Məhkəmə qərarları › İş №2(010)-1375/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1375/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1375/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona (Abonent kodu **********00080) olan təbii qaza görə əsassız hesablanmış 3659,78 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh ilə bağlanılmış müqavilə üzrə yaşadığı ünvandakı evi cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. Bu yaxınlarda smart kart vasitəsilə ödədiyi məbləğ həcmdə qazın verilməməsinin şahidi oldum, cavabdehə müraciət etdikdə məlum oldu ki, ona 3659,78 manat borc yazılmışdır, həmin borcla bağlı da ödədiyi məbləğlər borca silinir. Halbuki onun cavabdehə borcu yoxdur. Abonentin ətraflı saldosunu aldıqda ona məlum oldu ki, 2012-ci ildə ona 1512 kub metr sərfiyyat, və 151,20 manat borc yazılmışdır. Halbuki 2012-ci ildə həmin evdə yaşayış yox idi və evə qaz verilmirdi. Evə qaz 2013-cü ildə çəkilmiş və verilməyə başlamışdır. O və ailəsi isə həmin evdə 2023-cü ildən yaşamağa başlamışdır. O evdə yaşamadığı halda cavabdeh 2018-ci ildə ona 972 manat, 2023-cü ildə isə 1570,08 manat borc akt əsasında yazılmışdır, saldoda isə 2024-cü ilin dekabr ayına 3659,78 manat borc göstərilmişdir. Halbuki evdə yaşadığı və qazdan istifadə etdiyi dövrlərdə istehlak etdiyi qazın dəyərini o, smart tipli sayğaca qazın pulunu yükləməklə qazdan istifadə etmiş və heç bir zaman borcu olmamışdır. Əvvəlki illərdə isə evdə yalnız 4 göz qaz sobası olduğundan onun və ailəsinin bu qədər qaz sərfiyyatının olması mümkün deyildir. O və ailə üzvləri tərəfindən isə sayğaca da heç bir müdaxilə olunmamışdır. Hazırda qaz sərfiyyatı üçün smart karta yüklənən vəsaitin yarısı borcla əlaqədar silinir. Bu borc əsassız borcdur. Göründüyü kimi, həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcun mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Bildirilir ki, qaz sayğacına müdaxilə olunmadığı halda və ya həmin müdaxilənin onun tərəfindən olunması sübut olunmadığı halda əsassız borc yaranmışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Bundan başqa, həmin sayğac nə onun həyətində, nə də evində quraşdırılmışdır, habelə cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfimdən edilməsini sübuta yetirməmiş və heç bir əsas olmadan ona borc hesablamışdır. Cavabdehin etirazı ərizəsi. Cavabdehin nümayəndəsi X5 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, ona əsassız borc yazıblar, onun silinməsini istəyir. 2012-ci ildə də cərimə yazıblar. Heç bir müayinədən xəbəri olmayıb, özləri akt yazıblar. Sayğac çöldə olub. Həyət evidir. Pay olaraq torpaq vermişdilər, yavaş-yavaş tikirdi. Özləri sayğac qoyublar. Ustalar çay qaynatmağa plitə qoymuşdular. Başqa da heç nə olmayıb. Cavabdehin nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. 17 dekabr 2024-cü il tarixli **********00080 kodlu abonentin saldosundan görünür ki, Gözəlova (Allahverdiyeva) Nuranə Həsən qızına məxsus ünvan 2 ünvanda yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2012-ci ildə cəmi 1512 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütuünda 151.20 manat məbləği, 2018-ci ildə cəmi 9720 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütünda 1944 manat məbləği, 2023-cü ildə cəmi 13084 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütünda 1570.08 manat məbləği göstərilmişdir. Cihazlar: 4 gözlü qaz plitələri. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli Müqavilədən görünür ki, Paylayıcı (Cavabdeh) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (X3) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstesalat Birliyi tərəfindən tərtib olunmuş 10 iyul 2018-ci il tarixli № QSN – 23/1710-00809-40 aktdan görünür ki, Bakı RQÖQX Departamentinin xidməti ərazisində əhali sektorunda istismarda olan 1502AZ**********09 nömrəli smart kart tipli qaz sayğacı 06 iyul 2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunmuşdur. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacda qaz itkisi, müdaxilə vardır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2018-ci il tarixli aktdan görünür ki, **********00080 kodlu abonent X2 r., Bülbülə qəs. Nərimanov küç. ev 0030 mən. 0080 ünvanında yerləşən mənzilinə baxış keçirilmiş, 1502AZ**********09 saylı sayğacın giriş plastmas borusunun deşildiyi qeyd edilmişdir. 9720 m3 görə dəymiş ziyanın hesablanması tələb olunur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli SOCAR-ın 11 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş (qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması) Qaydalarının tələblərinə uyğun aparılmış hesabatdan görünür ki, istehlakçı İddiaçı PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m³/ m³/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Dəymiş ziyan həcminin hesablanması: 1. 2x6x180=1296 m³ 2. 6x18x180=8424 m³ Cəmi: 9720 m³ “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X1 yaşadığı ünvanında itrov tipli 1502AZ**********09 nömrəli qaz sayğacı çıxarılmış və itrov tipli digər sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, **********00080 kodlu abonent X2 r., Bülbülə qəs. Nərimanov küç. ev 0030 mən. 0080 ünvanında yerləşən mənzilinə baxış keçirilmiş, 1502AZ**********09 saylı sayğacın giriş plastmas borusunun deşildiyi qeyd edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. 27 aprel 2023-cü il tarixli **********00080 kodlu abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən mənzilə xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2022-ci ildə cəmi 0 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütünda 0.00 manat məbləği göstərilmişdir. Ödəniş:-2130.20. Cihazlar: 4 gözlü qaz plitələri. İş materiallarında olan foto-şəkillərdən görünür ki, zenner tipli qaz sayğacının foto şəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstesalat Birliyi tərəfindən tərtib olunmuş ******* saylı aktdan görünür ki, sayğaca baxış keçirildi. Sayğacın giriş plastmas borusunda olan dəmir süzgəc kənar təsir nəticəsində sındırılıb. Hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac mənfiyə işləyib. Klapan zədələnib. Sayğac istismara yararsızdır. Qaz itkisi, müdaxilə vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı mövcud sayğacın yenisi ilə əvəz olunması, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Dəymiş ziyan həcminin hesablanması: Qaz sayğacının maksimal qaz sərfi 6 m³ orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x24x90=12960 m³ Cəmi: 12960 m³ xx.xx.2024-cü il tarixli **********06334 nömrəli abonent kodlu “GASREP” çıxarışdan görünür ki, Bülbülə - ünvan 4 ünvanda dekabr 2012-ci il – iyun 2022-ci il tarixləri əhatə edən dövrdə Allahverdiyeva Nuranə tərəfindən cəmi 1818 manat ödəniş edilmişdir. Cəmi sərfiyyat: 15857, borca görə tutulma: 138.36 İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli Müqavilədən görünür ki, Paylayıcı (Cavabdeh) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (İddiaçı) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə xx.xx.2013-cü il tarixli Müqavilədən görünür ki, Paylayıcı (Cavabdeh) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (İddiaçı) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2016-cı il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X1 yaşadığı ünvanında itron tipli 1202AQ**********5 nömrəli qaz sayğacı çıxarılmış və itron tipli digər sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X1 yaşadığı ünvanında smart tipli **********118024651 nömrəli qaz sayğacı çıxarılmış və smart tipli digər sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X1 yaşadığı ünvanında smart tipli **********657236 nömrəli qaz sayğacı çıxarılmış və smart tipli digər sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X1 yaşadığı ünvanında zenner tipli **********236 nömrəli qaz sayğacı çıxarılmış və **********055 nömrəli digər sayğac quraşdırılmışdır. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 30 iyun 2009-cu il 3 saylı Qərarı. Təbii qazın ölkədaxili tarifləri - Tarif 1000 m3 üçün (ƏDV ilə) manatla

1. Əhali - 100,0 Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28 noyabr 2016-cı il 18 saylı Qərarı. Təbii qazın ölkədaxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün 100,0 4.1.2. illik istehlak həcminin 2200 m3 -dən çox olan hissəsi üçün 200,0 Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 13 saylı Qərarı. Təbii qazın ölkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 - dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 - dən çox olan hissəsi üçün 250,0 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı smart karta ödəniş edərkən kartdan borca pul tutularaq sayğaca köçürüldüyünü aşkar etmişdir. Daha sonra məlum olmuşdur ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı bir neçə dəfə dəyişdirilərək, yerinə yeni sayğaclar quraşdırılmışdır. Çıxarılmış sayğaclara laboratoriya xx.xx.2018-ci il tarixli akt üzrə öz rəyini verərək, sayğacın yararsız hesab olunduğunu, sayğacın çıxış plastmas borusunun deşildiyini, sayğacda qaz itkisi, müdaxilə olduğunu; xx.xx.2018-ci il tarixli akt üzrə rəy verərək, sayğacın giriş plastmas borusunun deşildiyini; xx.xx.2023-cü il tarixli akt üzrə rəy verərək, 1502AZ**********09 saylı sayğacın giriş plastmas borusunun deşildiyini qeyd etmişdir. Cavabdeh təşkilat 2012-ci ildə cəmi 1512 m3 sərfiyyata görə 151.20 manat məbləği, yuxarıda qeyd edilmiş yoxlamanın nəticələri olaraq 2018-ci ildə cəmi 9720 m3 sərfiyyata görə 1944 manat məbləği, 2023-cü ildə cəmi 13084 m3 sərfiyyata görə 1570.08 manat həcmində mübahisələndirilən məbləğləri iddiaçının abonent hesabına hesablamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh tərəfindən 2012-ci ildə cəmi 1512 m3 sərfiyyata görə abonent saldosunun qalıq və aktlar sütununda qeyd edilən 151.20 manat məbləğin hesablanaraq həmin məbləğin ödənilməsinin tələb olunmasına və iddia tələbinə etiraz bildirilməsinə baxmayaraq, bununla bağlı hər hansı bir akt məhkəməyə təqdim edilmədiyindən, həmin aktın tərtib edilib-edilmədiyi məlum deyildir. Belə olan halda, bu məbləğin hesablanması əsassız hesab edilir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş xx.xx.2018-ci il tarixdə və xx.xx.2023-cü il tarixli tərtib olunmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədə itirilmiş qazın bərpası üçün hesabatın qaz sayğacının nominal qaz sərfi 2 m³, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (2x6x180=1296 m³); qaz sayğacının nominal qaz sərfi 6 m³, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (6x18x180=8424 m³) və aparılması həmin mənzildə yalnız 4 göz plitə, kombi işlədildiyi və həmin plitənin və kombinin 24 saat ərzində işləməsinin mümkünsüzlüyü nəzərə alındıqda ağlabatan deyildir. Həmçinin, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədə hesabatın qaz sayğacının nominal qaz sərfi 6 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6x24x90=12960 m³) aparılması həmin mənzildə yalnız 4 göz plitə, dəmir soba və suqızdırıcı samovar işlədildiyi və bu avadanlıqların 24 saat ərzində işləməsinin mümkünsüzlüyü nəzərə alındıqda ağlabatan deyildir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hesabatın nəticəsi olaraq qazın sərfi 12960 m³ kimi qeyd edilsə də, iş materiallarında olan abonent saldosunda qazın sərfi 13084 m³ olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, tərtib olunmuş xx.xx.2018-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlara görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan, mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Eyni zamanda, iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğaclar çöldə yerləşdiyindən, sayğaclarda yaranmış qüsurların səbəbini və onun təqsiri nəticəsində baş verib verməməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, təbii qaza görə 2012-ci ildə 151.20 manat, 2018-ci ildə 1944 manat, 2023-cü ildə 1570.08 manat olmaqla – cəmi 3665,28 manat məbləğində əsassız borc hesablansa da, iddia tələbi 3659,78 manat məbləğində borcun silinməsindən ibarət olduğundan, iddia tələbindən kənara çıxmamaq üçün, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (Abonent kodu **********00080) olan təbii qaza görə əsassız hesablanmış 3659,78 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 56,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (Abonent kodu **********00080) olan təbii qaza görə əsassız hesablanmış 3659,78 manat məbləğində borc silinsin. Ödənilməmiş 56,59 manat məbləğində dövlət rüsumu cavabdeh Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar