 ünvanında abonent hesabına (abonent hesab nömrəsi **********30000) hesablanmış 4147.05 manat borc vəsaitindən 3175.2 manat borc məbləği silinsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq iş üzrə ödənilməli olan 51.75 manat dövlət rüsumu cavabdeh "Azəriqaz" İB-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar