Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1399/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən **********00906 saylı abonent İddiaçı qarşı qanunsuz hesablanmış 777,60 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
3. ünvan 1 ünvanında yerləşən evdə uzun illərdir ki, qeydiyyatsız yaşayır. X4 tərəfindən həmin ünvana ZENNER G-4T Smart tipli sayğac (№ **********1) quraşdırılmışdır. Sayğacın quraşdırılması ilə bağlı müqavilə o, İddiaçı ilə bağlanmışdır. Sözü gedən ünvana quraşdırılan köhnə ZENNER G-4T Smart tipli sayğac (№ **********1) xəbəri olmadan (heç bir məlumat verilmədən) X2 əməkdaşları tərəfindən çıxarılaraq yerinə yeni sayğac quraşdırılmışdır. Şonradan X2 əməkdaşları guya köhnə sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsində zədə aşkar etdiklərini iddia edərək (onların iştirakı olmadan) akt tərtib (№0395981) edərək ona 777,60 manat məbləğində cərimə hesablandığını bildirmişlər. Baxmayaraq ki, indiyədək o, vaxtı-vaxtında işlətdiyi qazın pulunu ödəmiş, qaz sayğacını səliqəli işlətmiş və qaz sayğacına heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi qazın həcmindən görünür ki, o, elə də böyük həcmdə qaz işlətmir və belə olan təqdirdə onun sayğaca müdaxilə etməyinə əsas yoxdur. Nəzərə alınsa ki, qaz sayğacı evdən çöldə, hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan 7/24 o, sayğaca nəzarət edə bilmər. Qeyd edir ki, vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması X2 öhdəsinə düşür və onun səlahiyyətindədir. Qeyd edir ki, Azəriqaz tərəfindən ondan əsassız olaraq pul tələb edilməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir.
Tərəflərin izahatları.
4. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
İş materialları.
6. xx.xx.2021-ci il tarixli, AKX-03624xx/xx-2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Paylayıcı Cavabdeh İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öz öhdəsinə götürür.
7. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən, G-4 markalı, **********1 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib.
8. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının zədələnməsi nəticəsində 6480 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.
9. Abonent saldosundan görünür ki, İddiaçı 2023-cü il üçün 777.60 manat borcu olduğu qeyd edilmişdir.
İşin faktiki halları.
10. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda yeni smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh tərəf iddiaçının onun ünvanında quraşdırılmış sayğaca müdaxilə etdiyini əsas gətirərək, qeyd olunan miqdarda borc hesablamışdır. İddiaçı tərəfin öz tələbinin əsaslandırması isə ondan ibarətdir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Cavabdeh tərəf isə etiraz edərək, iddia tələbinin əsassız olduğunu bildirir.
Tətbiq edilən hüquq.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 6-2. Müayinə
1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
13. AR Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
14. AR Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib, hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
16. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən tərtib edilmiş aktın bir nüsxəsi nə iddiaçıya, nə də ki, aidiyyəti orqana təqdim edilmişdir. Belə ki, 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinin tələblərinə uyğun olaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə qazpaylayıcı tərəfindən akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə ictraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vururlmuş zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə vurğulayır ki, iddiaçının sayğaca hər hansı müdaxilədə təqsirinin olmasına dair məhkəmə qərarı mövcud olmadan, yalnız qaz sayğacının zədələnməsinin müəyyən edilməsi özü-özlüyündə istehlakçıya borc hesablanmasına əsas vermir. Cavabdeh İB tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 777.6 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Belə mötəbər sübutlar cavabdehin nümayəndəsinin iddiaya yazılı etirazında da göstərilməmiş və həmin etiraza əlavə olunmamışdır. Beləliklə də, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Bundan əlavə, qanun normasının tələbinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri (yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs) üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 777.6 manat təbii qaz borcu əsassız hesablanmışdır və əsassız olaraq da həmin borc iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə İddiaçı pozulmuş hüquqları bərpa olunmalı və əsassız hesablanmış 777.6 manat qaz borcu İddiaçı abonent hesabından silinməlidir.
Məhkəmə xərcləri.
17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
18. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
19. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən iddiaçı Əlı̇ yeva Mətanət Qərı̇ b qızının hesabına (abonent kodu **********00906) hesablanmış 777.60 manat əsassız borc məbləği silinməli və iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
21. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh "Azəriqaz" İB tərəfindən iddiaçı Əlı̇ yeva Mətanət Qərı̇ b qızının hesabına (abonent kodu **********00906) hesablanmış 777.60 manat əsassız borc məbləği silinsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "Azəriqaz" İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.