Məhkəmə qərarları › İş №2(010)-1322/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1322/2023

25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1322/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktının əsassız və qanunazidd olduğu üçün etibarsız hesab edilməsi və həmin akta görə 360 m3 (43.20 manat) əsassız yazılmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsində yerləşən 14 nömrəli evimdə olan köhnə sayğac yenisi ilə əvəz edilmişdir. Həmin gün təkcə mənim evimdə deyil, bütün qonşuların da sayğaclarını dəyişdirdilər. Mən həmin şəxslərdən dəyişimin səbəbini soruşduqda bildirdilər ki, sayğacların istifadə müddəti bitdiyi üçün prosedur qaydalarına uyğun olaraq hamının sayğacı dəyişilməlidir, heç bir problem yoxdur. Bu səbəbdən mən həmin şəxslərdən heç bir sənəd və s. tələb etmədim. Sayğacın dəyişilməsindən bir müddət sonra qaza görə böyük məbləğdə, yəni 360 manat borc yazıldığını bildim. Həmin borcun səbəbini araşdırdıqda bildirdilər ki, köhnə sayğacı yenisi ilə əvəz etdikdən sonra aşkar edilmişdir ki, guya sayğacda qüsurlar aşkarlanmışdır. Bununla bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Maraqlı isə budur ki, hansısa səbəbdən mənə müvafiq akta imza çəkdirib, aktın bir nüsxəsini təqdim etməmişlər. Cavabdeh işçiləri sayğacı dəyişərkən mənə məlumat verməmiş, daha sonra akta baxarkən orada sayğacın istismar müddətinin bitməsi qeydini apardıqlarını gördüm. Xüsusilə qeyd etmək istəyirəm ki, ünvanımda dəyişdirilmiş qaz sayğacı illər əvvəl qaz xəttinə quraşdırılıb. Bu illər ərzində isə neçə nəzarətçilər dəyişib. Ancaq heç biri də həmin sayğacda hər hansı bir problemin olduğu faktını aşkar etməyib. Çıxarılan vaxt da tam işlək vəziyyətdə olub. Əslində heç bir müdaxilə olmadığı təqdirdə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli qanunsuz akt tərtib edilib. Həmçinin qanuna görə də sayğacın hansı vəziyyətdə olmasına görə mən məsuliyyət daşımıram. Həmin məsuliyyəti Cavabdeh işçiləri daşıyır. Cavabdeh xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı əsassız və qanuna zidd olduğu üçün məhkəmə tərəfindən etibarsız hesab edilməli və akt əsasında borc kimi yazılmış 360 m3 silinməlidir”.

İddia tələbinin həcminin azaldılması.

3. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia tələbinin aktın etibarsız hesab edilməsi hissəsində nəzərə alınmamasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək əlavə ediləcək başqa sübutlarının olmadığını, məhkəmə iclasının digər işlə bağlı baxış iclası ilə eyni vaxta düşdüyünü bildirmiş, bu səbəbdən məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 14 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, 30/9-2022-ci il tarixli dövlət yoxlamasına əsasən 1202AQ**********8 saylı sayğacın klapanının üzərindəki kipləşdirici təbəqənin aşkar olunmadığı, sayğacın gövdəsinin alt hissədən korroziyaya uğradığı, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, xətaların təyin edilə bilmədiyi, sayğacın kipliyə yararsız olduğu, dəymiş ziyanın hesablanmalı və ödənilməli olduğu müəyyən edilmişdir. Aktdan görünür ki, itirilmiş qazın həcmi 360 m3 həcmində müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1710-03172-1 nömrəli aktdan görünür ki, 1202AQ**********8 saylı sayğaca baxış keçirilmiş, sayğacın klapanının üzərindəki kipləşdirici təbəqənin aşkar olunmadığı, sayğacın gövdəsinin üst hissədən korroziyaya uğradığı, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, xətaların təyin edilə bilmədiyi, sayğacın giriş yivli birləşməsi ətrafında sızma mövcud olduğu, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildiyi, kənar təsir izlərinin aşkar edilmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

İşin faktiki halları.

8. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu ünvanda (ünvan 1ış sayğaca laboratoriyada baxış keçirilmiş, sayğacda bir sıra nöqsanların aşkar olunduğu, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir.

9. Bundan sonra cavabdeh orqanın əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li akt tərtib edilmiş, dəymiş zərərin (360 m3 itirilmiş qazın) ödənilməsi müəyyən edilmişdir. Akt istehlakçı (iddiaçı) tərəfindən imzalanmamışdır. Tətbiq edilən hüquq.

10. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

16. İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi, iddiaçının abonent olduğu ünvanda quraşdırılmış qaz sayğacında laboratoriya rəyi əsasında aşkarlanan bütün qüsurlar abonentin təqsiri kimi qiymətləndirilmişdir. Halbuki sadəcə olaraq qaz sayğacının zədələnməsinin müəyyən edilməsi faktı əsasında dəymiş zərər istehlakçıdan tələb edilə bilməz. Belə ki, bunun üçün ilk növbədə sayğacda aşkarlanan qüsurların məhz iddiaçının təqsirli hərəkətlərinin nəticəsi olması sübuta yetirilməlidir.

17. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş (§ 11, 12) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. Göründüyü kimi qanunvericilikdə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təqsiri mötəbər sübutlar əsasında təsdiq edildikdən, belə bir təqsirin olduğu məhkəmə tərəfindən müəyyən edildikdən sonra dəymiş zərər iddiaçıdan tələb edilə bilər.

19. Hazırkı işdə isə cavabdeh orqan məhkəməyə qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməli olduğu halda bunu etməmişdir. Əksinə, iş materiallarında olan müvafiq laboratoriya rəyində sayğacda kənar təsir izlərinin aşkar edilmədiyi qeyd edilmişdir. Bundan əlavə, təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt istehlakçı (iddiaçı) tərəfindən imzalanmamış, istehlakçının aktı imzalamaqdan imtina etməsinə dair heç bir qeyd edilməmiş, akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir.

20. Həmçinin qaz sayğacının həqiqətən həmin nöqsanlara görə çıxarıldığı müəyyən edilsə idi belə, bu nöqsanların sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıbaparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir.

21. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir.

22. Bu hissədə məhkəmə qeyd edir ki, iş materiallarından müvafiq akta əsasən iddiaçıya nə qədər borc hesablandığı görünməsə də, akta görə 360 m3 həcmində qaz itkisi hesablandığı və məhz həmin itkiyə görə dəymiş zərərin iddiaçıdan tələb edildiyi görünür. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq akta əsasən 360 m3 həcmində qaz itkisinə görə iddiaçıya hesablanmış borc onun hesabından silinməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı 360 m3 həcmində qaz itkisinə görə hesablanmış borc silinməlidir.

24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı 360 m3 həcmində qaz itkisinə görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar